8 noyabr 2020-ci il tarixində Şuşanın azad edilməsi ilə kulminasiya nöqtəsinə çatan 44 günlük Vətən müharibəsi Azərbaycanın müasir tarixində yeni mərhələnin əsasını qoydu, və ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində həlledici nəticə ilə yadda qaldı. Zəfər Gününün mahiyyətini düzgün dərk etmək üçün ilk növbədə bu qələbəyə aparan tarixi proseslərə nəzər salmaq vacibdir. Çünki 2020-ci ilin noyabrında əldə edilən nəticə öz-özünə yaranmamış, uzun illər ərzində davam edən siyasi, diplomatik, iqtisadi və hərbi proseslərin məntiqi nəticəsi kimi meydana çıxmışdı. Bu qələbənin arxasında xalqın tarixi yaddaşı, dövlətin məqsədyönlü siyasəti, güclü ordu quruculuğu, beynəlxalq müstəvidə aparılan fəaliyyət və ən başlıcası, milli birliyin yaratdığı güc dayanırdı.
1993-cü ildə BMT Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı 822, 853, 874 və 884 saylı qətnamələr qəbul etdi. Həmin sənədlərdə hərbi əməliyyatların dayandırılması, atəşkəsə əməl olunması və işğal edilmiş ərazilərdən qüvvələrin çıxarılması ilə bağlı müddəalar yer alırdı. Lakin uzun illər davam edən danışıqlar prosesi münaqişənin həllinə gətirib çıxarmadı. İşğalın yaratdığı humanitar, sosial və iqtisadi problemlər həllini tapmadı, məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı mümkün olmadı. Ölkəmiz bu müddət ərzində öz dövlətçilik institutlarını möhkəmləndirmək, iqtisadi potensialını artırmaq, beynəlxalq mövqelərini gücləndirmək və müasir ordu quruculuğunu həyata keçirmək istiqamətində ardıcıl fəaliyyət göstərdi. Ölkənin iqtisadi inkişafı müdafiə qabiliyyətinin yüksəldilməsi, hərbi-texniki təminatın yenilənməsi və peşəkar hərbi kadr potensialının formalaşdırılması üçün geniş imkanlar yaratdı. Xüsusilə müasir silah və texnologiyaların ordunun arsenalına daxil edilməsi, hərbi təlimlərin intensivləşdirilməsi, müxtəlif ölkələrlə müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi Azərbaycan Ordusunun döyüş qabiliyyətinin yüksəlməsində mühüm rol oynadı. Eyni zamanda, dövlətin diplomatik fəaliyyəti və beynəlxalq hüquqa əsaslanan mövqeyi Azərbaycanın ərazi bütövlüyü məsələsini daim beynəlxalq gündəmdə saxladı.
27 sentyabr 2020-ci il tarixində baş verən genişmiqyaslı hərbi toqquşmalardan sonra Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başladı. Beləliklə, 44 gün davam edən Vətən müharibəsi başlandı. Azərbaycan xalqı və dövləti bu prosesdə vahid məqsəd ətrafında birləşərək ölkənin ərazi bütövlüyünün bərpası uğrunda səfərbər oldu. Müharibənin ilk günlərindən etibarən Azərbaycan Ordusu müxtəlif istiqamətlərdə uğurlu hərbi əməliyyatlar həyata keçirdi. Döyüşlərin gedişində düşmənin uzun illər ərzində qurduğu müdafiə istehkamları yarıldı, mühüm strateji yüksəkliklər və yaşayış məntəqələri nəzarətə götürüldü. Hərbi əməliyyatlar təkcə cəbhə xəttində deyil, həm də müasir döyüş texnologiyalarının, pilotsuz uçuş aparatlarının, dəqiq zərbə sistemlərinin və operativ idarəetmə imkanlarının tətbiqi baxımından diqqət çəkirdi.
Vətən müharibəsinin ilk mərhələsində əldə edilən nəticələr sonrakı əməliyyatların uğurlu davam etdirilməsi üçün mühüm zəmin yaratdı. Oktyabrın 4-də Cəbrayıl şəhərinin, oktyabrın 17-də Füzuli şəhərinin, oktyabrın 20-də Zəngilan şəhərinin, oktyabrın 25-də isə Qubadlı şəhərinin azad edilməsi hərbi əməliyyatların gedişində mühüm mərhələlər oldu. Bununla yanaşı, Hadrut qəsəbəsi, Suqovuşan, Xocavənd, Xocalı və Laçın istiqamətlərində bir sıra yaşayış məntəqələri, eləcə də strateji əhəmiyyətli yüksəkliklər nəzarətə götürüldü. Hər bir uğurlu əməliyyat Azərbaycan Ordusunun döyüş qabiliyyətini, hərbi hazırlığını və müasir müharibə şəraitində çevik fəaliyyət imkanlarını nümayiş etdirirdi. Eyni zamanda, cəbhədən gələn xəbərlər ölkənin bütün bölgələrində yaşayan insanları birləşdirir, cəmiyyətin qələbə əzmini daha da gücləndirirdi.
Vətən müharibəsinin ən mürəkkəb və tarixi əhəmiyyətli əməliyyatlarından biri Şuşa şəhərinin azad edilməsi idi. Qarabağın dağlıq ərazisində, strateji yüksəklikdə yerləşən Şuşa həm hərbi-coğrafi mövqeyinə, həm də Azərbaycan xalqının milli-mədəni yaddaşındakı yerinə görə xüsusi əhəmiyyət daşıyırdı. Şuşa əməliyyatının fərqləndirici cəhətlərindən biri ənənəvi hərbi texnikanın istifadəsinin relyef səbəbindən məhdud olduğu şəraitdə piyada bölmələrinin xüsusi rol oynaması idi. Azərbaycan hərbçilərinin dağlıq ərazidə göstərdiyi döyüş məharəti və qəhrəmanlıq hərb tariximizin yaddaqalan nümunələrindən birinə çevrildi. 2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi barədə rəsmi məlumatın elan olunması ölkədə böyük sevinc və qürur hissi yaratdı. Bu hadisə yalnız mühüm strateji şəhərin nəzarətə götürülməsi demək deyildi. Şuşanın azadlığı müharibənin ümumi gedişinə həlledici təsir göstərdi və hərbi-siyasi vəziyyətdə ciddi dönüş yaratdı. Şuşanın azad edilməsi ilə bağlı Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin xalqa müraciətində səsləndirdiyi “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!” ifadələri həmin günün tarixi məzmununu və xalqın sevincini özündə əks etdirən rəmzi sözlərə çevrildi.
Şuşanın azad edilməsindən sonra yaranmış yeni hərbi-siyasi vəziyyət 2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən üçtərəfli bəyanatın imzalanması ilə nəticələndi. Sənədə əsasən, noyabrın 10-u saat 00:00-dan etibarən hərbi əməliyyatların və atəşin tam dayandırılması elan edildi. Bəyanatda Ağdam, Kəlbəcər və Laçın rayonlarının Azərbaycana qaytarılması, regionda nəqliyyat və iqtisadi əlaqələrin bərpası, məcburi köçkünlərin və qaçqınların geri qayıdışı, hərbi əsirlərin və digər saxlanılan şəxslərin mübadiləsi kimi məsələlər əksini tapmışdı. Sənədə uyğun olaraq Ağdam rayonu noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də, Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarıldı. Beləliklə, 44 günlük müharibə nəticəsində əldə olunan hərbi uğurların ardınca bu ərazilərin qaytarılması prosesi də başa çatdı. Bu mərhələ Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində mühüm nəticə idi. Eyni zamanda, müharibədən sonrakı dövrdə qarşıda duran yeni vəzifələri – təhlükəsizliyin təmin olunmasını, dağıdılmış ərazilərin bərpasını, minalardan təmizlənməni, iqtisadi fəaliyyətin yenidən qurulmasını və əhalinin doğma torpaqlarına qayıdışını gündəmə gətirdi. Zəfər Gününün hər il noyabrın 8-də qeyd edilməsi də məhz Şuşanın azad edilməsinin tarixi əhəmiyyəti ilə bağlıdır. 2020-ci il dekabrın 3-də imzalanmış müvafiq sərəncamla bu tarix Azərbaycan Respublikasında Zəfər Günü elan edildi. Noyabrın 8-i seçilərkən Şuşanın azad edilməsinin müharibənin taleyində oynadığı həlledici rol əsas götürüldü.
Zəfərin ən böyük mənası yalnız qazanılmış qələbədə deyil, onun yaratdığı yeni imkanlarda, insanların doğma yurdlarına qayıdışında, dağıdılmış şəhər və kəndlərin yenidən qurulmasında, milli-mədəni irsin qorunmasında və gələcək nəsillər üçün təhlükəsiz, inkişaf edən həyat şəraitinin yaradılmasındadır. 8 Noyabr Azərbaycan xalqının tarixi yaddaşında daim yaşayacaq. Bu gün şəhidlərimizin müqəddəs xatirəsinə ehtiramın, qazilərimizin qəhrəmanlığının, hərbçilərimizin fədakarlığının və bütöv bir xalqın iradəsinin ifadəsidir. Zəfər Günü həm də dövlətçilik tariximizin mühüm dərsini xatırladır: milli birlik, güclü dövlət, müasir ordu və məqsədyönlü inkişaf strategiyası bir araya gəldikdə xalq öz qarşısına qoyduğu tarixi hədəflərə nail olmaq üçün böyük imkanlar əldə edir. Bu Zəfər Azərbaycan tarixinin yalnız bir səhifəsi deyil, gələcək nəsillərin də qürurla öyrənəcəyi, araşdıracağı və yaşadacağı milli yaddaşımızın ayrılmaz hissəsidir.
Nigar Abdullayeva
YAP Yasamal rayonu AMEA Folklor İnstitutu
üzrə ərazi partiya təşkilatının sədr müavini