MİA

  • 5 601

Qarabağın inciləri: Şuşanın pasportu Üzeyir bəy – III YAZI

image

O, Azərbaycan müsiqisinin dahisi sayılır. Dünyaşöhrətli bəstəkar, görkəmli musiqişünas, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi, Şuşanın pasportu, siması olan dahi Üzeyir Hacıbəyov.

Gələcəyin musiqi dühası 1885-ci il sentyabrın 18-də Şuşa şəhərinin Ağcabədi kəndində anadan olub. Onun atası Əbdülhüseyn bəy öz dövrünün ziyalılarından, söz sahiblərindən olub, uzun müddət Xurşidbanu Natəvanın mirzəsi kimi fəaliyyət göstərib. Anası Şirinbəyim isə Qarabağın məşhur Əliverdibəyovlar nəslindən olub. 5 uşaqlı ailənin oğlu olan Üzeyir ilk təhsilini Şuşadakı ikiillik rus-tatar məktəbində alır. Elə bu ərəfədə də musiqi duyumu ilə fərqlənir. Ondakı bu həvəsi və istedadı görən də elə öz dayısı olur. Üzeyir, ilk müəllimi, Azərbaycan musiqisinin bilicisi Ağalar bəy Əliverdibəyovun ən böyük kəşfidir desək, yanılmarıq. O, dayısı ilə Azərbaycan musiqisinin zənginliyini rus-tatar məktəbində oxuyarkən öyrənir.

1899-1904-cü illərdə Qori şəhərində müəllimlər seminariyasında təhsil alan Üzeyir hər zaman zəngin dünyagörüşünə görə bu illərə borclu olduğunu deyib. Üzeyir bəy seminariya illərində qabaqcıl dünya mədəniyyəti ilə yaxından tanış olub, burada Avropa musiqi klassiklərinin əsərlərini mənimsəyib, skripka və baritonda çalmağı öyrənib, xalq mahnı nümunələrini nota köçürüb. Qori Seminariyasında Üzeyir Hacıbəyov Müslüm Maqomayevlə tanış olub. O zamanlar heç biri düşünməzdi ki, gün gələcək, Üzeyir Azərbaycan opera musiqisinin banisi, Müslüm opera musiqisinin mahir ifaçısı olacaq. Seminariya illərindən başlayan bu dostluq əlaqələri sonralar həm də qohumluq münasibətlərinə çevrilib. Üzeyir Hacıbəyov və Müslüm Maqomayev Terequlovlar ailəsi ilə qohum olublar - Üzeyir Hacıbəyov Məleykə xanımla, Müslüm Maqomayev isə Badigülcamal xanım ilə evlənib.

Seminariyanı bitirən gənc Üzeyir Cəbrayıl qəzasının Hadrut kəndinə təyinat alır, məktəblərdə pedaqoji fəaliyyətlə məşğul olur, rus dili, tarix və musiqi dərslərini tədris edir. Daha sonra Bakıdakı Səadət məktəbində dərs deməyə başlayır. Onun publisistik fəaliyyət başlaması da bu dövrə təsadüf edir, əvvəl “Həyat” qəzetində tərcüməçi işləyir, yeni çıxan “İrşad” qəzetinin əməkdaşı olur. 1907-ci ildə Azərbaycan dilində "Arifmetika sualları" və "Rus-türk və türkcə-rusca siyasi, hüquq, iqtisadi və hərbi terminlər lüğəti"ni nəşr etdirir.

Azərbaycan musiqisinin atası

Onun Azərbaycan mədəniyyətinə bəxş etdiyi misilsiz xidmətlərindən birincisi 1908-ci ildə Hacı Zeynalabdin Tağıyevin teatrında “Leyli və Məcnun” operasının tamaşaya qoyması olur. Bununla da gənc Üzeyir, təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin əsasını qoyur. O durmadan yazır, bəstələyir, musiqi sahəsində inqilab edirdi. “Rüstəm və Zöhrab” (1910), “Şah Abbas və Xurşud Banu” (1911), “Əsli və Kərəm” (1912), “Qarun və Leyla” (1915) operaları, həmçinin xalq nağılları və əfsanələri əsasında yazdığı əsərləridir.

1911-ci ildə 26 yaşlı gənc Üzeyir əsaslı musiqi təhsili almaq üçün Moskvaya yola düşür, flarmoniyada təhsil alır. İlyinskinin xüsusi musiqi kursunda təhsil almağa başlasa da maddi ehtiyacları təhsilini davam etdirməyə imkan vermir, o kursunu yarımçıq qoyaraq Bakıya qayıdır. Qayıdandan sonra da yaradıcılıq fəaliyyətini davam etdirir, yazdığı operaları səhnəyə qoyur. Məleykə xanımla evliliyi də bu ərəfədə olur.Onların birgə həyatı 38 il davam edir. Maraqlı faktlardan biri də odur ki, ixtisasca rus dili və ədəbiyyatı müəlliməsi olan Məleykə xanım, həyat yoldaşının musiqiçi olmasına görə onu daha yaxşı duya, hiss edə bilmək üçün konservatoriyanın musiqi nəzəriyyəsi şöbəsində təhsil alır.

Tarixi mənbələrdə qeyd olunur ki, Üzeyir Hacıbəyovu həmin dövrdə xalq düşməni kimi güllələnməyə məruz qoymaq istəyiblər. 59 nəfərlə eyni siyahıda adı yazılan Üzeyiri təsadüf xilas edir, onun qaynı təsadüfən siyahını görür və Nərimanova xəbər edir. Nəriman Nərimanov siyahını tələb edir və əsassız güllələnmə qərarına etiraz edərək siyahını cırıb atır.

1913-cü ildə Ü.Hacıbəyov Sankt-Peterburq Konservatoriyasında təhsilini davam etdirir. Bəstəkarın üç pərdədən ibarət ilk musiqili komediyası “Ər və arvad” komediyası olur. Bu əsər Azərbaycanda ilk musiqili komediya nümunəsi oldu. Bəstəkarın yaradıcılığında Peterburq dövrü mühüm rol oynayıb. Məhz bu illərdə “Arşın mal alan” musiqili komediyası yarandı.

Musiqili ömrün akkordları

1921-ci ildə Ü.Hacıbəyov Bakıda azərbaycanlı tələbələr üçün ilk musiqi məktəbinin - Azərbaycan Dövlət Türk Musiqi Texnikumunun əsasını qoydu. 1937-ci il aprelin 30-da Azərbaycan Opera və Balet Teatrında Ü.Hacıbəyovun "Koroğlu" operası ilk dəfə tamaşaya qoyuldu.

Həmin il Azərbaycan musiqi sənətində inqilab edən, yeniliklər yaradan misilsiz Ü.Hacıbəyov Azərbaycanın əməkdar incəsənət xadimi (1935), SSRİ xalq artisti (1938) fəxri adlarına layiq görülüb, Stalin mükafatı (1941), Lenin və Qırmızı Əmək Bayrağı ordenləri laureatı olub. O, həm də professor (1940), Azərbaycan Elmlər Akademiyasının akademiki (1945), Azərbaycan Bəstəkarlar İttifaqının sədri (1938-1948), Azərbaycan Dövlət Konservatoriyasının rektoru (1928-1948) olub, Azərbaycan SSR Elmlər Akademiyası İncəsənət İnstitutunun direktoru (1945-1948) və Azərbaycan SSR və Azərbaycan Respublikasının himninin müəllifidir.

Ü. Hacıbəyov Azərbaycan musiqi mədəniyyəti tarixində yeni istiqamətin və milli bəstəkarlar məktəbinin əsasını qoyub. 63 illik həyatına saysız-hesabsız əsər, marş, musiqi nümunələri yerləşdirib. 300-dən çox xalq mahnısını musiqiyə çevirmiş unudulmaz şəxsiyyət çoxsaylı marşların, kantataların, fantaziyaların, mahnı və romansların, kamera və xor əsərlərinin müəllifidir. Bu gün ölkəmizin himninin əzəmətli musiqisi onun barmaqlarından süzülən notlarla ifa edilir. Üzeyir Hacıbəyov 1948-ci il noyabrın 22-də Bakı şəhərində vəfat edib. Ümummilli lider Heydər Əliyevin Sərəncamına əsasən, hər il sentyabrın 18-i Üzeyir Musiqisi Günü kimi qeyd edilir.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər