Rusiya Prezidentinin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq təşkilatlarla əlaqələr üzrə xüsusi sədri Boris Titov “Moskva-Baku” portalına müsahibəsində BMT-nin noyabrda Bakıda keçiriləcək COP29 iqlim konfransında Rusiya Federasiyası ilə Azərbaycan arasında qarşılıqlı fəaliyyətdən danışıb. O, Rusiya-Azərbaycan əlaqələrini də qiymətləndirib. Müsahibəni oxucularımızın nəzərinə çatdırırıq.
-Boris Yuryeviç, siz bu yaxınlarda Azərbaycanda olmusunuz və burada ölkənin iqtisadiyyat naziri ilə görüşmüsünüz. Görüşdən sonra siz iki ölkənin iqlim dəyişikliyi məsələsində mövqelərinin oxşarlığını qeyd etdiniz. Bu məsələdə mövqelərimizin oxşarlığı nədən ibarətdir və COP29 iqlim konfransında Rusiya Azərbaycanla necə qarşılıqlı fəaliyyət göstərir?
-Son illərdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflərinin Konfransı mədən yanacaqlarının tədarükü üzrə dünya bazarında görkəmli yerləri tutan ölkələrdə keçirilir: Misir, BƏƏ, indi Azərbaycanda, 2025-ci ildə isə Braziliyada olacaq. Bu, uzunmüddətli perspektivdə karbohidrogenlərin perspektivləri haqqında düşünmək meylini, hətta ənənəvi yanacağa arxalanan ölkələrdə belə yaşıl keçidə doğru meyli əks etdirir. Və qeyd etmək lazımdır ki, Azərbaycan bu baxımdan kifayət qədər unikaldır. Azərbaycan nəinki neft və qaz tədarükünü davam etdirir, həm də hər il “yaşıl” enerji sahəsində daha nəzərə çarpan addımlar atır. Siz məndən yaxşı xatırlayırsınız ki, milli strategiyaya əsasən 2030-cu ilə qədər Azərbaycanın enerji balansında “yaşıl” enerjinin payı 30%-ə yaxınlaşmalıdır.
İqlim dəyişikliyini nəzarət altında saxlamaq üçün bu cür qayğı Xəzər hövzəsi üçün xüsusilə vacibdir. Bütün Xəzərsahili ölkələr neft və qaz hasil edir, Rusiya və Qazaxıstan həm də kömür hasilatında dünyanın aparıcı ölkələri sırasındadır. Burada çoxlu karbohidrogenlər, həmçinin onların çıxarılması zamanı yaranan karbon qazı və metan var.
Ona görə də atmosferə atılan karbon qazının miqdarını azaltmaq üçün texnoloji həllərin vurğulanması Azərbaycanda xüsusilə maraqlı olacaq. Əminəm ki, Azərbaycan Respublikasının bütün dünyaya nümayiş etdirəcəyi bir şey olacaq.
Rusiyaya gəlincə, bizim enerji balansımızda bərpa olunan enerji mənbələrinin payı hələ də nisbətən aşağı olaraq qalır.
Biz başqa yollarla istixana emissiyalarının (“iqlim neytrallığı”) azaldılmasına nail olacağıq. Enerjiyə qənaətin artırılması, qapalı nüvə yanacaq dövrü texnologiyalarının tətbiqi, az enerjili atom elektrik stansiyalarının tikintisi, o cümlədən avtomobillərin mühərrikinin benzin və dizeldən daha ekoloji cəhətdən təmiz qaz yanacağına keçirilməsi. Rusiyanın 2050-ci ilə qədər enerji strategiyası hazırda hazırlanır və artıq qəbul olunmağa yaxındır.
-Azərbaycan Prezidenti Şuşa Qlobal Media Forumunda çıxış edərkən Bakının COP29-un təşkilinə xüsusi yanaşmasını qeyd etdi. Konfrans təkcə iqlim gündəliyinə deyil, həm də ümumilikdə inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında qarşılıqlı anlaşmanın formalaşdırılmasına həsr olunacaq. Yəni, “COP29 Azərbaycan” Qlobal Şimal və Qlobal Cənubu birləşdirməyə çalışacaq. Yəni, sülhməramlı rolunda çıxış ediləcək. Fikriniz necədir: Azərbaycan bunu edə biləcəkmi?
- Realist olaq- hələ heç kim buna tam nail ola bilməyib. Bununla belə, yeni dünya nizamı mövzusunda istənilən yeni söhbət bu dünya nizamının yeni binasında yeni bir kərpic qoyur. İştirakçıların deyəcəkləri ideya və təklifləri böyük maraqla izləyəcəyik.
-Bakıda keçiriləcək COP29-da ölkələrin birgə səyləri ilə planetin qlobal ekoloji problemlərinin həllinə kömək edə biləcək layihələr müzakirə olunacaq. Amma bütün layihələr maliyyə tələb edir. Bu problemi necə həll etmək olar? Rusiya hansı töhfə verə bilər və verməyə hazırdır?
-Biznesin bu gündəliyə cəlb edilməsi problemləri həll olunmasa, mənə elə gəlir ki, dünya qarşıya qoyulan məqsədlərə nail olmayacaq. Və biznes marağının yaranması üçün bizə karbon vahidlərinin ticarəti üçün ədalətli qlobal bazar lazımdır. Qərbdə bununla bağlı müəyyən standartlar formalaşıb, lakin həqiqətən ədalətli qlobal mübadilə maraqları üçün daha çox ölkəni əhatə edəcək standartlara gəlmək lazımdır.
Hesab edirəm ki, BRİKS və ŞƏT çərçivəsində bu mövzu daha fəal şəkildə təbliğ edilməlidir. Biz artıq Şanxay Əməkdaşlıq Təşkilatının Baş Katibi ilə əlaqə saxlamışıq və razılığa gəlmişik ki, Dayanıqlı İnkişaf üzrə daimi Şura yaratmaq lazımdır. Üstəlik, 2025-ci il ŞƏT tərəfindən Dayanıqlı İnkişaf İli elan edilib. Çində, yeri gəlmişkən, Qərb investisiya şirkətləri ilə əlaqəli olanlar da daxil olmaqla çox sayda "yaşıl" fond var. Əgər onlar vahid standartlaşdırmada və açıq sərhədlərdə iştirak etsələr, bu, böyük töhfə olar.
Rusiyada da maraqlı şirkətlərin və dövlət orqanlarının böyük bir qrupu var, bazarın prototipini yaratmaq cəhdi var- yaşıl istiqrazlar, yoxlayıcılar, validatorlar, standartlar, emissiya registrləri var. Vəzifə bu təcrübəni beynəlxalq sistemə inteqrasiya etməkdir.
-Beynəlxalq turbulentlik fonunda bu gün Rusiya ilə Azərbaycan arasında münasibətlər necə qurulur?
-Azərbaycan Rusiyanın əsas tərəfdaşlarından biridir. Bizi ailə, biznes və digər səviyyələrdə ölkələrimizi birləşdirən minlərlə, hətta milyonlarla tel birləşdirir.
Rusiya ilə Azərbaycan arasında ticarət-iqtisadi əməkdaşlıq çox uğurla inkişaf edir, qarşılıqlı ticarət dövriyyəsi son 3 ildə daha sürətlə artır.
Azərbaycanda 800-ə yaxın müştərək Rusiya-Azərbaycan şirkəti fəaliyyət göstərir ki, onların da bir neçə yüzünün kapitalı tamamilə rusların nəzarətindədir.
Təbii ki, əsas problem (həmçinin əsas stimul) Qərbi Avropa bazarlarını Asiya istehsalçıları ilə birləşdirəcək beynəlxalq Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafıdır. Məlum olduğu kimi, o, Rusiya, Azərbaycan, İranı, Hind okeanına çıxışı olan Fars körfəzini və daha sonra Çini birləşdirməlidir. Dəhlizin əhəmiyyətli hissəsi Azərbaycan ərazisindən keçir.
İndiyədək 2030-cu ilədək tranzit və ikitərəfli yük daşımalarının 30 milyon tona çatdırılması planlaşdırılır. Xatırladaq ki, ötən il ərzində 17 milyon tona yaxın (həm dəniz, həm də dəmir yolu ilə) daşınıb. Dəhlizin ümumi potensialı onlarla dəfə yüksəkdir, lakin onu reallaşdırmaq üçün infrastrukturun yenilənməsinə xeyli sərmayə qoymaq lazımdır. Rusiya əlindən gələni edir, amma burada çox şey qonşularımızdan- Azərbaycandan, İrandan, Qazaxıstandan, Özbəkistandan, Türkmənistandan asılıdır.
Tərcümə - Elçin Bayramlı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Ekologiya və ətraf mühitin mühafizəsi” istiqaməti çərçivəsində hazırlanıb
...ABŞ-ın Rusiya ilə müharibəyə hazır olması ilə bağlı