PDF Oxu

Siyasət

  • 666

Şuşa – tarixin yaddaşı, gələcəyin qurulduğu şəhər - ŞƏRH

Şuşa – tarixin yaddaşı, gələcəyin qurulduğu şəhər - ŞƏRH

8 noyabr 2020-ci il tarixində Şuşanın azad edilməsindən sonra şəhərdə yeni inkişaf mərhələsi başlandı. Uzun illər ərzində zərər görmüş tarixi-memarlıq irsinin qorunması, yaşayış infrastrukturunun yenidən qurulması, sosial xidmətlərin bərpası və şəhərin əvvəlki mədəni həyatına qovuşması əsas vəzifələrə çevrildi. 7 may 2021-ci il tarixində Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi onun tarixi və mədəniyyətinin dövlət səviyyəsində təsdiqi olmaqla yanaşı, gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından da mühüm addım idi. Bu qərar şəhərin tarixi görkəminin qorunmasını və mədəni irsinin beynəlxalq miqyasda tanıdılmasını əsas prioritetlərdən biri kimi müəyyənləşdirdi.

Şuşada bərpa işləri kompleks yanaşma əsasında həyata keçirilməyə başladı. Şəhərin tarixi quruluşunun, memarlıq xüsusiyyətlərinin və təbii landşaftının qorunması ilə yanaşı, müasir yaşayış və xidmət infrastrukturu yaradıldı. Bu prosesdə əsas məqsəd Şuşanı yalnız tarixi abidələrin yerləşdiyi məkan kimi deyil, insanların yaşadığı, işlədiyi, təhsil aldığı, mədəni və iqtisadi fəaliyyətlə məşğul olduğu müasir şəhərə çevirməkdir. Şəhərin nəqliyyat və kommunikasiya imkanlarının genişləndirilməsi istiqamətində mühüm layihələr həyata keçirilir. Şuşaya aparan Zəfər yolunun istifadəyə verilməsi, elektrik enerjisi və su təchizatı sistemlərinin yenilənməsi, 110/35/10 kilovoltluq yarımstansiyanın, Şuşa Rəqəmsal İdarəetmə Mərkəzinin və sutəmizləyici qurğular kompleksinin yaradılması şəhərin dayanıqlı infrastruktur təminatının formalaşmasına xidmət edir. Bununla yanaşı, sosial infrastrukturun qurulması da diqqət mərkəzində saxlanıldı. Şuşa şəhərində Dövlət Xidmətləri Mərkəzi, 1 nömrəli tam orta məktəb və Şuşa Müalicə-Sağlamlıq Mərkəzi istifadəyə verildi. Bu obyektlər şəhərdə daimi yaşayışın təmin edilməsi və əhalinin gündəlik tələbatının qarşılanması baxımından əhəmiyyətlidir.

Şəhərin gələcək inkişafının planlı şəkildə həyata keçirilməsi məqsədilə 2040-cı ilədək dövrü əhatə edən Baş plan da hazırlanıb və təsdiq edilib. Sənəddə Şuşanın tarixi şəhər quruluşunun qorunması, yaşayış ərazilərinin inkişafı, sosial və mədəni xidmət obyektlərinin yerləşdirilməsi, nəqliyyat və mühəndis-kommunikasiya infrastrukturunun təkmilləşdirilməsi nəzərdə tutulur. Baş planın mühüm xüsusiyyəti tarixi irslə müasir şəhərsalma tələblərinin uzlaşdırılmasıdır. Belə yanaşma Şuşanın özünəməxsus memarlıq simasının qorunması ilə yanaşı, müasir şəhər mühitinin formalaşdırılmasına imkan yaradır.

Şuşanın bərpasında xüsusi əhəmiyyət daşıyan istiqamətlərdən biri tarixi və mədəni abidələrin qorunmasıdır. Şəhərin memarlıq irsi yalnız ayrı-ayrı tikililərdən ibarət deyil, bu irs bütövlükdə Şuşanın tarixi simasını, şəhər mədəniyyətini və milli kimliyini əks etdirir. Buna görə də bərpa işlərinin əsas prinsiplərindən biri abidələrin tarixi və memarlıq xüsusiyyətlərinin mümkün qədər qorunmasıdır. Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi bərpa edilərək yenidən istifadəyə verilib. Üzeyir Hacıbəylinin və Bülbülün ev-muzeyləri bərpa olunub, onların xatirəsi ilə bağlı tarixi məkanlar yenidən canlandırılıb. Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstləri əvvəlki yerlərinə qaytarılıb. Bu addımlar yalnız mədəniyyət xadimlərinin xatirəsinin əbədiləşdirilməsi deyil, həm də Şuşanın tarixi-mədəni mühitinin bərpası baxımından əhəmiyyətlidir. Şəhərin dini-memarlıq abidələrinin bərpası da ardıcıl şəkildə davam etdirilir. Yuxarı Gövhər Ağa, Aşağı Gövhər Ağa və Saatlı məscidləri, Mehmandarovların malikanə kompleksi, müxtəlif tarixi bulaqlar və digər memarlıq nümunələri üzərində aparılan işlər Şuşanın zəngin tarixi irsinin qorunmasına yönəlib. Şuşa qalasının bərpası da şəhərin tarixi müdafiə və memarlıq ənənələrinin yaşadılması baxımından xüsusi əhəmiyyət daşıyır. Bu gün də tarixi-mədəni irsin qorunması istiqamətində işlər davam etdirilir. Şuşada 27 tarixi abidənin bərpa olunduğu, daha 15 abidədə konservasiya işlərinin başlanmasının nəzərdə tutulub. Bu, şəhərin tarixi irsinin qorunmasının birdəfəlik tədbir deyil, uzunmüddətli və sistemli fəaliyyət olduğunu göstərir.

Şuşanın dirçəlişi onun mədəni həyatının yenidən canlandırılması ilə sıx bağlıdır. Şəhərin tarixi şöhrətini müəyyənləşdirən əsas amillərdən biri musiqi, poeziya və sənət ənənələridir. Bu ənənələrin yaşadılması, yeni nəsillərə ötürülməsi və beynəlxalq səviyyədə təbliği Şuşanın müasir inkişaf strategiyasında mühüm yer tutur. “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının yenidən Şuşada keçirilməsi şəhərin mədəni həyatının canlanmasının mühüm göstəricilərindəndir. Festival müxtəlif ölkələrdən musiqiçiləri, ifaçıları və mədəniyyət nümayəndələrini bir araya gətirərək Şuşanın musiqi irsini beynəlxalq auditoriyaya təqdim edir. Bu tədbir həm də şəhərin mədəniyyətlərarası dialoq məkanı kimi mövqeyinin möhkəmlənməsinə xidmət edir. 2023-cü il tarixində Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi də onun regional və beynəlxalq mədəni əlaqələrdəki rolunu genişləndirən mühüm hadisələrdən biri oldu. Bu status çərçivəsində keçirilən tədbirlər şəhərin zəngin irsinin türk xalqları arasında tanıdılmasına, ortaq mədəni dəyərlərin təbliğinə və yeni əməkdaşlıq imkanlarının yaranmasına töhfə verdi.

Şuşa öz tarixi kimliyinə qovuşaraq yeni inkişaf mərhələsini yaşayır. Onun küçələrində yenidən həyat canlanır, mədəni tədbirlər keçirilir, tarixi abidələr bərpa olunur, yeni yaşayış və xidmət infrastrukturu yaradılır. Şuşanın gələcəyi məhz bu dəyərlərin – tarixi yaddaşın, mədəni irsin və müasir inkişafın vəhdəti üzərində qurulur. Şəhərin özünəməxsus ruhunu qoruyaraq yenidən inkişaf edən bir məkana çevrilməsi isə onun Azərbaycan tarixindəki əbədi mövqeyinin davamıdır.

Nigar Abdullayeva

YAP Yasamal rayonu AMEA Folklor İnstitutu

üzrə ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər