Müsahibə

  • 19 218

“Heydər Əliyev dedi ki, sədaqətin, məhəbbətin ölçü vahidi zamandır” MÜSAHİBƏ

image

"SƏS" qəzetinin müsahibi Yeni Azərbaycan Partiyasının üzvü, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzovdur

-Siyavuş müəllim, Yeni Azərbaycan Partiyasının yaranmasının 30-cü ildönümü münasibəti ilə sizi təbrik edir və partiyanın qurucularından biri olaraq xatirələrinizin bizimlə bölüşməyinizi istərdik. Hər şey necə başladı?
-Yeni Azərbaycan Partiyasının 30 illiyi ilə bağlı bütün xalqımızı və partiyamızın Sədri, Prezident İlham Əliyev başda olmaqla təşkilatın rəhbərliyini, həmçinin qızıl fondumuz olan “91”-ləri təbrik edirəm. Ümumiyyətlə, bu yubiley ili bütövlükdə partiyamızın xidmətində olan bütün insanların bayramıdır. YAP 30 ildə Azərbaycan üçün çox böyük işlər gördü və bu gün də həmin işlərini uğurla davam etdirməkdədir. Çünki partiyanın təməli elə bir insan, elə bir dahi şəxsiyyət tərəfindən qoyulub ki, məhz o düzgün təməlin üzərində Yeni Azərbaycan Partiyası inkişaf edir, yüksəlir, inkişaf edir, şaxələnir.
"Xalqı sırf olaraq gələcəyə doğru aparan, dövləti, dövlətçilik maraqlarını qoruya biləcək bir partiya yox idi"
Mənim çox yaxşı xatirimdədir, o vaxtı ictimai-siyasi vəziyyət tələb edirdi ki, belə bir partiya yaransın. Bilirsiniz ki, Azərbaycanda hərc-mərclik idi, ölkədə çoxpartiyalı sistemin yaranması başlamışdı, amma hərə bir siyasi yön götürürdü – biri millətçi, biri sosial-demokrat, biri Türkiyədə olan partiya adlarını gətirib-qoyurdu, məsələn Doğru Yol, Ana Vətən və s. Onlar öz təşkilatlarını Türkiyədəki partiyaların adları ilə müqayisə edirdilər. Yəni ortada bir xalqı özündə cəmləşdirən, birləşdirən, xalqın maraqlarına xidmət göstərən, xalqı sırf olaraq gələcəyə doğru aparan, dövləti, dövlətçilik maraqlarını qoruya biləcək bir partiya yox idi.Hərəkat amili isə aydın idi ki, hərə bir tərəfdən yığışmışdı və o da ümumi maraq çərçivəsində quruldu. Ölkənin dar günündəki hərəkat zamanı o vaxtkı “KQB” agentləri, SSRİ və Rusiya kəşfiyyatının nümayəndələrinə sadə xalq da qoşulurdu ki, onların heç nədən xəbərləri yox idi. Ona görə də hərəkatdakı bir sıra adamlar onu istədikləri tərəfə çəkirdilər.
-Həmin vaxtlar hərəkatda tələblər də çoxluq təşkil edirdi...
-Bəli, mən də o zaman hərəkatda idim və hüquq fakültəsində təhsil alırdım. O zaman biz “Əlincə” Xeyriyyə Cəmiyyəti yaratmışdıq. Cəmiyyətin əsas funksiyası sərhəd rayonlarında sosial-iqtisadi vəziyyətə, eləcə də erməni terrorundan əziyyət çəkən insanlara yardım etmək məqsədini daşıyırdı. Məhz həmin vaxtlarda Heydər Əliyevin hüquqlarının müdafiəsi məsələsi gündəmə gətirildi. İlk növbədə qeyd edim ki, Heydər Əliyev Bakıda imkan verilmədiyi üçün Naxçıvana getdi. Bu tarix hamıya məlum olduğuna görə həmin məsələnin üzərində geniş şəkildə dayanmıram. Lakin Ulu Öndər Naxçıvanda olarkən bəlli qüvvələr onu Naxçıvanda da blokadaya almağa cəhd göstərdilər.
"Qəzetin adı da ona görə “SƏS” qoyulmuşdu ki, o Heydər Əliyevin səsini ictimaiyyətə, xalqa çatdırmalıydı"
Ümumiyyətlə, hansısa mətbu orqanda və s. Heydər Əliyev adının getməsinə qadağa qoyulmuşdu. Məhz həmin ərəfələrdə “Əlincə” Cəmiyyəti “SƏS” qəzetini dərc etməyə başladı və bu tarixi qəzet ilk mətbu orqanlardan idi ki, Heydər Əliyevin təbliğatını aparmağa başladı. Sonradan “İki sahil”, “Aydınlıq” qəzetləri də bu istiqaməti tutdular, amma “SƏS” qəzeti ilk olaraq belə bir cəsarətli addımını atdı. Qəzetin adı da ona görə “SƏS” qoyulmuşdu ki, o Heydər Əliyevin səsini ictimaiyyətə, xalqa çatdırmalıydı. Mən həmin vaxt qəzetin təsisçisi, eləcə də onun çıxmasına məsul şəxs idim. O dövrlərdə “SƏS” qəzeti ayrı-ayrı şəxslərin Ulu Öndər Heydər Əliyev haqqında məqalələrini, çağırışlarını və bəyanatlarını yaymağa başladı. Məsələn, rəhmətlik Zahid Qaralovun “Heydər dağına kölgə salmaq olmaz” yazısı, yaxud Kərim Kərimovun, eləcə də digər tanınmış şəxslərin, ziyalıların, elm və mədəniyyət xadimlərinin yazıları nəhəng oxucu auditoriyasına çatdırılırdı. Artıq insanlar da anlamağa başladılar ki, Heydər Əliyev xalqın, ölkənin xilaskarı olaraq Naxçıvandadır və onun sayəsində xalqımız, dövlətimiz düşdüyü ağır böhrandan çıxa bilər.İkinci tərəfdən, Naxçıvanın Ali Məclisinin Sədri kimi Ümummilli Liderin orada qəbul etdiyi qərarları da “SƏS” qəzeti dərc edirdi. Halbuki, həmin qərarlar “Azərbaycan” qəzetində dərc edilməliydi, amma bu edilmirdi. Bu baxımdan, “SƏS” qəzetində həmin qərarların dərc edilməsi çox çətin idi. Təsəvvür edin ki, elə olurdu ki, mən həftədə bir dəfə Naxçıvana uçurdum və oradan həmin qərarları gətirirdim və yüz minnətlə senzuradan keçirirdik. Hansı ki, bu gün demokratiyadan danışanlar Naxçıvan Ali Məclisinin qərarlarının dərc olunmasına icazə vermirdilər, çünki orada Heydər Əliyevin imzası dayanırdı. Hansı ki, bütün bunlar feldyeger xidmətinin borcu idi, amma bu xidmət göstərilmirdi. Ona sərt qadağa qoyulmuşdu. Həmin vaxtlar Moskvadan müxtəlif qəzet və jurnallar gəlirdi ki, Heydər Əliyev onları mütailə etməli, oxumalıydı. Həmin vaxt həmin qəzet və jurnallar da Naxçıvana əl ilə aparılırdı, çatdırılırdı.
-Bildiyimizə görə, Heydər Əliyev “SƏS” qəzetinin əməkdaşları ilə telefon danışıqları aparır, əlaqə yaradırdı, sizin onunla telefon danışıqlarınız olubmu?
-Bəli, belə hallar olurdu və kiçik bir xatirəmi də sizinlə bölüşmək istərdim. İlk dəfə Heydər Əliyev Naxçıvandan zəng edərkən telefonu təsadüfən mən qaldırmışam. Hətta bir dəfə belə bir hadisə yaşanıb: bildiyimiz kimi o vaxtlar şəhərlərarası telefon danışıqları bir mərkəzdən birləşdirilirdi. Yəni zəng edənin kimliyi, haradan zəng etməsi əvvəlcədən məlum olurdu. Ulu Öndər isə birbaşa zəng etdi və mən telefonu qaldıranda onun səsini tanımadım.
"Ona dərhal dedim ki, həyəcandan səsim tutulub, gəlin danışın, xəttin o biri başında Heydər Əliyevdir!"
O, bəzi şəxslərin adlarını soruşdu, kimin redaksiyada olduğunu sual etdi ki, danışsın. Mən də özüm-özümə düşündüm ki, axı zəng edən şəxs bu adamların adlarını haradan tanıyır. Nəticədə soruşanda danışan kimdi, həmin şəxs cavab verdi ki, danışan Heydər Əliyevdi və mən özümü həmin an itirdim, telefonun dəstəyini özüm də bilmədən, həyəcandan kənara atdım (gülür-R.R.) Yaxşı ki, həmin an qəzetin baş redaktoru Ağabəy Əsgərov orada idi. Ona dərhal dedim ki, həyəcandan səsim tutulub, gəlin danışın, xəttin o biri başında Heydər Əliyevdir!Ancaq həmin hadisədən sonra redaksiyamıza uzun zəng gələndə bilirdim ki, Ulu Öndərdir, Naxçıvandan zəng edir. O, zəng edərkən hal-əhval tuturdu, hamının kefini ayrı-ayrılıqda soruşurdu, vəziyyətlə maraqlanırdı, Bakıdakı vəziyyəti bizdən soruşurdu.
-Siyavuş müəllim, universitetdə təhsil alarkən həmin təhsil müəssisəsinin ayrı-ayrı məsul şəxsləri tərəfindən “SƏS” qəzetində çalışmağınıza qarşı basqılar olurdumu?
-Bir neçə dəfə olub. Həmin vaxtlar nəinki mənə, o cümlədən digərlərinə qarşı da silsilə basqılar, təzyiqlər, təqiblər baş verirdi. Mənə qarşı da bu kimi hallar yaşanıb. Allah rəhmət eləsin, Fərəməz Maqsudov, Murtuz Ələsgərov daim bizə bu məsələlərdə köməklik edir, imkan vermirdilər ki, ali təhsil müəssisəsindən xaric olunum. O vaxt universitetin rektoru Mirabbas Qasımov idi, Allah ona da rəhmət eləsin, birtəhər öz köməkliyini göstərərək müəyyən dərəcədə vəziyyətin qarşısını alırdı. Lakin onu da deyim ki, əsas tapşırıqlar yuxarıdan gəlirdi. Bizim nə qədər ziyalılarımızı, professorlarımızı döydülər, repressiyalara məruz qoydular ki, onlar Heydər Əliyevin müdafiəsinə qalxırlar və s.
Yeri gəlmişkən, həmin ərəfələrdə yaş senzinin - 121-ci maddənin ikinci bəndinin aradan qaldırılması tələbi ilə mitinqlərə də başlamışdıq. Orada əlavə olunmuşdu ki, 70 yaşından yuxarı olan şəxslər prezident seçilə bilməzlər. Halbuki, adətən dünya praktikasında aşağı hədd qoyurdular, yuxarı həddə heç bir maneələr yox idi. Ona görə də bu, bilavasitə Heydər Əliyevə qarşı tətbiq edilən bir baryer cəhdi idi.
"MSK-ya getdik və bizə bildirdilər ki..."
Biz Ali Sovetin qarşısında 20 gündən artıq mitinqlər keçirdik. O zaman təşkilatçılar Əli Nağıyev, Murtuz Ələsgərov, Səfiyar Musayev, Sirus Təbrizli, Xəlil Rza Ulutürk və eləcə də partiyamızın İdarə Heyətində və s. orqanlarında olan digər ilk insanlar idi. Heydər Əliyevin namizədliyini o vaxt idarə və müəssisələr irəli sürürdülər. O vaxt 300-dən artıq idarə və müəssisə Ulu Öndərin prezidentliyə namizədliyini irəli sürmüşdülər. Və heç bir təşkilat digər namizədlər üçün bu qədər sayda dəstəkçilər tapa bilməmişdilər. Lakin MSK-ya getdik və bizə bildirdilər ki, məhz 121-ci maddənin 2-ci bəndi olduğuna görə onun namizədliyini qeydə ala bilmərik. Bəlli idi ki, bu AXC-Müsavat cütlüyü idi və o zamankı iqtidar olaraq bizə qarşı oyun oynayırdılar. Əgər onlar həqiqətən də demokratik seçki istəyirdilərsə, demokratik seçki mühiti yaratmalıydılar, ancaq göründüyü kimi, ortada hər hansı bir demokratiyadan danışmağa yer belə qoymamışdılar.1992-ci ilin aprel-may ayları idi və MSK Heydər Əliyevin namizədliyini qeydə almadıqdan sonra belə bir qərar qəbul olundu ki, onda Ulu Öndərin siyasətini dəstəkləyən tərəfdarları üçün bir siyasi təşkilat yaratmaq lazımdır. Həmin siyasi təşkilat da Yeni Azərbaycan Partiyası oldu. Mən indiyə qədər həmin mitinqdəki portretləri, plakatları, meqafonu, şüarları saxlayıram. Həmin vaxtlarda isə yataqxanada yaşayırdım və gətirib oraya yığırdım və səhər tezdən yenidən Ali Sovetin binasına apararaq orada mitinqlərimizi davam etdirirdik.
"Maraqlısı da budur ki, biz ikitərəfli hücumlara məruz qalırdıq"
20 gündən artıq mitinq keçirdik və sonda silahlı basqın olundu. O vaxt Hacı Əbdülün də tərəfdarları bizə qarşı silahlı hücum elədi və mitinqi nə polis, nə də digər hüquq-mühafizə orqanı deyil, bir qoçu dəstəsi dağıtdı. Maraqlısı da budur ki, biz ikitərəfli hücumlara məruz qalırdıq – həm xalq cəbhəsi tərəfdarları, həm də Ayaz Mütəllibovun tərəfdarları bizə mane olmağa çalışrdılar.Nəticə etibarı ilə belə qərar qəbul olundu ki, YAP yaransın. Bu olayın da tarixçəsi var. 1992-ci ilin may ayının 28-də “Ümid” körpüsünün açılışı idi. Həmin vaxt Fərəməz Maqsudov Türkiyədə idi və “Əlincə” Cəmiyyətinin rəhbəri kimi onu qardaş ölkəyə dəvət etmişdilər. Əli Nağıyev də açılışa gedə bilməmişdi. Ona görə də mən, Murtuz müəllim, Ziyafət Əsgərov, rəhmətlik Munis bəy birlikdə körpünün açılışına getdik. Məhz həmin açılış ərəfəsində söhbət etdik ki, Murtuz müəllim partiya söhbətini Heydər Əliyevlə müzakirə etsin, təklif irəli sürsün. Həmin vaxt Heydər Əliyev bildirdi ki, “Mən artıq bir partiyanın üzvü olmuşam” və bir qədər tərəddüd etdi. Lakin sonrakı proseslər Yeni Azərbaycan Partiyasının təsis edilməsinə və partiyanın Sədrinin Heydər Əliyev olmasına zərurət yaratdı.
-Siyavuş müəllim, bəs partiya yaradılarkən qeyri adlar üzərində də müzakirələr aparıldımı?
Çox adlar var idi. Məsələn biz Doğru Yol Partiyası adı üzərində də dayanmışdıq. Bildiyimiz kimi, Heydər Əliyev o zamanlar Süleyman Dəmirəllə dostluq və qardaşlıq münasibətində idi. Məhz “Ümid” körpüsünün açılışı ərəfəsində təklif etdik ki, yaradılacaq partiyanın da adı Doğru Yol adlandırılsın. Lakin biz bu qərarı verənə qədər Tamerlan Qarayev 1992-ci ilin iyun ayında Doğru Yol Partiyasını yaratdı. Artıq bu ad uyğun gəlmədi və sonradan bu səpgidə danışıqlar başladı, bayaq da dediyim kimi, Ümummilli Lider əvvəlcə tamamilə etiraz elədi.
"Ulu Öndər ümumi qaydada razılıq verdi ki, baxaq-görək necə olur, hələlik gedin işləyin"
Ancaq Azərbaycanda vəziyyət get-gedə gərginləşirdi və sonradan Bakıdan Naxçıvana üç qrup nümayəndə heyəti getdi və onların ikisində mən də iştirak etmişəm. Hər müzakirə çox geniş şəkildə, hətta saatlarla aparıldı. Sonra Fərəməz Maqsudov, akademik Ramiz Rzayev Heydər Əliyevlə görüşməyə getdi. Onların sonra isə Sirus Təbrizli tək getdi. Onların ardınca isə mən və Əli Nağıyev Naxçıvana getdik. Bütün bunlardan sonra Ulu Öndər ümumi qaydada razılıq verdi ki, baxaq-görək necə olur, hələlik gedin işləyin və s. Biz Bakıya geri döndükdən sonra Sirus Təbrizlini də dəvət etdik və biz Hacıbala Abutalıbovun laboratoriyasında toplandıq. Məhz orada apardığımız müzakirələrdən sonra Sirus Təbrizli təklif etdi ki, gəlin siyasi təşkilatın adını Yeni Azərbaycan Partiyası qoyaq. Amma buna qədər Əli Nağıyevin təklif etdi ki, Heydər Əliyevə müraciət qəbul olunsun və həmin vaxt Sirus Təbrizli “91”-lərin məşhur müraciətini hazırladı.
"Bir vaxtlar Heydər Əliyev çörəyi yeyənlər, Heydər Əliyevin vəzifəyə gətirdiyi adamlar, ən yüksək kürsülərdə oturan insanlar, Heydər Əliyevin xalq şairi, xalq artisti, xalq yazıçısı adları verdiyi şəxslərin əksəriyyəti imza atmaqdan imtina etdilər"
Əsas məsələ isə həmin müraciətin altında imzaların atılmasında idi. Müraciət “Azərbaycan Sizin sözünüzü gözləyir” başlığı ilə hazırlandı və o insanlar arasında bölündü. Misal üçün, mədəniyyət xadimlərini Sirus Təbrizli toplamalıydı. Ali təhsilı müəssisələrindən Əli Nağıyev, Akademiyadan Fərəməz Maqsudov, Ağabəy Əsgərov imza toplamalıydı. Ümumiyyətlə, imzatoplama kampaniyası bölünsə də bizim hamımız müxtəlif istiqamətlərdə fəaliyyət göstərən tanınmış şəxslərdən, ziyalılardan, gənclərdən və s. imzalar toplayırdıq. Məsələn, Pedaqoji Universitetdə rəhmətlik Həsən Mirzəyev bu işlə məşğul olurdu, Rafael Allahverdiyev deputatlardan, Zahid Qaralov əslən Gürcüstandan olan ziyalılardan imza toplayırdı. Yəni bu şəkildə qruplarımız fəaliyyət göstərirdilər ki, həmin prosesi qısa müddətdə tamamlayaq və qarşıda dayanan məqsədimizə nail olaq.Lakin bir haşiyə çıxaraq onu da deyim ki, bir vaxtlar Heydər Əliyev çörəyi yeyənlər, Heydər Əliyevin vəzifəyə gətirdiyi adamlar, ən yüksək kürsülərdə oturan insanlar, Heydər Əliyevin xalq şairi, xalq artisti, xalq yazıçısı adları verdiyi şəxslərin əksəriyyəti imza atmaqdan imtina etdilər. Onların arasında yalnız iki insan öz imzalarını atdılar – Xəlil Rza Ulutürk və Zeynəb Xanlarova. Əgər soruşsanız deyə bilərəm ki, bu gün də Heydər Əliyevi dəstəkləmək üçün həmin müraciətə imza atmaqdan imtina edən şəxslərdən vəzifələrdə olanlar var.
-Siyavuş müəllim hazırkı dövrdə həmin vaxt imza atmaqdan imtina edənlərlə qarşı-qarşıya gələrkən bu mövzu gündəmə gətirilirmi?
-Dəfələrlə olub. Məsələn, birinci katiblər var idi ki, həm də deputat idilər. Məsələn, deputatlardan çox az adam imza atmışdı. Onların içində Mixail Zabelin, Eldar İbrahimov və daha bir neçə nəfər təşəbbüsümüzə qoşuldular. Hansı ki, həmin vaxt Ali Sovetdə 350 nəfər deputat var idi və onların böyük əksəriyyətini vaxtilə Heydər Əliyev yüksək vəzifələrə çəkmişdi, onlar üçün uğurlu perspektivlər yaratmışdı. Onların içlərində rayon partiya komitəsinin sədrləri, ispalkomlar, nazirlər, nazir müavinləri, baş nazirin müavinləri, akademiklər var idi ki, əksər çoxluğu imza atmaqdan yayındılar. Hətta Fərəməz Maqsudov o zamankı Riyaziyyat institunun direktoru idi və qərargahımız da orada yerləşirdi, həmin müəssisədə çalışanlar da Heydər Əliyevi dəstəkləməkdən imtina etdilər.
"Oktyabrın 24-də məqalə yenicə çap edilmişdi ki, Naxçıvanda çevrilişə cəhd olundu"
Jurnalist və mətbuat adamlarından da çox az bir hissə müraciətə qoşuldular. Onların içində Ağabəy Əsgərov, Vüqar Rəhimzadə, Rizvan Cəbiyev, Xeyrəddin Qoca, Ziya Paşa və daha bir neçə nəfər var idilər. Amma bütün bunlara baxmayaraq, “91”-lərin müraciəti qəbul olundu və Ümummilli Lider də onlara çox geniş xarakterli bir məqalə ilə cavab yazdı, həmçinin ölkənin düşdüyü ağır və böhtanlı vəziyyətdən çıxış yollarını göstərdi. Oktyabrın 24-də məqalə yenicə çap edilmişdi ki, Naxçıvanda çevrilişə cəhd olundu. Məqsəd Heydər Əliyevin partiya yaratmasına imkan verməmək idi. Onlar yaxşı bilirdilər ki, partiyanın yaradılması artıq onun birmənalı gəlişidir. Bilavasitə Azərbaycan Xalq Cəbhəsi və onun rəhbərliyi - Əbülfəz Elçibəy də, İsa Qəmbər də və başqaları da bu faktı inkar edə bilməzlər ki, həmin hadisələrin arxasında məhz onlar dayanırdılar.
"Sonradan telefonçu qız Heydər Əliyevə ağlaya-ağlaya deyirmiş ki, Elçibəylə danışıqlarının ardınca o, Naxçıvandakı qiyamçı AXC üzvlərinə zəng edib məsələni tezləşdirməyi tələb edirdi"
Hətta Ulu Öndər özü bizə bəhs edirdi ki, o Elçibəydən Naxçıvanda çevriliş etməyə cəhd göstərən adamlarının oradan yığışdırılmasını tələb edib. Həmin adamlar Naxçıvanın Daxili İşlər Nazirliyini, televiziyasını zəbt etmişdilər, həm də Ali Məclisə hücum etməyi planlaşdırırlar. Elçibəy danışıqlar zamanı vəd verdi ki, o qiyamçılarla danışacaq və AXC üzvlərini geri çəkilməyə səsləyəcək. Lakin sonradan telefonçu qız Heydər Əliyevə ağlaya-ağlaya deyirmiş ki, Elçibəylə danışıqlarının ardınca o, Naxçıvandakı qiyamçı AXC üzvlərinə zəng edib məsələni tezləşdirməyi tələb edirdi. Fakt budur ki, Elçibəy burada ikili oyun oynayırdı. Bax bu idi onların xisləti, həm də Heydər Əliyevdən çəkinmələri faktı. Lakin xalq da imkan vermədi ki, AXC öz istəyinə nail olsun. Xalq birmənalı olaraq Heydər Əliyevi müdafiəyə qalxdı, çevriliş cəhdini yatırdı.O vaxt biz Elmlər Akademiyasının əsas binasında yığışdıq və Heydər Əliyevin müdafiəsi komitəsini yaratdıq. Komitənin sədri isə Zahid Qaralov seçildi. Biz dərhal bəyanat hazırladıq, o zamankı Prezident Aparatına müraciət olundu, nümayəndə heyəti ayrıldı ki, bu işlərə son qoyulsun. Amma artıq zərurət ona gəldi ki, partiya təcili şəkildə təsis olunsun.
"Birtəhər, kimin tanışı var idisə, yaxud digər imkanlar vasitəsi ilə cəmi 55 nəfər adamı 3-4 gün ərzində Naxçıvana apara bildik"
21 noyabrda partiyamız təsis olundu və biz adamları oraya çox çətinliklə apardıq. Bizim indiki səfirimiz Həsən Zeynalov o zaman Naxçıvanın daimi nümayəndəliyinin rəhbəri işləyirdi və onun da cəmi iki bronu var idi. Birtəhər, kimin tanışı var idisə, yaxud digər imkanlar vasitəsi ilə cəmi 55 nəfər adamı 3-4 gün ərzində Naxçıvana apara bildik. Bu işə də məsul mən təyin olunmuşdum. Yəni biletlərin əldə edilməsi, nümayəndələrin yola salınması, Naxçıvanda yerləşdirilməsi mənə tapşırılmışdı. Həmin vaxt orada yer də yox idi. Əksər nümayəndələr qonaq evində, bir hissəsi isə “Təbriz” mehmanxanasında yerləşdirilmişdi. O vaxt orada işıq, su, qaz yox idi, özü də möhkəm şaxtalı hava hökm sürürdü. Naxçıvan tam blokada dövrünü yaşayırdı. Orada bizə daha 500 nəfər Naxçıvanlılar qoşuldular və ümumilikdə 555 nəfərlə Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Nəticədə həmin təsis konfransından sonra bütün ölkə boyunca Yeni Azərbaycan Partiyasının yaradılması prosesinə start verildi.
-Təbii ki, Türkiyə qardaş ölkə idi və oradan Yeni Azərbaycan Partiyasının yaradılmasına dəstəklər göstərilirdi, bəs başqa hansı xarici ölkələrdən hər hansı dəstək mesajları gəldi, ümumiyyətlə, belə mesajlar var idimi? Bütövlükdə proseslər hansı istiqamətdə inkişaf edirdi?
-Heydər Əliyevin nüfuzu onsuz da hər yerə yayılmışdı və hətta həmin vaxtlar ABŞ-dan, o zamankı prezident Bill Klinton tərəfindən Boing tipli humanitar yardım təyyarəsi Naxçıvana göndərilmişdi. Ümummilli Lider Naxçıvanda çox nəhəng işlər aparırdı. Yəni Naxçıvandan yalnız Azərbaycan miqyaslı deyil, dünya miqyaslı işlər reallaşdırılırdı.Digər tərəfdən, postsovet məkanında ilk olaraq Naxçıvanda keçmiş SSRİ-ordusu danışıqlar vasitəsi ilə tərksilah olundu. Heydər Əliyev keçmiş nüfuzundan istifadə edərək Naxçıvandakı ordunun Rusiyadan, Belarusiyadan, Ukraynadan və SSRİ-nin keçmiş respublikalarından olan rəhbər və komandir heyətləri ilə danışdı, eləcə də onların ölkələri ilə, müdafiə nazirlikləri və s. strukturları də danışıqlar apardı, həmin komandir heyətləri üçün öz ölkələrində işlər tapdı, o dövrlərin nüfuzlu biznes adamları ilə əlaqələr yaradaraq onların mənzil və s. sosial tələblərini həll etdi.
"Naxçıvanın müdafiəsi də məhz bu silah-sursatlarla, texnikalarla təmin edildi"
Hansı ki, Naxçıvandakı silah və texnikaların hər biri Ermənistana göndərilmək üçün nəzərdə tutulmuşdu. Lakin Heydər Əliyevin nüfuzu və qətiyyətli iradəsi sayəsində həm ordunun komandir heyətləri öz ölkələrinə göndərildi, həm də silah və texnikalar Naxçıvana təhvil verildi. Halbuki, bu silahlar sonradan bizə qarşı işlədiləcəkdi. Ancaq buna imkan verilmədi və Naxçıvanın müdafiəsi də məhz bu silah-sursatlarla, texnikalarla təmin edildi.Türkiyə ilə körpünün açılışı isə Naxçıavana nəfəs yolunu bəxş etdi. Çox qısa müddətdə böyük bir körpü tikildi. Burada da Süleyman Dəmirəllə, Turqut Özalla olan münasibətlər dayanırdı.AXC hakimiyyəti Bakıda oturub İranda bayraq sancmaq haqqında danışırdı və bu də təbii ki, qonşu ölkəni qıcıqlandırırdı. Lakin Heydər Əliyev Naxçıvdandaykən İranla ticari əlaqələrini qurdu, bir sıra ehtiyaclar da İran vasitəsi ilə həll olundu.
"Viktor Çernomırdin Pənah Hüseynovu qəbul etməmişdi"
Rusiya ilə əlaqələr çox mütəşəkkil şəkildə qurulmuşdu. Hansı ki, Azərbaycanın o zamankı hakimiyyəti Rusiya Federasiyası ilə də münasibətlərini tamamilə korlamışdı. Heç yerdə səslənməyən daha bir məsələni xatırladım. O zaman baş nazir olmuş Pənah Hüseynovu Moskvaya göndərmişdilər və onda Rusiyanın baş naziri Viktor Çernomırdin onu heç qəbul etməmişdi.
Qeyd edim ki, Çernomırdin bir zamanlar Heydər Əliyevin tabeçiliyndə işləmişdi, çox yaxşı da münasibətləri var idi. Həmin dövrlər həqiqətən də çox ağır və məşəqqətli zamanlar idi. Azərbaycanın büdcəsi boşalmışdı, tamamilə süpürülmüşdü. Zavodlar, fabriklər dayanmışdı. Strateji ərzaq məhsulları qıtlığı özünün son həddini yaşayırdı. Valyuta yox, milli valyuta da tədavülə buraxılmamışdı. Dəmir yolları bağlı idi və o zaman qiyam edən çeçenlər oradan – Şimali Qafqazdan keçən qatarlara hücumlar edirdilər. Tam bir qarışıq vəziyyət, tam bir anarxiya idi. Həmin vaxtlar isə bizim ən aktiv siyasi fəaliyyət vaxtlarımız olduğu üçün onların hər anı, hər dəqiqəsi yaddaşlarımızda həkk olunub.
"AXC-Müsavat hakimiyyəti yaxın və uzaq ölkələrlə münasibətləri korlamışdılar"
Məhz belə bir vəziyyətdə Ulu Öndər getdi Moskvaya və bir həftə Moskvada qaldı və danışıqlara başladı, münasibətləri düzəltdi. Ondan sonra Elçibəyin Moskvaya səfəri oldu. Moskva isə onu qəbul eləmirdi. Bax belə bir zamanda Heydər Əliyev Naxçıvanın Ali Məclisinin Sədri ola-ola Rusiyada böyük hörmətlə qarşılanırdı, Elçibəy isə Azərbaycanın rəhbəri olmasına rəğmən, Moskvada arzuolunmaz şəxs kimi görünürdü. Təsəvvürünüzə gətirin, AXC-Müsavat hakimiyyəti yaxın və uzaq ölkələrlə münasibətləri korlamışdılar. Gah Çinə bayraq sancırdılar, gah da iddia edirdilər ki, Orta Asiyada, məsələn, Özbəkistanda demokratiya yoxdur. Onlar hər tərəflə münasibətləri pozaraq çox çıxılmaz bir vəziyyət yaratmışdılar.
-Ulu Öndərin Bakıya səfəri zamanı da bir sıra insidentlər yaşanmışdı...
-Bəli, özü də dəfələrlə. Xatırladım ki, həmin ərəfələrdə Ulu Öndər Bakıya - qardaşı Həsən Əliyevin yas mərasiminə gələrkən o zamankı iqtidar bəyan etmişdi ki, Heydər Əliyevin təhlükəsizliyinə zəmanət vermirlər. Həmin vaxtlar mən də bir neçə dəfə Ulu Öndəri müşahidə etmişəm və onda da şahidi olmuşam ki, ona qarşı nə qədər maneələr törədilirdi.
"Partiya olaraq biz Heydər Əliyev üçün 40 maşından ibarət mühafizə dəstəsi yaratdıq"
Və belə olan vəziyyətdə, yəni hökumət zəmanət vermədiyi bir halda biz bildirdik ki, Ulu Öndərin təhlükəsizliyinə özümüz, partiyamız zəmanət verəcəyik. Partiya olaraq biz Heydər Əliyev üçün 40 maşından ibarət mühafizə dəstəsi yaratdıq. Biz onu aeroportdan qarşıladıq və getdik yas yerinə. Səhəri gün isə qəbir üstünə getdik. O vaxtı Bakı şəhəri Baş Polis İdarəsinn rəisi bizə yaxınlaşdı ki, siz şəhəri tərk edin, çünki sizin şəhərdə hərəkət etməyiniz ictimai-siyasi sabitliyi pozur. Çünki xalq Heydər Əliyevi görür və ona yaxınlaşırdı, onunla salamlaşırdılar.
"Bu olaydan sonra Murtuz müəllimə qarşı ağır xəsarətlər yetirildi, onun ayağını və əlini sındırdılar"
O zaman 26 Bakı komissarı adlanan indi isə Sahil bağı adlandırılan məkanda böyük bir kütlə toplaşdı, hamı qaçdı Heydər Əliyevə tərəf, kimlərsə onu qucaqlayır, kimlərsə özünün böyük ağsaqqalı qismində onun əlindən öpürdü. İndi təsəvvürünüzə gətirin – Naxçıvan Ali Məclisinin Sədri, dünya miqyaslı siyasətçi, böyük şəxsiyyət, Azərbaycanın qurucusu Heydər Əliyevin xalq tərəfindən hədsiz rəğbətlə qarşılanmasına qarşı Bakı şəhərinin Baş Polis İdarəsinin rəisi maneə törətməyə çalışır və deyir ki, siz ictimai-siyasi sabitliyi pozursunuz və s. Yəni onlar bu idi, onların qavrayış tərzləri bundan artıq deyildi. Bizi qoyaq kənara, görün indi o boyda nəhəng şəxsiyyət belələrinin hansı əməllərini görüb! Və bu cür hallar onlarla idi. Bu olaydan sonra Murtuz müəllimə qarşı ağır xəsarətlər yetirildi, onun ayağını və əlini sındırdılar. Ümumiyyətlə, partiyamızın bütün fəallarına zənglər edilirdi, “91”lərin bir hissəsini prokurorluğa çağırıb döyürdülər ki, öz imzalarından imtina etsinlər. Heydər Əliyev haqqında məqalə yazanları həbs edirdilər və bütün bunlar ağır repressiyalar idi. Ona görə də biz hər zaman xatırlamalıyıq ki, YAP hansı şəraitdə, hansı vəziyyətdə yaradılıb.
-Siyavuş müəllin, YAP-ın rayon təşkilatlarının yaradılması hansı proseslərdən keçib?
Partiyamız təsis olunduqdan sonra rayon təşkilatlarının yaradılmasına başlanıldı və onda da AXC hakimiyyəti bütün respublika üzrə fövqəladə vəziyyət elan etdilər ki, bu prosesin qarşısı alınsın. Müxtəlif yerlərdə, regionlarda görüş zallarını və s. yerləri bağladılar ki, toplantılar keçirilməsin. YAP-a Bakıda qərargah vermədilər. Biz Bakıda riyaziyyat institunun iki otaqlı məkanında yerləşirdik. Bu otaqlar da “SƏS” qəzeti ilə şərikli idi (gülür-R.R.) Doğrudan da Ulu Öndərimizdə olan dözüm, səbr həmin proseslərin aşılıb-keçməsinə səbəb oldu. Əlbəttə ki, bütün bunlar bizə ruh yüksəkliyi verirdi.
-Biz deyə bilərikmi ki, YAP yaranarkən artıq xalqımızın qələbə əzmi də həmin vaxtdan yarandı?
-Deyim ki, təməl, əsas məhz onda qoyuldu. Əgər bu gün Azərbaycan güclü, qüdrətli, müstəqil, beynəlxalq aləmdə öz sözünü deyən bir dövlətdirsə, bütün bu uğurların hər birində Yeni Azərbaycan partiyasının yeri və rolu mövcuddur. Yəni bu mütləq bir reallıqdır. Əgər Ümummilli Lider Heydər Əliyev və Yeni Azərbaycan Partiyası olmasa idi indi müstəqil Azərbaycan da olmazdı. Çünki hər şey bizim gözlərimizin qarşısında idi. Ölkədəki hərc-mərclik, kim ucadan qışqırırdısa onu gətirib vəzifəyə təyin edirdilər. İdarəçilik sıfır həddində idi. Kənd təsərrüfatı, heyvandarlıq sahəsi yox olmuşdu. Müstəqillik isə əldə gedirdi. Bütün bunları təzədən yaratmaq, qurmaq kimi işlərin öhdəsindən yalnız və yalnız Heydər Əliyev kimi dahi şəxsiyyət gələ bilərdi.
-Partiyanın gələcəyini necə görürsünüz?
Bilirsinimzi, hər bir partiyanın gələcəyi onun təməlindən asılıdır. YAP-ın gələcəyi əlbəttə ki, daha böyük uğurlara doğru inkişaf edir. Bir vaxtlar deyirdilər ki, YAP şəxsiyyət ətrafında yaranan partiyadır, yəni ideya ətrafında yarana partiya deyil. Biz isə deyirdik ki, ideyanı məhz şəxsiyyət irəli sürə bilər. Adi adam necə ideya verə bilər?
"YAP-ın Proqramında qeyd edilənlərin hər biri Azərbaycanın Konstitusiyasında da yer alıb"
Bu baxımdan, YAP-ın ideyasını da məhz Ümummilli Lider Heydər Əliyev verib. Partiyanın Nizamnaməsi, Proqramı bu gündə nöqtəsi və vergülünə qədər dəyişilməyib. Bu inkişaf, tərəqqi Proqramıdır və hazırda da öz uğurlu sözünü deməkdədir. Sosialı ədalət, demokratiya dəyərləri, hüquqların və azadlıqların qorunması və s. Həmçinin, YAP-ın Proqramında qeyd edilənlərin hər biri Azərbaycanın Konstitusiyasında da yer alıb.
-Siyavuş müəllim, sonda istərdik ki, bəlkə də heç yerdə demədiyiniz bir fikrinizi ilk dəfə olaraq “SƏS” qəzetinə açıqlayasınız. Bu söz həm də cəmiyyətimizə, gənclərimizə də bir xatırlatma olsun...
Elə bir söz var və o da Ümummilli Liderin sözüdür. Bir nəfər Naxçıvanda olanda Ulu Öndər Heydər Əliyevə sual verdi ki, Heydər Əliyeviç, hər şeyin ölçüsü var. Məsələn, elektrikin, çəkinin, uzunluğun, suyun və s. ölçü vahidləri mövcuddur, bəs sədaqətin, məhəbbətin bir ölçüsü varmı? Ulu Öndər dedi ki, var.

Bizim gənclər, partiyamızda olanlar öz işlərinə, fəaliyyətlərinə, Ümummilli Liderin yoluna, partiyamızın Sədri, Prezident İlham Əliyevin yoluna sədaqətli olsunlar"

Və hamı gözləyirdi ki, belə bir ölçü vahidi necə adlanır? Heydər Əliyev dedi ki, sədaqətin, məhəbbətin ölçü vahidi zamandır. Onu zaman göstərir. Mən də hesab edirəm ki, bizim gənclər, partiyamızda olanlar öz işlərinə, fəaliyyətlərinə, Ümummilli Liderin yoluna, partiyamızın Sədri, Prezident İlham Əliyevin yoluna sədaqətli olsunlar. Çünki insanlardan tələb olunan əsas amil sədaqət və əqidədir. Əgər bunlar olmayacaqsa, nə qədər peşəkar olursa-olsun, o düz adam ola bilməz. Onu da təbii ki, zaman göstərir. Məsələn, biri vəzifədə olarkən deyir ki, mən bu siyasi yolda üçün canımdan da keçərəm, amma çıxarılan kimi gedir-oturur Əli Kərimlinin qucağında. Ona görə də zaman göstərir kimin-kim olduğunu. Bax, bu nüansı gənclərimiz həmişə yadlarında saxlasınlar.

Müsahibəni aldı,
Rövşən RƏSULOV

Digər xəbərlər