21 may Beynəlxalq Çay Günüdür. Çay Gününün qeyd olunması təşəbbüsünün mənşəyi 2005-ci ildə Hindistanda keçirilən Çay Konfransına əsaslanır. Bu konfransda irəli sürülən bəyannamə təhlükəsizliyi, torpaq mülkiyyətini, tənzimlənməmiş rəqabəti, sosial təminat və yaşayış minimumunu tənzimləmək üçün işçilərin və kiçik biznesin qorunmasına xidmət edirdi. Hindistanın Çay Şurası BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatına Çay Gününün qeyd edilməsini təklif etdi. Çay əkinçiliyinin geniş yayıldığı ölkələrdə Beynəlxalq Çay Günü dekabrın 15-də qeyd olunsa da, BMT çay gününü mayın 21-də qeyd edir.
Çayın vətəni Çin hesab edilir. Çayla bağlı ilk xatirələrə təxminən 5000 il bundan əvvəl Çin əlyazmalarında rast gəlinir. Rəvayətə görə çayın dəmlənməsi e.ə. Çin imperiyasında baş verir. Çinin ilk imperatorlarından biri olan Şen Yunq çay bitkisinin təsadüfən qaynar suya düşməsinin şahidi olur. Əvvəlcə dərman məqsədilə istifadə edilən çay Çində zamanla ticarət obyektinə çevrildi. Sonralar Çin mədəniyyətini öyrənməyə gələn yapon rahibləri burada çayla tanış olur və bu möcüzəvi bitkini öz ölkələrinə aparır. Yaponiyadan Hindistana və İrana yayılan çay Avropa torpaqlarına yalnız 17-ci əsrdə gəlib. Hollandiya, Fransa, İspaniya və İngiltərə çayla tanış olan ilk Avropa ölkələri olur, 18-ci əsrin əvvəlində artıq bir çox xalqlar çayla tanış oldu.
Öz tarixi təkamülündə müxtəlif dəyişikliklərə məruz qalan çay içkisi qədim Çində tez həlledilən formada istifadədən tutmuş dövrümüzdə kofeinsizləşdirilmiş‚ soyuq çay, hətta üzvi çay (ekoloji cəhətdən təmiz ərazilərdə becərilən bitki ibtidai dövrlərdə olduğu kimi emal edilir) formalarına qədər inkişaf edib. Növündən, istehlak formasından asılı olaraq bu gün dünyanın bir çox ölkəsində çay ən populyar içki növüdür. Çay istehsalında liderlik Çinə məxsusdur. Hindistan, Keniya, Şri Lanka, İndoneziya və Vyetnam ən çox çay istehsal edilən ölkələrdir.
Azərbaycanda çay daha çox Lənkəran, Astara, Masallı, Zaqatala, Kah və Balakən rayonlarında becərilir.Azərbaycana ilk dəfə 1912-ci ildə Lənkəran bölgəsinə gətirilən çay tropik bölgələrdə və bol yağışlı və isti iqlimi olan ərazilərdə bitir. Ölkəmizdə sənaye miqyaslı plantasiyaların salınmasına 1932-ci ildən başlanılıb, ilk çay zavodu da Lənkəranda tikilib. Azərbaycan çayı xüsusilə Azərbaycanın cənub bölgələrində yetişdirilən çay növüdür.
SSRİ-nin çay bazarında Azərbaycan çayının yeri
Azərbaycan sovet imperiyasının tərkibində olduğu 1970-1980-ci illər ərzində ölkəmizdə 36 hektar çay əkilib və 34 ton çay istehsal edilib. Həmin dövrdə parallel olaraq 15 zavod tikilib istifadəyə verilib. Azərbaycanda yerli çay istehsalı 1980-ci illərin ortalarında pik həddə çatdı. O zaman istehsal 8,6 min ton, çay kollarının sahəsi isə 13,4 min hektar idi. 300 milyon əhalisi olan SSRİ-nin çaya olan tələbatının 8-10 faizi Azərbaycan çayı hesabına ödənilirdi. O dövrdə Azərbaycanın cənub bölgəsində 10-dan çox çay emalı zavodu vardı. Eyni zamanda, Bakıda və Lənkəranda minlərlə fəhlə işləyən iki böyük çay qablaşdırma zavodu fəaliyyət göstərirdi.
1970-1980-ci illərdə daha da sürətlənmiş çay əkinlərinin suvarma suyuna tələbatının ödənilməsi məqsədi ilə tədbirlər görülür, 1976-cı ildə Lənkəran rayonunda tutumu 52 milyon kubmetr olan Xanbulançay, 1986-cı ildə Masallı rayonunda tutumu 46 milyon kubmetr olan Viləşçay su anbarları tikilərək istifadəyə verilir. Həmin dövrdən etibarən çay plantasiyalarının sahəsi genişləndirilərək 13,4 min hektara, yaşıl çay yarpağı istehsalı 34,5 min tona çatdırılır. Eyni zamanda, ölkədə çay yarpağı emal edən 14 müəssisənin və 2 çayçəkici fabrikin tikilməsi ildə 45 min ton çay yarpağının emalına imkan yaradır, ölkə əhalisinin quru çaya olan ehtiyacının 65-70 faizinin yerli istehsal hesabına ödənilməsini təmin edir.
Lakin 1990-cı illərdən etibarən ölkədə çay sahələri və istehsalı tədricən azalmağa başladı və 2010-cu ildə çay plantasiyalarının sahəsi 587 hektara, məhsul istehsalı 545 tona düşdü. Bu vəziyyəti aradan qaldırmaq üçün bir çox tədbirlər görüldü, "Çayçılıq haqqında" Qanun, çayçılığın inkişaf etdirilməsi məqsədi ilə Dövlət Proqramı qəbul edildi. Qeyd edilən dövrlə müqayisədə çayçılıq Azərbaycanın kənd təsərrüfatında öz çəkisini itirib. Çay plantasiyaları 20 dəfəyədək azalaraq, təxminən 2000 hektara qədər aşağı düşüb. Azərbaycanda hər il 10 min tondan artıq çay içilir. Bunun cəmi 5 faizi ölkədə istehsal olunur. Ekspertlərin fikrincə 1 ha çay plantasiyasının salınması və becərilməsinə 30 min manatdan artıq vəsait lazımdır.
2025-ci ilin yanvar-fevral ayları ərzində Azərbaycanda 1540.6 ton çay istehsal edilib. Çay istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 21.7% azalıb. Cari ilin ilk 2 ayında Azərbaycandan 1 milyon 105.9 min ABŞ dolları dəyərində 122.9 ton çay ixrac edilib. Çay ixracı 2024-cü ilin yanvar-fevral ayları ilə müqayisədə dəyər ifadəsində 20.8%, həcm ifadəsində isə ifadəsində 24.5% artıb. Çayın 1 kiloqramının orta ixrac qiyməti qiyməti 15.3 manat, orta idxal qiyməti isə 10.4 manat təşkil edib. Ötən ay Azərbaycanda 500 qramlıq yerli çayın orta satış qiyməti 12 manat 54 qəpik, 500 qramlıq idxal çayının orta pərakəndə satış qiyməti isə 13 manat 25 qəpik təşkil edib. Hesabat dövründə ölkəyə 18 milyon 610 min ABŞ dolları dəyərində 3047 ton çay idxal edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində 2.1 dəfə, həcm ifadəsində isə 73% artıb.
Çay nədir, say nədir?
Azərbaycan, çayı ilk kəşf edildiyi vaxtdan uzun illər sonra tanısa da ölkəmizdə çayla bağlı xüsusi bir mədəniyyət formalaşıb. Ölkəmizin çay mədəniyyəti 2022-ci ildə UNESCO-nun Qeyri-maddi mədəni irsinin reprezentativ siyahısına daxil edilib. Bu nominasiya UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 17-ci sessiyasında qəbul edilib. Bizim çay dəmləmə mərasimimiz bir çox ölkədən fərqli həyata keçirilir. Elə bu səbəbdən də çayımızın dadı ilə bağlı olduqca müsbət fikirlər söylənir. Bəzi ölkələrdə qaynadılan, bəzi ölkələrdə elə stəkanda dəmlənən quru çay bizim mədəniyyətimizdə çini, şüşə çaydanda, vam odda və oda birbaşa təmas etmədən dəmlənir və dadının, ətrinin təkrarolunmazlığı da həm dəmləmə üsulundan, həm də çaya əlavə edilən xüsusi qoxulu bitkilərdən (hil, darçın, mixək, meyvə və gül qurusu) qaynaqlanır. Azərbaycan mədəniyyətində çay armudu stəkanda servis edilir, yanında mütləq limon və çeşidli mürəbbələr təklif edilir.
Yaxın günlərdə Çində rəsmi səfərdə olarkən Prezident İlham Əliyevlə çinli jurnalist arasında da çayla bağlı maraqlı bir dialoq reallaşmışdı. Çayın vətəni olan Çində, çayı ən çox istehlak edən millətlərdən birini təmsil edən çinli jurnalistdə Azərbaycan çayına, çayı mühavizə etmək üçün istifadə edilən dəmir stəkan tutacağına qarşı maraq oyandı. Onun suallarını Prezident İlham Əliyev səmimiyyətlə cavabladı. Azərbaycan çayı içən çinli jurnalist dadını çox bəyəndiyini ifadə etdi.
Milli mədəniyyətimizə görə evə gələn qonağa ilk olaraq çay təklif edilir, qonağın çaya ehtiyacının olub-olmamasından asılı olmayaraq istisnasız olaraq bütün evlərdə qonaq mütləq çay süfrəsi ilə qarşılanır. Əksər Azərbaycan evində süfrədə daim çaya hazır çeşidlər olur, çünki milli ənənəmizdə mürəbbələr, şirniyyatlar, meyvə quruları və s. çay servisində əhəmiyyətli sayılır. Çay Azərbaycanın qədim adətlərindən biri olan elçilik mərasimində də xüsusi çəkiyə malikdir. Məclisdə qonaqlara çay servisi gözlənilir, əgər qız bu elçiliyə razıdırsa qonaqlara şirin, razı deyilsə sadə çay servis edir. Acı çayı içən qonaqlar qızın razı olmadığını, şirin çay dadan qonaqlar isə razılığını öyrənmiş olurlar.
Lalə Mehralı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” istiqaməti çərçivəsində hazırlanıb