“Fransa Gürcüstanı Qafqazda özünün forpostuna çevirmək və bununla da Ermənistanı gücləndirmək üçün ABŞ-dan indulgensiya alıb”
Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, erməni tərəfi müxtəlif səbəblərdən KTMT və MDB-nin himayəsi altında keçirilən tədbirlərdə iştirak etməmək qərarına gəlib.
Parlamentdə hökumət saatı zamanı hökumət başçısından respublika rəhbərliyinin nümayəndələrinin postsovet məkanında inteqrasiya strukturlarının iclas və sammitlərində iştirakdan imtinaları ilə bağlı çoxsaylı demarşlarının nə demək olduğu soruşulub. Faktiki olaraq belə boykot kursunu təyin edən Paşinyan qeyd edib ki, KTMT öhdəliklərinə zidd olaraq Ermənistanın təhlükəsizliyinə təhdidlərə lazımi cavab verməyib.
“Ermənistan cəmiyyəti başa düşmür ki, nəyə görə ölkə rəhbərliyi hər dəfə bu tədbirlərdə iştirak etməlidir, təhlükəsizlik problemləri qaldırmalı və sonra əliboş qayıtmalıdır”- deyən baş nazir bununla da respublikada ictimai rəyə istinad etdiyini göstərib.
Paşinyan daha sonra KTMT-ni qınayıb ki, təşkilat Ermənistandakı məsuliyyət sahəsini de-yure müəyyən etməkdən imtina edir və rəsmi İrəvan görüşlərdə iştirak etməklə, Ermənistanın ərazi bütövlüyü və suverenliyini şübhə altına alan məntiqlə razılaşmış olardı.
Paşinyan əlavə edib ki, Ermənistan təhlükəsizlik əlaqələrini şaxələndirir. İrəvanın KTMT-dəki tərəfdaşları hazırda obyektiv səbəblər də daxil olmaqla, onu silahla təmin edə bilmirlər.
“İndi deyirik: yaxşı, bizdən inciməyin, amma alternativ tərəfdaşlar tapmalıyıq. Biz bu tərəfdaşları axtarırıq və tapırıq, müqavilələr bağlayır, silah və hərbi texnika əldə etməyə çalışırıq”.
Xarici siyasət kursuna gəlincə, Ermənistan KTMT-də qaldığı müddətdə bu kursda hər hansı dəyişiklik elan etmək fikrində deyil.
“Bu, bizim siyasətimizdir. Strateji baxımdan biz KTMT-dən çıxmaq barədə qərar qəbul etməyənə qədər siyasətimizdə dəyişiklik elan etmək fikrində deyilik”, - deyə Ermənistan lideri yekunlaşdırıb.
Təbii ki, çox qarışıq fikirlərdir. Yəni, Paşinyan, deyəsən, hərbi blokdakı tərəfdaşlarına açıq şəkildə bəyan edir ki, biz sizinləyik, amma sizə güvənmirik, ona görə də hər ehtimala qarşı yeni müttəfiqlər axtaracağıq. Lakin hələlik KTMT-ni tərk etmirik. Belə qəribə ifadə olunan mövqeyin arxasında nələrin dayandığını anlamaq asan deyil. Ermənistanın hakim komandası həqiqətən nə planlaşdırır?
Xarici analitiklər İrəvanın hərəkətləri haqda fikirlərini “Caliber” analitik mərkəzinə açıqlayblar. Ekspertlərin fikirlərini oxucularımıza təqdim edirik.
Yaxın Şərq üzrə ekspert, Moskva Dövlət Linqvistika Universitetinin xarici regionşünaslıq kafedrasının dosenti, tarix elmləri namizədi İkbal Dürre hesab edir ki, nitqin özü, onun tərtib olunma tərzi Paşinyanın içində olduğu tam çaşqınlıq vəziyyətini çox gözəl əks etdirir.
“Aydındır ki, Paşinyan bəlli səbəblərdən Rusiyaya və onunla bağlı olan hər hansı təşkilata, bloka güvənmir, digər tərəfdən kimə güvənəcəyi də bəlli deyil. Son onilliklərdə İraq hadisələrindən tutmuş Əfqanıstana qədər qlobal və regional hadisələrin fonunda, nəhayət, Yaxın Şərqdə baş verən son hadisələr fonunda ABŞ-ın rəhbərlik etdiyi Qərb bloku artıq öz tərəfdaşlarında əvvəlki etimadı ruhlandırmır. Bu, ümumiyyətlə, müxtəlif səbəblərdən Amerikaya güvənənlər arasında çaşqınlıq yaradır.
Paşinyan üçün vəziyyəti Türkiyənin NATO üzvü olması faktı daha da mürəkkəbləşdirir- hesab edirəm ki, bu kontekstdə əlavə izahata ehtiyac yoxdur”.
Dosent xatırladıb ki, rus dilində belə hallar üçün yaxşı ifadə var- nəyi istəyirsən, onu da ağrısını çəkirsən. “Paşinyan başqasının bağında xoşbəxtlik istəyir”. Amma bir sıra qlobal və regional amilləri nəzərə alsaq, bu, praktiki olaraq ümidsiz axtarışdır.
“Mən başa düşürəm ki, o, müəyyən mənada daxili siyasi şəraitin girovudur. O, eyni zamanda xarici və daxili təzyiq altındadır.
Bəli, Rusiyanın Ermənistandakı hərbi müttəfiqini itirmək riski var, lakin bu vəziyyət faktiki olaraq Ermənistanın özünün təhlükəsizliyi üçün daha böyük risklər yaradır. Demək istəyirəm ki, o, nəhayət, Rusiya və KTMT ilə münasibətləri kəsərsə böyük risk altında qalar.
Təbii ki, Paşinyanın ölkəsinin lideri kimi istədiyi kimi hərəkət etmək hüququ var, amma mən onun yerində olsaydım, KTMT-də qalmaqda davam edərdim. Eyni zamanda, təbii ki, mən Azərbaycanla mövcud reallıqları nəzərə alaraq konstruktiv əlaqələr qurardım. Başa düşürəm ki, bu onun xəyal etdiyi şey deyil. Ancaq bu, nəzərə alınmalı olan bir reallıqdır.
Dünya təcrübəsi göstərir ki, heç kim kiçik ölkələrə, onların fikrincə, “təhlükənin” qaynaqlandığı ölkələrlə konstruktiv münasibətlər qurmaqdan daha böyük təhlükəsizliyə zəmanət verə bilməz”,- Durre qeyd edib.
Qırğızstanlı politoloq və regional təhlükəsizlik eksperti Mars Sariyev bildirib ki, onun fikrincə, Paşinyan fasilə verir.
“Ermənistan hələ KTMT-dən çıxmayıb və Cənubi Qafqazda vəziyyətin bundan sonra necə inkişaf edəcəyini gözləyir. Fakt budur ki, indi ABŞ və ümumilikdə Qərb bu regionda siyasətini dəyişir. Axı Ermənistan vaxtilə Qafqazda Qərbin təsir aləti kimi çıxış edib. Bu köhnə hekayədir ki, Vatikan “Ermənistan” adlı layihə yaratdı və bununla da Qafqazda türk mühitində regiondankənar qüvvələrin iradəsini həyata keçirməyə başlayan bir ölkə meydana çıxdı.
İndi Ermənistan müharibəni uduzdu, mən hesab edirəm ki, hərəkətlərdə düzəliş oldu və biz gördük ki, Fransa Gürcüstanı Qafqazda özünün forpostuna çevirmək və bununla da Ermənistanı gücləndirmək üçün ABŞ-dan indulgensiya aldı. Ona görə də biz indi əsasən bu ölkə prezidentinin hərəkətləri ilə Tbilisinin Fransaya müəyyən meylini görürük. Məqsəd budur: Gürcüstan Qərbin forpostuna çevrilərsə, o zaman həm Türkiyə, həm də Azərbaycanla münasibətlərdə dərhal kəskin soyuqlaşma müşahidə olunacaq və müvafiq olaraq, Ermənistanın mövqeləri möhkəmlənəcək. Onda Ermənistanın Gürcüstandan keçməklə Qərbə birbaşa çıxışı olacaq. Nəticədə Qərb Cənubi Qafqazı parçalaya biləcək ki, regionlar ölkələri Türkiyə ilə, türk ölkələri isə Rusiya ilə qarşı-qarşıya gəlsin”,- Sariyev təhlil edir.
Ona görə də o hesab edir ki, Rusiya da bu vəziyyəti səssizcə müşahidə etməyəcək və Gürcüstanın güclü şəkildə Qərbə meyl etməyə başladığını hiss edən kimi, böyük ehtimalla ona hərbi təzyiq göstərəcək.
“Amma ümumilikdə Ermənistan gözləyir. Qərb Ermənistan və Gürcüstanın onun peykinə çevrilməsi kursunu götürüb və Paşinyanın çaşqın, məntiqsiz çıxışı məhz bununla bağlıdır- Cənubi Qafqazda vəziyyət dəyişir və hər şey Gürcüstanda hansı hadisələrin baş verəcəyindən, Tiflisdə hansı tendensiyanın qalib gələcəyindən asılıdır.
Düşünürəm ki, Moskva və Ankara vəziyyəti diqqətlə izləyir. Regionda yaranan qaynar nöqtə Gürcüstandır. Əgər bu ölkə ilə bağlı Qərb layihəsi uğur qazanarsa, o zaman Ermənistanın Avropaya çıxışı olan “pəncərəsi” yaranacaq. Üstəlik, gələcəkdə Gürcüstanı NATO-ya qəbul etmək istəyirlər. Əgər bu baş verərsə, o zaman Ermənistan üçün vəziyyət kəskin şəkildə dəyişəcək.
Ona görə də Ermənistana pauza lazımdır. Hesab edirəm ki, Paşinyanın açıqlamaları məhz bunu göstərir. İndi iki stulda oturublar. Əgər Qərbin Gürcüstandakı layihəsi uğursuz olarsa, Ermənistan KTMT-də və Rusiyanın təsir dairəsində qalacaq. Əks halda, o, tez bir zamanda özünü qərb istiqamətinə yönəldəcək”, - ekspert yekunlaşdırıb.
Elçin Bayramlı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti çərçivəsində hazırlanıb