- Leyla xanım, Azərbaycan dövlətinin iqtisadi qüdrəti, dövlətin maddi imkanları genişləndikcə, bütün sahələrə investisiya qoyuluşları, büdcədən ayrılan vəsaitlər də artırılır. Eyni zamanda, təhsil sahəsinin inkişafı Azərbaycan hökuməti üçün prioritet istiqamətlərdən biridir. Siz həm bir təhsil işçisi, həm də millət vəkili olaraq, dövlətin təhsil sahəsində həyata keçirdiyi islahatları necə qiymətləndirirsiniz?
- Azərbaycanda təhsilin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Ulu öndərimiz Heydər Əliyev hər zaman, istər sovet dövründə, istərsə də 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdışından sonra təhsilin inkişafına xüsusi diqqət və qayğı göstərib. Ümummilli liderimizin rəhbərliyi altında hər zaman təhsillə bağlı islahatlar aparılıb, müvafiq dövlət proqramları həyata keçirilib. Hazırda həmin siyasi xətt cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi altında təhsil sahəsində önəmli islahatlar həyata keçirilir. Onu da vurğulamaq istəyirəm ki, bu gün Azərbaycanda təhsilin inkişafı ilə bağlı xeyli sayda dövlət proqramı icra olunmaqdadır. Bu proqramlar əsasında məktəblərin maddi-texniki bazasının gücləndirilməsi, zəruri avadanlıqlarla təchiz olunması istiqamətində ciddi addımlar atılıb. Eləcə də, 2008-2012-ci illəri əhatə edən məktəb tikintisi ilə bağlı proqramı vurğulamaq yerinə düşər. Bununla yanaşı təhsil sistemini informasiyalaşdırılmasına xidmət edən dövlət proqramını qeyd etmək lazımdır. Yəni bütün bunlar ümumilikdə təhsilin inkişafına əhəmiyyətli dərəcədə xidmət göstərir.
Bildiyiniz kimi ölkə Prezidentinin bu ilin aprel ayında imzaladığı sərəncama əsasən dövlət büdcəsindən maliyyələşdirilən səhiyyə və təhsil müəsissələrinin işçiləri dövlət qulluğunun xüsusi növünə aid ediləcək. Bu konsepsiyanın hazırlanması həm təhsil, həm də səhiyyə işçiləri tərəfindən çox sevinclə qarşılanıb. Bütün bunlarla yanaşı 2011-2021-ci illəri əhatə edən təhsilin inkişafı ilə bağlı milli strategiyanın hazırlanması haqqında dövlət başçısının sərəncamı xüsusi əhəmiyyət kəsb edir. Düşünürəm ki, bu sənədlərin ərsəyə gəlməsi təhsil sahəsinin inkişafı üçün başlıca amillərdir. Eyni zamanda, bütün bunlar təhsil sistemində olan çatışmazlıqların da kompleks şəkildə həll edilməsinə gətirib çıxaracaq.
Təbii ki, təhsilin inkişafına diqqət və qayğı haqqında danışarkən Heydər Əliyev Fondunun bu istiqamətdə atdığı addımları qeyd etməmək mümkün deyil. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın təhsilə olan diqqəti və qayğısı xüsusilə qeyd edilməlidir. "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi, uşaq evləri və internat məktəblərinin inkişafı ilə bağlı görülən işlər və digər bu kimi layihələr Mehriban xanım Əliyevanın rəhbərliyi altında təhsilin inkişafına göstərilən münasibətin bariz nümunəsidir.
Eyni zamanda, hörmətli Prezidentimizin 2007-ci ildə imzaladığı sərəncama əsasən hər il "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələri də təhsilə qayğının əyani göstəricisidir. Bu müsabiqədə iştirak həm təhsil işçilərinə yaxşı mənada stimul verir, həm də müsabiqədə qalib gələn təhsil işçilərini daha da yaxşı işləməyə sövq edir. Xatırladım ki, rəhbərlik etdiyim Sumqayıt şəhərinin F.Piriyev adına 18 saylı orta məktəbi də 2009-2010-cu tədris ilində "İlin ən yaxşı məktəbi" seçilib. Bu uğur bizi daha da yüksək səviyyədə işləməyə ruhlandırır və biz 2010-2011-ci ilin tədris ilinin nəticələrində daha böyük nailiyyət əldə etdik. Belə ki, ötən tədris ilində ali məktəblərə qəbul baxımından məktəbimiz daha yüksək göstəricilər qazandı və məzunlarımız arasında Prezident təqaüdçüsü də var.
Ümumiyyətlə, bu gün yeni məktəblərin tikintisi, məktəblərdə aparılan əsaslı təmir işləri, əlavə korpusların inşaası böyük vüsət alıb. Bütün bu işlərin, aparılan yüksək səviyyəli siyasi xəttin təməlində isə insan amili dayanır. Dövlət başçısının neft kapitalının insan kapitalına çevrilməsi ilə bağlı bildirdiyi fikirlər bu gün şüar deyil. Bu fikir artıq Azərbaycanın reallıqlarına çevrilməkdədir.
- Təbii ki, istənilən sahənin inkişafı üçün həmin sahə üzrə güclü və beynəlxalq normalara uyğun hüquqi bazanın olması çox vacibdir. Bu mənada ölkəmizdəki təhsil qanunvericiliyini necə dəyərləndirirsiniz?
- Əlbəttə ki, ölkəmizdə təhsil sahəsi ilə bağlı ciddi hüquqi baza mövcuddur. Amma desək ki, bu gün hər şey ideal formadadır, doğru olmazdı. Problemlərin mövcud olması da təbiidir. Amma müvafiq dövlət proqramlarının uğurlu icrası, yeni-yeni layihələrin işlənməsi problemlərin həllinə gətirib çıxaracaq. Hesab edirəm ki, 2010-cu ildə təsdiq olunan "Təhsil haqqında" Qanun dünya standartlarına uyğundur, olduqca mükəmməl bir sənəddir. Bu qanunda təhsildə yeniliklər, dünya təhsil sisteminə inteqrasiya məsələləri öz əksini tapıb. Mən də bir təhsil işçisi olaraq bu qanunu yüksək dəyərləndirirəm. Bütün məktəblərin yeni informasiya texnologiyaları əsasında fəaliyyət göstərməsi, kompüterlərlə təchiz olunması, internet şəbəkəsinə qoşulması şagirdlərin yeniliklərlə daha yaxından tanış olmasına şərait yaradır. Bu isə təhsilin daha da səmərəliliyinə xidmət göstərir.
- Təhsillə bağlı sahəvi qanunların da qəbul olunması gözlənilir. Sizcə, bu amil təhsilin səviyyəsinin artırılması işinə nə kimi töhfələr verəcək?
- Hesab edirəm ki, hər bir qanun, dövlət başçısı tərəfindən imzalanan hər bir fərman, sərəncam təhsilin inkişafına yönəlib. Fikrimcə, təhsillə bağlı gələcəkdə sahəvi qanunların qəbulu bu baxımdan vacibdir. Çünki sahəvi qanunlar məktəbəqədər, orta və ali təhsil ilə əlaqədar bütün detalları özündə əks etdirəcək. Bunun nəticəsində təhsildəki müəyyən məsələlər öz əksini tapacaq. Həmin məsələlərdən danışarkən, mən bir təhsil işçisi kimi qeyd edim ki, bizim birinci sinfə qəbul etdiyimiz şagirdlərin az bir hissəsi uşaq bağçalarına gedir. Bu, bizim ümumi problemimizdir. Hiss edirik ki, uşaq bağçasından gələn uşaqların qavrama qabiliyyəti daha yaxşıdır. Fikrimcə, valideynlər uşaqlarını məktəbəqədər bağçalara göndərsələr, onların qavrama səviyyəsi daha çox artar. Hesab edirəm ki, bu istiqamətdə maarifləndirmə işləri aparılmalıdır. Düzdür, məktəblərdə müəllimlər bu şagirdlərlə məşğul olurlar, amma evlərdə valideynlərin müəyyən hissəsi uşaqları ilə məşğul ola bilmirlər. Çünki hər kəs ali savada malik deyil və bu mənada bir az çətinlik yaranır. Bu da son nəticədə məcburən valideynlərin uşaqlarını repetitor yanına göndərməsinə səbəb olur. Bu da ödənişli əsasla həyata keçirilir. Bunların qarşısını almaq üçün mütləq valideynlər övladlarını öncə uşaq bağçalarına verməlidirlər. Digər bir məsələ isə bəzi regionlarda qızların məktəbə getməsi ilə bağlı oratya çıxan problemlərdir. Düzdür, bu istiqamətdə gender proqramları vasitəsilə maarifləndirmə işləri aparılır. Qızların təhsil alması, məktəbə getməsi olduqca ümdə məsələlərdəndir. Çünki sabah onlar haradasa işləməyə bilərlər, amma öz övladlarının təhsili ilə məşğul olması üçün ən azı orta təhsilə malik olmalıdırlar. Hesab edirəm ki, gələcəkdə bu məsələlərin həlli ilə bağlı məqamlar qanunvericilikdə öz əksini tapacaq.
- Siz parlamentin Mədəniyyət komitəsinin üzvüsünüz. Bu komitənin yaxın perspektiv üçün iş planı və gündəmdə olan məsələlər barədə məlumat verməyinizi xahiş edirik...
- Milli Məclisin Mədəniyyət komitəsində müvafiq qanunlar üzərində işlər aparılır, yeni qanun layihələri hazırlanır. Xüsusilə "Mədəniyyət haqqında" qanunun yenidən işlənilməsi istiqamətində vacib işlər görülür. Bizim komitə iclaslarında da bu barədə müzakirələr gedir. Hesab edirəm ki, yaxın zamanlarda bu sənəd parlamentin müzakirəsinə çıxarılmaq üçün tam hazır olacaq. Ümumiyyətlə, "Mədəniyyət haqqında" qanunun yeniləşdirilməsi çox vacibdir. Çünki bu gün Azərbaycanda mədəniyyətin inkişafına xüsusi diqqət var. Bu inkişaf, yeniliklər qanunda öz əksini tapmalıdır. Eyni zamanda, dünya ölkələri ilə mədəni əlaqələrin genişləndirilməsi istiqamətində olduqca mühüm addımlar atılır. Bu mənada Heydər Əliyev Fondunun gördüyü işləri xüsusi dəyərləndirmək lazımdır. Azərbaycanda keçirilən mədəniyyət forumları, beynəlxalq musiqi festivalları həm Azərbaycanın tanınmasında, eləcə də, ölkəmizin inkişafının təbliğində önəmli rol oynayır. Ən əsası isə mədəniyyətlərarası ünsiyyət genişlənir. Bütün bunlar bir tərəfdən bizim mədəniyyətmizlə tanış olmaq şəraiti yaradır, həm də Azərbaycan həqiqətlərinin dünyada yayılması baxımdan olduqca böyük əhəmiyyətə malikdir.
- Başqa hansı qanun layihələrinin hazırlanması istiqamətində iş aparırsınız?
- Əlbəttə, mədəniyyət sahəsi ilə bağlı yeni qanunların zərurət yarandıqca işlənib hazırlanacaq. Bu yöndə müəyyən işlər gedir, təkliflər səslənir. Komitənin üzvü olaraq mən milli mətbəximiz haqqında da məsələnin qanun səviyyəsində reallaşmasını təklif etmişəm. Bu təklif komitədəki həmkarlarım tərəfindən də dəstəklənib. Çünki bizim musiqimizlə yanaşı, mətbəx nümunələrimiz də başqaları tərəfindən mənimsənilir. Ən əsası ermənilər Azərbaycan mətbəxini bəzi hallarda öz adlarına çıxırlar. Ona görə də, hesab edirəm ki, milli mətbəx nümunələrimizin qanun səviyyəsində qorunması zəruridir.
Bir sıra ölkələr var ki, məhz mətbəx mədəniyyəti ilə özlərinə turist cəlb edirlər. Gələn il "Evrovizion-2012" müsabiqəsinin Azərbaycanda keçirilməsini nəzərə alaraq əcnəbilərin bizim mətbəx nümunələrimizlə də tanış olmasına böyük şərait yaratmaq lazımdır. Bilməlidirlər ki, bu yeməklər Azərbaycan mətbəxinin nümunələridir. Fikrimcə, biz bu haqda qanun qəbul etsək daha yaxşı olar. Bu, həm də milli yeməklərimizin Azərbaycan adı altında tanınmasına şərait yaradardı.
Qeyd edim ki, komitəmizdə hazırlanan digər bir yeni qanun layihəsi muğam sənətimizlə bağlıdır. Bu layihə artıq komitədə müzakirə olunub. Hörmətli həmkarımız Rafael Hüseynov bu layihənin üzərində işləyib. Qanun layihəsinin müzakirəsi zamanı böyük sənətkarlarımız-Əlibaba Məmmədov, Siyavuş Kərimi, Arif Babayev də dəvət olunmuşdular və bilavasitə onların fikirləri də öyrənildi. Hazırda sənədin üzərində iş davam etdirilir.
- Bu günlərdə ölkəmiz üçün çox əlamətdar bir hadisə baş verdi. Moskvada Azərbaycan Mədəniyyət Mərkəzinin açılması bütün dairələrdə yüksək qiymətləndirilir. Bu hadisəni Azərbaycan mədəniyyətinin təbliği və gələcək əməkdaşlıq baxımından necə qiymətləndirmək mümkündür?
- Cənab Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının üçüncü qurultayında çıxışı zamanı qeyd etdi ki, Azərbaycanın tanınması istiqamətində atılan böyük addımlardan biri də dünyanın iri şəhərlərində məhz mədəniyyət mərkəzlərinin yaradılmasıdır. Düzdür, diplomatik nümayəndəliklərimiz də bu istiqamətdə uğurlu fəaliyyət göstərirlər. Amma mədəniyyət mərkəzlərinin yaradılması da çox vacib bir amildir. Çünki bilirsiniz ki, ölkə Prezidenti tərəfindən aparılan uğurlu siyasət nəticəsində Azərbaycanın dünyadakı dostları xeyli dərəcədə artıb. Amma bu sahədə mədəniyyət mərkəzləri də çox böyük işlər görməlidirlər. Musiqimizin nümunələri, ədəbiyyatımız, ölkəmizdəki inkişafla bağlı xarici ölkələrdə məlumatların artmasını mən çox yüksək qiymətləndirirəm. Bu baxımdan da, Moskvada açılmış Azərbaycan Mədəniyyət Mərkəzinin əhəmiyyəti xüsusi vurğulanmalıdır. Yəqin ki, bu proses davamlı olacaq və Rusiyanın digər şəhərlərində də mədəniyyət mərkəzləri açılacaq. Bu işlər Azərbaycanın mədəniyyətinin təbliğində çox böyük önəm kəsb edir.
- Leyla xanım, siz Sumqayıt şəhərini təmsil edən millət vəkilisiniz. Son illər Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafı fonunda Sumqayıt şəhərindəki abadlıq və quruculuq işləri haqqında nə deyə bilərsiniz?
- Bu şəhər mənim doğma şəhərimdir. Mən Sumqayıtda yaşayıram və bura hər zaman mənə doğma və əzizdir. Amma son illərdə şəhərimizdə aparılan abadlıq-quruculuq işləri nəinki məni, bütün sakinləri sevindirir. Mən tez-tez öz seçicilərimlə görüşürəm. Onlar şəhərdə aparılan abadlıq-quruculuq işləri ilə bağlı öz fikirlərini bildirirlər. İyul ayında cənab Prezidentimiz şəhərimizdə səfərdə olub, Sumqayıtın inkişafı ilə bağlı öz tövsiyə və tapşırıqlarını verib. Əlbəttə ki, həyata keçirilən abadlıq və quruculuq işləri insanlarımızın rifahına xidmət edir. Sümqayıt sakinləri də bunu çox yüksək dəyərləndirirlər. Şəhərimizə artırılan diqqət və qayğı hər kəs tərəfindən sevinclə qarşılanır. Bütün mənalarda yaxın vaxtlarda Sumqayıt Bakıya yaxın bir şəhərə çevrilməlidir. Şəhərdə yeni obyektlər, müəssisələr tikilib istifadəyə verilir ki, bütün bunlar insanlara, şəhər sakinlərinə xidmət edir. Bununla yanaşı seçicilərim müəyyən məsələlərlə bağlı müraciətlər edir ki, bu məsələlərin həlli daim diqqət mərkəzindədir.