PDF Oxu

MİA

  • 104 393

Azərbaycan Səfəvi dövlətinin Avropa ilə əlaqələri

image

Azərbaycan Səfəvi dövlətinin Avropa ilə əlaqələrinə dair xeyli məlumatlar mövcuddur. Azərbaycan tarixçiləri Z.Bünyadov, O.Əfəndiyev, Y.Mahmudov, Y.Yusifovun bu barədə tədqiqatları var. Professor Y.M.Mahmudovun tədqiqatlarından məlum olur ki, İtaliya tarixçiləri səfəvişünaslığa qiymətli töhfə bəxş etmişlər: Romadakı Şərq institutunun əməkdaşları B.S.Amorettinin redaktəsilə "Şah İsmayıl Marin Sanudonun "Gündəliklərində" adlı sənəd toplusu yaratmışlar. Yeni sənəd toplusuna orta əsr Venesiya salnaməçisi Marin Sanudonun (1466-1536) 42 cildlik "Gündəliklər"ində Şah İsmayıl dövrünə and olan çoxlu sənədlər daxil edilmişdir. 571 səhifəlik Amoretti toplusu 937 (1) sənədi əhatə edir. Bəlli olur ki, hələ Şah İsmayılın hakimiyyətə gəlməsinə qədər Səfəvilərlə Avropa dövlətləri, xüsusilə, Venesiya respublikası arasında diplomatik əlaqələr yaranmışdı.

Məsələn, 1499-1502-ci illərdə Venesiya-Türkiyə müharibələri ərəfəsində Venesiya diplomatı Konstantino Laskari Qaraman bəyliyi və Səfəvilərlə danışıq aparmaq üçün Azərbaycana gəlmişdi. K.Laskari vətənə qayıdıb danışıqlar barədə 1502-ci il oktyabrın 14-də Venesiya hökumətinə hesabat vermiş, Səfəvilərin odlu atəş əldə etmək istədiklərini bildirmişdi. K.Laskari əlavə etmişdi ki, "türk mənşəli Səfəvi əsgərinin, ümumən bu xalqın hərbi döyüşdə silah işlətməkdə zəngin təcrübəsi var. Bu xalqın hərbi döyüşdə silah işlətməkdə zəngin təcrübəsi var. Bu xalq üçün başlıca məsələ silah və atdır. Səfəvi qoşununda "döyüş qaydası" mütləq hakimdir.

B.Amorettinin toplusunda Şah İsmayılın 1505-ci ilin yanvarında Venesiya respublikasının doju Leonardo Loredanoya yazdığı məktub daha dəyərlidir. Səfəvi şahı məktub yazır: "Biz bütün Əcəm ölkəsini işğal etdik, indi çiçəklənir. Allahın kəramətinə inanırıq ki, elə bu ümidə düşməni üzərində daha böyük qələbələr əldə edəcəyik. Venesiya respublikası və digər Qərb dövlətləri ilə hərbi-siyasi ittifaq yaratmaq üçün məşhur hakim Əli bəy Avropaya göndərildi".

Osmanlı imperiyasının işğalçılıq siyasəti Avropa dövlətlərindən Polşa, Macarıstan, Almaniyanın Hapsburq hökmranlığı və İtaliya üçün də böyük təhlükə törətmişdi. Buna görə də Çaldıran döyüşlərindən sonra Sffəvilərin bu dövlətlərlə diplomatik münasibətləri genişləndi. Burada əsas məqsəd Türkiyəyə qarşı ittifaq yaradılmasından ibarət idi. I İsmayılın təşəbbüsü ilə yaradılmış bu ittifaqa Misir Sultanı Əl-əd-Dövlə və iberlər oldular. Lakin bu ittifaq müsbət nəticə vermədi.

Çaldıran döyüşündə məğlubiyyətdən sonra Şah İsmayıl Avropa və Asiya ölkələrilə Türkiyə əleyhinə vahid cəbhə yaratmaq, odsaçan silah, top, artilleriya əldə etmək məqsədilə bu ölkələrlə diplomatik əlaqələri daha da genişləndirdi. 1515-ci ildə Türkiyəyə qarşı birgə mübarizə haqqında Şah İsmayıl Rodos adasında yerləşən ionintilər ordeninin (Türkiyə ilə düşmənçilik edən səlibçi cəngavərlərin hərbi təşkilatı) başçısına müraciət etdi. Bu vəziyyət Türkiyənin alman imperatoruna zərbə endirməyə çalışan Fransa ilə yaxınlaşırdı.

Çaldıran döyüşündən sonra Səfəvi şahı Osmanlı imperiyasına qarşı mübarizə aparmaq və İran körfəzi vasitəsilə istənilən silahı almaq niyyətilə Portuqaliya ilə ittifaqa girdi. Məsələn, 1515-ci il aprelin 29-da Venesiya respubliksının Kiprdəki canişini Zuan Hradeniqo Nikosiyadan öz hökumətinə xəbər verirdi: "Təsdiq edirlər ki, Şah İsmayıl 100 mindən artıq qonşun və güclü artilleriya toplamışdır". 28 oktybar 1518-ci il tarixli sənəddə qeyd edilir ki, "Sufinin (Şah İsmayıl) 70 minlik ordusuna Portuqaliya kralı tərəfindən göndərilmiş silahlı əsgərlər, artilleriya mütəxəssisləri daxildirlər". Başqa bir sənəddə Sufinin "ordu və silahla çox güclü olduğu qeyd edilir".

Səfəvi şahı Almaniya imperatoru və İspaniya kralı V Karlla yaxınlaşmağa çalışırdı. O, 1518-ci ildə V Karl və macar kralı II Lüdviqə məktubla müraciət etmişdi. Lakin məktublar ünvanlara vaxtında çatmadığı üçün öz əhəmiyyətini itirmişdi. Bundan əlavə, Avropa ölkələrilə Qızılbaş arasında məsafənin uzaqlığı da onların Türkiyəyə qarşı birgə əməliyyatına mane olmuşdu. Şah İsmayılın həm daxili, həm də xarici siyasəti hakim sinfin, birinci növbədə, Azərbaycan qızılbaş əyanlarının mənafeyi baxımından həyata keçirildi. Səfəvi-Osmanlı müharibələri də Səfəvilərin Şeybanilərlə apardıqları müharibələr kimi dini bayraq altında-şiəliklə sünnülük arasında gedən mübarizə idi. Əslində isə, bu mübarizə Azərbaycanın zəngin təbii sərvətlərinə yiyələnmək, Ön Qafqazdan keçən və son dərəcə mühüm əhəmiyyət kəsb edən Avropa-Asiya ticarət yoluna nəzarət etmək uğrunda gedirdi.

Beləliklə, istər B.Amorettinin toplusundakı, istərsə də XVI əsrin birinci rübündə Azərbaycan tarixinə dair bizə məlum olan digər sənədlər onu göstərir ki, Avropada ilkin kapital yığımı və böyük coğrafi kəşflər vaxtında Səfəvi dövləti və Osmanlı imperiyası Qərb dövlətlərinin Şərqdə öz müstəmləkəçilik siyasətlərini həyata keçirməsi yolunda başlıca maneə idilər. Avropa diplomatiyası Şərqin bu iri türk dövlətlərini bir-biri ilə salışdırıb, onları daim müharibə vəziyyətində saxlayaraq, zəiflətməyə və nəticə etibarilə Avropa kapitalının Şərq ölkələrinə daxil olması üçün münasib şərait yaratmağa çalışırdı.

Səfəvi dövlətinin Qərbi Avropa ölkələrilə diplomatik əlaqələri XVI əsrin sonu-XVII əsrdə Şah Abbasın (1587-1629) vaxtında daha da genişləndi. Şah Abbas Osmanlı qoşunu üzərində bir neçə parlaq qələbədən sonra Səfəvi dövlətinin və Azərbaycanın Türkiyə tərəfindən zəbt edilmiş xeyli ərazisini xilas etdi.

Onu da deyək ki, Səfəvi dövlətinin Avropa dövlətlərilə qarşılıqlı əlaqələrinin genişlənməsi ölkənin ağır iqtisadi vəziyyəti ilə şərtlənirdi. Bu dövrdə, məlumdur ki, Osmanlı imperiyası Səfəvi tacirlərinin Aralıq dənizinə girməsinə mane olurdu. Bundan əlavə böyük coğrafi kəşflər, xüsusilə, Hindistana dəniz yolu açıldıqdan sonra Səfəvi dövlətinin iqtisadi vəziyyəti daha da pisləşdi. Səfəvi dövlətinin ticarət mərkəzinə axışan hind ədviyyatı portəkizlər tərəfindən mənimsənilir, nəticə etibarilə isə bu malların alverində vasitəçilik edən Azərbaycan tacirlərinin mənafeyinə zərbə vurulurdu. Portuqaliya Hindistanın İran körfəzinə-Hörmüzdə çıxan əsas sahil məntəqələrinə (1515) yiyələndi. Bu vaxt Səfəvi dövlətinin hind okeanına çıxış yolu bağlı idi. Ona görə də Səfəvi şahları belə məqsəd güdürdülər: əvvəla, Avropa dövlətləri ilə birgə hərbi əməliyyat yolu ilə Osmanlı Türktiyəsinə zərbə endirmək, Aralıq və Qara dəniz vasitəsilə Qərblə tranzit ticarətini qaydaya salmaq, ikinci, Şərq bazarı üstündə Avropa dövlətləri arasında ticarət-siyasi ziddiyyətlərin mövcudluğundan istifadə edərək portəkizlərdən Hörmüzd adasını geri alıb, Hind okeanı və Hindistanla ənənəvi ticarət münasibətlərini bərpa etmək.

Səfəvi dövlətilə qarşılıqlı əlaqədə olan Avropa dövlətləri isə başqa məqsəd güdürdülər. Onların hər birinin Şərqdə öz marağı vardı.

XVI əsrin 50-80-ci illərində ingilis Moskva kompaniyasının Rusiya vasitəsilə Səfəvi dövləti ərazisinə ekspedisiya təşkil etməsi müstəmləkə siyasətinin həyata keçirilməsində bir cəhd idi. Gənc ingilis burjuaziyası güclü Osmanlı ərazisi və Venesiya ticarət rəqabəti xaricində Azərbaycan və İranın xam ipəyinə yiyələnməyə çalışırdı. Antoni Cenkinson Şamaxıda Şirvan bəylərbəyi Abdulla xan Ustaclınınqəbulunda olarkən demişdi: "...Bizdən azca uzaqda, venesiyalılar adlanan millət var. Onlar türklərlə ümumi rəyə gəlib, onların ərazisində bizim mal ilə alver edirlər, həmin malları Səfəvi dövlətindən gətirilən ipəklə dəyişirlər. Lakin Səfəvi hakimi və digər dövlət başçıları türklərin venesiyalılara yaratdıqları şərait kimi bizə şərait yaratsalar-bizim onların ərazisində ticarət etməyə, pasport və qorunma vərəqəsi almağa razı olsalar, mən şübhə etmirəm ki, burada ticarət yüksək səviyyədə aparılar və böyük mənfəət əldə edilər. Onlar bizim mallarla təmin olunar, eyni zamanda, öz mallarını satmaq işini də yaxşılaşdıra bilərlər..."

Səfəvi dövlətinə gələn altı ingilis ekspedisiyasının başlıca məqsədlərindən biri Hindistanla bilavasitə əlaqə yaratmaq idi. Beləliklə, ingilis burjuaziyası Portuqaliya ilə hərbi-siyasi toqquşma olmadan Şərqə yol açmağa cəhd edirdi. Həm də hind ədviyyatı əldə etmək üçün dəniz yolundan daha əlverişli yol qapmağa çalışırdı. Lakin ingilis burjuaziyasının Azərbaycanda və İranda Moskva kompaniyasına xidmət edən agentləri Antoni Cenkinson, Artur Eduards, Riçard Çini, Lourens Çepmen, Riçard Pnnqli tərəfindən həyata keçirilən ilk müstəmləkəçi addımı uğursuz oldu. Çünki Moskva dövləti ingilis tacirlərinə Rusiya ərazisində, yaxud onun vasitəsilə alver etməyi qadağan etmişdi. Rus dövlətinin bu addımı onunla izah edilir ki, İngiltərə IV İvana verdiyi sözün əksinə olaraq, Livoniya müharibəsində Rusiyanın tərəfini saxlamadı, rus tacirləri öz bazarlarında ingilis ticarət kapitalı ilə rəqabətdən çıxa bilmədilər. Digər tərəfdən ingilis kapitalının Azərbaycanda və İranda öz mövqeyini möhkəmləndirməsi çarizmin Şərq siyasətinə uyğun gəlmirdi. Buna baxmayaraq, ingilis burjuaziyası Volqa-Xəzər yolu ilə Moskva dövləti ərazisindən Səfəvi dövləti və Hindistanla daimi ticarət münasibətləri yaratmaq cəhdinin boşa çıxmasından sonra, Hind okeanı hövzəsində Hollandiya və Portəkizlə son dərəcə çətin və uzunmüddətli rəqabətə girməyi qərara aldı. XVI əsrin sonunda dəniz yolu ilə Səfəvi dövlətinin paytaxtına Entoni və Robert Şerli qardaşları başda olmaqla səfarət heyəti gəldi. Səfəvi şahı ingilis nümayəndə heyətini razılıq hissilə qəbul etdi. Çünki bu vaxt o, türklərə qarşı müharibəyə ciddi hazırlaşırdı. Ona görə danışıqlardan dərhal sonra Şah Abbas ingilis Robert Şerlini öz səfiri kimi bir sıra Avropa ölkələrinə göndərdi. Onu həm də ingilis şahzadəsinin yanına göndərib türklər əleyhinə müqavilə imzalamağı təklif etdi. 1610-cu ilin oktyabrında şahzadə Yakov I Stüart Robert Şerlini qəbul etdi, Şah Abbasın məktubu ilə tanış oldu və ingilis burjuaziyasının mənafeyini ifadə edən şəxs kimi Səfəvi dövlətilə ticarət münasibətlərinin imkanlarını öyrənməyi və genişləndirilməsini Ost-Hind kompaniyasının nümayəndələrinə tapşırdı. Şah Abbasın Türkiyəyə qarşı birgə mübarizə təklifinə gəldikdə isə, bu məsələ ingilis şahzadəsini maraqlandırmadı. 1616-cı ildə Robert Şerli İngiltərədən məktubla Səfəvi şahının yanına qayıtdı. Ondan sonra Ost-Hind kompaniyasının nümayəndələri şahın yanına gəldilər. Danışıqlar davam etdirildi. Belə ki, İngiltərə ilə ticarət münasibətlərinin genişləndirilməsi Səfəvi dövlətinin iqtisadi marağına uyğun gəldiyi üçün Şah Abbas 1616-cı ildə xüsusi fərmanla ingilis tacirlərinə ölkənin ərazisində sərbəst ticarət etmək hüququ verdi. Beləliklə, ingilis ticarət kapitalı bu dəfə İranın cənubundan Azərbaycan və Gilan ipəyinə "yeni qapı" aça bildi. Səfəvi şahının ərazisi ingilis mahudunu satmaq üçün ən əlverişli bazar idi. İngilis tacirləri Səfəvi dövlətinin ticarət mərkəzlərində xam ipəkdən, ipək mallardan əlavə nadir Azərbaycan və İran xalçaları, müxtəlif zinət əşyaları və digər Şərq malları əldə edirdilər. Səfəvi dövlətinin İngiltərə ilə ticarət əlaqələri genişləndirildi. Məsələn, 1625-ci ildə Londonda, eyni vaxtda, Şah Abbasın iki nümayəndəsi Nağdəli bəy və Robert Şerli iki dövlət arasında ticarət münasibətlərini genişlənjirmək üçün yeni danışıqlar apardılar. Lakin ingilis burjuaziyasının qarşısında Hollandiyanın Ost-Hind kompaniyası ilə, habelə, İspaniya və Portuqaliya ilə hərbi-siyasi rəqabətdə uzunmüddətli və çətin vəzifələr dururdu. Bundan əlavə, Səfəvi şahı Avropa dövlətlərindən, o sıradan İngiltərədən lazımi hərbi yardımı almadığı, həmçinin, Osmanlı imperiyası tərəfindən əvvəlki təhlükəni hiss etmədiyi üçün indi xarici tacirləri ölkənin dərinliklərinə buraxmaq istəmir, onlara əvvəlki imtiyazları verməklə kifayətlənir. Şah Abbas 1628-ci ildə Mazandaranda Ost-Hind kompaniyasının nümayəndə heyətini qəbul edərək deyir: "Əgər ingilis şahzadəsi bizimlə ticarət münasibətlərini inkişaf etdirmək istəyirsə, biz onları ölkənin içərilərinə buraxmadan mahudun əvəzinə Hörmüzddə onlara ildə 10.000 yük ipək verə bilərik, mahudu isə biz tatarlara, ərəblərə, erməni, gürcü və Rusiya əhalisinə sata bilərik".

Belliklə, Azərbaycan Səfəvi dövləti Avropa ölkələri ilə sıx diplomatik əlaqələr yarada bilmişdi. Xristian Avropası isə islam daxilindəki təriqət çəkişmələrindən məharətlə istifadə edərək, güclü türk-müsəlman dövlətlərini bir-birilə vurmuşdur və Avropanı işğal olmaqdan xilas edə bilirdi.

Vahd Ömərov, fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər