MİA

  • 11 176

Peşəkar ordu yoxsa, hərbi xidmətdən pullu azadolma: düzgün seçim hansıdır? - ARAŞDIRMA

image

Müasir dövrdə ordunun gücü onun sayında deyil, mənəvi-psixoloji vəziyyətində, texnoloji arsenalında və peşəkar döyüş qabiliyyətindədir

Azərbaycanda hərbi çağırış qaydasının dəyişdirilməsi, hərbi xidmətdən azad olmağın əvəzində pul ödənişi ilə bağlı təklif verilir. Bu haqda təkliflər parlamentdə də bəzi deputatlar tərəfindən səsləndirilir. Bu yaxınlarda Milli Məclisin deputatı Elnur Allahverdiyev də bu barədə danışıb və deyib ki, bu, bir sıra ölkələrdə həyata keçirilir. Deputat hesab edir ki, büdcəyə vəsaitin ödənilməsi əvəzində xidməti 2, yaxud 6 ayda keçmək olar. Burada ilk növbədə gənclərin təhsil məsələsinə diqqət artırıla bilər - o deyib. Analoji təkliflər müxətlif ictimai şəxslər tərəfindən də irəli sürülür. Digər bir təklif kimi, peşəkar orduya keçilməsi irəli sürülür. Qeyd olunur ki, böyük say çoxluğuna malik adi ordudansa, daha az sayı olan mobil və peşəkar ordu daha effektlidir. Bu təkliflər nə dərəcədə düzgün və ədalətli yanaşmadır? Bu yazıda bu məsələlərə aydınlıq gətirməyə və hər iki təklifin optimallığını analiz etməyə çalışacağıq.

Pulunu ver, vətəni qorumaqdan azad ol?

Azərbaycanda alternativ hərbi xidmət məsələsi uzun illərdir ki, müzakirə predmeti olub. Müxtəlif səbəblərdən hərbi xidmət keçə bilməyən şəxslər üçün alternativ xidmət üsulu tətbiq olunur. Konstitusiyanın 76-cı maddəsinə görə, vətəndaşların əqidəsi həqiqi hərbi xidmət keçməyə ziddirsə, bunun alternativ xidmətlə əvəz olunmasına yol verilir.

Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv olarkən "Alternativ hərbi xidmət haqqında” Qanun qəbul etməyi öz üzərinə öhdəlik kimi götürüb. Bununla bağlı qanun layihəsi də hazırlanmışdı, lakin ölkənin müharibə şəraitində olması səbəbindən qanun qəbul edilmədi.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov isə deyib ki, Azərbaycan ordusunda xeyli müddətdir ki, müqavilə ilə müddətdən artıq hərbi xidmət var. Komitə üzvünün fikrincə, hər bir sağlam Azərbaycan vətəndaşı normal hərbi xidmət keçməlidir: “Azərbaycan ordusu həmişə döyüşə hazır olan vəziyyətdə olmalıdır. Müxtəlif səbəblərlə, pul ödəməklə hərbidən yayınmaq Azərbaycan üçün qəbuledilməzdir. Pul müqabilində hərbi xidmət keçməmək sosial ədalətsizlikdir və vətəndaşların vətəni qorumaq öhdəliyinə kölgə salır”.

Azərbaycan qanunlarına görə hərbi xidmətdən möhlət hüququ bəzi şəxslərə verilir. Sağlamlığı imkan verməyən, təhsil alan və ailə vəziyyətinə görə ata və anasından biri olmayan şəxslərə, əlil olan, 3 övladı olan şəxslər möhlət hüququ var və hərbi xidmətə getmirlər. Xidmətdən yayınmağa görə isə, Azərbaycan qanunvericiliyi əsasında müvafiq maddələr ilə cinayət məsuliyyətinə cəlb edilirlər. Müharibə dövründə belə şəxslər fərari hesab olunur.

Kimlərinsə hərbi xidmət keçməməsi üçün dövlətə pul ödəməsi ədalətli yanaşma ola bilməz. Bu cətəndaşlar arasında sosial-iqtisadi vəziyyətinə görə aşkar ayrı-seçkilik demək olardı ki, buna da Konstitusiya icazə vermir. Belə ki, maddi imkanı yüksək olanlar hərbi xidmətə getməyəcək, vətəni qorumayacaq, lakin maddi imkanı olmayanlar bunu edəcəksə sosial ədalətdən və hüquqi bərabərlikdən söhbət belə gedə bilməz.

Peşəkar ordu nə üçün daha effektlidir?

Peşəkar orduya keçməklə, hərbi xidmətdən pul müqabilində azad olmaq tamam fərqli şeylərdir. Peşəkar ordu vacibdir və mütləq yaradılmalıdır. Dövlət 100-150 minlik ordu saxlamaq əvəzinə 30-50 minlik peşəkar ordu saxlaya bilər ki, bu xərc cəhətdən də daha optimal olar. Bu orduda xidmət edənlər daimi olaraq maaş alacaqlar və bu, onların peşələri olacaq. Ordu üçün fiziki və psixoloji cəhətdən güclü şəxslər seçiləcək və onlar xüsusi təlimlərlə peşəkarlaşdırılacaq. Belə əsgərlərlə adi əsgərlər arasında böyük fərq var. Elə son müharibədə xüsusi təyinatlıların hərbi əməliyyatları adi hərbçilərdən necə daha yüksək peşəkarlıqla və daha effektiv apardığını aydın gördük.

Digər vətəndaşlar isə qısamüddətli hərbi təlimlərə cəlb oluna bilər 3 aylıq və ya 6 aylıq. Bu müddətdə onlara hərbi nizam-intizam, silah və texnika istifadəsi öyrədilə bilər. Nə vaxtsa ehtiyac olduqda ehyiyat qüvvə sayılan bu şəxslər orduya çağrıla bilər və döyüşlərdə də iştirak edə bilər. Bu daha effektli olardı.

Məlum olduğu kimi, Azərbaycan Ordusunun sayı 100 mindən çoxdur, lakin Qarabağ müharibəsində ordunun 10-15 faizi döyüşdü və bu kifayət etdi. Qısa desək, 30 minlik peşəkar ordu 1000 minlik adi ordudan daha güclüdür. İndiki dövrdə güc sayda deyil, peşəkarlıqda, müasir texnologiyalarda və düzgün əməliyyatların təşkil olunmasındadır.

Azərbaycanda orduya həddən artıq çox vəsait xərclənir. Dövlət büdcəsindən ən yüksək ayırmalar məhz ordu və təhlükəsizlik xərcləridir ki, bu vəsait də 6 milyarddan çoxdur. Artıq ölkəmizin işğalda olan əraziləri yoxdur və böyük müharibə ehtiyacı da yoxdur. Ermənistan isə o qədər zəif vəziyyətdədir ki, heç vaxt bizimlə müharibə etmək riskinə gedə bilməz. Edərsə belə, bizim 20-30 min nəfərilik ordu bölmələrimiz kifayətdir ki, Ermənistanı tam məğlubiyyətə uğratsın. Çünki ordumuzun silah texnika arsenalı ermənilərdən 5-10 dəfə daha çox, daha güclü və daha müasirdir. Belə bir ordu yaratmaq üçün çox böuyük vəsaitlər və vaxt tələb olunur ki, Ermənistanın belə bir imkanının olması yaxın gələcəkdə nəzəri cəhətdən də mümkün deyil. Güclü ordu yalnız güclü iqtisadiyyat sayəsində mümkündür.

Ona görə də hesab edirik ki, pulla əsgərlikdən azad olma kimi ədalətsiz və effektsiz addımın yerinə, bütün vətəndaşlara eyni yanaşma ilə peşəkar ordu yaratmaq daha doğru addım olardı. Bu halda orduya ayrılan vəsaitlər də azalar və həmin maliyyə sosial və iqtisadi sahələrə ayrıla bilərdi.

Yeni dövr Azərbaycanda müharibə dövrü deyil, elmi və iqtisadi inkişaf dövrü olmalıdır. Bunun nəticəsində sosial inkişafımız da güclənər. Bundan sonrakı dövrdə müasir, sivil, elmi inkişafa malik bir ölkə üçün çalışmalıyıq.

21-ci əsrdə ordunun gücü sayında deyil...

Bu sistemə keçmək üçün bir neçə il vaxt tələb olunacaq, ona qədər isə bəzi tədbirlərin görülməsi vacibdir. Bunlardan biri hərbi xidmət yaşının artırılmasıdır. İndiki 18 yaşlı gənclərin çoxu fiziki cəhətdən zəifdir və əsgərlik yükünün ağırlığını qaldıracaq gücdə deyillər. Ona görə də, hərbi xidmət yaşını 20-yə qaldırmaq fikrimizcə daha düzgün olardı.

Hərbi xidmət yaşının 18 olması təhsilə də zərbə vurur. Belə ki, məktəbi bitirdikdən sonra ilk imtahanda ali məktəbə qəbul ola bilməyən oğlanlar hərbi xidmətə gedir, 1,5 il sonra qayıtdıqda isə bildikləri də yadından çıxır və ali məktəbə qəbulda çətinlik çəkir. Elə də, institutu bitirdikdən sonra 1 il hərbi xidmətdə olan şəxslər qayıtdıqdan sonra işə adaptasiya olmaqda çətinlik çəkirlər.

Digər bir addım isə hərbi xidmət müddətinin azaldılması ola bilər ki, hazırda 1,5 il olan əsgərlik müddəti 1 ilə, ali təhsillilər üçün isə 1 ildən 6 aya endirilə bilər. Bir şəxsin hərbi biliklərə yiyələnməsi üçün bu vaxt tam kifayətdir.

Ümumiyyətlə, indiki dövrdə ordunun gücü onun sayı ilə ölçülmür. Malik olduğu texniki arsenalı, güclü əməliyyatlar hazırlamağa qadir qərargahı, peşəkar döyüş qabiliyyəti ilə ölçülür. Məsələn, Türkiyə NATO üzvləri arasında əsgər sayına görə 2-ci yerdədir. Lakin ondan hərbi cəhətdən dəfələrlə güclü olan dövlətlər, məsələn, Britaniya, Fransa kimi ölkələr çox əsgər saxlamır. Buna ehtiyacları das yoxdur. Onlar pulu texnologiyalara ayırırlar. Bu dövlətlərin ixtiyarında son dərəcə qüdrətli hərbi texnologiyalar var. Bir neçə güclü texnika ilə 1 milyon əsgəri olan ordunu məhv etmək mümkündür. 5-ci nəsil qırıcı və bombardmançı təyyarələr, atom sualtı qayıqları, qitələlərarası ballistik raketlər... bunlara malik olan dövlətin çox əsgər saxlamasına ehtiyac yoxdur.

Azərbaycan isə Cənubi Qafqazda həm iqtisadi, həm hərbi, həm siyasi cəhətdən ən güclü ölkədir, özü də digər 2 qonşudan dəfələrlə güclü. Bu halda bizim böyük say tərkibinə malik ordu saxlamağımızdansa, güclü hərbi texnologiyalara, yüksək peşəkarlığa malik daha azsaylı mobil ordu saxlamağımız hər cəhətdən daha sərfəli addım olardı.

Ümid edirik ki, bu məsələlər parlamentdə müzakirəyə çıxarılacaq və düzgün qərarlar qəbul olunacaq.

Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər