Prezident İlham Əliyevin Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbul etməsi ölkəmizin idarəetmə sistemində yeni prioritetlərin müəyyənləşdirilməsi baxımından mühüm hadisə olub. Bu qəbul həm də dövlətin bölgələrdə davamlı inkişaf və sosial rifah strategiyasının əsas istiqamətlərini aydın şəkildə göstərib. Dövlətimizin başçısının çıxışında vurğulanan ən mühüm məqam rəhbərlərin vəzifələrinin mərkəzində xalqın rifahının və həyat şəraitinin yaxşılaşdırılması prinsiplərinin dayanmasıdır. Hər bir təyinat böyük etimad deməkdir və yalnız məsuliyyətli fəaliyyətlə doğrulamaq mümkündür.
Rəhbərlərin əsas vəzifəsi xalqa xidmət etmək və onların gündəlik qayğılarını bilməkdir. Yalnız xalqa yaxın olan rəhbərlər bölgələrin problemlərini dərindən anlaya və həll yolları apara bilərlər. “Siz öz işinizlə, əməyinizlə qarşıda duran vəzifələrin icrası üçün səylərinizi əsirgəməyəcəksiniz”, – deyən dövlətimizin başçısı məmurların fəaliyyətini əmək və məsuliyyət üzərində qurmağın vacibliyini bir daha önə çəkib. Bu yanaşma göstərir ki, idarəetmə funksiyası təkcə qərar vermək deyil, həm də xalqa xidmət missiyası kimi dəyərləndirilir.
Prezident İlham Əliyevin çıxışında regionlarda həyata keçirilən infrastruktur layihələrinin əhəmiyyəti geniş təhlil olunub. Son illərdə elektrik enerjisi, içməli su, magistral və kənd yolları, həmçinin sosial obyektlərin tikintisi istiqamətində mühüm irəliləyişlər əldə olunub. Bu layihələr həm şəhər və kəndlərin həyat şəraitini yaxşılaşdırır, həm də bölgələrin iqtisadi potensialını artırır, yeni iş yerlərinin açılmasına imkan yaradır.
Elektrik infrastrukturu artıq bütün bölgələrdə normallaşıb, bu amil sənaye və kənd təsərrüfatı layihələrinin icrası üçün güclü potensial yaradıb. Magistral yolların yenilənməsi və şəhərlərarası yolların təmiri bölgələrarası əlaqələrin sürətlənməsinə, məhsul daşımalarının asanlaşmasına səbəb olur. Kənd yollarının 70–80 faizinin keyfiyyətlə təmir olunması isə kənd təsərrüfatı məhsullarının bazarlara çatdırılmasını asanlaşdırır və əhalinin gündəlik həyatını rahatlaşdırır.
İçməli su layihələrinin genişləndirilməsi və suvarma sistemlərinin yenilənməsi kəndlərdə həyat səviyyəsini yüksəldir, həmçinin kənd təsərrüfatında məhsuldarlığın artırılmasına xidmət edir. Dövlətimizin başçısı vurğulayıb ki, biz bu məsələləri dövlət xətti ilə, dövlət büdcəsi hesabına regionların sosial-iqtisadi inkişafı proqramlarının icrası nəticəsində həll etmişik.
Azərbaycan Prezidentinin çıxışında qeyd olunan digər mühüm məsələ sosial ədalətin təmin olunması idi. Hər bir bölgədə və kənddə insanlar ədalətin təmin olunmasını hiss edirlər. Bu prinsip yalnız qanunların icrası ilə məhdudlaşmır, həm də dövlət və vətəndaş arasında etimadın bərpası və möhkəmlənməsi üçün əsas şərtdir. Sosial ədalət prinsipi rəhbərlərin fəaliyyətində meyar rolunu oynayır. Şəffaflıq, məsuliyyət və hesabatlılıq prinsipləri bütün fəaliyyətlərdə əsas şərt kimi tətbiq olunur.
Dövlətimizin başçısı çıxışında bölgələrdə məşğulluğun artırılması və sahibkarlığın dəstəklənməsi məsələsinə də toxunub. Hazırda minlərlə insan özünüməşğulluq proqramı çərçivəsində işlə təmin olunub. Sahibkarlara güzəştli kreditlər verilir, yeni istehsal müəssisələri açılır və turizm sahələri inkişaf etdirilir. Bu tədbirlər iqtisadi fəallığı artırır, regionlarda sosial sabitliyi təmin edir.
Yerli rəhbərlərin əsas vəzifəsi iş yerlərinin yaradılması, sahibkarlara şəraitin yaradılması və yerli istehsalın gücləndirilməsidir. Kənd təsərrüfatı və turizmin inkişafı bölgələrin iqtisadi strukturunu şaxələndirir və əhalinin rifahını artırır. Bu yanaşma, həmçinin regionlarda davamlı iqtisadi inkişafın təmin edilməsi və yeni nəsil sahibkarların formalaşması üçün önəmli addımdır.
Prezident İlham Əliyev rəhbərlərə tövsiyə edib ki, bütün kəndləri gəzib insanlarla birbaşa ünsiyyətdə olsunlar. “İnsanlara diqqət göstərmək, onların qayğıları ilə yaşamaq, daim onların arasında olmaq lazımdır”, – deyən dövlətimizin başçısı idarəçilikdə xalqa yaxınlıq və məsuliyyət prinsipini ön plana çıxarıb. Bu yanaşma dövlətin mərkəzi və yerli strukturlarının koordinasiyasını gücləndirir, qərarların real ehtiyaclara uyğun icrasını təmin edir və ictimai etimadın möhkəmlənməsinə xidmət edir.
Göründüyü kimi, bölgələrin inkişafı infrastruktur layihələrinin icrası və insan amilinə xüsusi diqqət yetirilməsi ilə bilavasitə bağlıdır. Xalqın rifahının yüksəldilməsi, yeni iş yerlərinin yaradılması və iqtisadi aktivliyin artırılması yerli idarəetmə sistemində fəaliyyət göstərən rəhbərlərə tələb kimi qoyulub. Dövlət siyasətinin əsas məqsədi isə xalqın həyat səviyyəsini daha da yüksəltmək və bölgələrdə davamlı inkişafı təmin etməkdir.
Nurlan Həsənov
Milli Məclisin deputatı