Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin təntənəli açılışı hər bir azərbaycanlının və türkün qəlbində iftixar və qürur hissi doğurur. 2023-cü ilin fevralında baş verən dəhşətli zəlzələdən dərhal sonra Azərbaycanın göstərdiyi qardaş dəstəyi bu gün real bir yaşayış məkanına çevrilərək tarixə yazıldı. Mən də fəlakətin ilk günlərində bir sıra həmkar millət vəkillərimizlə birlikdə Kahramanmaraşda olmuş, zəlzələnin ağır nəticələrini yerində görmüş və xalqımız adından başsağlığı vermişdim. O zaman insanların yaşadığı dərdləri, itkiləri, acıları birbaşa görərək, bu xalqın necə böyük iradəyə sahib olduğuna bir daha şahid olmuşduq.Bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.Deputat bildirib ki, bu gün həmin bölgədə “Azərbaycan” məhəlləsi kimi bir layihənin reallığa çevrilməsi, Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açılışın gerçəkləşməsi bir daha sübut edir ki, Azərbaycan-Türkiyə münasibətləri sadəcə diplomatik müstəvi ilə məhdudlaşmır – bu münasibətlər qardaşlıq, mənəviyyat və həmrəylik üzərində qurulub.Azərbaycan Respublikası Dövlət Mənzil-Tikinti Agentliyi tərəfindən həyata keçirilən bu layihə bir yaşayış məntəqəsindən daha artıq anlam daşıyır – bu, dostluğun, mərhəmətin və bir millətin digər millətə dayaq olmasının simvoludur.Millət vəkilinin sözlərinə görə, “Azərbaycan məhəlləsi”ndə yalnız evlər deyil, eyni zamanda mədəniyyət mərkəzləri, ticarət obyektləri də inşa olunub. Bu, bizim niyyətimizin təkcə zəruri yaşayış deyil, həm də layiqli və xoş bir həyat təmin etmək olduğunu göstərir.Prezident İlham Əliyevin açılışda səsləndirdiyi fikirlər – “biz yaxşı günlərdə də, ağır günlərdə də daim bir-birimizin yanındayıq” – əslində bu tarixi münasibətlərin mahiyyətini qısa və çox dolğun şəkildə ifadə edir.Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir. Bu layihə bir daha göstərdi ki, biz eyni ağrını bölüşür, eyni ümidlərlə birgə addımlayırıq.“Bu qardaşlıq daha da möhkəmlənəcək və gələcək nəsillərə örnək olacaq”, - deyə Fatma Yıldırım vurğulayıb.