PDF Oxu

MİA

  • 949

Dövrün bəlası: xroniki yorğunluq sindromu

image

Çətin dövrdə yaşayırıq. Həyatımız sürətləndirilmiş film kimidir, sanki dayanmadan, dincəlmədən hərəkətdəyik. Gərgin iş qrafikimiz, gərgin sosial həyatımız, yaşadığımız psixoloji narahatlıqlar sağlamlığımıza mənfi təsir göstərir. Son illərdə çox adamda müşahidə edilən xroniki yorğunluq, davamlı halsız olmaq, əslində illərin yüküdür. Bu problem bəzilərimizdə zaman keçdikcə ağırlaşır, işdə, gündəlik həyatda effektivliyini, məhsuldarlığını azaldır. Ağır xroniki yorğunluq yaşayan şəxslərə diaqnoz qoymaq da çətindir, çünki bəzən fiziki olaraq heç bir xəstəlikləri müşahidə edilmir, amma həm də xəstə kimi hiss edirlər.

Xroniki yorğunluq sindromu nədir?

Xroniki yorğunluq adekvat istirahətə baxmayaraq həmişə yorğun hiss etmək, iş məhsuldarlığının azalması, hər şeyə laqeydlik, sosial həyatdan uzaqlaşma, özünü bədbəxt hiss etmək kimi simptomlarla xarakterizə olunan psixoloji vəziyyətdir. Bəzi xəstələrdə yüngül yorğunluq və enerjisiz hiss etmək kimi özünü göstərə bilər. Daha ağır hallarda isə insanın hətta gündəlik həyat fəaliyyətlərini yerinə yetirə bilmir və bir növ qayğıya ehtiyacı olur.

Xroniki yorğunluq sindromu ümumiyyətlə yüksək səviyyəli məsuliyyət tələb edən vəzifələrdə, yüksək stresli karyeralarda və uzun, yorucu saatlarla işləyənlərdə müşahidə olunur. Sindrom psixoloji problem kimi xarakterizə olunsa da, psixi və fiziki təsirlərə də malikdir.

Xroniki yorğunluq sindromundan çox adam əziyyət çəksə də onun dəqiq səbəbi hələ müəyyən edilməyib. Bu vəziyyət adətən 30-50 yaş arası insanlarda müşahidə edilir, qadınlarda daha çox rastlanır. Sindromdan əziyyət çəkənlərin böyük əksəriyyəti əzələ və oynaq ağrıları yaşayır. Dəqiq səbəbi bilinməsə də, bir sıra amillər xəstəliyin inkişaf riskini artırır. Bunlardan ən əhəmiyyətlisi stressdir. Xroniki yorğunluq davamlı stress keçirən, gərgin iş həyatı olan, özünə kifayət qədər vaxt ayırmayan insanlarda psixoloji problemlərə səbəb ola bilər.

Bundan əlavə, uyğun olmayan, işığı bol, səs-küylü mühitlərdə yatan, gecələr davamlı olaraq oyanan, yuxu keyfiyyəti zəif olan insanlarda sindromun inkişafı daha çox müşahidə edilir. Bu cür yorğunluq hiss edən insanlar nə qədər dincəlsələr də, dinc hiss etmirlər. Bu səbəbdən 6 aydan çox davamlı yorğunluq hissi keçirən xəstələr psixoloji və fizioloji müayinələrdən keçməlidir.

Özünü yorğun və halsız hiss edən hər kəsdə xroniki yorğunluq sindromu olmur. Bu sindromu müəyyən etmək üçün xəstələr peşəkar tərəfindən müayinə olunmalıdırlar. Simptomların uzun müddət davam etməsi, bu yorğunluq hissinin qarın ağrısı, ürəkbulanma kimi fizioloji problemlərə səbəb olması xəstəliyin yaranma ehtimalını gücləndirir.

Xroniki yorğunluq sindromunun ümumi simptomları daimi yorğunluq və yuxululuq, əzələ və oynaq ağrısı, boğaz ağrısı, qarın ağrısı, enerji itkisi, bulantı və qusma, unutqanlıq və idrak performansının azalması, yuxu rejimində və keyfiyyətində azalma, zəifləmiş immunitet sistemi, bağırsaq pozğunluqları, sosiallaşmaqdan qorxma, daimi narahatlıq, depressiyadır.

Xroniki yorğunluq, qeyd etdiyimiz simptomlarla həkimə müraciət edən xəstələrdə aparılan müayinələr və diaqnostik testlər vasitəsilə asanlıqla müəyyən edilə bilər. Bu simptomlar bir çox psixoloji pozuqluqlarla oxşar olduğu üçün ətraflı anamnez aparılmalıdır.

Xroniki yorğunluq sindromunun qəti müalicəsi yoxdur. Müalicə planı ümumiyyətlə fərdi və xəstənin yaşadığı problemlərin tezliyi fonunda müəyyən edilir. Sindromla mübarizənin ən təsirli üsullarına müntəzəm sosiallaşmaq, problemləri həll etmək qabiliyyətini artırmaq, iş yükünü azaltmaq daxildir. Xəstə insan gündəlik ehtiyaclarını özü ödəyə bilirsə, xüsusi qayğıya ehtiyac duymursa dərmana da ehtiyac olmaya bilər. Ancaq ağır simptomlar yaşayan, sosial həyatından tamamilə uzaqlaşan və depressiya keçirən xəstələr həkim təyinatı ilə antidepresant dərman qəbul edə bilər. Bundan əlavə, həkim tərəfindən lazım olduğu təqdirdə, immun sistemini gücləndirmək, əzələ və oynaq ağrılarını azaltmaq və yuxu rejimini normallaşdırmaq üçün dərmanlar və psixoloji dəstək müalicələri tətbiq oluna bilər.

Psixoloji müalicə prosesində neqativ düşüncələrin müsbət düşüncəyə çevrilməsi, stress amillərinin müəyyən edilməsi və çətinliyin öhdəsindən gəlmək yolları haqqında peşəkar məsləhətləri tətbiq oluna bilər. Sindromu olan insanlar zövq aldıqları hobbilərə daha çox vaxt ayırsa bu sağalma prosesinə effektiv təsir edə bilər. Məsuliyyəti ağır, stressli işdən uzaqlamaq lazımdır, iş mühitlərini yenidən təşkil etməli, iş yerində sosial əlaqələr yaratmalı, ünsiyyətdən qaçmamalıdırlar.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “uşaq və gənclərin fiziki və mənəvi inkişafı ” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər