PDF Oxu

Siyasət

  • 816

Sülhün əsası ədalət, təminatı isə gücdür - ŞƏRH

Sülhün əsası ədalət, təminatı isə gücdür - ŞƏRH

Azərbaycanın sülh siyasəti milli maraqlara, beynəlxalq hüquqa və tarixi ədalətin bərpasına söykənir. “Biz sülh istəyirik, biz müharibə istəmirik. Sülh, amma ədalətli sülh. İrəli sürdüyümüz şərtlər ədalətlidir, beynəlxalq hüquqa əsaslanır və sülh müqaviləsi bu şərtlər əsasında imzalanmalıdır”. - Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu fikirləri ölkəmizin müharibədən sonrakı siyasi strategiyasının əsas mahiyyətini ifadə edir. Bu, sadəcə diplomatik bəyanat deyil, uzun illər münaqişənin ağır nəticələrini yaşamış bir xalqın ədalətə, təhlükəsizliyə və davamlı sülhə olan istəyinin siyasi ifadəsidir. Azərbaycanın sülhə münasibətini anlamaq üçün keçdiyi tarixi yola nəzər salmaq kifayətdir.

Təxminən otuz il ərzində ölkəmiz torpaqlarının işğalı, doğma yurdlarından didərgin düşmüş insanların taleyi, dağıdılmış şəhər və kəndlər, milli-mədəni irsimizə qarşı törədilmiş vandalizm kimi ağır reallıqlarla üzləşdi. Azərbaycan münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həllinə çalışsa da, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin icrasız qalması problemin həllini uzatdı. Bu müddətdə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə güclü iqtisadiyyatın qurulması, ordunun müasirləşdirilməsi, müdafiə qabiliyyətinin artırılması və beynəlxalq mövqelərin möhkəmləndirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirildi. Nəticədə 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi Azərbaycanın tarixi Zəfəri ilə başa çatdı. Bu Qələbə yalnız hərbi uğur deyil, həm də milli iradənin, dövlət qətiyyətinin və tarixi ədalətin təntənəsi idi. Azərbaycan öz ərazi bütövlüyünün bərpası istiqamətində həlledici nəticəyə nail oldu, regionda yeni siyasi reallıqlar formalaşdı. Cənab Prezident İlham Əliyevin 2022-ci il noyabrın 8-də Şuşada səsləndirdiyi “Biz sülh istəyirik, biz müharibə istəmirik. Sülh, amma ədalətli sülh” fikri Azərbaycanın gələcək siyasi kursunu aydın şəkildə ortaya qoydu. Dövlət başçımızın mövqeyi ondan ibarətdir ki, sülh qarşılıqlı hörmətə, suverenliyə, ərazi bütövlüyünə və beynəlxalq hüquqa əsaslanmalıdır. Milli maraqların və dövlət suverenliyinin nəzərə alınmadığı razılaşma isə davamlı sülhün təminatına çevrilə bilməz. 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın dövlət suverenliyi ölkənin bütün ərazisində tam bərpa olundu. Beləliklə, ölkəmizin ərazi bütövlüyü və suverenliyi ilə bağlı tarixi mərhələ başa çatdı. Azərbaycan qarşısında yeni vəzifə – regionda davamlı sülhün və əməkdaşlığın təmin edilməsi məsələsi dayandı. Bu istiqamətdə diplomatik səylər də davam etdirildi. 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə əldə olunan razılaşmalar, Birgə Bəyannamənin imzalanması və sülh sazişinin mətninin paraflanması regionun gələcəyi baxımından mühüm hadisə oldu. Sonrakı dövrdəmünasibətlərin normallaşdırılması və iqtisadi əlaqələrin inkişafı istiqamətində atılan addımlar sülhün praktik nəticələrini ortaya qoymağa başladı. Azərbaycanın mövqeyi aydındır: sülh yalnız sənədlərin imzalanması ilə məhdudlaşmamalı, real əməkdaşlığa, qarşılıqlı etimada və təhlükəsizliyə çevrilməlidir. Bunun üçün tərəflər üzərlərinə götürdükləri öhdəliklərə əməl etməli, bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət göstərməlidirlər. Cənubi Qafqaz regionu geniş iqtisadi və nəqliyyat potensialına malikdir. Kommunikasiyaların açılması, ticarət əlaqələrinin genişlənməsi və qarşılıqlı faydalı əməkdaşlığın inkişafı region xalqlarının rifahına xidmət edə bilər. Lakin bütün bunların əsasında etibarlı siyasi münasibətlər və beynəlxalq hüququn prinsiplərinə hörmət dayanmalıdır. Bu gün Azərbaycanın sülh siyasəti güclü dövlətçilik ənənələrinə, milli birliyə və qətiyyətli siyasi iradəyə söykənir. İşğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq işləri, Böyük Qayıdış proqramının həyata keçirilməsi ölkəmizin müharibədən quruculuğa keçidinin real göstəricisidir.

Azərbaycan qazandığı tarixi Qələbəni inkişaf, tərəqqi və regional sabitlik üçün yeni imkanlara çevirir. Unutmaq olmaz ki, sülh yalnız silahların susması deyil. Sülh dövlətlərin suveren hüquqlarına hörmət edilməsi, xalqların təhlükəsizlik şəraitində yaşaması və gələcək nəsillərin müharibə deyil, inkişaf mühitində yetişməsidir. Prezident İlham Əliyevin irəli sürdüyü “ədalətli sülh” prinsipi Azərbaycanın dəyişməz dövlətçilik mövqeyini ifadə edir. Çünki ədalət olmadan sülh, suverenliyə hörmət olmadan etimad, təhlükəsizlik olmadan isə davamlı inkişaf mümkün deyil. Azərbaycan öz tarixi Zəfəri ilə yeni reallıqlar yaradıb. İndi əsas hədəf bu reallıqları davamlı sülhə, regional sabitliyə və ümumi tərəqqiyə çevirməkdir.

İlahə Fərəcova

YAP Naxçıvan şəhər təşkilatı “İdris Məmmədov küçəsi 2A” ünvanında yerləşən ərazi partiya təşkilatının sədri,

YAP Naxçıvan şəhər təşkilatının fəal üzvü

Digər xəbərlər