Müsahibə

  • 11 633

Yeni Azərbaycan Partiyası tarixi zərurətdən yaranmışdır MÜSAHİBƏ

image

YAP Göyçay rayon təşkilatının təsis edilməsindən 30 il ötür

Müsahibimiz Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının təsisçisi, ilk sədri, partiyanın Veteranlar Şurasının üzvü Nazim İsmayılovdur

-Nazim müəllim, YAP-ın yaranma zərurəti barəsində hansı fikirlərinizi önə sürə bilərdiniz? Ümumiyyətlə, bu gün hakim partiya olaraq Qafqazın ən böyük siyasi gücü olaraq qəbul edilən YAP hansı keşməkeşli yollardan keçib?

-Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. Yeni Azərbaycan Partiyasının yaranması 1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Sovet rejiminin və Kommunist Partiyasının süqutundan sonra müstəqillik əldə etmiş respublikalardan biri kimi Azərbaycanda da müxtəlif siyasi partiyalar və digər qurumlar təşəkkül tapmağa başlamışdı. Azərbaycanda siyasi qurumların formalaşması prosesi 1988-ci ildən başlanan xalq hərəkatı gedişində özünü büruzə vermiş və 1990-cı ilin əvvəllərində bir sıra təşkilatlar yaranmışdı. Lakin yaradılan partiyalar ölkəni düşdüyü ağır iqtisadi, siyasi, mənəvi böhrandan nəinki qurtara bilmədi, əksinə, hakimiyyətdə olan və bir-birini əvəz edən siyasi qüvvələr respublikadakı vəziyyəti daha da ağırlaşdıraraq təhlükəli böhran vəziyyətinə çatdırdılar. Bu zaman Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və müdrik oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. Məhz belə bir vaxtda 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, Heydər Əliyevə müraciət göndərildi. Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş həmin sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları bu müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu.

Xalqımızın dahi oğlu, qüdrətli dövlət xadimi və böyük təcrübəyə malik Ümummilli Lider Heydər Əliyev o dövrdə blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə sədrlik edirdi.

Heydər Əliyev xalqın müraciətini qəbul etsə də, onun Bakıya gəlməsinə o zamankı hakimiyyətin maneələr yaratması ucbatından partiyanı yaratmaq istəyən insanların bir hissəsi - 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək partiyanın təsis konfransını orada keçirməyə nail oldular.

Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu konfrans 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə keçirildi. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması, partiyanın Proqram və Nizamnaməsinin qəbul olunması haqqında qərar qəbul etdi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Beləliklə, müstəqil Azərbaycan tarixində öz üzərinə böyük tarixi missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası yarandı.

Partiyanın Proqramında irəli sürülmüş əsas vəzifələr dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firavan həyatının təmin edilməsi olmuşdur.

-Göyçayda partiyanın təsis edilməsi prosesinə nə vaxt və necə başlanıldı?

Yeni Azərbaycan Partiyası Ədliyyə Nazirliyi tərəfindən 18 dekabr 1992-ci il tarixində qeydiyyata alındıqdan bir həftə sonra 25 dekabr 1992-ci il tarixində Göyçayda mənim rəhbərliyim ilə təşkilat komitəsi yaradılaraq rayonda partiya təşkilatının təsis olunması üçün hazırlıq işlərinə başlanıldı.

Respublikanın digər bölgələrində olduğu kimi Göyçayda da Ulu öndərə hədsiz inam və məhəbbət var idi. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə rayonun iqtisadi inkişafı üçün misilsiz işlər görülməklə, Göyçayda çoxmərtəbəli yaşayış evləri, yaraşıqlı məktəb binaları, uşaq bağçaları, mədəniyyət obyektləri, iri sənaye müəssisələri tikdirmişdir.

Ümummilli liderimizin birinci hakimiyyəti dövründə (1969-1982) O, dahi şəxsiyyət üç dəfə (1972, 1978, 1981-ci illərdə) rayona səfər etmiş və hər gəlişində rayonumuzun çox ciddi problemlərini, taleyüklü məsələlərini həll etmişdir.

Uzun illər Göyçayın mərkəzindən keçən “Arvan” çayının daşması nəticəsində şəhərə ciddi ziyan dəymiş, evlər uçmuş, bəzi hallarda insan tələfatı da olmuşdur. Ulu öndər 1972-ci ildə Göyçaya səfər edərkən rayon ictimaiyyəti ilə görüşü zamanı həmin problem qaldırılmış və Heydər Əliyevin tapşırığı ilə “Arvan” çayının başlanğıc hissəsində nəhəng bənd tikilərək mövcud problem birdəfəlik həll olunmuşdur.

1978-1981-ci illərdə Ümummilli liderimizin Göyçaya növbəti səfərindən sonra onun xüsusi göstərişi ilə rayonun Qaraməryam kəndi ərazisində Törə və Çərmədil dağlarına suvama suyunun verilməsi məqsədilə tikilmiş böyük su nasos stansiyası 800 ha torpaq sahəsinin əkin dövriyyəsinə daxil edilməsinə imkan yaratmış, Bıgır və İnçə kəndlərində yeni 75 çarpayılıq xəstəxanaların, Göyçayda nar emalı zavodunun tikilməsinə göstəriş vermiş, 1982-ci ildə onların icrası təmin olunmuşdur.

Bütün bunları Göyçaylılar daim xatırlayır, Ulu öndərə olan hədsiz istəklərini bildirirlər. Belə bir şəraitdə rayonda Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasını təsis etmək çox şərəfli və məsuliyyətli bir missiya idi. Mən və mənim kimi yüzlərlə insanlar partiyanın rayon təşkilatının yaradılmasına ürəkdən qoşulmuşdular.

Təbii ki, o vaxt hakimiyyətdə olan AXC-Müsavat cütlüyü hər vəclə çalışırdılar ki, Yeni Azərbaycan Partiyasının rayon təşkilatının Göyçayda təsis edilməsinə mane olsunlar. Bu məqsədlə cürbəcür çirkin əməllərə əl atırdılar. Lakin xalq məhəbbətinin qarşısında onlar tab gətirmək gücündə deyildilər. Respublikada olduğu kimi rayonda da anarxiya, özbaşnalıq hökm sürürdü, rayon idarə olunmurdu, o vaxtki AXC-Müsavat hakimiyyətinə nifrət yaranmışdır, hamının bir ümidi var idi ki, Heydər Əliyev rəhbərliyə qayıtsa respublika bu vəziyyətdən çıxa bilər.

Belə bir şəraitdə biz təşkilatlanır, sıralarımız günbəgün artırdı. Göyçayda Yeni Azərbaycan Partiyasına üzv olmaq istəyənlərin, təəssübkeşlərin sayı min nəfəri keçəndə qərar qəbul etdik ki, rayonda təsis konfransını keçirmək vaxtıdır. Biz həmin konfransı düz otuz il bundan əvvəl 06 mart 1993-cü ildə keçirməyi qərarlaşdırdıq. Bununla əlaqədar rayon İcra Hakimiyyətinə müraciət edərək məqsədimizi çatdırdıq. Konfransın 350 nəfər tutumu olan R.Rza adına Mədəniyyət Sarayında keçirilməsində israrlı olduğumuzu bildirdik. Müraciətdən 2 gün sonra rayon İcra Hakimiyyətindən razılıq verildi. Bizə məlumatlar gəlirdi ki, hakimiyyətdə olanlar hiylə işlədərək bizim təklifə müsbət cavab veriblər. Belə ki, onlar bütün strukturlara tapşırıq vermişdir ki, mədəniyyət sarayının qapısı açıq olsun və elə eləsinlər ki, tədbirə gələn olmasın və biz baykot olaq. Onların arzuları ürəklərində qaldı, nə qədər çalışsalar da insanlarda Heydər Əliyevə olan sevgi hesabına 300 nəfərdən çox konfransa dəvət olunan şəxslər doluşdular mədəniyyət sarayına. Rayon İcra Hakimiyyətinin başçısı görəndə ki, vəziyyət başqa cürdü, əsabələri ilə gəlib konfransda iştirak etdilər. Mədəniyyət sarayı tam dolmuşdur, ayaq üstə dayananlar da var idi.

Konfransda ziyalılar, Göyçaydan Milli Məclisə seçilmiş YAP-ın təsis olunmasını istəyən deputatlar, ağsaqqallar, gənclər, qadınlar, zəhmət adamları iştirak edirdilər. Partiyanın mərkəzi aparatından İdarə Heyətinin üzvü Hacıbala Abutalıbov, “Səs” qəzetinin baş redaktoru Ağabəy Əsgərov gəlmişdilər.

Konfransı təşkilat komitəsinin sədri kimi mən aparırdım, iki saatdan çox çəkən təsis konfransında pozuculuq hərəkətlərinə cəhdlər olsa da bir nəticə vermədi, yekunda təşkilatı məsələlərə baxılaraq partiyanın yerli təşkilatı təsis olundu və mən də təşkilatın sədri seçildim.

-Partiyanın rayon təşkilatının yaradılmasından sonrakı proseslər barədə nə deyə bilərsiniz? Ümumiyyətlə, YAP müxalifətdə olarkən hansı təzyiqlərlə qarşı-qarşıya qalırdı?

-Respublikada, rayonumuzda vəziyyət dözülməz həddə çatmışdır. Talançılıq, oğurluq, hərci-mərcilik baş alıb gedirdi. Göyçayda hakimiyyətin yarıtmaz fəaliyyətinə qarşı dözümsüzlük şəraiti yaranmışdır. Həmin səbəbdən 1993-cü ilin aprel ayının 28-30 tarixlərində rayon İcra Hakimiyyəti binasının qarşısında mitinqlər keçirilirdi. Mitinq iştirakçıları ölkədəki, rayondakı ağır vəziyyətin aradan qaldırılmasını tələb edir, bu problemlərin həllinin yeganə yolunun Heydər Əliyevin hakimiyyətə gətirlməsi ilə mümkün olacağı barədə çağırışlar edirdilər. Respublikadan gələn rəhbər nümayəndələr, rayonun müvafiq strukturları nə qədər cəhd etsələr də mitinqin dayandırılmasına nail ola bilmirdilər. Həmin dövrdə daxili işlər naziri işləyən İsgəndər Həmidovun göstərişi ilə 30 aprel 1993-cü il tarixində gece saat 2-3 radələrində xüsusi avtobuslarla 500 nəfərdən çox “Amonçu” gətirildi rayona və gecə ilə kütləvi həbslərə başladılar. 30 nəfərə kimi rayon fəallarından həbs etdilər, onlardan əksəriyyəti YAP-çılar idi. Gecə ilə həbs olunanları Ağsu rayon Polis şöbəsinin, səhəri gün o vaxtki, Kirov (indiki Binəqədi) rayonundakı təcridxanaya göndərdilər. Onlarla günahsız şəxslər müxtəlif müddətlərdə həbs olundular.

“Amonçular” başladılar rayonda soyğunçuluğa, imkanlı şəxsləri girov götürməyə. Göyçay şəhərində qızıl mağazası var idi, onun sahibini “qızıl Sadiq” deyə çağırırdılar, rayonda hörmətli şəxslərdən biri idi. Onun mağazasına hücum etdilər və o buna dözməyərək ürək tutmasından vəfat etdi. Rayonda vəziyyət nəzarətdən çıxmışdır, baş verən hadisələr insanları bezdirmişdir. Bunların davamı olaraq 1993-cü ilin iyun ayının 4-də Gəncədə məlum hadisələr baş verdi, qardaş qırğını törədildi, ölkə vətəndaş müharibəsinə sürüklənirdi. Surət Hüseynovun başçılığı ilə AXC-Müsavat hakimiyyətinə qarşı itaətsizlik başladı. 1993-cü ilin iyun ayının 4-ndə Gəncədə baş vermiş hadisədən sonra Surət Hüseynovun silahlı dəstələri Respublikanın şəhər və rayonların əksəriyyətində hakimiyyəti ələ keçirmişdilər. Onun silahlı dəstəsi Göyçay rayon İcra Hakimiyyəti binasına hücum edərkən atışma nəticəsində icra başçısının müavini İkram Zeynalov aldığı güllə yarasından vəfat etmişdir. Surət Hüseynov Respublikanın o vaxtki rəhbərləri Əbülfəz Əliyev, İsa Qənbərov, Pənah Hüseynov, Əli Kərimov və digərlərinə təslim olmaları barədə ultimatum vermişdi.

Belə bir vəziyyətdə Əbülfəz Əliyev, İsa Qənbərov, Pənah Hüseynov dar ağacından asilmaqlarından qurtulmaq üçün müxtəlif variantlarla Heydər Əliyevi Bakıya dəvət edirdilər, yalvarırdılar. Ən nəhayət Ulu öndəri Bakıya gətirmək üçün Naxçıvana xüsusi təyyarə göndərdilər.

Heydər Əliyev onların xahişlərini yerinə yetirmək üçün deyil, daim xalqı ilə ürəyi döyünən, ən çətin anlarda onlara dayaq olmaq üçün 1993-cü ilin iyun ayının 9-da Bakıya gəldi. Minlərlə insanlar Ümummilli liderimizi aeraportda hərarətlə qarşıladılar. Heydər Əliyev iyunun 9-da Milli Məclisə gələrək orada çıxış etdi və bildirdi ki, mən vəziyyəti öyrənmək üçün Gəncəyə getməliyəm və elan etdi ki, mən bir neçə saatdan sonra Gəncəyə yola düşəcəm, kim getmək istəyir Milli Məclisin qarşısına yığışsınlar. Heydər Əliyev 9 iyunda Gəncəyə getdi və oradakı vəziyyətlə tanış olub qayıtdıqdan sonra yenidən Milli Məclisdə çıxış edərək Gəncədə baş vermiş hadisələrə görə ölkə rəhbərliyinin, onun komandasının səhvlərini üzlərinə dedi və çıxış üçün yollar axtarmağın vacibliyini diqqətə çatdırdı. Ölkədə artıq vəziyyət qarışmışdı, rəhbərliyə qarşı nifrət dərin kök salmışdı. Vəziyyətin çıxılmaz olduğunu görən İsa Qənbərov Milli Məclis sədrliyindən, Pənah Hüseynov Baş nazir, Əli Kərimov dövlət katibi vəzifələrindən istefa verdilər.

15 iyun 1993-cü il tarixində Ulu öndər Milli Məclisin sədri seçildi. Respublika prezidenti Əbülfəz Əliyev iyunun 18-də Naxçıvanın Kələki kəndinə qaçdı. 24 iyun 1993-cü il tarixindən Ulu öndər Prezident vəzifəsinin də icrasını öz üzərinə götürdü. Əlbətdə vəziyyət çox çətin idi. Bir tərəfdən erməni düşmənlərimiz və onun havadarlarının təzyiqi, bir tərəfdən torpaqlarımızın 20%-nin erməni tapdağında olması, digər tərəfdən daxildə xaos, anarxiya. Şübhəsiz ki, belə bir şəraitdə ölkəni yalnız Ulu öndər vəziyyətdən çıxara bilərdi və çıxartdıda.

-Heydər Əliyev xalqın nəhəng dəstəyi ilə Prezident seçkilərində qalib gəldi və YAP hakim partiya olaraq daha hansı istiqamətlərdə inkişaf yolunu tutdu?

-1993-cü ilin oktyabr ayının 3-də YAP-ın sədri Heydər Əliyevin prezident seçilməsi ilə partiyanın həyatında yeni dövrün əsası qoyulmuşdur. Partiyanın statusu yeni şəraitə uyğun olaraq dəyişmiş, ölkənin siyasi həyatında onun tutduğu mövqe möhkəmlənmiş, kütləvi siyasi qüvvəyə çevrilərək ictimai həyatın bütün sahələrində tərəqqiyə nail olmaq məqsədilə yüksək fəallıq nümayiş etdirmişdir. 1995-ci ilin noyabr ayının 12-də keçirilən Parlament seçkilərində Milli məclisə seçilən deputatların əksəriyyəti Yeni Azərbaycan Partiyasının üzvləri olduğundan YAP iqtidar partiyasına çevrilmiş, ona olan ümumxalq inamı bir daha təsdiq edilmişdir.

2000-ci ilin noyabr ayının 12-də Milli Məclisdə keçirilən seçkilərdə Yeni Azərbaycan Partiyası yenidən qalib gəlməklə 124 deputat yerindən 75-ni qazanmış, cəmiyyətdəki nüfuzunu və təsir gücünü daha da artırmışdır.

Yeni Azərbaycan Partiyasının 2001-ci ilin noyabr ayının 21-də keçirilən II Qurultayı təşkilatın həyatında taleyüklü qərarlar qəbul etmişdir. Partiyanın Nizamnaməsinə dəyişikliklər edilmiş və yeni təsis olunan sədrin birinci müavini vəzifəsinə yekdilliklə İlham Əliyev seçilmişdir.

Heydər Əliyev Prezident işlədiyi dövrdə Yeni Azərbaycan Partiyasının fəaliyyətinə xüsusi önəm vermişdir. Mənim yadımdadır 2001-ci ilin aprel ayının 19-da Ulu öndər məni Göyçay rayonuna icra başçısı vəzifəsinə təyin edəndə O, təkrarsız şəxsiyyətlə görüşmək xöşbəxtliyi mənə nəsib olanda məndən Göyçayda partiyanın yaranma tarixini və şəraiti soruşdu. Mən Ümummilli liderimizə müffəssəl məlumat verdim və çox maraqlı söhbətimiz alındı. Mən onda bir daha hiss etdim ki, Heydər Əliyev Yeni Azərbaycan Partiyasının fəaliyyətinə necə qiymət verir.

Bu məqamda bir hadisəni də xatırlatmaq yerinə düşərdi. Ulu öndər mənim Göyçaya təyin olunmaq sərəncamımı imzalayandan sonra mən ayağa qalxdım və hədsiz minnətdarlığımı bildirdim və üzümü Heydər Əliyevə tutaraq dedim - cənab Prezident icazə versəniz Göyçayın iki ciddi problemini Sizin ali diqqətinizə çatdırardım. Bir an sakitlik yarandı, sonra mənə baxaraq dedi buyur. Təbii ki, mən həyacanlıydım, dedim möhtərəm cənab Prezident şəhərin mərkəzindən Göyçay çayı keçir, həmin çay rayonu iki yerə bölür, onun üzərində 1948-ci ildə tikilmiş körpü qəzalı vəziyyətdədir, hər an ucmaq təhlükəsi var, əgər körpü ucsa Respublika ilə bərabər rayonumuz üçün çox ciddi problem yaranacaq, rayonun daxili gediş-gəlişi kəsiləcək, bunun üçün Bərgüşad-Ucar marşurutu ilə 75-80 km məsafə getmək tələb olunacaq. Soruşdu nə etmək, dedim yeni körpü tikmək lazımdır. Dedi sonra. Dedim sonrası da çayla bağlıdır. Göyçay çayı şəhərin ortasından keçir və yaz aylarında güclü sel olur. Əgər sel gələrsə şəhərdə 200-dən çox evlər su altında qalacaq, ona görə sahilbərkitmə işləri aparmaq tələb olunur. Heç bir söz demədən oturduğu kreslodan sol tərəfə çevrilərək selektorun düyməsini basdı və Baş nazir cavab verdi. Dedi Göyçaya yeni icra başçısı təyin edirəm oranın problemləri var və həmin problemləri özü Baş nazirə dedi və tapşırdı ki, məsələləri həll et, əgər maliyyə çətinliyi olarsa mənə məruzə edərsən. Baş nazir dedi baş üstə cənab Prezident. Burada bir incə məqamı qeyd etmək istəyirəm. Tikiləcək körpünün dəyəri cəmi 950 min manat idi. Respublikanın elə vəziyyətdə idi ki, ölkənin Baş naziri 950 min manatı tapmaqda çətinlik çəkirdi. Ulu öndərin tapşırığı ilə qısa bir zamanda hər iki problem həll olundu. Yeni körpüdə tikildi, çay sahilində təhlükəli olan 500 metrə kimi ərazidə hündürlüyü 7 metr, eni 3 metr olan bənd də inşa olundu. Təsəvvürünüzə gətirin bu işlər qurtardıqdan sonra, 2003-cü ilin iyun ayının 4-də Göyçay çayına gələn güclü sel nəticəsində köhnə körpü uçdu və təhlükədə olan 100-lərlə ev seldən xilas oldu. Bax bu idi Heydər Əliyevin gücü, qüdrəti, uzaqgörənliyi.

-Sizcə, Ulu öndər xalqın təkidli tələbi ilə 1993-cü ildə ikinci dəfə hakimiyyətə gəlməsəydi ölkənin taleyi necə olardı?

-Heydər Əliyevin respublikaya rəhbərliyə başladığı ilk gündən əsas diqqət ölkə daxilində siyasi parçalanmanın və vətəndaş qarşıdurmasının qarşısının alınmasına, sakitliyə və sabitliyə, cəbhədə atəşkəsə nail olunmasına, sürətlə artmaqda olan inflyasiyanın qarşısının alınmasına, azad bazar iqtisadiyyatına doğru dərin sosial-iqtisadi, siyasi və mədəni islahatların həyata keçirilməsinə yönəltdi.

Qısa zaman kəsiyində onun çox böyük təşkilatçılığı və rəhbərliyi, məqsədyönlü siyasəti sayəsində Azərbaycan xalqının milli birliyi, ictimai, siyasi sabitliyi bərpa olundu, hakimiyyət böhranı aradan qaldırıldı, əhəmiyyətli qanunlar qəbul edildi, bununla da müstəqil dövlətçiliyimizin möhkəmləndirilməsi üçün əsaslı şərait yarandı.

Heydər Əliyevin qətiyyəti, prinsipiallığı, diplomatik səyi və böyük dövlətçilik təcrübəsi sayəsində dövlətçiliyimizə və müstəqilliyimizə qarşı edilən bütün qəsdlərin qarşısı müvəffəqiyyətlə alındı.

Qısa zamanda Ulu öndər tərəfindən Azərbaycan Respublikasının xarici siyasət strategiyasının konseptual, elmi əsasları yaradıldı, bütöv bir təlimin beynəlxalq münasibətlər sisteminə uyğunlaşdırılması istiqamətləri, prinsip və vəzifələri, düşünülmüş taktiki yolları, dünya dövlətləri ilə əlaqələrin yaxın və uzaq strategiyası müəyyənləşdirildi.

Təkcə bu faktı demək kifayətdir ki, Azərbaycan Respublikası hazırda dünyanın təqribən 180-dən çox ölkəsi ilə diplomatik əlaqə qurmuşdur. Azərbaycanda 70-ə qədər xarici dövlətin səfirlikləri, Azərbaycanın 60-dan çox xarici ölkədə səfirliyi, daimi nümayəndəliyi və konsulluğu fəaliyyət göstərir.

1995-ci ildə milli Konstitusiyamızın qəbul olunması Azərbaycanda dövlət müstəqilliyinin daimi, əbədi olmasını bir daha dünyaya sübut etdi, demokratik vətəndaş cəmiyyəti quruculuğuna, insanların azad və sərbəst yaşamalarına, insan haqları və hüquqlarının genişlənməsinə əlverişli şərait yaratdı.

İyirminci yüzilliyin 90-cı illərinin ortalarından başlayaraq respublika iqtisadiyyatında köklü dəyişikliklər aparıldı, azad bazar iqtisadiyyatına doğru dərin sosial-iqtisadi, siyasi və mədəni islahatlar keçirildi. Bu baxımdan dövlət mülkiyyətinin özəlləşdirilməsi, sahibkarlığın inkişaf etdirilməsi, aqrar islahatların aparılması, şəhər və kənd təsərrüfatlarının inkişaf etdirilməsi istiqamətində əhəmiyyətli tədbirlər görüldü.

Məhz həmin islahatların nəticəsində Azərbaycan sosial-iqtisadi, siyasi və hərbi cəhətdən inkişaf edən güclü bir dövlətə çevrildi, işsizliyin və inflyasiyanın qarşısı alındı, yeni-yeni iş yerləri açıldı və bu siyasət uğurla davam etdirildi. Bu gün Azərbaycan iqtisadi artım baxımından dünyada birinci yerdə olan lider ölkədir. Ölkəmiz hərtərəfli möhkəmlənir, güclənir və bölgədə baş verən proseslərə həlledici təsir göstərir. Azərbaycanın maraqları dünya birliyi tərəfindən müdafiə edilir, dəstəklənir.

Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri olan “Əsrin müqaviləsi” sazişlərinin imzalanması Heydər Əliyev dühasının düşünülmüş və uzaqgörən diplomatiyasının böyük və tarixi qələbəsi, neft strategiyası siyasətinin parlaq uğuru idi. Ümummilli liderimizin təşəbbüsü və rəhbərliyi ilə beynəlxalq əhəmiyyətə malik olan neft kontraktları haqqında 1994-cü il sentyabrın 20-də sazişlərin imzalanması müstəqil Azərbaycanı dünyanın nəhəng dövlətlərinin diqqət mərkəzinə gətirdi. İri dövlətlərin böyük neft şirkətlərinin tezliklə bu müqaviləyə qoşulması istəkləri artdı. Beynəlxalq sərmayələrin cəlb olunması nəticəsində Azərbaycan neft sənayesi sürətlə inkişaf etməyə başladı. Heydər Əliyevin rəhbərliyi ilə tezliklə Bakı-Novorossiysk və Bakı-Supsa kəmərləri çəkilib istifadəyə verildi. Bakı nefti Rusiyaya və Avropaya nəql edilməyə başladı. Bununla yanaşı, Prezident Heydər Əliyev daha böyük beynəlxalq layihələrə imza atdı.

Məhz onun fəal və uzaqgörən daxili və xarici siyasəti nəticəsində Azərbaycan transmilli layihələrə qoşuldu, qlobal və regional layihələrin, Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin reallaşdırılmasına nail olundu. Azərbaycan Prezidenti cənab İlham Əliyevin sözləri ilə desək, Bakı-Tbilisi-Ceyhan neft boru kəməri Heydər Əliyev siyasətinin qələbəsidir. Bakı-Tbilisi-Ceyhan boru kəmərinə Ulu öndərin adının verilməsi xalqların və millətlərin ona olan böyük sevgisi və istəyidir.

Heydər Əliyev siyasətinin ən parlaq uğurlarından biri Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin dirçəlişi və qorunub saxlanılması, böyük cəsarətlə milli soykökümüzə, milli tariximizə, milli ədəbiyyatımıza və mədəniyyətimizə, ana dilimizə və Vətən tariximizə verilən böyük qiymətdir. Dünya Azərbaycanlılarının Birinci Qurultayında Heydər Əliyev demişdir: “Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıdır”. 1969-1982-ci illərdə və müstəqillik illərində bir çox elm və mədəniyyət xadimlərinə, ədəbiyyat və incəsənət işçilərinə fəxri adların verilməsi, onların yüksək səviyyədə qiymətləndirilməsi məhz ümummilli lider Heydər Əliyevin xidmətidir və bu dahi şəxsiyyətin diqqət və qayğısı sayəsində mümkün olmuşdur. Azərbaycançılıq fəlsəfəsinin yeni və inkişaf istiqamətlərini yaradan, bununla da inkişaf dialektikasının əsasını qoyan Heydər Əliyev Dünya Azərbaycanlılarının I Qurultayında (noyabr, 2001) böyük qürur hissi ilə demişdir: “Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”.

Heydər Əliyev çox gözəl bilirdi ki, Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirmək, dərinləşməkdə olan Qarabağ problemini ədalətlə həll etmək, erməni işğalçıları tərəfindən zəbt olunmuş torpaqlarımızı azad etmək üçün müasir standartlara cavab verə bilən güclü Silahlı Qüvvələr lazımdır. Bu məqsədlə ordu quruculuğunda köklü islahatların aparılması zəruri idi. 90-cı illərin əvvəllərində isə Azərbaycan Ordusu pərakəndə halda və könüllü hərbi birləşmələrdən ibarət idi və mərkəzə bəzən tabe olmurdu. Belə bir şəraitdə könüllü hərbi birləşmələri buraxmaq, mərkəzləşdirilmiş ordu yaratmaq və onu komplektləşdirmək, əlbəttə çox çətin idi və vaxt tələb edirdi. Ancaq böyük dövlətçilik təcrübəsinə, yüksək təşkilatçılıq qabiliyyətinə və dəmir iradəyə malik olan ümummilli liderimiz qısa zaman kəsiyində Silahlı Qüvvələrin yaradılmasına, onun döyüş texnikası ilə və müasir dünyəvi silahlarla təchiz və təmin olunmasına, siyasi və təşkilati cəhətdən möhkəmləndirilməsinə nail oldu. Şəxsən özünün diqqətində və nəzarətində saxladığı ordu quruculuğu məsələsi ilə əlaqədar hərbi hissələrə getdi, döyüş cəbhələrində oldu, əsgər və zabitlərlə görüşdü, generalları, mütəxəssisləri dinlədi və dünya təcrübəsindən istifadə edərək NATO və Türkiyə Silahlı Qüvvələrinin nümunəsində güclü Silahlı Qüvvələr Ordusunu yarada bildi ki, bu gün biz öz milli ordumuzla fəxr edirik. Danılmaz faktdır ki, müasir Azərbaycan Ordusunun yaradılmasının və formalaşdırılmasının memarı Ümummilli lider Heydər Əliyevdir.

Bünövrəsi Ulu öndərimiz tərəfindən qoyulmuş Azərbaycan ordusu ölkə başçısı cənab İlham Əliyev tərəfindən daha da gücləndirildi, onun maddi-texniki bazası möhkəmləndirildi, müasirləşdirildi. Bunun nəticəsində Azərbaycan Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Müzəffər, Qəhrəman Ordumuz tərəfindən 2020-ci ilin sentyabrın 27-də erməni təxribatına qarşı başlanan 44 günlük Vətən Müharibəsində torpaqlarımız erməni işğalından təmizləndi, ərazi bütövlüyümüz təmin olunaraq Ulu öndərimizin vəsiyyəti yerinə yetirildi.

Daha bir mühüm faktora toxunaraq qeyd etmək istərdim ki, YAP Göyçay rayon təşkilatının yaranması tarixi Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə təsadüf edir və bu tarixlərin üst-üstə düşməsi də əlbəttə ki, bizləri hədsiz dərəcədə qürurlandırır, fərəhləndirir.

Bu gün Azərbaycanın hərtərəfli inkişaf strategiyası, həyata keçirilən köklü islahatlar XXI əsrin reallıqlarında aydın görünür. Bu müdrik və təkrarsız şəxsiyyət Heydər Əliyevin siyasətinin məntiqi nəticəsidir. Sürətli inkişaf, dayanıqlı sabitlik nəticəsində ölkəmiz lider dövlətə çevirilmişdir və hazırda 50 milyard dollardan çox valyuta ehtiyatlarımız var.

Bəli, çağdaş Azərbaycan tarixinin ən parlaq simalarından olan Heydər Əliyev ulu Tanrının xalqımıza bəxş etdiyi böyük möcüzədir, taleyin İlahi vergisidir. Dövlətçilik və azərbaycançılıq onun fundamental fəaliyyətinin və ömür bioqrafiyasının məzmununu təşkil edir. Heydər Əliyev XX əsrin reallıqlarında sübut etdi ki, O, müstəqil Azərbaycan dövlətinin banisi və qurucusudur.

Müsahibəni aldı Rövşən RƏSULOV

Digər xəbərlər