Hazırda Bakı öz tarixinin ən mühim tədbirlərindən birinə ev sahibliyi edir. 11-24 noyabr tarixlərində Bakıda COP29 konfransı təşkil olunub. Bakı bu konfranda iştirak etmək üçün gələn beynəlxalq nümayəndələri, turistləri qonaq edir. COP, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası üzərində ali qərarların verilməsi üçün yaradılmış qurumdur. Konfrans çərçivəsində dünyanın təxminən 190-dan çox ölkəsini təmsil edən 80-100 min nəfərə qədər nümayəndə heyətinin Bakıya gəldiyi bildirilir. Ekoloq Jurnalistlər Birliyinin sədri, jurnalist-ekoloq Cəmşid Bəxtiyarla bu mövzu ətrafında müzakirə apardıq.
-Azərbaycan bu il BMT-nın İqlim Dəyişikliyi Konfransına (COP29) ev sahibliyi edir. Bu Azərbaycan üçün nə vəd edir?
- BMT nin İqlim Dəyişikliyi Konfransının növbəti 29-cu toplantısının Azərbaycanda keçirilməsi, Azərbaycanın bu tədbirə ev sahibliyi etməsi Azərbaycan üçün bir çox dividendlər vəd edir. Siyasi dividendlərdən əlavə, Azərbaycandan da yan keçməyən qlobal problemlər - ətraf mühit problemləri, məsələn, səhralaşma prosesinin, şoranlaşmanın sürətlənməsi, eyni zamanda meşələrin tükənməyə doğru getməsinin müzakirəsi demədkir.
Əlbəttə meşələrin tükənməsi səhralaşma prosesinin tərkib hissəsi sayılır. Azərbaycanın meşə fondu getdikcə azalan xəttlə inkişaf edir. Son 80 ilin statistikasına diqqət eləsək, görəcəyik ki, Azərbaycanın 80 il əvvəlki meşə fondunun indi heç 60 faizi qalmayıb. Bu, acınacaqlı bir göstəricidir və Azərbaycanda bu prosesin qarşısının alınması istiqamətində güclü bir təkan olacağını COP29-dan gözləmək olar. Bu tədbirin Azərbaycanda keçirilməsinin xüsusi bir təkan olacağını gözləmək olar və buna çox ümid edirəm.
-Tükənən enerji ehtiyatlarına alternativ ölkəmizdə ən əlverişli yaşıl enerji imkanı nədir? Külək, günəş, su ilə enerji imkanları necə dəyərləndirilməlidir?
- Alternativ enerji resurslarına görə bizim ölkəmiz planetimizin ən zəngin ölkələrindən biri hesab olunur. Bizim ölkənin müxtəlif əraziləri, Bakı və Abşeron ərazisi həm külək enerjisi üçün, həm də günəş enerjisi üçün çox əlverişli imkanlara malikdir. Məsələn, Qobustandakı Günəş Günəş enerjisi stansiyası indiyə qədərki göstəricilərinə görə sübut edir ki, burada həqiqətən də günəş enerjisi üçün çox faydalı imkanlar var və bu imkanlardan təbii ki, istifadə etmək ətraf mühit problemlərinin həllində xüsusi bir rola malikdir.
Eyni zamanda külək enerjisindən istifadə barədə də bunu demək olar. Külək enerjisi təkcə Bakı, Xəzər sahili zolaqda deyil. Eyni zamanda bizim yüksək dağlıq ərazilərdə də böyük imkanlar var. Bunlardan istifadə etmək üçün faydalı mövqelər mövcuddur. Məsələn, dağ yüksəkliklərində güclü küləklərin olmasını, dağda yaşayan, dağlıq ərazilərimizə bələd insanların hər biri təsdiq eləyə bilər. Məsələn, Kəlbəcərin Sarıyer yaylağında ilin bütün fəsillərində güclü küləklər əsir, xüsusilə də qış aylarında.
Yəni belə ərazilərimiz kifayət qədərdir, bu ərzilərin həmin imkanlarından ağıllı şəkildə istifadə etsək, əlbəttə, bu, həm də enerji bolluğu deməkdir, həmçinin ətraf mühit, problemlərin həllində də bunların böyük faydası var.
Bu fayda nədən ibarətdir? Məsələn, biz bilirik ki, bir çox dağlıq ərazilərdə qazlaşdırma mümkün olmadığına görə, odundan yanacaq kimi istifadə çox qədim zamanlardan bir ənənə şəklini alıb və bu, çox təəssüf ki, hələ indiyə qədər davam edir. Meşələrin mühafizəsi nə qədər yaxşı təşkil olunsa belə, heç kim ailəsinin qışda soyuqdan donmasını qəbul etməyəcək. Təbii ki, buna görə də hər hansı bir üsulla meşədən odun gətirib qışda yanacaq kimi istifadə etməyə can atacaq. Bunun qarşısını heç nə ilə almaq mümkün deyil. İnsanları qışın şaxtası ilə baş-başa buraxmaq təbii ki, bu çıxış yolu deyil. Bu halda bizim ağlımıza ən yaxşı, ən faydalı bir çıxış yolu kimi alternativ enerji mənbələrindən həmin ərazilərdə istifadə etmək və gəlir və bu imkanlardan istifadə olunarsa, həm ətraf mühit problemlərinin həllinə nail olmaq olar, həm də enerji bolluğu yaratmış olarıq və buna görə də alternativ enerji mənbələrindən istifadə istənilən halda fayda gətirir.
-Biokütlədən alınan enerji bizim ölkəmiz üçün effektiv ola bilərmi? Buna yetərli təminat varmı?
-Biokütlələrdən alınan bioqaz-metan qazı istehsalı imkanları var. İstənilən bir maldarlıq, heyvandarlıq ferması yaxınlığında bu enerjidən istifadə üçün imkanlar var və bu imkanlardan təbii ki, ağıllı şəkildə istifadə olunarsa, bunun bir çox faydaları ola bilər. Digər alternativ enerji növlərindən bioenerji təbiətə, cəmiyyətə verdiyi faydalar baxımından daha üstündür. daha faydalıdır. Bu enerji növü daha çox təbii qazın alternatividir, çünki bioqaz qurğularının istehsal etdiyi enerji metan qazından ibarətdir və bu da təbii qaz kimi yanar qazdı. O təbii qaza nisbətən daha ağır yanacaqdır, yəni onun verdiyi istilik enerjisi daha çoxdur, istilik əmsalı daha üstündür.
Digər tərəfdən, məsələn, bioqaz enerjisinin xüsusi bir xətlərlə çəkilişinə ehtiyac yoxdur. Lokal qurğulardan istifadə olunur və elə mövcud olduğu yerdə də istifadəsi mümkündür. Təbii qazın isə yüksək dağlıq regionlara təchizatında bildiyimiz çətinliklər var. Relyef, uzaqlıq məsələləri, ümumiyyətlə daha çox vəsait tələb olunur. Amma bu vəsaitin tələb olunmadığı bir enerji növü axtarmalı olsaq, bioqaz enerjisinin üzərində dayanmalıyıq. Bioqaz enerjisinin istənilən heyvandarlıq təsərrüfatı olan yerlərdə tətbiqi mümkündür. Yəni heyvandarlıq təsərrüfatlarının tullantısını, peyinini bioqaz qurğularında xüsusi bir prosesə məruz qoymaq əldə edilir.
Bu prosesdə peyinin tərkibindəki biorqanizmlər, mikroorqanizmlər aktivləşdirilir. Onlar da bir neçə qrupa bölünürlər - psixofillər, termofillər, mezofillər. Mezofillər ikinci yerdədir, temperatur tələbatına görə. Termofillər isə 45 dərəcədən yuxarıda aktivləşirlər. Psixofillər və mezofillər daha aşağı temperaturlarda aktivləşə bilirlər və bunların hər hansı bir reaktorda aktivləşdirilməsi yolu ilə peyindən əmələ gətirdiyi qaz, təbii qazın alternativ olaraq bir yanacaq kimi istifadə oluna bilər. Bu üsul meşələrin qorunmasında ən faydalı resursdur. Digər tərəfdən bioqaz qurğularının əsas faydası heyvandarlıq təsərrüfatlarının tullantısının ətraf mühitə verdiyi zərərin qarşısını ala bilməsidir. Bir çox ekoloqlar hətta bu zərərin qarşısını almaq üçün heyvandarlıq təsərrüfatlarının azaldılmasını, bir çoxları isə ümumiyyətlə ixtisarına dair çağırışlar edirlər.
- İstixana qazları emissiyalarını nəzərdə tutursunuz?
-Bəli. Peyin heyvandarlıq təsərrüfatlarının tullantısıdır, atmosferə açıq şəkildə atıldığı zaman orada gedən xüsusi proseslər nəticəsində ayrılan metan qazı atmosferin yuxarı qatlarına qalxır və istixana effekti deyilən problemin yaranması ilə nəticələnir. Bu metan qazının bioqaz qurğularının reaktrında toplaşması isə bu qazdan faydalı bir enerji növü kimi istifadə etmək deməkdir. Bununla metan qazının atmosferə atılmasının qarşısını alırıq və istixana effekti yaranmasındakı iştirakına mane olmuş oluruq.
Üstəlik bioqaz qurğusunun verdiyi faydalar bununla bitmir. Bioqaz qurğularının daha bir faydası isə həmin istifadə edilən peyindəki mikroorqanizmlər o peyini həzm edərək yeyib yenidən ifraz etməsidir və həmin peyin artıq peyin olmaqdan çıxaraq bioqumusa çevrilir. Bioqumus isə ən faydalı və ən qiymətli gübrədir. Onun Avropadakı 20 il bundan əvvəlki qiyməti 4000 evro idi. İndiki qiyməti düzü necədir, onu bilmirəm, amma yəqin ki, bu son bahalaşmalar, inflyasiya bioqumusun da qiymətində artıma səbəb olub. Yəni bu çox faydalı bir gübrə növüdür və həmin biokütlə enerjisi ilə əldə eləmək olur. Digər tərəfdən isə təbii qaz xətlərinin çəkilişinin tələb etdiyi artıq xərclərdən yaxa qurtarmış oluruq.
-Yaşıl enerjidən faydalanan hansı ölkənin təcrübəsi bizim üçün yol xəritəsi ola bilər?
-Yaşıl enerjidən faydalanan ölkələr çoxdur. Məsələn, bir çox Avropa ölkələri, o cümlədən Skandinaviya ölkələrində. Almaniyanın özündə, bir çox başqa Avropa ölkələrində, Hollandiyada alternativ enerjilərdən gen-bol istifadə olunur. Onların bizim üçün yol xəritəsi ola bilməsi bəlkə də mümkündür, amma mən bunu istəməzdim. Çünki mən daha üstün bir modelin Azərbaycanda tətbiq olunmasını gözləyirəm və biz buna nail ola bilərik. Ölkə başçısının bu sahədə atdığı addımlar və onun bu sahədəki irəliləyişi, bu tətbiqin bizə verə biləcəyi faydanı çox gözəl anlaması, bir çox məsələlərin tezliklə həll olunacağını, bu istiqamətdə tezliklə yüksək bir inkişafa nail olacağımızı proqnozlaşdırır. Mən buna ümid edirəm və inanıram.
-Bakı kimi küləkli bir şəhərdə küləkdən enerji almaq üçün çox vəsait tələb olunur?
-Enerji imkanları külək, günəş, su, eyni zamanda bioenerji sahəsində hər regiona görə müxtəlif cür dəyərləndirilməlidir. Məsələn, dağ çaylarının üzərində mini su elektrik stansiyalarının tikilməsi xüsusi bir enerji bolluğu yaratmağa qadirdir. Məsələn, təkcə işğaldan azad olunandan bəri Kəlbəcərin ərazisindən axan Tərtər çayı üzərində bir neçə mini su elektrik stansiyası tikilib və artıq Kəlbəcər bir bölgə olaraq nəinki özünü, hətta qonşu bölgələri də elektrik enerjisi ilə təchiz etmək gücündədir. Hal hazırda orada təqribən 4-5 mini elektrik stansiyası istifadəyə verilib. Amma bu heç də tam siyahısı deyil orada tikiləcək su elektrik stansiyalarının. Təkcə Tərtər çayı üzərində 12 belə kiçik mini su elektrik stansiyası tikilməsi planlaşdırılır. Onlardan 4 və yaxud 5-i artıq istifadəyə verilib. Vaxtilə Kəlbəcər yeni işğaldan azad olunanda ora Daşkəsən ərazisinə çəkilən elektrik xətti ilə indi artıq Kəlbəcərə deyil, Kəlbəcərdən elektrik enerjisi nəql edilir və bu, qonşu rayonların ehtiyaclarına yönəldilir.
Təkcə Bakıda deyil, külək enerjisindən istifadə imkanları Azərbaycanın başqa regionlarında da var. Amma hətta Bakı, Abşeron, ümumiyyətlə Xəzər sahili ərazilər külək enerjisindən istifadə üçün böyük imkanlar verməsinə baxmayaraq, bəli, külək enerjisindən istifadə də o qədər də ucuz deyil. Niyə? Ona görə ki, o qurğuları biz özümüz istehsal eləmirik. Biz onları başqa istehsalçı ölkələrdən alıb gətiririk və onlar onu heç də ucuz qiymətə satmırlar. Günəş enerjisi əldə etmək üçün lazım olan günəş panelləri və onun digər aksessuarlarını, akkumlyatorları bahadır.
Bir evin günəş enerjisi ilə təchiz olunması üçün 12 -15 min manat vəsait tələb olunur, 12-15 min manatı hansı ailə günəş elektrik enerjisinə xərcləyə bilər? Ondansa elə vərdiş etdiyimiz enerjidən istifadə edərik ki, ayda 50-60 manat verib elektrikə olan tələbatı ödəyirik. Yəni o demək istədiyim odur ki, günəş, külək enerjisindən istifadə üçün qurğular çox bahadırlar. Amma biz, madam ki, bu sahəyə bir ölkə olaraq maraq göstəririk, yaxşı olardı ki, bu qurğuların istehsalına nail ola bilək ölkəmizdə. Xüsusilə də külək enerjisindən istifadə üçün külək pərləri istehsal baxımından çətinlik yaradan bir sahə deyil, onlara nail ola bilərik. O zaman əlbəttə, siz dediyiniz kimi çox ucuz başa gələr bizə külək enerjisi və onun faydalarından biz də yararlanmış olarıq.
-Bərpa olunan enerji mənbələrinin payının artması üçün hansı tədbirlər görülməlidir?
-Əlbəttə ki, alternativ enerji poliqonlarının sayını artırmaq lazımdır. Bu sahəyə xüsusi yatırımlar eləmək lazımdır dövlət səviyyəsində. Günəş enerji poliqonları, külək enerji stansiyaları, çoxlu su elektrik stansiyalarının bunların sayını artırmaq, genişləndirmək lazımdır. Amma bioqaz enerjisindən istifadənin bu siyahıya əlavə olunması, onun da payının sanballı bir yer tutması üçün başqa tədbirlərə də ehtiyac var. Bu nədir? Kənd təsərrüfatı, heyvandarlıqla məşğul olan insanların bu sahəyə marağını artırmaq lazımdır. Təbliğatı müəyyən bir səviyyəyə qaldırılmalıdır. Bu bir jurnalistin yazması ilə kifayət eləmir, ümumiyyətlə, mətbuata bu sahənin təbliği ilə bağlı xüsusi tapşırıqlar verilməlidir. Jurnalistlər əlbir olaraq bu sahənin təbliğatına xüsusi diqqət ayırmalıdırlar. Yəni mətbuatın rolu danılmazdır.
Digər tərəfdən, dövlət həmin təsərrüfat sahiblərini maraqlandırmalıdır ki, onlar alternativ enerjinin məhz bu növündən - bioqazlardan istifadə etsinlər. Çünki bu xüsusi bir əziyyət tələb eləyən işdir. Təsərrüfat sahibi üçün əlavə bir fiziki əməkdir bu, peyinin ora yüklənməsi, bu qurğuya qulluq olunması əlavə işdir. Dövlət təkcə enerji təchizatı baxımından yox, əlavə olaraq əməyi qiymətləndirilməlidir ki, təsərrüfatçı maraqlı olsun. Yəni bir təsərrüfatı üçün əlavə bir bioqaz qurğusu sadəcə qaz almaq məqsədi daşımamalıdır, həmin təsərrüfat sahibindən gübrənin satın alınması dövlət səviyyəsində təşkil olunmalıdır. Əlavə olaraq onun bu bioqaza çəkdiyi zəhmət ödənilməlidir.
Burada dövlət nə qazanacaq? Zərərli qazların atmosferə açıq şəkildə atılmasının qarşısını alacaq və onun bayaq sadaladığım zərərlərindən atmosferi qorumuş olacaq, üstəlik zəhmətkeş insanın zəhməti qiymətləndiriləcək. Əks halda bioqaz enerjisinin tətbiqinə edilən hər hansı bir tətbiq sonda uğursuzluqla nəticələnəcək. Hər hansı bir həvəskar ekoloq ola bilər ki, buna cəhd eləsin, hər hansı bir şəkildə buna nail olsun. Amma onun davamlı olaraq bunu sona qədər bu qurğunu işlək vəziyyətdə saxlaması və bir nümunə kimi hamıya göstərməsi ki, baxın necə də faydalıdır, bu qeyri-mümkündür. Qonşusu ondan bir fayda görməyəcək, çünki o, bunu dəlilik hesab edəcək ki, bu qədər əziyyət çəkir. Fikirləşəcək ki, ayda 10 -15 manat qaza pul xərcləyir və qazla təchiz olunur, amma bu adam gör nə qədər əziyyət çəkir ki, nə var, nə var 15 manat pula qənaət edəcək. Onlar bunu belə qiymətləndirirlər. Amma əslində isə bayaq sadaladığım faydaları var, dövlətə, atmosferə, dünyaya. Ona görə bu cür təşəbbüs göstərən həvəskar ekoloqlar dövlət səviyyəsində qiymətləndirilməlidir və bu yolla insanlar təşviq edilməlidir.
Lalə Mehralı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə Ekologiya və ətraf mühitin mühafizəsi istiqaməti çərçivəsində hazırlanıb