Müsahibə

  • 4 710

Ermənilər azərbaycanlılara qarşı törətdikləri soyqırımını çox amansızlıq və qəddarlıqla həyata keçiriblər

image

Milli Məcliisn deputatı, Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədri Əziz Ələkbərli

-Əziz müəllim, hər il 31 mart tarixi ölkəmizdə Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Azərbaycanlılara qarşı ermənilərin törətdikləri qətliamların kökləri və səbəbləri haqqında fikirlərinizi bilmək istərdik...
-Tarixdə çox az fakt tapmaq mümkündür ki, bir əsrdə bir xalq digər xalqı etnik və dini mənsubiyyətinə görə, ən azı dörd dəfə soyqırımı və deportasiyaya məruz qoysun və buna görə də heç bir hüquqi və siyasi məsuliyyət daşımasın. Bəli, ermənilər XX əsrdə xalqımıza qarşı dörd dəfə belə vandalizm hərəkətində olublar: 1905-1906-cı illərdə, 1918-1920-ci illərdə, 1948-1953-cü illərdə və 1988-ci ildən 2020-ci ilə qədər.
Buna görə də, 1918-ci ilin 31 mart günü tariximizə azərbaycanlıların soyqırımı günü kimi daxil olsa da, bu soyqırımı təkcə həmin tarixlə və təkcə Bakı şəhərində minlərlə dinc azərbaycanlı əhalinin ermənilər tərəfindən soyqırımına məruz qalması ilə məhdudlaşmır. Xalqımıza qarşı bu soyqırımının ilk mərhələsi hələ 1905-1906-ci illərdə həyata keçirilmişdir, həm də bütün Azərbaycan torpaqlarında – Bakıda, Naxçıvanda, İrəvanda, Qarabağda, Zəngəzurda, Gəncədə, Qazaxda və s. Bu barədə Məmməd Səid Ordubadinin “Qanlı sənələr”, Mir Möhsün Nəvvabın “1905-1906-cı illərdə erməni-müsəlman davası” adlı xatirələrində və başqa mənbələrdə ətraflı yazılıb.
Eyni fikri 1918-1920-ci illər soyqırımı haqqında da demək olar. 1905-1906-cı illərdə olduğu kimi, 1918-1920-ci illərdə də dəhşətli soyqırımına məruz qalmış bölgələrimizdən biri də Qərbi Azərbaycan dediyimiz indiki Ermənistan ərazisi, bu ərazidəki bütün tarixi mahallarımız – İrəvan, Zəngəzur, Dərələyəz, Göyçə, Vedibasar, Gərnibasar, Zəngibasar, Ağbaba-Şörəyel, Loru-Pəmbək, Dərəçiçək, Dilican, Qaraqoyunlu və s. mahallar olub.
Hər yerdə də ermənilər bu soyqırımını, demək olar ki, eyni ssenari ilə həyata keçiriblər: dinc əhalini iri damlara doldurub diri-diri yandırıblar, insanların qolunu-ayağını kəsərək işgəncə ilə öldürüblər, hamilə qadınların qarnını yarıb, qarnındakı körpəni süngüyə keçiriblər və s. Həm də bu soyqırımları kortəbii yox, planlı şəkildə həyata keçirilib. Belə ki, bütün Birinci dünya müharibəsi dövründə Çar Rusiyası tərəfindən Osmanlı dövlətinə qarşı vuruşan ermənilər 1917-ci ildə Rusiyadakı fevral inqilabından sonra üzlərini Cənubi Qafqaza çevirirlər. General Nazaryanın komandanlığı və general Dronun müavinliyi ilə 35 min nəfərlik erməni korpusu yaradılır. Bu korpus üç diviziyaya bölünür. Bölgüyə görə general Andronikin başçılığı altında 1-ci diviziya Naxçıvan, Zəngəzur və Qarabağın dağlıq hissəsində; general Dro və Arişyanın başçılığı altında 2-ci diviziya İrəvan, Üçkilsə, Qurdqulu, Zəngibasar, Gərnibasar, Vedibasar, Dərələyəzdə; polkovnik Silikov-Silikyanın başçılığı altında 3-cü diviziya isə Göyçə mahalında azərbaycanlıların soyqırımını həyata keçirməli idi. Və doğrudan da hər üç diviziya hər üç istiqamətdə öz çirkin niyyətlərini son dərəcə qəddarlıqla həyata keçirdilər.
-Ermənilərin azərbaycanlılara qarşı qətliamları çox amansız və qəddar olub. Bu barədə nə deyə bilərsiniz?
-Faciələrin miqyasını təsəvvür etmək üçün bir neçə faktı xatırlatmaq istəyirəm. Zəngəzur qəza rəisinin teleqramında deyilirdi: “Andronikin başçılığı ilə 30 müsəlman kəndinin əhalisi qırılıb, yandırılıb, kəndlər dağıdılıb, əmlakları talan edilib, qaçıb qurtara bilməyənlər vəhşicəsinə öldürülmüşlər”.
Bir daşnak isə öz xatirələrində yazırdı: “Mən Basarkeçərdə ağına-bozuna baxmadan tatarları qırıb tökdüm. Hərdən adamın gülləyə heyfi gəlirdi. Bu köpəklərə qarşı ən etibarlı vasitə döyüşdən sonra sağ qalanların hamısını yığıb quyuya doldurmaq və üstündən də ağır daşlar yığmaqdır ki, onlardan heç biri sağ qalmasın. Mən belə də edirdim”.
O vaxtın arxiv və tarixi sənədlərində belə faktlar istənilən qədərdir. Məsələn, o vaxt ən dəhşətli qırğınlardan biri də İrəvan çuxurundakı Vedibasar mahalında baş vermişdi. Zəngəzurun Tatev monastırında qərargah salan Andronikin quldur dəstələri 1918-ci ilin dekabrında Vedibasar kəndlərinə də gəlib çıxırlar. O vaxt mahalın aran kəndləri Abbasqulu bəy Şadlinski tərəfindən qorunduğundan ermənilər Dərələyəzdən keçərək mahalın Çanaxçı dərəsindəki kəndlərini mühasirəyə alırlar. Yerli əhalini inandırırlar ki, bölgədə əmin-amanlıq yaratmaq məqsədilə hökumət adından gəliblər. Bu adla kəndlərə girən ermənilr az sonra mahalın Çanaxçı dərəsindəki bütün müsəlman kəndlərində soyqırımı törədirlər. Xüsusilə Şahablı, Qədirli, Qaraxaç və başqa kəndlərin dinc müsəlman əhalisi kütləvi şəkildə qırğına məruz qalır. Ermənilər bu kəndlərin əhalisini son nəfərinə qədər qətlə yetirirlər. Həm də tam bir vəhşiliklə.Tam olaraq bir Xocalı soyqırımı kimi! Şahablı Aşıq Cəlil məhz həmin soyqırımı zamanı dili kökündən qopardılaraq, özü də gərmə qalağında diri-diri yandırılır. Yeri gəlmişkən xatırladım ki, elə həmin günlərdə Göyçəli Aşıq Nəcəfin də kürəyinə qaynar samovar bağlanaraq öldürülmüşdür.
O vaxt ermənilərin Çanaxçı dərəsi kəndlərində törətdiyi soyqırımı o qədər dəhşətli olub ki, hətta dövrün tarixi sənədlərində də öz izini buraxıb. Məsələn, Naxçıvan Müsəlman Milli Komitəsinin o vaxtkı katibi Mirzə Bağır Əliyev gündəliklərində yazırdı ki, “Vedi qəryəsinin əhli Şəmsəddin bəy Mahmudbəyov Vedibasar müsəlmanlarının barəsində Naxçıvana gəlib böylə məlumat verdi: İran və Naxçıvan nümayəndələri İrəvana azim olandan sonra erməni qoşunu Vedibasar nahiyəsində bulunan müsəlman köylərinə, məsələn, Kərkab, Ağasıbəyli, Keşişdağı, Dəhnəz, Qaraxaç, Qədirli, Şahablı və Çimən kəndlərinə hücum edib 20 mindən ziyad müsəlman əhalisini kəsib, balaca balaları, qadınları və əlil kişiləri evlərə toplayıb, tamamən bıçaq və xəncər ilə kəsib, nizəbuş ediblər... Xülasə, Vedibasar tərəfində müsəlmana olmazın zülmlər və cəfalar ermənilər tərəfindən olundu”.
Bu qırğının əks-sədası uzun müddət eşidildi, çox-çox uzaqlardan dolanıb gəldi. Bu faciə barədə Paris Sülh Konfransının sədrinə ünvanlanmış 16-19 avqust 1919-cu il tarixli məşhur sənəddə də xüsusi bəhs edilmişdir. Həmin sənəddə erməni daşnaklarının Vedibasar mahalında törətdikləri vəhşiliklər barədə oxuyuruq: “...“Van”, “Sasun” adları altında müxtəlif erməni hərbi hissələri müsəlman əha-lisini qılıncdan keçirtdi, kəndləri toplardan və zirehli qatardan atəşə tutdular, öl-dürülənlərin qarnını yırtıb, gözlərini oydular, bəzi cəsədləri yandırdılar, əhalini taladılar, ümumiyyətlə, eşidilməmiş vəhşiliklər etdilər. Yeri gəlmişkən, Vediba-sar rayonunda belə bir dəhşətli fakt da baş verdi ki, Qaraxaç, Qədirli, Qarabağlar, Ağasıbəyli, Dəhnəz kəndlərinin kişiləri sonuncu nəfərə qədər qətlə yetirildilər”.
-Ermənilərin azərbaycanlılara qarşı düşmənçilik siyasəti sovet dövründə də davam edib. Bu dövrü necə xarakterizə edərdiniz?
-Təəssüf ki, ermənilər xalqımıza qarşı düşmənçiliklərini sovet dövründə də davam etdirdilər. Azərbaycanın tarixi torpaqlarında 1918-ci ildə yaradılmış 9 min kv. km-lik tarixdə ilk erməni dövləti – Ararat daşnak respublikası sovet dövründə Azərbaycan torpaqları hesabına birdən-birə üç dəfədən çox böyüdülərək 29,8 min kv. km-ə çatdırıldı. Bundan ruhlanan ermənilər dinc metodlarla azərbaycanlı əhalini dədə-baba yurdlarından sıxışdırıb çıxardılar.
1945-ci ilin noyabr-dekabr aylarında ermənilər İkinci dünya müharibəsindən qalib çıxan dövlətlərin – Rusiya, Amerika və Böyük Britaniyanın dövlət başçılarından Şərqi Türkiyənin alınıb Ermənistana verilməsini istədilər, bu baş tutmayanda İ.Stalindən o vaxtkı Dağlıq Qarabağın Ermənistana verilməsini xahiş etdilər, bu da baş tutmayanda İ.Stalinə xaricdən erməni əhalinin Ermənistana köçürülməsi barədə sərəncam verməsi üçün yalvardılar və axır ki, buna nail oldular. Heç bir il keçməmiş guya Ermənistanın xaricdən gələn ermənilər üçün darısqallıq etdiyini bəhanə gətirərək İ.Stalindən 100 min nəfər azərbaycanlı əhalinin Ermənistandan Azərbaycana deportasiya edilməsini xahiş etdilər və qısa vaxtda 100 min nəfər əvəzinə 150 min nəfər soydaşımız dədə-baba yurdundan deportasiya olundu.
Bu da yetmədi, 1988-1991-ci illərdə Qarabağ münaqişəsinin ilk mərhələsində Qərbi Azərbaycan dediyimiz indiki Ermənistan ərazisindəki 300 min nəfərə yaxın soydaşımız öz tarixi yurdlarından vəhşicəsinə qovuldu. Əslində, bu, deportasiya deyildi, 200-dən artıq insanın qətlə yetirildiyi, 400-dən artıq insanın ağır yaralandığı, evləri, malları-mülkləri zorla əllərindən alındığı, evlərin, kəndlərin od vurulub yandırıldığı, 300-dən artıq məscidin, 500-dən artıq müsəlman qəbristanlığının yer üzündən silindiyi vandalizm aktı – soyqırımı idi. Lakin o vaxt Qarabağ münaqişəsi Qarabağ müharibəsinə çevrilməkdə, Azərbaycanın ərazi bütövlüyü təhdid edilməkdə, soydaşlarımız məcburi köçkünə çevrilməkdə idi və Qərbi Azərbaycan qaçqınları bu ümumi faciə önündə öz faciələrini sinələrində gömməyə üstünlük verdilər.
-Soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə çatdıırlması istiqamətində dövlətimiz tərəfindən sistemli tədbirlər həyata keçirilir...
-Yalnız müstəqillik illərində keçmişimizin gerçək mənzərəsini yaratmaq və xalqımıza qarşı dəfələrlə törədilmiş soyqırımı cinayətlərinə siyasi-hüquqi qiymət vermək imkanı qazandıq. Bu baxımdan Ümummilli Lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında” Fərmanı mühüm tarixi əhəmiyyət kəsb edir. Həmin sənəddə XIX əsrin əvvəllərindən müasir dövrümüzə qədər Azərbaycan torpaqlarının zəbti, kütləvi qırğınlar, deportasiya və etnik təmizləmələrlə müşayiət olunan faciələr "ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələləri” kimi qiymətləndirilmiş və 31 mart "Azərbaycanlıların Soyqırımı günü” elan edilmişdir. Bu sərəncama əsasən ölkəmizdə hər il 31 mart "Azərbaycanlıların Soyqırımı günü” qeyd olunur, soyqırımı qurbanları anılır.
2018-ci ildə bu bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimayyətinə daha dolğun çatdırılması məqsədilə 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən geniş tədbirlər planı həyata keçirilib. 2013-cü ildə Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksi ötən əsrin əvvəlində ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı, etnik təmizləmə, dinc əhalinin amansızlıqla qətlə yetirilməsini faktlarla əks etdirən muzey və kütləvi məzarlıqdan ibarətdir.
Artıq 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm qələbə bölgədə yeni bir reallıq yaratmışdır. Bu reallığın baş qəhrəmanı müzəffər Ali Baş Komandanımız, şah əsəri qüdrətli Azərbaycan dövlətidir. Artıq ermənilər təkcə 30 ildə Qarabağda etdikləri vandalizm hərəkətlərinə görə yox, həm də son iki yüz ildə bütün tarixi Azərbaycan torpaqlarında, o cümlədən və xüsusilə Qərbi Azərbaycanda – indiki Ermənistan ərazisində xalqımıza qarşı törətdikləri cinayətlərə görə cavab verməlidirlər və verəcəklər.

yap.org.az

Digər xəbərlər