Azərbaycan güclü və qalib dövlət olaraq bir daha bölgədə və dünyada sülhün və rifahın bərqərar olması üçün öz töhfəsini təqdim edir

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova
- Hicran xanım, Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərində hansı töhfələr verəcəkdir?
- 15 iyun- Azərbaycan tarixində ikinci dəfə xüsusi bir mahiyyət daşıyan günə çevrildi. 28 il əvvəl bu gündə Azərbaycan parçalanmaq, bir dövlət kimi siyasi xəritədən silinmək təhlükəsindən qurtardısa, bu gün isə Azərbaycan güclü və qalib dövlət olaraq bir daha bölgədə və dünyada sülhün və rifahın bərqərar olması üçün öz töhfəsini təqdim edir. Bu baxımdan da Şuşa Bəyannaməsi müstəsna siyasi, mənəvi və tarixi əhəmiyyətə malikdir. Bu sənəd Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamları ilə xarakterizə olunan Azərbaycan-Türkiyə münasibətlərini daha da möhkəmləndirərəkyeni bir mərhələyə qədəm qoyur. Cənab Prezident İlham Əliyevin dediyi kimi: “Birgə Bəyannamə - Müttəfiqlik haqqında Bəyannamə əlaqələrimizi ən yüksək zirvəyə qaldırır. Bəyannamənin adı Müttəfiqlik haqqında Bəyannamədir və bu ad özü-özlüyündə hər şeyi göstərir, hər şeyi deyir. Biz bu gün keyfiyyətcə yeni əlaqələr qurmuşuq və bu Bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək iş birliyimizin təminatçısıdır”. Azərbaycan və Türkiyə arasında Müttəfiqlik Münasibətləri haqqında Şuşa Bəyannaməsində birgə milli mənafelər baxımından siyasi, humanitar, iqtisadi, elm, təhsil, mədəniyyət, hərbi və təhlükəsizlik sahələrində, o cümlədən media sahəsində əlaqələndirilmiş və birgə fəaliyyətlərin təşviq edilməsi xüsusi yer tutur. Azərbaycan ilə Türkiyənin əməkdaşlıq əlaqələri unikal müttəfiqlik nümunəsidir. Və bunun tarixi çox qədimdir. Çünki bizi bir çox amillər birləşdirir. Ortaq etnik köklərimiz, mədəniyyətimiz, dilimiz, dinimiz, milli dəyərlərimiz, milli maraqlarımız, tarixən bir-birimizə arxa-dayaq olmağımızbu birliyi, bu qardaşlığı, bu təəssübkeşliyi təmin etmişdir.Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “ Bu gün biz dünya miqyasında, dünya çapında nadir əməkdaşlıq, iş birliyi, müttəfiqlik nümunəsi göstəririk”. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dediyi kimi: “Bizim gücümüz Azərbaycanın gücü, Azərbaycanın gücü də bizim gücümüzdür”.Ona görə də birmənalı vurğulaya bilərik ki, Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir mesajdır.
- Bu Bəyannamədə həm də Qars müqaviləsinə istinad edirlir, Sizin fikrinizcə, bunun tarixi əhəmiyyəti nədən ibarətdir?
- Müstəqilliyimizin ilk günündən, xüsusilə də Vətən Müharibəsi günlərində Azərbaycana böyük mənəvi və siyasi dəstək verən Türkiyə Prezidenti R.T. Ərdoğanın bu səfərivə imzalanan Bəyannamə Ermənistandakı revanşist qüvvələrə və onların havadarlarına, eləcə də regionda sülh prosesini ləngitməyə çalışan qüvvələrə verilən xüsusi və mühüm bir mesajdır.Həmçinin, bu sənəd Ermənistanda revanşizmin və Qars müqaviləsinin ləğvi barədə iddiaların səsləndirildiyi, bəzi dövlətlərin regiondayenidən qarışıqlıq yaratmaq istədikləribir zamanda imzalandı. Ölkə baçşısı İlham Əliyev də çıxışında qeyd etdi ki, “ Birgə Bəyannamədə tarixi Qars müqaviləsinə istinad edilir. Tarixi Qars müqaviləsi düz 100 il bundan əvvəl imzalanmışdır. Bu da böyük rəmzi məna daşıyır. Azad edilmiş Şuşa şəhərində 100 ildən sonra müttəfiqlik haqqında imzalanan Birgə Bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir”.Qars müqaviləsinin ləğv edilməsi ilə bağlı ayrı-ayrı vaxtlarda həm ermənilər, həm də onlara havadarlıq edən qüvvələr fikirlər səsləndirmiş və bunun üçün cəhdlər göstərmişlər. Lakin Şuşada imzalananBəyannaməAzərbaycan və Türkiyə müttəfiqliyini daha da möhkəmləndirdi. Eyni zamanda, Qarabağın təhlükəsizliyi və qısa müddətdə yenidən qurulması məqsədilə bundan sonra da hər iki ölkənin imkanlarını səfərbər ediləcəyini rəsmən təsdiqlədi. Müqavilənin imzalandığı məkanın seçilməsi də xüsusi bir rəmzi, simvolik məna daşıyırdı. Birincisi, dünya ictimaiyyəti bir dahaerməni barbarlığını, vandalizmini görsünlər, 30 ilə yaxın əsarətdə saxladıqları şəhərləri, kəndləri necə dağıdıblar, talan ediblər. İkincisi isə, erməni işğalçılarının xaraba qoyduğu binanın uçurulmuş divarları fonunda hər iki dövlətin başçısı bütün dünyaya sülhün, sakit şəraitdə yaşamağın vacibliyi mesajını göndərirlər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandünya ictimaiyyətini bir daha xalqımızınerməni faşizmi üzərində qələbəsini qəbul etməyə və yaranmış yeni reallıqdan faydalanmağa çağırdı:” Bölgədə təsiri olan hər kəsi həqiqətləri görməyə, Azərbaycan xalqının Zəfərini qəbul etməyə və gələcəyə baxmağa dəvət edirik. Atəşkəs razılaşmasından sonra artıq bölgədə bütün tərəflər üçün yeni əməkdaşlıq imkanları yaranıb. Bölgədəki yeni reallığa fayda vermək istəyən hər kəsin nifrət və təhrik siyasətindən əl çəkərək sülh və əməkdaşlığı təşviq etməyə istiqamətlənməsi əsas şərtdir”. Prezident İlham Əliyevin də bildirdiyi kimi, “Bu səfərin tarixi əhəmiyyəti bundan sonra uzun illər ərzində dillərdə olacaqdır”.
- Bəyannamədə Zəngəzur dəhlizinin reallaşması da öz əksini tapır, bu layihə reallaşarsa, bölgədə yaranacaq vəziyyəti necə qiymətləndirərdiniz?
- Həmin sənəddə diqqəti cəlb edən məsələlərdən biri də beynəlxalq əhəmiyyət kəsb edən layihələrin reallaşmasıdır. Azərbaycanın Cənubi Zəngəzur dəhlizi böyük geosiyasi və iqtisadi əhəmiyyətə malikdir. Bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq iqtisadi dəhliz açılacaqdır. Bu layihə nəinki bölgə, region üçün, həm də dünya üçün vacib və mühüm əhəmiyyət daşıyır. Şuşa Bəyannaməsi Cənub-Şərqi Avropada və Qafqazda iqtisadi artımın güclənməsi, infrastrukturun inkişafı və regional təhlükəsizliyin qorunması üçün çox vacib vasitədir. Zəngəzur dəhlizinin açılması İkinci Qarabağ savaşından sonra yaranmış yeni geosiyasi vəziyyətin nəticəsidir. Cənab İlham Əliyev öz çıxışında bildirdi ki, “ Bu gün biz Türkiyəni və Azərbaycanı dəmir yolu ilə, avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi haqqında nəinki danışırıq, bu dəhlizi əməli işlərlə yaradırıq”. Bu həmin layihənin reallaşması ilə bağlı yaranmış müxtəlif fikirlər ən qəti və aydın cavab oldu. Beləliklə, bir daha qeyd etmək lazımdır ki, Bəyannamədə göstərilən bütün müddəalar keyfiyyətcə daha yüksək işbirliyinin təminatıdır. İki qardaş dövlət arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi müstəsna siyasi, mənəvi və tarixi əhəmiyyətə malikdir.
- Hicran xanım, necə fikirləşirsiniz, Şuşa Bəyannaməsiölkəmizin xarici siyasətində və diplomatiyasında hansı dəyişikliklərin yaranmasına səbəb olacaqdır?
- “Bildiyiniz kimi, Azərbaycan həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq formatında balanslı bir siyasət aparır. Burada cənab Prezident İlham Əliyevin Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı tədbirdə dedikləri bəzi fikirləri xatırlamaq istərdim. Artıq hər kəs qəbul edir ki, 44 günlük Vətən müharibəsi Azərbaycanın qələbəsi ilə başa çatdı və o öz tarixi torpaqlarınızı azad etməklə ərazi bütövlüyünü bərpa etdi. Bu bütövlükdə regionda yeni vəziyyət yaratmışdır. Bu baxımdan regionun siyasi və iqtisadi aktuallığı durmadan artır. Cənubi Qafqazda regional inkişaf və əməkdaşlıq perspektivləri qlobal gündəlikdə duran mühüm məsələlərdən birinə çevrilmişdir. Bu isə yeni perspektivlərin yaranmasına səbəb olur. Cənab İlham Əliyev bir daha qeyd edir ki, 30 illik işğala, azad olunmuş ərazilərdə genişmiqyaslı dağıntılara baxmayaraq, Azərbaycan gələcəyə nəzər salmağa, vahid inteqrasiya edilmiş Cənubi Qafqaz regionunun bir hissəsi olaraq öz gələcəyini planlaşdırmağa hazırdır. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında iştirak edir. Çinin “Bir kəmər, bir yol” təşəbbüsünü Azərbaycan fəal dəstəkləyir. Azərbaycan beynəlxalq maliyyə institutları ilə Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı və Çin tərəfindən təsis olunmuş İnfrastruktur və İnvestisiya Bankı fəal əməkdaşlıq edir. Neft-qaz, enerji, nəqliyyat və loqistika, kommunikasiya kimi iqtisadi layihələr regional əməkdaşlığı qaçılmaz edir. Cənab prezidentin irəli sürdüyü “Azərbaycan toqquşma məkanı deyil, əməkdaşlıq yeri olmalıdır” tezisi bir daha dövlətimizin əməkdaşlıq səylərinin aydın təzahürüdür. Bu gün Azərbaycanın həm regionda, həm də bütövlükdə dünyada mühüm strateji əməkdaşa çevrildiyini, onun nüfuzunun getdikcə daha da artdığını müşahidə edirik.
- Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Məclisdə çıxış edərək Azərbaycan-Türkiyə qardaşlığının daha da möhkəmləndiyini qeyd etdi. Gələcək addımlarla bağlı bəzi fikirlər söylədi. Sizin gözləntiləriniz necədir?
- Azərbaycan və Türkiyə bütün tarixi dövrlərdə bir-birinin yanında olublar. Bu gün Türkiyə və Azərbaycan sevincini və kədərini paylaşan iki dövlətdir. Eyni zamanda, bu dost və səmimi münasibətlər o qədər inkişaf etmişdir ki, hətta müxtəlif tədbirlərdə belə bir-birinin yoxluğunu auditoriya hiss edə bilmir. Belə nümunələr çoxdur. Türkiyə hər zaman öz mənəvi və siyasi dəstəyini göstərmişdir. Bu gün də biz bu dəstəyi görürük. Cənab İlham Əliyevin dediyi kimi”Türkiyə bizim üçün təkcə dost yox, qardaş ölkədir və türklər bizim qardaşlarımızdır”. Milli Məclisdə çıxış edən hörmətli Rəcəb Tayibb Ərdoğan bildirdi ki, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun şanlı Qələbəsinin Qafqazda qanayan bir yaranın qapanmış, bölgədə davamlı sülh və sabitlik üçün böyük fürsət yaranmışdır. Əlbəttə ki, yaranmış yeni reallıq, yeni imkanlar açır. Türkiyə Prezidenti tərəfindən Azərbaycan Respublikasının Milli Məclisindən səslənən əsas fikir, çağırış ondan ibarətdir ki, “Qafqazdakı sülh və sabitlikdən təkcə Azərbaycan deyil, Ermənistan da daxil olmaqla, bütün bölgə ölkələri, hətta bütün dünya qazanacaq. Qarabağ Zəfərinin Azərbaycana, Qafqaza və dünyaya gətirəcəyi faydaların dəyəri zaman keçdikcə daha yaxşı dərk ediləcək”. Zaman keçdikcə mənzərə daha da aydınlaşır, və biz ABŞ və Avropa Birliyinin, eləcə də digər dövlətlərin və region ölkələrin yaranmış yeni vəziyyəti daha düzgün qiymətləndirməyə başladığını müşahidə edəcəyik. Vətən müahirbəsində çaldığımız qələbə bütövlükdə ölkələrin inkişafına əlavə imkanlar yaradacaq, yeni beynəlxalq əməkdaşlıq platformasının formalaşmasına müsbət təsir göstərəcəkdir. Prezident Rəcəb Tayyib Ərdoğanın qeyd etdiyi altılıq platformasının yaranması ilə (Rusiya, Türkiyə, Azərbaycan, İran, Ermənistan və Gürcüstan) bölgədə sabitlik hökm sürəcək və düşmənçiliklər aradan qalxacaqdır. Davamlı sülhə gedən yol bölgədəki bütün xalqların və dövlətlərin qarşılıqlı etimad və əməkdaşlığından keçir. Həmin mühitin yaradılması üçün ən gözəl əsaslar Azərbaycanın tarixi, mədəniyyəti və dövlət siyasətidir. Əlbəttə ki, bu ideyanın reallaşması üçün işlər görülməlidir. Digər mühüm məsələ isə Naxçıvan ilə Bakını bir-biri ilə birləşdirəcək Zəngəzur dəhlizi layihəsidir. Bu layihənin misilsiz əhəmiyyəti vardır. Cənab Ərdoğanın toxuduğu məsələlərdən biri də dünya ictimaiyyətinin həqiqətləri bilməsidir. O, bildridi ki, “Ermənistanın vəhşi davranışı Qarabağın kimin Vətəni olduğunu göstərir. Azərbaycanlılar otuz il əvvəl Qarabağdan çıxmaq məcburiyyətində qalanda heç bir yeri dağıtmadılar, heç bir evi yandırmadılar. Çünki insan öz Vətənini dağıda bilməz, öz Vətənini yandıra bilməz”. Ölkə başçısı İlham Əliyev işğaldan azad olunan ərazilərimizə səfər edərkən hər dəfə erməni faşizmini, erməni barbarlığını bütün dünyaya nümayiş etdirir. İnsan öz ölkəsini, doğulduğu, böyüdüyü evini, yurdunu xarabaya çevirə bilməz, deməli, sən bu yerə yad olmalısan, mədəni- tarixi-dini abidələrə, tikililərə biganə olmalısan ki, onu dağıdasan, məhv edəsən. Bu gün Qarabağa səfər edən diplomatik nümayəndələr, jurnalistlər və digər beynəlxalq ictimaiyyətin nümayəndələri əyani şəkildə ermənilər tərəfindən dağıdılmış kəndləri, şəhərləri görürlər. Hazırda Qarabağda quruculuq işləri aparılır, yollar sürətlə inşa edilir, su kəmərləri çəkilir, elektrik stansiyaları qurulur və istifadəyə verilir. İnfrastruktur obyektləri tikilir. İşğaldan azad olunmuş ərazilərin dirçəlməsində Türkiyə də öz töhfəsini verəcəkdir.

yap.org.az