PDF Oxu

Siyasət

  • 700

8 Noyabr – Azərbaycanın milli iradəsinin və dövlətçilik əzminin təntənəsi - ŞƏRH

8 Noyabr – Azərbaycanın milli iradəsinin və dövlətçilik əzminin təntənəsi - ŞƏRH

8 Noyabr – Zəfər Günü Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri olmaqla yanaşı, xalqımızın milli iradəsinin, sarsılmaz birliyinin və müstəqil dövlətçilik əzminin bütün dünyaya nümayiş etdirildiyi möhtəşəm bir tarixdir. Bu günün mahiyyəti yalnız döyüş meydanında qazanılmış hərbi üstünlüklə məhdudlaşmır. Zəfər onilliklər boyu xalqımızın qəlbində yaşayan yurd həsrətinin sona çatması, tarixi ədalətin bərpası və Azərbaycanın öz taleyinə sahib çıxmaq qüdrətinin təsdiqidir. 8 Noyabr müasir tariximizdə milli qürurun, dövlət gücünün və gələcəyə inamın rəmzinə çevrilmişdir.
Azərbaycanın bu möhtəşəm uğuru uzun illər ərzində formalaşdırılmış məqsədyönlü dövlət siyasətinin, ardıcıl inkişaf strategiyasının və milli maraqların qətiyyətlə müdafiəsinin məntiqi nəticəsidir. Bu strategiyanın ideoloji və siyasi əsasları Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsinə söykənir. Müstəqilliyin möhkəmləndirilməsi, iqtisadi qüdrətin artırılması, milli təhlükəsizliyin təmin olunması və güclü ordunun formalaşdırılması istiqamətində müəyyənləşdirilmiş prioritetlər Azərbaycanın gələcək qələbəsinin fundamental əsaslarını yaratdı. Prezident İlham Əliyev bu siyasi kursu müasir dövrün çağırışlarına uyğun şəkildə davam etdirərək ölkəmizin hərbi, iqtisadi və diplomatik potensialını yeni mərhələyə yüksəltdi. Beləliklə, dövlətçilik varisliyi strateji hədəflərin ardıcıl reallaşdırılmasını təmin edən mühüm amilə çevrildi.
1988-ci ildən etibarən Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti xalqımızı ağır humanitar fəlakətlə üz-üzə qoydu. Doğma yurdlarından didərgin salınan yüz minlərlə insanın taleyi, dağıdılmış şəhər və kəndlərimiz, məhv edilmiş tarixi-mədəni irsimiz milli yaddaşımızda silinməz izlər buraxdı. Lakin bütün çətinliklərə baxmayaraq, Azərbaycan xalqı tarixi torpaqlarına qayıtmaq inamını və ədalətin bərpasına olan ümidini qoruyub saxladı. Qarabağ məsələsi dövlət siyasətinin əsas prioritetlərindən biri olaraq qaldı və bu istiqamətdə həyata keçirilən tədbirlər zaman keçdikcə vahid milli strategiya şəklini aldı.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan həm beynəlxalq hüquqa əsaslanan diplomatik mübarizəni davam etdirdi, həm də ölkənin müdafiə qüdrətinin artırılmasına xüsusi diqqət yetirdi. Ordu quruculuğu, müasir silah sistemlərinin əldə olunması, hərbi sənaye kompleksinin inkişafı və peşəkar hərbi kadr potensialının gücləndirilməsi dövlət siyasətinin mühüm istiqamətlərinə çevrildi. Bununla paralel olaraq, iqtisadiyyatın şaxələndirilməsi, enerji və nəqliyyat layihələrinin reallaşdırılması, beynəlxalq tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi Azərbaycanın müstəqil siyasət yürütmək imkanlarını daha da artırdı. Ölkəmiz yalnız hərbi sahədə deyil, iqtisadi və diplomatik müstəvidə də öz gücünü möhkəmləndirərək qarşıya qoyduğu tarixi məqsədə doğru inamla irəlilədi.
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun başladığı əks-hücum əməliyyatları xalqımızın tarixində yeni mərhələnin başlanğıcı oldu. 44 gün davam edən Vətən müharibəsi Azərbaycan əsgərinin qəhrəmanlığını, hərbi peşəkarlığını və döyüş ruhunu bütün dünyaya nümayiş etdirdi. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və digər yaşayış məntəqələrinin azad olunması ordumuzun strateji üstünlüyünü və qarşıya qoyulan məqsədə çatmaq əzmini təsdiqlədi. Hər qarış torpağın azadlığı uğrunda aparılan mübarizə Azərbaycan xalqının tarixi yaddaşında qəhrəmanlıq salnaməsi kimi əbədiləşdi.
Bu qələbənin siyasi və hərbi rəhbərliyində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, prinsipial mövqeyi və strateji baxışı mühüm rol oynadı. Müharibə dövründə dövlət başçısının beynəlxalq media qurumlarına verdiyi müsahibələr Azərbaycanın haqq mövqeyinin dünya ictimaiyyətinə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıdı. Prezidentin siyasi iradəsi, informasiya müstəvisində apardığı prinsipial mübarizə və xalqla davamlı ünsiyyəti ölkəmizin həm döyüş meydanında, həm də diplomatik cəbhədə mövqelərini gücləndirdi. Bu, müasir dövrdə qələbənin yalnız hərbi güclə deyil, siyasi iradə, informasiya üstünlüyü və milli həmrəyliklə də təmin olunduğunun bariz nümunəsi idi.
Zəfər salnaməsinin ən möhtəşəm səhifələrindən biri isə Şuşanın azad edilməsi oldu. Azərbaycanın mədəniyyət paytaxtı, milli kimliyimizin və mənəvi yaddaşımızın rəmzi olan Şuşanın azadlığı qələbəyə xüsusi tarixi məna qazandırdı. Şəhərin sıldırım qayaları və mürəkkəb relyefi şəraitində Azərbaycan hərbçilərinin göstərdiyi misilsiz qəhrəmanlıq hərb tariximizə qızıl hərflərlə yazıldı. Şuşanın azad edilməsi xalqımızın mənəvi ruhunun yüksəlişi, milli özünüdərkin və tarixi bağlılığın təntənəsi oldu.
Vətən müharibəsində əldə olunan uğurun mühüm dayaqlarından biri də Azərbaycan cəmiyyətində formalaşan misilsiz həmrəylik idi. Siyasi baxışlarından, sosial vəziyyətindən, etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlarımız vahid məqsəd ətrafında birləşdilər. Xaricdə yaşayan soydaşlarımız da Azərbaycanın haqq mübarizəsinə dəstək göstərərək milli birliyin sərhədləri aşan gücünü nümayiş etdirdilər. “Dəmir yumruq” ifadəsi bu həmrəyliyin, dövlətə inamın və sarsılmaz milli iradənin simvoluna çevrildi. Döyüş meydanında əsgər və zabitlərimizin göstərdiyi qəhrəmanlıq, şəhidlərimizin müqəddəs fədakarlığı, qazilərimizin iradəsi və arxa cəbhənin dəstəyi vahid Zəfər tarixini yaratdı.
2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanat Azərbaycanın hərbi uğurunun siyasi nəticələrini möhkəmləndirdi. Ağdam, Kəlbəcər və Laçın rayonlarının işğaldan azad edilməsi ilə ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində mühüm mərhələ tamamlandı. Bununla belə, Azərbaycan dövlətinin əsas məqsədi yalnız hərbi qələbə ilə kifayətlənmək deyil, bütün ərazilərində suverenliyini tam təmin etmək idi. 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Qarabağda Azərbaycanın konstitusiya quruluşu və dövlət suverenliyi tam bərpa edildi. Prezident İlham Əliyevin həmin il oktyabrın 15-də Xankəndidə Azərbaycan Bayrağını ucaltması isə dövlətçilik tariximizin rəmzi hadisələrindən birinə çevrildi. Beləliklə, 2020-ci ildə ərazi bütövlüyünü bərpa edən Azərbaycan 2023-cü ildə suverenliyini bütün ərazilərində tam təmin etdi.
Zəfərin əsl tarixi dəyəri bu gün azad edilmiş torpaqlarda aparılan genişmiqyaslı bərpa və quruculuq işlərində də öz əksini tapır. Qarabağ və Şərqi Zəngəzurda yeni yollar, tunellər, hava limanları, yaşayış kompleksləri, təhsil və səhiyyə müəssisələri inşa edilir, müasir infrastruktur formalaşdırılır. Böyük Qayıdış proqramı çərçivəsində uzun illər yurd həsrəti ilə yaşayan keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı təmin olunur. Bu proses sadəcə yaşayış məntəqələrinin yenidən qurulması deyil, bütöv bir regionun iqtisadi, sosial və mədəni həyatının dirçəldilməsidir. Qarabağ Universitetinin fəaliyyəti, yeni məşğulluq imkanlarının yaradılması və müasir texnologiyalara əsaslanan layihələr azad edilmiş ərazilərin gələcək inkişafına xidmət edir.
Azərbaycan üçün Zəfər həm də böyük məsuliyyət deməkdir. Bu qələbənin arxasında canlarını Vətən uğrunda fəda edən şəhidlərimizin müqəddəs qanı, sağlamlığını itirən qazilərimizin fədakarlığı və bütöv xalqın mənəvi dəstəyi dayanır. Buna görə də onların xatirəsinin yaşadılması, şəhid ailələrinin və müharibə iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsi dövlət və cəmiyyət qarşısında mühüm vəzifədir. Şəhid ailələrinə qayğı, qazilərin reabilitasiyası, məşğulluq və mənzil təminatı istiqamətində həyata keçirilən proqramlar dövlətin bu müqəddəs borca sadiqliyini nümayiş etdirir. Zəfər parklarının, muzeylərin yaradılması, orden və medalların təsis edilməsi isə qəhrəmanlıq tariximizin gələcək nəsillərə ötürülməsinə xidmət edir.
Bu gün Azərbaycanın qarşısında yeni tarixi mərhələnin vəzifələri dayanır. Əldə edilmiş qələbənin davamlı inkişafla möhkəmləndirilməsi, azad edilmiş ərazilərdə dayanıqlı iqtisadi sistemin qurulması, əhalinin rifahının yüksəldilməsi və regionda uzunmüddətli sülhün təmin olunması əsas prioritetlər sırasındadır. Hərbi Zəfərdən sonra diplomatik müstəvidə aparılan fəaliyyət də Azərbaycanın milli maraqlarını qorumaq və regionda yeni əməkdaşlıq imkanları yaratmaq strategiyasının tərkib hissəsidir. Azərbaycan sülhün tərəfdarı olmaqla yanaşı, onun suverenliyə, ərazi bütövlüyünə və beynəlxalq hüququn prinsiplərinə hörmət əsasında qurulmasını vacib hesab edir.
8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının yaddaşında yalnız keçmişin qəhrəmanlıq salnaməsi kimi deyil, həm də gələcəyə istiqamət verən milli ideya kimi yaşayacaq. Bu tarix Heydər Əliyevin formalaşdırdığı möhkəm dövlətçilik təməllərinin, Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyinin, Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığının və xalqımızın sarsılmaz birliyinin vəhdətini ifadə edir. Zəfər sübut etdi ki, milli məqsədlər ətrafında birləşən xalqın iradəsini heç bir qüvvə sarsıda bilməz.
Bu gün Qarabağda dalğalanan üçrəngli Bayrağımız, yenidən qurulan şəhər və kəndlərimiz, doğma yurdlarına qayıdan ailələrimiz Azərbaycanın qalib dövlət kimi yeni inkişaf mərhələsinə qədəm qoyduğunu təsdiqləyir. Zəfərin ən böyük davamı azad torpaqlarda həyatın çiçəklənməsi, ölkəmizin daha da güclənməsi və gələcək nəsillərə qüdrətli, müstəqil Azərbaycan miras qoyulmasıdır.
Zəfər milli qürurumuz, suverenlik dövlətçilik iradəmiz, birlik isə gələcəyimizin ən möhkəm təminatıdır. 8 Noyabr Azərbaycan xalqının tarix yazdığı, öz gücünü təsdiqlədiyi və əbədi qürur mənbəyinə çevirdiyi gündür.
İlahə Qurbanova
YAP Samux rayon təşkilatının əməkdaşı

Digər xəbərlər