Rusiyalı ekspert: İrəvanla Bakı arasındakı sülh sazişi bütün məsələlər üzrə heç bir hiylə olmadan həll olunmalıdır
Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov “Moskva-Baku” portalına Qarabağ ətrafında gərginlik və yaranmış vəziyyətlə bağlı fikirlərini bildirib. Politoloq Ermənistanın sülh danışıqlarında hiylələrə əl atmasını da şərh edib. Ekspertin fikirlərini oxucularımıza təqdim edirik.
Qarabağda separatçıların təxribatı haqqında
Qarabağda baş verən son hadisə qeyri-qanuni erməni silahlı qruplaşmasının Qarabağda hərbi təchizatının cinayət sxeminin pozulduğundan xəbər verir. Belə qruplaşma üçtərəfli müqavilədə qanuni olaraq təsbit edilməyib. Ermənistanın belə qruplaşmasının olması isə razılaşmanın pozulmasıdır.
Ötən il dekabrın əvvəlində azərbaycanlı ekofəalların Laçın yolunda piketə başlamasından sonra Ermənistanın Qarabağdakı birləşmələri silahla təmin etmək imkanı itib.
İndi biz görürük ki, tədarük necə dolayı yollarla gedir. Azərbaycanın separatçıların avtomobilini yoxlaması erməni birləşmələrinin daha böyük təxribatı ilə başa çatıb, nəticədə hər iki tərəfdən ölüm olub.
Hadisə Qarabağda qeyri-qanuni erməni birləşmələrinin olması ilə bağlı problemin daha da böyüyəcəyindən xəbər verir. Azərbaycan Ermənistandan bütün silahlı birləşmələrin bu ərazidən çıxarılmasını tələb etməkdə getdikcə daha sərt olacaq (bu ədalətlidir). Çünki onlar təhlükəsizlik riskidir.
Görünür, Ermənistan bu millətçi hərbi dəstəni Qarabağda saxlamaq üçün hiyləgərcəsinə fürsət axtarmağa davam edəcək.
Azərbaycanla Qarabağ erməniləri arasında danışıqların başlanması haqqında
Hesab edirəm ki, Azərbaycan hakimiyyətinin nümayəndələri ilə Qarabağın erməni icmasının nümayəndələri arasında danışıqların başlanması Azərbaycanın erməni icmasının Azərbaycan cəmiyyətinə inteqrasiyası istiqamətində tutduğu strateji xəttin təzahürüdür, eyni zamanda, bu, Aİ-nin Ermənistanda missiyasının yaranması ilə bağlı yaranmış münaqişənin nəticələrindən biridir.
Məsələ burasındadır ki, Azərbaycanla Ermənistan arasında yaranmış problemli vəziyyəti həll etmək üçün nəinki bütün Qarabağın Bakının nəzarəti altına qayıtması, erməni icmasının bu ərazini tərk etməməsi, əksinə, öz ərazilərində qalması çox arzuolunandır. Qarabağ əhalisi Azərbaycan cəmiyyətinə inteqrasiya olunar. Bu, Azərbaycanın imicini bütün dünyada xeyli gücləndirər və bir çox başqa məsələlərin həllinə imkan verərdi.
İndi Avropa mediasının diqqəti Qarabağ ermənilərinə xeyli yaxınlaşanda (Aİ-nin missiyası Ermənistanda peyda olandan sonra) rəsmi Bakının Azərbaycan hakimiyyəti ilə Qarabağın erməni icması arasında əlaqə yaratmaq addımları diqqəti cəlb edəcək.
Azərbaycanın Qarabağın erməni icması ilə onların hüquq və təminatlarını müzakirə etməsi Rusiyada çox müsbət qarşılanır. Qarşılıqlı ittihamların intensivliyini azaltmaq, Qarabağın erməni icmasının Azərbaycana inteqrasiyası məsələsində konkret fəaliyyətə keçmək lazımdır. Axı ermənilərin sülh yolu ilə inteqrasiyası sülhün təminatı olmadan mümkün deyil. Hər kəs yaxşı bilir ki, Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə aparıb. Azərbaycan isə erməni əhalisinə təminat verir ki, heç bir qisas olmayacaq.
Sülh müqaviləsində Qarabağla bağlı bəndin olmamasına rəsmi İrəvanın razılığı haqqında
İrəvanın Azərbaycanla imzalanan sülh sazişinin mətnində Qarabağla bağlı bəndin yer almaması ilə razılaşmasının hekayəsi kifayət qədər qeyri-konkret və qeyri-şəffafdır. Burada natəmiz bir şey var. Bu məsələ daha aydın müzakirə tələb edəcək. Fakt budur ki, Ermənistanla Azərbaycan arasındakı münaqişənin əsl mahiyyəti Qarabağa gedib çıxır. Ermənistanla Azərbaycan arasında gedən müharibənin məğzi Qarabağdır.
Ermənistanla Azərbaycan arasında sülhün mahiyyəti isə Qarabağ münaqişəsinin tam həllidir. Ona görə də belə başa düşülür ki, bu vəziyyətin həlli sülh sazişində tam əksini tapmalıdır. Hər iki tərəf problemin həll olunduğunu sənədləşdirməlidir. Bəli, sərhədin demarkasiyası və delimitasiyası, Zəngəzur dəhlizinin problemi kimi məsələlər var. Amma yenə də Azərbaycanla Ermənistan arasında müharibə və sülh məsələsinin mahiyyətinin 90 faizi Qarabağdır.
Ermənistanın Qarabağın gələcək taleyində hansısa iştirakla bağlı bütün tələblərini geri götürməsi faktının müsbət izahı Qarabağın Azərbaycanın nəzarətinə qaytarılmasının tam bəyanıdır.
Amma İrəvanın Bakının şərtləri ilə razılaşaraq belə mövqe tutması barədə mənfi, hiyləgər izahat variantı da var.
İstənilən halda Azərbaycanla Ermənistan arasında mücərrəd çərçivə razılaşması mümkün deyil. Bütün ən aktual məsələlər sülh sazişində tam şəkildə göstərilməlidir.
İrəvanın Bakını Qarabağ ermənilərinin potensial “soyqırımı”nda ittiham etməsinin davamı haqqında
Ermənistan rəhbərliyinin Azərbaycanı Qarabağ ermənilərinin “soyqırımı”nda ittiham etmək cəhdləri bütövlükdə Ermənistan cəmiyyətinin “erməni soyqırımı” anlayışını bütün dünyaya sırımaq istəyinin bir elementidir. Ermənistanda Azərbaycanın Qarabağdakı hərəkətlərini yüz il əvvəl Osmanlı imperiyasında baş verən hadisələrlə əlaqələndirməyə çalışırlar. Bu iki hadisə süni şəkildə əlaqələndirilir. Ermənilər azərbaycanlıları türk hesab edirlər və onlar üçün Qarabağ türklərlə əbədi savaşın davamıdır. Əslində bu da mifdir, çünki ermənilərlə türklər arasında “əbədi müharibə” yoxdur.
Paşinyan müxtəlif Avropa platformalarında bəzi potensial qanlı hadisələrlə Avropa İttifaqını qorxutmağa və bu yolla onları daha da Cənubi Qafqaza sürükləməyə çalışır. Bu, Ermənistan rəhbərliyinin ümumi məntiqinə uyğundur. Başa düşür ki, Qarabağı təkbaşına tərk edə bilməz, Azərbaycan ordusu daha güclü olduğundan onu məğlub edə bilməz. Bu şəraitdə Ermənistan rəhbərliyi digər dövlətləri də erməni maraqlarını müdafiə etmək üçün təxribat törətməyə çalışır.
Ermənistan hakimiyyəti Rusiyaya təzyiq göstərməyə çalışırdı ki, Azərbaycan Rusiya sülhməramlı kontingentinin 5 illik mandatının sonunda Qarabağa öz qoşunlarını yeritməsin və əraziyə nəzarəti ələ keçirməsin. Amma Rusiya açıq-aydın Ermənistanın tərəfində vuruşmaq istəmir. İndi Ermənistan Avropa İttifaqını Cənubi Qafqaza sürükləməyə cəhd edir. İrəvan Azərbaycanla Qarabağa hansısa muxtariyyəti nəzərdə tutan hansısa sülh sazişi imzalamağa çalışır. Avropa İttifaqı isə muxtariyyətin qarantı olur. Yəni faktiki olaraq Ermənistan Aİ qoşunlarının təkcə Ermənistan ərazisinə deyil, həm də Qarabağa daxil olmasına çalışır.
Sergey Lavrovun Bakıya səfəri haqqında
Lavrovun Bakı səfəri Rusiyanın Ermənistandan daha çox Azərbaycanın tərəfinə keçməsini göstərdi. O, Ermənistanın üçtərəfli bəyanatın şərtlərini yerinə yetirməməsi, Qarabağı Azərbaycana qaytarmaq istəməməsi səbəbindən siyasi qüvvələrin yeni düzülüşü nümayiş etdirib. Bu bir tərəfdən. Digər tərəfdən, bu, ona görə baş verir ki, Ermənistan regionda Rusiyanın düşmənləri ilə yaxınlaşır.
Qarabağ məsələsinin həlli ilə bağlı
Hesab edirəm ki, Rusiyanın Qarabağın Azərbaycan olduğunu tanıması ilə bağlı razılaşma var. Amma eyni zamanda, Rusiya Qarabağın sülh yolu ilə Azərbaycana qayıtmasını istərdi. Rusiya Qarabağın erməni icmasının hüquqlarının təmin olunmasını da istərdi. Rusiya istərdi ki, Moskva Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması məsələsində əsas vasitəçi rolunu oynamağa davam etsin və vasitəçilik xətti Rusiyanın düşmənləri- ABŞ və Avropa İttifaqı tərəfindən kəsilməsin.
Eyni zamanda, Rusiya hesab edir ki, vəziyyət təkcə Azərbaycandan deyil, həm də Ermənistandan asılıdır. Ermənistan rəhbərliyi də münaqişənin hərtərəfli həllinə töhfə verəcək addımlar atmalıdır. Xüsusilə, Qarabağdan silahlı birləşmələri mərhələli şəkildə çıxarmaq, sərhədin demarkasiyası və delimitasiyası məsələsində irəli getmək, Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsi yolu ilə irəliləmək lazımdır.
Rusiyanın siyasətini formalaşdıran fundamental xəttlər var
Ermənistan rəhbərliyi Rusiyanın vasitəçiliyi ilə Azərbaycanla əldə olunmuş bir çox razılaşmaların, xüsusən də, Zəngəzur dəhlizi, demarkasiya və delimitasiyası ilə bağlı əldə olunan razılaşmaların icrasını getdikcə ləngitdiyi üçün Rusiya getdikcə daha çox Azərbaycan mövqeyinə daha çox meyilli olur. O dərəcədə ki, nəhayət, fövqəladə vəziyyət yaranarsa, Bakı Qarabağın qalan hissəsini öz nəzarətinə qaytarmaq üçün silahlı qüvvələrini istifadə etsin. Və nəzərə alsaq ki, Ermənistan Rusiyanın düşmənləri ilə hər cür əməkdaşlıq edir, o zaman bu halda Rusiyanın Azərbaycanın Qarabağ üzərində nəzarəti silah gücü ilə bərpa etmək üçün legitim hüququ olduğunu başa düşməsi daha da güclənir.
Tərcümə - Elçin Bayramlı
Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi