Dünyanın üçdəikisini su ərazisi əhatə edir və bizi qida, enerji kimi təməl ehtiyaclarla təmin edir. Yəni yer kürəsinin təxminən 71%-i su ilə örtülüdür, yalnız 29%-i qurudur və bu quru sahənin təxminən 50-55%-də insanlar faktiki olaraq məskunlaşıblar. Çünki yer kürəsinin quru olan 29% –lik ərazisinin 20% –i səhralar və yararsız torpaqlar, 10% –i buzlaqlar və dağlıq ərazilər, 30-35% –i kənd təsərrüfatı məqsədli torpaqlar, 50-55% -i isə insan məskunlaşması mümkün olan ərazilərdir. Bu isə ümumi Yer səthinin yalnız təxminən 14-15%-i deməkdir. Yer kürəsinin su ərazisinin 96.5%-i okean və dənizlərdədir (duzlu su), 2.5%-i isə şirin sudur.
Okeanların mövcud vəziyyəti ürəkaçan deyil, çirklənmə səviyyəsi 2025-ci göstəricilərində daha da pisləşib. Sualtı dünyanın çirklənməsi həm ekosistemlərə, həm də insan sağlamlığına mənfi təsir göstərir. Planetimizin var olması üçün təhlükəsizliyi vacib olan sualtı dünya hər gün daha çox təhlükədədir. İnsan faktorunun təsiri ilə dəyişən iqlim şəraiti okeanlardan da yan keçmir.
Dünyada sənayeləşmə prosesi ilə əlaqədar karbon qazı emissiyalarının miqdarı gündən-günə artır, Dənizlər karbon qazını udduğu üçün iqlim dəyişikliyini ləngidir, lakin bu? onlara baha başa gəlir. Karbon qazı suya qarışanda karbon turşusu suya keçir, su turş olur və onun pH dəyəri azalır. Dəniz suyunun pH dəyəri 1870-ci ildə 8,2 idisə, indi 8,1-dir. 2100-cü ildə dənizlərdə PH dəyərinin 7,7 faizə düşəcəyi gözlənilir.
İlk baxışdan bu dəyərlərin azalması çox kiçik rəqəm kimi görünə bilər. Amma bu rəqəmlər dəniz suyunun turşuluğunun 150 faiz artacağını göstərir. Bir çox dəniz heyvanları, xüsusilə də yumşaq və onurğasız heyvanlar bu vəziyyətdə çoxala bilməyəcək və bir müddət sonra nəsli kəsiləcək. Bu vəziyyətin ilk əlamətləri 2005-ci ildə ABŞ-ın Kaliforniya sahillərindəki mirvari molyuskası fermalarında müşahidə edildi. Dəniz suyu molyuska sürfələri üçün çox turş olmuşdu. Sürfələr öləndə bu sənaye növü də yox oldu. Okeanların çirklənməsinin qarşısını almaq üçün karbon qazı emissiyalarını azaltmaq lazımdır.
Dənizlər təkcə karbon qazını deyil, həm də istiliyi özünə çəkib saxlayır. İnsanların yaratdığı karbon qazı emissiyaları istiləşməyə səbəb olur və bu istiliyin 93 faizini dənizlər saxlayır. Bu, dəniz sularının mütləq istiləşməsi deməkdir. 1900-2008-ci illər arasında dəniz səthinin temperaturu qlobal miqyasda 0,62 °C artıb. Əslində, bəzi bölgələrdə bu nisbət 2,1 °C-ə çatdı. Bu, su altında yaşayan mərcanlar kimi bir çox orqanizmin həyatını təhlükə altına salır. Mərcanların içində fotosintez edən çoxrəngli yosunlar var. Lakin dəniz suyu çox istiləşdikdə mərcanlar bu yosunları atırlar və aclıqdan ölürlər. Bu proses mərcanların ağarması adlanır. Avstraliya sahillərindəki Great Barrier Reef-də mərcanların üçdə biri artıq ağarıb. Yalnız karbon qazı emissiyalarını azaltmaqla dəniz suyunun temperaturunun artmasının qarşısını almaq olar.
Sənaye müəssisələrinin çirkab sularının dənizə axıdılması səbəbindən təhlükəli kimyəvi maddələrlə yanaşı, qurğuşun və civə kimi ağır metallar, çətin təmizlənən üzvi zərərli maddələr də dənizlərə daxil olur. Yağış da kənd təsərrüfatı gübrələrini, bəzi qida maddələrini də dənizə ötürür. Nitrat və fosfat kimi qida maddələri ilə zənginləşmə təbii yolla baş verə bilər, lakin dənizdəki bütün qida maddələrinin təxminən 80%-i kanalizasiya, sənaye tullantıları, şəhər tullantıları və kənd təsərrüfatı axıntı olaraq yaranır. Qalanları əsasən nəqliyyat, sənaye, elektrik istehsalı və istilik nəticəsində mədən yanacaqlarının yandırılması zamanı ayrılan azot qazlarından meydana gəlir. Bunlar balinaların, köpək balıqlarının və digər dəniz heyvanlarının yağında toplanır və nəticədə qida zənciri ilə insan orqanizminə ötürülür.
Əslində, balıq və digər dəniz məhsulları sağlam qidalar hesab olunur və bütün dünyada bir çox insan bu proteinlə zəngin qidalarlın sayəsində ac qalmır. Əvvəllər dənizdən yalnız təbiətin verə bildiyi qədər məhsul çıxarılırdı. Amma indi bu balans itib, insanlar daha çoxunu istəyir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, 2015-ci ildə dənizlərdən 81 milyon tondan çox balıq və digər dəniz məhsulları çıxarılıb. Bu göstərici 2014-cü illə müqayisədə 1,7 faiz artım deməkdir. Bu rəqəmlər göstərir ki, hazırda dünyada balıq və digər dəniz məhsulları ehtiyatlarının üçdə biri tükənib, yarısı isə son hədddədir. Dünyanın ən yaxşı balıqçılıq ölkələri sırasına Çin, İndoneziya və ABŞ daxildir. Balıq və digər dəniz məhsullarının qlobal ovlanmasının 80 faizi əsasən sənayeləşən 23 ölkəyə məxsusdur.
Uzun müddət belə davam etdikdən sonra balıqçılıq təsərrüfatları yaradılaraq okeanların qorunmasını təmin etmək fikri meydana çıxdı. Təsərrüfatlarda balıqlar artırılacaq, təlabat ödəniləcək, beləcə okeanlardan normadan çox balıq tutulmasının qarşısı alınacaqdı. Lakin bu təsərrüfatlarda yetişdirilıən balıqların ekoloji cəhətdən sağlam olmadığı məlumdur, xüsusi dərmanlarla, normadan artıq məhsul ala bilmək üçün artırılan balıqlar sağlam qida deyil. Bundan əlavə, bu təsərrüfatların hamısı ətraf əraziləri, dolayısı ilə ekologiyanıdərmanlarla çirkləndirir. Həmçinin burada balıq xəstəlikləri də daha asan yayılır, çirkab suları dənizə axıdıldığından xəstəlik dəniz canlılarına da ötürülür.
Hal-hazırda okeanlarda 75–199 milyon ton plastik tullantının mövcud olduğu bildirilir. Üstəlik hər il 23 milyon tonadək plastik tullantı su hövzələrinə daxil olur. Plastik tullantılar okean səthinin təxminən 40%-ni örtür. Ən böyük plastik yığıntı sahəsi olan Sakit Okeanın zibil sahəsi 1.6 milyon kvadrat kilometr ərazini əhatə edir.
Okeanlar uzun illərdir ki, dənizçilərin, nəhəng gəmilərin və sahilyanı şəhərlərin zibilliyi olub. Hazırda məlumatlılığın artmasına baxmayaraq, okeanlarda hələ də böyük miqdarda zibil yığılır. Okeanlarda plastik çirklənmə ilə bağlı araşdırma aparan bir qrup alim 1979-cu ildən bəri toplanan tullantıların statistikası barədə qeydləri təhlil edib. Nəticələrə görə okeanlarda dünyanın təxminən 70 faizini əhatə edən - təxminən 171 trilyon ədəd plastik-polietilen tullantı var. Üstəlik hər il 23 milyon tonadək plastik tullantı su hövzələrinə daxil olur. Plastik tullantılar okean səthinin təxminən 40%-ni örtür. Ən böyük plastik yığıntı sahəsi olan Sakit Okeanın zibil sahəsi 1.6 milyon kvadrat kilometr ərazini əhatə edir. "The Ocean Cleanup" təşəbbüsü ilə 2024-cü ildə okeanlardan və çaylardan 20 milyon kiloqram tullantı çıxarılıb.
Alimlər xəbərdarlıq edirlər ki, okeanlardakı plastik sıxlığı ilə bağlı heç bir tədbir görülməsə, tullantılar 2040-cı ilə qədər təxminən 3 dəfə arta bilər. BMT-nin "Qlobal Plastik Müqaviləsi" 2040-cı ilə qədər plastik çirklənməni aradan qaldırmağı hədəfləyir. Müqayisə üçün bildirək ki, əgər 2005-ci ildə okeanlarını çirkləndirən plastik sayı 16 trilyon idisə bu rəqəmin 18 il ərzində təqribən 171 trilyona yüksəlib. 2005-ci ildən sonra baş verən ciddi artımı təbiəti qoruma proqramlarına etinasız yanaşılması, həmçinin indiyədək bu dərəcədə dərin araşdırılma aparılmaması bu rəqəmin yüksəlməsinə səbəb olub.
Okean çirklənməsinin 80%-i təmizlənməmiş kanalizasiya, pestisidlər və kənd təsərrüfatı tullantılarından qaynaqlanır. Bu çirklənmələr nəticəsində 500-dən çox "ölü zona" yaranıb, burada oksigen çatışmazlığı səbəbindən dəniz canlıları həyatda qala bilmir və köç edirlər. UNESCO-nun 2024-cü il hesabatına görə, okeanların istiləşməsi son 20 ildə iki dəfə sürətlənib. Bu, dəniz ekosistemlərinin pozulmasına, dəniz canlılarının yaşayış mühitlərinin məhv olmasına, köç etməsinə səbəb olur.
Lalə Mehralı
PS: Hər il 8 iyun tarixində Ümumdünya Okeanlar Günü (World Oceans Day) qeyd olunur. Bu tarix ilk dəfə 1992-ci ildə Braziliyada keçirilən Rio Yerin Sammitində təklif olunub və 2008-ci ildən etibarən BMT tərəfindən rəsmi olaraq tanınıb. Günün təsis edilməsində məqsəd okeanların yer planeti üçün əhəmiyyətini vurğulamaq, su mühitinin çirklənməsinin qarşısını almaq, iqlim dəyişikliyi və biomüxtəlifliyin azalması kimi problemlərə diqqət çəkməkdir.
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Ekologiya və ətraf mühitin mühafizəsi” istiqaməti çərçivəsində hazırlanıb