“Daşkənddə Avrasiyanın regionlararası siyasətin konfiqirasiyasını dəyişdirə biləcək əlamətdar bir hadisə baş verdi. Mərkəzi Asiya dövlətlərinin başçıları Azərbaycanı Məşvərət Görüşləri formatına tam şəkildə qəbul etmək qərarına gəldilər. Siyasi xəritədə ortaya çıxan müvəqqəti razılaşma və ya tərəfdaşlıq deyil, ortaq inkişaf məntiqinə, oxşar geoiqtisadi baxışa və strateji maraqlara malik ölkələri birləşdirən yeni bir əlaqələndirici xətt əmələ gəldi.” Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov bildirib.
Onun sözlərinə görə, bu sistemin konturları uzun illər ərzində ticarət, enerji, nəqliyyat, mədəni mübadilə, qarşılıqlı diplomatik dəstək və liderlər arasında davamlı təmaslar vasitəsilə formalaşıb. Bu gün həmin konturlar institusional forma alıblar. Azərbaycan artıq dəvət olunmuş iştirakçı deyil, bərabərhüquqlu iştirakçı kimi bu formatda iştirak edən dövlətdir. Bununla da, Mərkəzi Asiyanın beş dövləti eyni anda Azərbaycanın iştirakının bütün regionun maraqlarına uyğun olduğunu təsdiqlədi.
K.Bayramov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışı görüşün əsas və yaddaqalan hadisələrindən biri oldu: "Dövlətimizin başçısı Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığın əsas sahələrini qeyd etdi, azad edilmiş ərazilərin bərpasına və Mərkəzi Asiya dövlətlərinin töhfəsinə toxundu, nəqliyyat gündəliyini ətraflı şəkildə izah etdi, rəqəmsal rabitə və enerji perspektivlərindən danışdı və Azərbaycanın qoşulmaq qərarının münasibətlərin qardaşlıq xarakterini əks etdirdiyini və geniş coğrafi ərazidə əməkdaşlığı gücləndirəcəyini vurğuladı".
Deputatın qənaətinə görə görüşün nəticələri aydındır, Azərbaycanın üzvlüyü regional yaxınlaşmanın məntiqi davamıdır: "Mərkəzi Asiya və Azərbaycan ölkələrimizin siyasi və iqtisadi baxımdan güclənməsinə və regionun ümumi potensialının artmasına yol açan ortaq siyasi üfüq yaradır. Bu format Azərbaycan timsalında Şərqlə Qərbi birləşdirən, tranziti təmin edən, enerjini inkişaf etdirən, rəqəmsal infrastruktura investisiya qoyan və beynəlxalq nüfuzunu gücləndirən iştirakçı qazanır. Azərbaycan isə, öz növbəsində, öz qaydalarını formalaşdıra və regional proseslərə yeni miqyasda təsir göstərə bilən strukturun bir hissəsinə çevrilir".
K.Bayramov həmçinin qeyd edib ki, Daşkənd görüşü regional əməkdaşlığın xarici çağırışlara cavab verə biləcək bir səviyyəyə çatdığını nümayiş etdirdi. Azərbaycan bu formata əhəmiyyətli siyasi kapitala, strateji baxışa və real inkişaf vasitələrinə malik bir dövlət kimi qoşulur. Bu qərar, Mərkəzi Asiya və Azərbaycanın gələcək üçün ortaq bir məntiqə əsaslanaraq birgə hərəkət edəcəyi yeni bir mərhələ açır.