PDF Oxu

Siyasət

  • 987

Türkiyə-Azərbaycan qardaşlığının növbəti nişanəsi

image

2023-cü il fevralın 6-da Türkiyədə baş vermiş zəlzələ bu ölkənin tarixində ən dəhşətli fəlakətlərdən biri idi. Episentri Kahramanmaraşın Pazarcık rayonunda yerləşən 7.7 bal gücündəki yeraltı təkanlar 11 vilayəti əhatə etdi. Təsiri 500 atom bombası gücünə bərabər olan bu zəlzələlər nəticəsində 53 mindən çox insan həyatını itirdi, 107 mindən artıq insan müxtəlif dərəcəli bədən xəsarətləri aldı. Hatayda 400 metrlik nəhəng çat əmələ gəldi. Şəhərlər, kəndlər, yaşayış massivləri yerlə bir oldu. Belə ağır məqamda Türkiyəyə ilk yardım əlini uzadan ölkə isə yenə də Azərbaycan oldu. Biz “bir millət, iki dövlət” olaraq həm sevincli, həm də kədərli anlarda bir yerdə olmağı bacarırıq. İyunun 19-da Kahramanmaraşda istifadəyə verilən “Azərbaycan” məhəlləsinin açılışı bu qardaşlığın və dostluğun əyani nümunələrindən biridir. Zəlzələ nəticəsində dağılmış ərazidə Azərbaycan dövlətinin dəstəyi ilə inşa edilən bu məhəllənin açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak etdilər. Dünya bir daha Azərbaycan-Türkiyə qardaşlığının, müttəfiqliyinin sarsılmaz və əbədi olduğuna şahidlik etdi.Bu fikirləri Milli Məclisin deputatı Mehriban Vəliyeva deyib. Onun sözlərinə görə, Prezident İlham Əliyev və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın açılış mərasimində iştirakı və çıxışları Azərbaycan-Türkiyə birliyinin bariz təzahürüdür: “Prezident İlham Əliyev çıxışında Azərbaycan xalqının Kahramanmaraş və digər bölgələrdə baş vermiş faciəni öz şəxsi dərdi kimi qəbul etdiyini vurğuladı. Həmin dövrdə dövlət səviyyəsində edilən yardımlarla yanaşı, fərdi təşəbbüslərlə də geniş dəstək göstərildi. Ölkənin hər yerində – ucqar rayon və kəndlərdə belə insanlar öz imkanları çərçivəsində qardaş Türkiyə üçün yardım toplayırdılar. Bu həm də xalqımızın mənəvi ucalığının təzahürü idi. Qısa müddətdə zəlzələ bölgələrində geniş bərpa və yenidənqurma işləri həyata keçirildi. Kahramanmaraşda salınan “Azərbaycan” məhəlləsi Azərbaycan-Türkiyə birliyinin növbəti rəmzi abidəsinə çevrildi. Bu hadisə Türk dünyasının birliyi mesajı olaraq, münaqişə və müharibələrin hökm sürdüyü bir dövrdə bütün dünyaya sülh, həmrəylik və sosial rifah çağırışı idi”.Deputat qeyd edib ki, zəlzələdən dərhal sonra Azərbaycan dövləti və xalqı səfərbər olmuş, yardım məntəqələrinin qarşısında uzun növbələr yaranmışdı: “Azərbaycan tərəfindən mindən artıq heyət – axtarış-xilasetmə qrupları, könüllülər və həkimlər dərhal Türkiyənin zəlzələ bölgələrinə göndərildi. Azərbaycan xilasediciləri tərəfindən 53 nəfər dağıntılar altından sağ çıxarıldı. Ölkəmiz tərəfindən qurulan iki səhra hospitalında isə 3200 nəfərə tibbi yardım göstərildi. Bu, bizim borcumuz idi. Çünki 30 ilə yaxın müddətdə torpaqlarımız Ermənistanın işğalı altında olduğu zaman Türkiyə daim Azərbaycanın yanında olub. Xüsusilə, Vətən müharibəsinin ilk dəqiqələrindən Prezident Rəcəb Tayyib Ərdoğanın açıq və qətiyyətli dəstəyi xalqımız tərəfindən yüksək dəyərləndirilir və heç vaxt unudulmayacaq. Prezident İlham Əliyev də qeyd etdi ki, savaşın ilk saatlarından Türkiyə Cümhurbaşqanı bizimlə çiyin-çiyinə oldu. Bu həmrəylik, mənəvi və siyasi dəstək bizim gücümüzə güc qatdı.

İndi isə “Azərbaycan” məhəlləsində inşa edilmiş 90-dan çox binada 1200-dən artıq türkiyəli ailə yaşayacaq. Onların övladlarının qəlbində Azərbaycan sevgisi daim yaşayacaq. Bu məhəllə sadəcə bir infrastruktur layihəsi deyil – bu, gələcək nəsillərə ötürüləcək dostluq və qardaşlıq mesajıdır, ortaq gələcəyimizin təməl daşlarından biridir”.
Mehriban Vəliyeva bildirib ki, Türkiyə-Azərbaycan birliyi və qardaşlığı təkcə region üçün deyil, dünya miqyasında önəmli bir amilə çevrilib: “Ətrafda siyasi gərginliklərin, iqtisadi çətinliklərin, hərbi qarşıdurmaların dərinləşdiyi bir dövrdə Azərbaycan və Türkiyənin bir-birinə verdiyi dəstək, həyata keçirdiyi birgə layihələr, regionda barış və sabitliyə verdiyi töhfə ölkələrimizin liderlərinin uzaqgörənliyi və peşəkarlığının nəticəsidir. Bu həm də xalqlarımızın birliyi, insani dəyərlərə sadiqliyinin və ortaq tarixi yaddaşın göstəricisidir”.

Digər xəbərlər