MİA

  • 15 105

İnsan hüquqlarının müdafiəsində QHT-nin rolu

image

İlk müstəqil Azərbaycan dövlətinin baniləri 1918-1920-ci illərdə ədalətli və demokratik dövlət quruluşu axtarışlarında ikən, nəinki o dövrdə cəmiyyət üçün mühüm olan, həm də bu gün aktual səslənən məsələlərə cavab verməli olmuşlar. Bu mənada, demokratik dövlətdə hüququn roluna, hüquq və dövlətin əlaqəsinə, hüquqi dövlətin əsaslarına, vətəndaşların əsas hüquq və azadlıqlarının təmininə dair N.Yusifbəylinin, F.Xoyskinin və Y.V.Çəmənzəminlinin fikirlərinə müraciət etmək faydalı olardı. "Həqiqi demokrat üçün yalnız bütün insanlara münasibətdə ümumi olan hüquq mövcud olmalıdır" fikri mövzunun şərhi baxımından diqqətəlayiqdir. Aydındır ki, burada "insanlar" ifadəsi altında cəmiyyətdə tutduğu mövqedən asılı olmayaraq hər bir kəs, hər bir vətəndaş, tamın, yəni dövlətin bir hissəsini təcəssüm etdirən dövlət orqanlarının hər bir vəzifəli şəxsi nəzərdə tutulur. Bu da, bizə belə bir nəticə çıxarmağa imkan verir ki, dövlətin də hüquqa tabeliyini məcburi sayır, məhz bu anlayış onun dilində hamının qanuna tabe olmasını və qanun qarşısında bərabərliyini ifadə edirdi.Y.V.Çəmənzəminli də daxili məsələlərdə dövlətin qanuna tabe olmasını, hamının qanun qarşısında bərabərliyini zəruri hesab edirdi, hüquqi quruluşun qanunlarından bəhs edərək, o, qeyd edirdi ki, hamı heç də hər cür qanun qarşısında deyil, yalnız qərəzsiz qanun qarşısında bərabər olmalıdır. O, hesab edirdi ki, belə qanunların ən başlıca əsasları azadlıq, bərabərlik və ədalətdir. Milli Azərbaycan dövləti banilərinin fikrincə, hüququn üstünlüyünü qəbul edən və eyni zamanda, onunla məhdudlaşan dövlət hakimiyyəti mədəni demokratik dövlətçilik hesab edilirdi. N.Yusifbəyli göstərirdi ki, "əsas azadlıqlar-söz azadlığı, mətbuat azadlığı, yığıncaqlar, ittifaqlar və tətil azadlığı - hər bir mədəni demokratik ölkənin əsasıdır... Hər bir kəs istədiyini yaza və deyə bilər, istədiyi yerdə yığışa bilər. Bir şərtlə ki, bu, Azərbaycan xalqının müqəddəs müstəqillik hüququna qarşı yönəlməsin".

Azərbaycan Demokratik Respublikasında hakimiyyətlərin bölgüsü prinsipi də hüquqi dövlətin əsası hesab olunur. Bu müddəa parlament iclasında "Deputat vəzifələri ilə dövlət qulluğunun bir araya sığmaması haqqında" qanunun müzakirəsi zamanı məlum olmuşdur: "Bu qanunun məqsədi qanunverici hakimiyyətin icraedici hakimiyyətdən ayrılmasıdır. Hüquqi dövlətin despotik dövlətdən fərqi heç də hakimiyyətin bir şəxsdən bir neçə şəxsə keçməsində deyildir. Hakimiyyət bölgüsü sistemi olmadıqda, hakimiyyət çox adamın əlində daha çox despotik ola bilər. Hüquqi dövlətin əsası qanunverici, icraedici və məhkəmə hakimiyyətləri bölgüsüdür".ADR-in baniləri hüquqi dövlətin mövcudluğunu müstəqil məhkəmə təsisatının mövcudluğu ilə əlaqələndirmişlər. Dövlət və vətəndaşların qarşılıqlı məsuliyyətini real təmin edən əsas orqan kimi məhkəmənin rolu haqqında protokollar qüvvəyə minmişdir. Bu sənədlərdə "eyni siyasi baxışları müdafiə edən, siyasi ənənələr və ideallar baxımından, azadlığa və qanunun aliliyinə ehtiram nöqteyi-nəzərdən ümumi irsə malik olan Avropa ölkələri" qarşısında öhdəlik qoyulmuşdur ki, bu ölkələr BMT-nin "Mülki və Siyasi Hüquqlar haqqında Pakt"ın əksər müddəalarını, "İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Pakt"ının isə təhsil hüququ ilə bağlı müddəasını kollektiv şəkildə müdafiə etsinlər. Konvensiyada dövlət, ictimai təşkilat və ayrı-ayrı vətəndaşlar tərəfindən daxil olmuş şikayətlərə baxmağın mexanizmi göstərilmişdir. Sazişə əsasən, bu təşkilatın üzvi olan ölkələr öz suverenliyinin müəyyən bir qismini Avropa Şurasına verir və Avropa Məhkəmə sisteminin qərarlarını yerinə yetirmək barədə razılığa gəlirlər. Vətəndaşın öz dövlətindən şikayətinə Avropa insan hüquqlarını müdafiə sistemindən yalnız o vaxt baxılır ki, həmin adamın şikayəti öz ölkəsində bütün hüquqi pillələrdən keçmiş olsun. Onun şikayətinə İnsan Hüquqları Komissiyasında, Avropa Şurası Nazirlər Komitəsində və Avropa Məhkəməsində baxıla bilər. Bu məhkəmə artıq ayrı-ayrı vətəndaşların bir çox şikayətlərinə, o cümlədən, hakimiyyətin amansız rəftarı, qeyri-qanuni həbs olunma, mətbuat azadlığının və təhsil hüququnun pozulması və s. ilə bağlı şikayətlərə baxmışdır. Əgər dövlət günahkar hesab olunmuşsa, onda o, məhkəmənin qərarına tabe olaraq vurulan zərəri ödəmiş, öz qanunvericiliyində, yaxud praktik fəaliyyətində dəyişiklik etmişdir.Təxminən 50 il bundan əvvəl "insan hüquqları" anlayışı kütləvi informasiya vasitələrində və ya diplomatik notalarda çox nadir hallarda təsadüf edilən anlayış idi. İndi isə bu anlayış ictimai fikirdə ən mühüm yerə malikdir. İnsan hüquqları anlayışının bu dərəcədə kütləvilik qazanmasında Qeyri-Hökumət Təşkilatlarının rolunu xüsusi qeyd etmək lazımdır. Dünyada bütün QHT-lərin fəaliyyətinin əsas hissəsi insan hüquqlarının müdafiəsi məsələləri ilə, bilavasitə bağlıdır. Təsadüfi deyil ki, insan hüquqları anlayışının BMT-nin Nizamnaməsinə salınması ABŞ-da fəaliyyət göstərən üç QHT-nin Amerika Yəhudi Komitəsinin, Milli Kilsələr Şurasının və Dünya Təşkilini Öyrənən Komissiyanın ardıcıl səyləri nəticəsində mümkün olmuşdur. QHT-lər Ümumdünya İnsan Haqlarının Bəyannaməsi prinsiplərini dövrü mətbuatda, seminar və konfranslarda geniş müzakirəyə çıxarır. Qeyd etmək lazımdır ki, bütün dünyada insan haqlarının müdafiəsində QHT-lər böyük çətinliklə qarşılaşmışdır. Onlar təkcə fəaliyyət göstərdikləri ölkələrdə deyil, hətta 1947-ci ildə BMT-nin İnsan Hüquqları Komissiyası tərəfindən də xəbərdarlıq almışlar ki, komissiya insan haqlarının pozulması məsələsinə baxmayacaqdır. Qeyri-hökumət təşkilatları komissiyaya təsir göstərərək, məsələyə başqa cür yanaşılmasını tələb etmişlər. BMT-nin İnsan Hüquqları Komissiyasında müşahidəçi statusuna malik İnsan Hüquqlarının Beynəlxalq Liqası bütün QHT-lərə insan haqlarının pozulmasını qeydə almaq üçün xüsusi tədqiqatlar aparmağa, müxtəlif nəşrlər tərtib etməyə çağırmışdır. Liqa ilk qeyri-hökumət təşkilatıdır ki, totalitar rejimlərə, hərbi diktaturalara və hətta insan haqlarının pozulması müşahidə edilən demokratik ölkələrə belə "Tənbeh və pisləmək" metodunu tətbiq edir. İnsan hüququnun müdafiəsi ilə məşğul olan QHT-lər sırasında 1961-ci ildə Londonda təşkil edilmiş "Amnisti İnterneşnl" təşkilatının adını xüsusi qeyd etmək lazımdır. Bu təşkilat dünyada insan hüquqlarının pozulması barədə məlumatlar toplayaraq, dövlət repressiyasına məruz qalanları "vicdan məhbusu" adlandırmış, 1974-cü ildə 61 ölkədə insan hüquqlarının pozulmasına aid faktları bütün dünyaya elan etmişdir. Latın Amerikasındakı hərbi repressiyaları ifşa etdiklərinə görə, təşkilat Nobel Sülh Mükafatına layiq görülmüşdür. Beynəlxalq təşkilatların iş praktikası göstərir ki, onların yaydıqları məlumatlar əksər kəskin rejimli ölkələrdə nəzərə alınmır. QHT rəsmilərinin fikrincə, elə mexanizmlər işləyib-hazırlamaq lazımdır ki, onların fiksə etdikləri insan hüququna dair pozuntulara münasibət əməli şəkildə həyata keçirilsin. 1975-ci ildə bir çox ölkələrin razılığı ilə qəbul olunan Helsinki Yekun Aktı insan hüquqlarının müdafiəsi nöqteyi-nəzərindən böyük əhəmiyyətə malikdir. Sənədə əsasən, bu akta imza atmış ölkələr "İnsan hüququ və əsas azadlıqları (7 prinsipdən ibarət)" öz ölkələrində təmin etməlidirlər. 1978-ci ildə Helsinki Prosesinin gedişinə nəzarət edən və Şərqi Avropa üçün böyük əhəmiyyətə malik "Helsinki Uotç" Qeyri-Hökumət Təşkilatı yaradıldı.

Afrika, Asiya qitələrində insan hüquqlarının müdafiəçiləri qeyri-hökumət təşkilatları təsis edərək, müstəmləkə zülmündən azad olmaq uğrunda mübarizə aparmağa başladılar. 1998-ci ildə Cənubi Afrika Respublikasının prezidenti Nelson Mandela BMT-nin Baş Assambleyasında çıxış edərək, insan hüquqlarının müdafiəsində QHT-nin rolunu belə qiymətləndirmişdir: "İnsan hüquqları Bəyannaməsi bizim kimi azadlıq uğrunda mübarizə aparıb, sizin köməyinizlə aparteiddən xilas olanların apardıqları mübarizənin haqlı olduğunu təsdiq edir".Hazırda demokratikləşmə və liberallaşma proseslərinin tam başa çatmadığı ölkələrdə QHT səsləri kəsilməyən yeganə milli səsdir. Qeyri-hökumət təşkilatının qüvvə və imkanları olmadığından, onlar öz fəaliyyətlərini ifşa və təkid prinsipi üzərində qurmalıdırlar. QHT-lər üçün dövləti öz öhdəliklərini yerinə yetirməyə cəlb etməkdən ötrü ən əsas mexanizmlərdən biri insan hüquqlarının pozulması haqda ictimaiyyəti məlumatlandırıb araşdırmalar aparmaqdır. Hazırda insan hüquqları barədə qüvvədə olan bütün beynəlxalq müqavilələrin effektivliyi dövlət tərəfindən öz öhdəliklərinin yerinə yetirilməsinə nəzarət mexanizmindən asılıdır. Adətən, nəzarət mexanizmi insan hüququ pozulduqda işə düşür. Dövlətin xarici siyasəti isə yalnız insan hüquqları üzərində qurula bilməz. Xarici siyasətdə milli maraqlar əsas rol oynadığından, insan hüquqları maddi və siyasi maraqlara nəzərən böyük əhəmiyyət kəsb etmir.

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər