MİA

  • 1 403

Qubadlı aqrar sektora yeni nəfəs gətirəcək

image

Qarabağın ən abad rayonu işğaldan xilas ediləndə tanınmaz halda idi

Qubadlı rayonu 31 avqust 1993-cü il tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. İşğal nəticəsində rayondan 29997 nəfər məcburi köçkün respublikanın müxtəlif yaşayış məntəqələrində müvəqqəti yerləşdirilib. 94 yaşayış məntəqəsi, 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekti, 161 mədəniyyət obyekti, 7 məscid, 16 körpü dağıdılıb və yararsız vəziyyətə salınıb. 1080 ədəd kənd təsərrüfatı obyekti, 650 km avtomobil yolu, 2 su anbarı, 150 km magistral su xətləri, 4830 km elektrik xətləri, 165 km magistral qaz boru xətti, 9 tikinti idarəsi, 4 yol idarəsi, 18 ədəd dəyirman, 4 ədəd su nasos stansiyası, 120 ədəd elektrik yarımstansiyası və transformatorlar tamamilə dağıdılıb.

Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində 2020-ci il oktyabrın 25-də Qubadlının işğalına son qoyulub. Qubadlı rayonunun əsası 1933-cü ildə qoyulub, inzibati mərkəzi Qubadlı şəhəridir. İnzibati bölgüsünə 1 şəhər, 93 kənd, 31 inzibati-ərazi dairəsi aiddir. Qubadlı rayonu şimaldan Laçın, cənubdan Zəngilan, şərqdən Xocavənd və Cəbrayıl rayonları, qərbdən Ermənistanla həmsərhəddir. Bazarçay (Bərgüşad), Həkəri, Kiçik Həkəri, Meydan dərəsi çayları və çoxlu bulaqlar rayonun əsas su mənbəyidir.

Qubadlının iqtisadiyyatı və faydalı yataqları

Qubadlının iqtisadiyyatının əsasını taxılçılıq, heyvandarlıq, tütünçülük, baramaçılıq və üzümçülük təşkil edir. Rayonda 27-si mexanikiləşdirilmiş olan 31 süd-əmtəə ferması mövcud olub. Rayonda 2 üzümün ilkin emalı zavodu fəaliyyət göstərirdi. Süd-əmtəə fermalarının məhsulları yağ-pendir zavodunda emal olunurdu.

Qubadlı rayonu qiymətli faydalı qazıntı ehtiyatlarına malikdir. Rayonun ərazisi təbii dərman bitkiləri ilə də zəngindir. Qubadlı rayonunun Hacılı kəndində mişar daşı yatağı, Bərgüşad çayının sol sahilində yəşəm yatağı, Əliquluuşağı, Qundanlı, Muradxanlı və Başarat kəndlərində mərmərləşmiş əhəng daşı yataqları, o cümlədən Mollabürhan kəndinin cənubunda tuf daş yatağı, Xanlıq kəndində qum-gil yatağı, Eyvazlı kəndində əqiq yatağı mövcuddur. İşğaldan öncə tam gücü işləyən asfalt zavodu təkcə Qubadlıya deyil, eyni zamanda qonşu rayonlara da xidmət edirdi. İşğal zamanı zavod tamamilə dağıdılmışdı.

İnkubator-quşçuluq fabriki və balıqyetişdirmə vətəgəsi rayon əhalisini ət və balıq məhsullarıyla təmin edirdi. Daş karxanası və mərmər sexi əhalinin tələbatını əsaslı şəkildə ödəyirdi. Azərbaycan "Neftqazavtomat" təcrübə zavodunun rayonda yaradılmış filialında son tamamlama işləri gedirdi. Ümumiyyətlə, Qubadlı rayonunda 62 idarə və müəssisə fəaliyyət göstərirdi.

Qubadlı rayonunda 21 rabitə müəssisəsi var idi. 8 avtomat stansiyası quraşdırılmışdı. 1950 nömrəlik həmin stansiyalar gecə-gündüz xalqın xidmətində idi. Rayonun 33 səhiyyə müəssisəsində 56 həkim və 511 orta tibb işçisi fəaliyyət göstərirdi. 4 xəstəxana, 5 həkim ambulatoriyası, 54 feldşer-mama məntəqəsi, 4 aptek əhalinin sağlamlığı keşiyində dururdu. Rayon gigiyena-epidemologiya mərkəzi və profilaktik dezinfeksiya şöbəsi yüksək səviyyədə iş aparırdı.

Aqrar sektora Qubadlı dəstəyi

Aqrar sektorun inkişafı üçün Qubadlı rayonunun böyük potensialı var. Rayon yerli və xarici investorlar üçün münbit şəraitə malikdir. İşğaldan öncə rayonda ildə 15 min taxıl məhsulları, 12 min ton yem, 2 min ton tütün, 1.2 min ton ət və 2 min tona yaxın süd məhsulları istehsal olunurdu. Bu rayon dövlətə ildə 3 min ton üzüm satırdı. Dövrümüzün ən gəlirli kənd təsərrüfatı sahəsi hesab edilən baramaçılıq Qubadlı rayonunda uğurla inkişaf etdirilmişdi. Qubadlı işğaldan öncə hər il dövlətə 70 min ton barama təhvil verirdi.

Ekspertlər hesab edir ki, Qubadlının işğaldan azad edilməsi ilə Azərbaycan iqtisadiyyatının əkin dövriyyəsinə ən az 5 min hektar əkinə tam yararlı torpaq sahəsi qazandırdı ki, bunun da 3 min hektarında taxıl məhsulları, 1000 hektarlıq ərazidə isə yem məhsulları əkilməsi planlaşdırılıb. Bundan əlavə, rayonun 17 min hektardan artıq otlaq sahəsinin olması iri heyvan təsərrüfatlarının yaradılması üçün olduqca əlverişlidir. Daha dəqiq desək, bu rayonun imkanları ildə 70 min iri və xırdabuynuzlu heyvanın yemlənməsinə şərait yaradır ki, bu da ət məhsullarına görə Azərbaycanın region ölkələrindən etdiyi idxaldan asılılığını əhəmiyyətli dərəcədə azaldır.

Təbii yem və ot örtüyünün bol olması Qubadlı əhalisinin böyük əksəriyyətinin heyvandarlıqla məşğul olması üçün zəmindir. Yenidən qurulan Qubadlıda hər il 2 min tondan artıq ət və 18 min tondan artıq sd məhsullarının istehsal edilməsi planlaşdırılır.

Mədəni Qubadlı – kitabxanası, muzeyi, abidələri...

İşğala qədər Qubadlı rayonunda 21 orta, 15 səkkizillik, 15 ibtidai məktəb fəaliyyət göstərirdi. Bundan əlavə bir əyani-qiyabi, bir orta texniki peşə və iki musiqi məktəbi də gənc nəslin təlim-tərbiyəsində xüsusi rol oynayırdı. Məktəbəqədər müəssisələrin sayı 7 idi. Bu təlim-tərbiyə və təhsil müəssisələrində 1280 nəfər müəllim çalışırdı. Onlardan 925 nəfəri ali təhsilli idi. 43 nəfər məktəbəqədər müəssisələrdə çalışırdı. 5852 nəfər şagird ümumtəhsil məktəblərində təhsil alırdı. Məktəbəqədər müəssisələrdə 272 azyaşlı tərbiyə olunurdu.

Qubadlıda 111 mədəni-maarif müəssisəsi, o cümlədən 60 kitabxana, 10 mədəniyyət evi və 28 klab xalqa xidmət edirdi. 6 avtoklub fəaliyyət göstərirdi. 23 kino qurğusundan istifadə olunurdu. 125 ticarət, 96 iaşə obyekti qubadlılara mədəni xidmət göstərirdi. 25 məişət xidməti müəssisəsi tam gücüylə işləyirdi.

Qubadlı rayonunda ilk kitabxana 1936-cı ildən fəaliyyətə başlayıb. Mərkəzləşmə işi Qubadlı rayonunda 1980-ci ildə başa çatıb. Rayon Mərkəzi Kitabxanasında 4 şöbə var: Metodika və biblioqrafiya, Kitabişləmə və komplektləşdirilmə, Oxuculara xidmət, İnformasiya-resurs, Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbələri fəaliyyət göstərib. 1993-cü ilin 31 avqust Qubadlının işğalı zamanı kitabxananın 82 kənd kitabxana filialında 89 nəfər kənd kitabxana işçisi, 40 nəfər mərkəzi kitabxana işçisi olub.

1993-cü il hesabatına görə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin fondunda 600 minə yaxın kitab fondu, 2 mərtəbəli 24 otaq, oxu zalı, 21300 oxucu kontingenti olub. Zəngəzur ərazisində ən qədim yaşayış məskəni Qubadlı rayonunun Balahəsənli kəndində aşkar edilib. Xatırladaq ki, IV əsrə aid edilən "Sığınacaq" tipli bu yaşayış yeri Daranlar deyilən ərazidə yerləşir. Qubadlının Muradxanlı kəndindəki V əsrə aid Qalalı, Əliquluuşağı kəndindəki Göy Qala abidələri, XIV əsrə aid Yazı Düzündəki Cavanşir türbəsi, Dəmirçilər kəndindəki iki türbə, XVII əsrə aid Gürcülü kəndində olan türbə, XVIII əsrə aid Aşağı Xocamusaxlı kəndində olan türbə ondan xəbər verir ki, Qubadlıda qədim dövrlərdən elm mədəniyyət mərkəzləri və ibadət edənlər olub.

Qubadlı rayon Tarix-diyarşünaslıq muzeyində 5 mindən çox nadir eksponat toplanıb. Qubadlının işğalı zamanı ermənilər 5 mindən çox nadir eksponat saxlanılan Qubadlı tarix-diyarşünaslıq muzeyini də talan ediblər, bütün eksponatlar vəhşicəsinə məhv edilib. Qubadlının 4-cü əsrə aid "Gavur dərəsi"ndəki ibadətgah, V əsrə aid "Qalalı" və "Göyqala" abidələri, 14-cü əsrdə tikilmiş "Dəmirçilər" türbəsi, Balahəsənli kəndindəki "Cicimli ocağı", Hacı Bədəl körpüsü, Laləzar körpüsü, eləcə də Əyin, Yusifbəyli, Seytas, Qarağac, Aşağı Xocamusaxlı kəndlərindəki digər tarixi abidələri var.

Yenidən abad Qubadlı

Qubadlı üzrə həm aktiv tikintisi icra edilən, həm də layihələndirmə mərhələsində olan bir neçə tikililər var. O, deyib ki, Mahruzlu və Zilanlı kəndlərində tikinti işləri həyata keçirilir, rayon ərazisi işğalda olarkən dağıdılmış qaz, su, elektrik təchizatı yenidən bərpa edilir. Bu ilin birinci yarısında Qubadlının digər kəndi - Xanlıqda artıq şaquli planlama işlərinə başlanılıb. Muradxanlı, Hal, Həmzəli kəndlərində, həmçinin Qubadlı şəhər inzibati binasında, yaşayış kompleksində də layihələndirilmə işləri davam edir. Qubadlı şəhərindəki yaşayış kompleksinin tikintisinə bu ilin sonlarında start veriləcək.

Qubadlının məhv edilən yaşıl örtüyü də işğaldan azad olduğu gündən etibarən yenilənir. Kəsilmiş meşələri, məhv edilmiş bitki örtüyü yenidən boy qaldırır. Ümumiyyətlə, bütün işğaldan azad edilmiş rayonlarda yaşıllaşma ilə də bağlı böyük layihələr həyata keçirilir. O cümlədən, yol infrastrukturu əsaslı şəkildə yenidən qurulur. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq Qubadlı-Eyvazlı avtomobil yolunun tikintisi aparılır, Qubadlı-Laçın avtomobil yolunun layihələndirilməsi və tikintisinin həyata keçirilməsi məqsədilə ötən il ölkə başçısının ehtiyat fondundan 20 milyon manat ayrılmışdı.

Ümumiyyətlə, Qubadlı rayonu yenidən qurularkən memarlıqda tarixi keçmişi də nəzərə alınıb. Tarixi Qubadlı yeni Qubadlının timsalında yaşadılır. Yeni infrastrukturda Qubadlı rayonu üçün böyük işlər həyata keçirilir. Onlardan biri də müqasir standartlarla inşa edilən dördzolaqlı yoldur. Bu yol Şərqi Zəngəzur iqtisadi rayonundakı rayonlar arasında birləşməni təmin edəcək, iqtisadiyyata dəstək olacaq.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər