İqtisadiyyat

  • 7 743

"İndi əhali daha az pul xərcləyəcək" ÖZƏL- AÇIQLAMA

image

"Hazırda ölkədə qazlaşdırılma səviyyəsi 96 faizi təşkil edir. Bu isə o deməkdir ki, əhalinin mavi yanacaqla tam təmin olunması onun məsrəflərini bir qədər daha azaldır və həmin vəsait başqa məqsədlər üzrə paylanır". Bu sözləri SİA-ya açıqlamasında Neft Araşdırmaları Mərkəzinin rəhbəri, ekspert İlham Şaban Prezident İlham Əliyevin Sərəncamına əsasən Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə ayrılmış 9 milyon manatın sərf olunacağı sfera üzrə səmərəliliyindən danışarkən deyib.O bildirib ki, Sərəncamda açıq şəkildə vəsaitin Azərbaycanın qərb rayonlarına, yəni ölkənin qərb bölgəsində yerləşən Şəmkir, Tovuz və Goranboyda qazlaşdırma işlərinin davam etdirilməsinə yönəldiyi qeyd olunur. Ekspert həmçinin, ötən il də belə bir vəsaitin ayrıldığını əlavə edib: "İlin əvvəlində Prezident qeyd etmişdi ki, ümumilikdə qazlaşdırılma ilə bağlı 130 milyon manat Dövlət Neft Şirkətinin maliyyə vəsaitinə ayrılması planlaşdırılır. Bu vəsait də elə həmin məbləğin tərkib hissəsidir. Hal-hazırda ölkədə qazlaşdırılma səviyyəsi 96 faizdir. 2012-ci ildən etibarən ölkə üzrə kütləvi qazlaşdırma işləri aparılır. Həmin qazlaşdırma bilavasitə Azərbaycan dövlətinin maliyyə yardımı ilə həyata keçirilib. Belə ki, 1,4 milyard manat vəsaitin hissə-hissə 4 il ərzində Azərbaycan Dövlət Neft Şirkəti hesabına ayrılması nəzərdə tutulmuşdu. Yəni həmin vaxtdan bu günə qədər qazlaşdırma işləri 62 faizdən 96 faizə qədər gəlib çatıb".Qazlaşdırılma işlərinin əhalinin rifahına olan təsirindən və səmərəsindən də danışan İlham Şaban vurğulayıb ki, bu bilavasitə insanların qazla təminatının yaxşılaşdırılması deməkdir: "Yəni, biz həmin bölgələrə nəzər salsaq əhalinin öz istilik təminatlarını ya elektrik hesabına, ya da kənd əhalisinin meşələrdən ağacların qırılması hesabına həyata keçirdiyini görə bilərdik. Əhalinin qazla, mavi yanacaqla tam şəkildə təmin olunması həm ekoloji problemləri, həm də maddi problemləri həll edir. İstər kənddə, istərsə də şəhərdə yaşayan əhali sırf maddi baxımdam istilik məsələsini elektrik hesabına həll edəndə 3 qat daha çox maddi cəhətdən ziyan edirdi. Hansı ki, mavi yanacaqla bu daha məsrəfsizdir. Əhali istiliyə xərclədiyi artıq vəsaiti indi digər məqsədlər üçün ayıra bilər ki, bu da Ümumi Daxili Məhsulun qeyri-enerji hissəsinin artırılmasına yardımçı ola bilər".Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gəncə şəhərinin, Daşkəsən, Göygöl və Samux rayonlarının yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Həmin Sərəncama əsasən "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.11.1-ci yarımbəndində göstərilmiş məbləğin 9 milyon manatı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə ayrılıb.

sia.az

Digər xəbərlər