PDF Oxu

Siyasət

  • 547

Xalqa xidmət prinsipi üzərində qurulan idarəçilik fəlsəfəsi ŞƏRH

image

Prezident İlham Əliyevin 12 noyabr 2025-ci ildə Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbulu zamanı söylədiyi fikirlər dövlət idarəçiliyində yeni mərhələnin formalaşdığını bir daha göstərdi. Prezidentin çıxışı xalqa xidmət, şəffaflıq və məmurların məsuliyyət hissinin artırılması üzərində idi. Dövlətimizin başçısı yeni təyin olunan rəhbərlərə xatırlatdı ki, dövlət vəzifəsi ilk növbədə xalqın etimadına söykənir və bu etimadı yalnız dürüst, ədalətli və fədakar fəaliyyətlə qazanmaq mümkündür. Bu çıxışda dövlət başçısı həm strateji istiqamətləri müəyyənləşdirdi, həm də idarəçilik mədəniyyətinin mənəvi dayaqlarını bir daha aydın şəkildə göstərdi. Prezident İlham Əliyevin “Sizə böyük etimad göstərilir, əminəm ki, bu etimadı doğruldacaqsınız” fikri, əslində, məmur təyin olunmaqla bitməyən, əksinə, xalq qarşısında başlanğıc götürən məsuliyyət anlayışını təsbit edir. Bu, bir mesajdır ki, vəzifə imtiyaz yox, xidmət missiyasıdır. Bu qəbul təkcə kadr dəyişikliyi deyildi, həm də dövlətin daxili siyasətində yeni mərhələnin – məsuliyyət, şəffaflıq və xalqa xidmət fəlsəfəsinin təcəssümü idi. Prezidentin çıxışı da adi inzibati təlimat deyil, sistemli bir konsepsiyanın ifadəsi kimi qəbul olunmalıdır.

Prezident korrupsiyaya qarşı sərt mövqeyini bir daha vurğulayaraq məmurun davranış mədəniyyətinə dair açıq tələblər irəli sürdü. Dövlət başçısı bildirdi ki, təkəbbür, qanunsuzluq və şəxsi maraqlar yalnız dövlət siyasətinə zərbə vurmaqla kifayətlənmir, eyni zamanda vətəndaşların dövlətə inamını sarsıdır. Bu yeni idarəçilik modelində şəffaflıq və hesabatlılığın prioritet məsələlərdən biri olduğunu bir daha göstərir. Eyni zamanda Prezident bölgələrdə infrastrukturun inkişafı, sosial rifahın yüksəldilməsi və məşğulluğun təmin olunması istiqamətində işlərin davam etdirilməsinin əhəmiyyətini xüsusi vurğuladı. Prezident İlham Əliyev açıq şəkildə bəyan etdi ki, məmur vətəndaşa yaxın olmalı, onun problemlərinin həllinə yönəlməlidir. Bu, xalqa xidmət prinsipi üzərində qurulan idarəçilik fəlsəfəsinin canlı təzahürüdür və dövlət idarəçiliyində yeni keyfiyyət standartlarının tətbiqinə işarədir. Ölkə rəhbərinin “Rəhbər vəzifədə çalışan hər bir şəxs təvazökar olmalıdır” sözləri sadə görünsə də, dərin mənaya malikdir. Çünki təvazökarlıq burada fərdi keyfiyyət yox, dövlət idarəçiliyinin davranış standartıdır. Bu, xalqla məmur arasında səmimiyyət körpüsünü qoruyan əsas şərtdir. Təəssüf ki, Prezidentin də qeyd etdiyi kimi, bəzi hallarda məmurlar təkəbbürə qapılaraq özlərini cəmiyyətdən üstün tuturlar. Bu, təkcə şəxsi səhv deyil, dövlətin nüfuzuna zərbədir. Ona görə də, məmur öz davranışında, həyat tərzində, ailə və ətraf mühitdə belə nümunə olmalıdır. Ölkə rəhbəri çıxışı ilə mesaj verdi ki, korrupsiya və rüşvətə qarşı sistemli mübarizə məsuliyyət dövrü başlayır.

Prezident çıxışında ölkənin bütün bölgələrində son illər həyata keçirilən infrastruktur layihələrinin nəticələrindənh də bəhs etdi. Enerji, yol, su, sosial obyektlər sahəsində əldə edilən irəliləyişlər insanların gündəlik həyatına birbaşa təsir edir. Ölkə başçısı vurğuladı ki, sosial ədalət prinsipi yerlərdə dövlət siyasətinin əsas meyarıdır və insanlar hər bir kənddə bunu aydın görməlidir. Bu, dövlət və vətəndaş arasında sosial müqavilənin yeni forması kimi qəbul edilə bilər: dövlət yalnız infrastruktur təmin etməklə kifayətlənmir, həm də ədalət mühitini qoruyur.

Cənab Prezientin çıxışında məşğulluq və ekoloji balans məsələlərinə də geniş yer verildi. Yerlərdə iş yerlərinin yaradılması, sahibkarlığa dəstək və turizmin inkişafı prioritet olmalıdır. “Yerlərdəki rəhbərlər iş yerlərinin yaradılmasına çalışmalıdırlar. Çünki yerli istehsal həm məşğulluğu təmin edir, həm də iqtisadiyyatı gücləndirir”, – Prezident qeyd etdi.

Prezidentin əsas tələbi etimadı doğrultmaq oldu. Çıxışın sonunda dövlət başçısının “öz işinizlə bu etimadı doğruldacaqsınız və xalqın rəğbətini qazanacaqsınız” sözləri həm tapşırıq, həm də xəbərdarlıq mahiyyəti daşıyır. Bu, bir daha təsdiqləyir ki, vəzifə, etimadın sınaq meydanıdır. Etimadı doğruldan qalacaq, sui-istifadə edən isə məsuliyyət daşıyacaq. Bunlar gələcək nəsillərə yönəlmiş strateji xətdir.

Azərbaycan bu gün artıq yalnız iqtisadi inkişaf modeli deyil, ədalətə, xidmətə və şəffaflığa əsaslanan dövlət idarəçiliyi modeli formalaşdırır.

Ayaz Cəbrayılov

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri

Digər xəbərlər