PDF Oxu

MİA

  • 873

Xəzər bir balıqçının gözü ilə: "Dəniz səxavətlidir, amma..."

image

Hər ilin 27 iyunu dünyada Ümumdünya Balıqçılıq Günü kimi qeyd olunur. Bu gün 1984-cü ildə Romada keçirilən Balıqçılığın tənzimlənməsi və inkişafı üzrə Beynəlxalq konfransın qərarı ilə təsis edilib və 1985-ci ildən etibarən qeyd olunur. Balıqçılığın tarixi demək olar ki bəşəriyyətin tarixi qədər qədimdir. İnsanlar qida təminatı üçün başladıqları bu ovçuluq növünü bu gün həm də dincəlmək üçün edirlər. Balıq tutmaq səbir, dözüm işidir və müasir insan balıq tutmağı terapiya kimi qəbul edir.

Əgər peşəkar olaraq balıqçılıqla məşğul deyilsə, boş zamanlarında, maraq və ya həvəs üçün balıq tutanların əksəriyyəti həvəskar balıqçılardır. Təbiəti, dincliyi, istirahəti sevənlərin sakit sularda balıq ovu bir növ hobbidir. Xüsusi icazə sənədi tələb etmədiyi üçün tilovla balıq tutmaq hamı üçün əlçatandır. Lakin həm sənaye tipli, həm də həvəskar balıq ovu zamanı müəyyən qaydalara əməl edilməlidir. Məsələn, əgər xüsusi lisenziyanız yoxdursa torlardan istifadə etmək, tutduğunuz balığı satmaq qadağandır. Kürütökmə mövsümündə müəyyən ərazilərdə balıq ovu məhdudiyyətlərini nəzərə almaq lazımdır.

Balıqçılıq bir ölkənin iqtisadiyyatı, turizmi və kənd təsərrüfatı üçün mühüm sahələrdən biridir. Ölkəmizdə balıqçılıq həm sənaye üsulu ilə həyata keçirilir, həm də həvəskarların təşəbbüsü ilə. Xəzər dənizində balıqçılıqla məşğul olan həvəskarlar daha çox “kilkə”, “kefal”, “şamayı”, “vobla” ovlayırlar. “Nərə” balıqları qorunan növlərdəndir və ovlanması qadağandır.

Daxili sularda da balıqçılıq mümkündür, çaylar, göllər, su anbarlarında həvəskarlar balıq tuta bilir. Balıqlarla zəngin olan daxili sular Kür və Araz çayları, Mingəçevir və Şəmkir su anbarları, Göy-Göl, Ağgöl və digər təbii göllərdir. Ölkəmizdə sənaye üsulu ilə bağlıq ovu lisenziya ilə mümkündür və qorunan növlərin ovlanması qadağandır. Balıqların kürüləməsini qorumaq və artımının qarşısını almamaq üçün adətən 1 aprel – 31 may tarixlərində ölkəmizdə balıq ovu qadağan edilir, ətraf mühit müfəttişləri tərəfindən mütəmadi yoxlamalar aparılır və qaydanı pozanlara inzibati cərimələr tətbiq olunur.

Həvəskar balıqçı Elvin İsmayılov deyir ki, Bakının istənilən bölgəsində dənizdə tilovla balıq tutmaq mümkündür: “Əgər həvəskar balıqçısınızsa sintetik torla balıq tutmaq olmaz, cəriməsi var. Xəzərin istənilən sahilində - Nardaran, Hövsan, Türkan, Artyom sahillərində tilovla balıq tutmaq üçün heç bir qadağa yoxdur, yalnız kürü tökmə mövsümündə icazə verilmir. Xəzər dənizinin çox gözəl balıqları olur, ən yaxşısı isə “Kütüm” balığıdır. “Kefal” da tuturuq, amma “Kütüm” qədər dadlı balıq deyil. “Şamayka”, “Vobla” da tez-tez tutduğumuz növlərdir.”

Həvəskar balıqçı deyir ki, “Şamayka” balığı Azərbaycanda Kür çayı və Xəzər dənizi hövzəsində ən çox rast gəlinən qiymətli balıq növlərindən biridir: “Bizdə ən çox Kür çayında və dənizlə çayın qovşağında olur. Uzun, incə balıqdır, sümüksüz və dadlı əti var. Çalışırıq yazda ovlamayaq, çünki kürü tökmə vaxtıdır. Aprel və may aylarında “şamayka” balığı Xəzər dənizindən Kür və digər çaylara doğru üzür, çünki kürüləmək üçün həm axar su seçir, həm də sərin sulu yer axtarır. “Vobla” isə Xəzər dənizinin tipik balığıdır, o bizdə ən çox qurudulmuş formada istifadə edilir, bərk əti var. Onu daha çox yay aylarında ovlayırıq. Çünki o martda kürüləyir. Mart – may aylarında Xəzər dənizindən Kür çayına və onun qollarına doğru üzürlər, çünkü dayaz və axar sulu yerdə kürü tökürlər. Kürü tökən vaxtı ovlamırıq ki, artımının qarşısını almayaq. Çünki dişi “vobla”lar bir dəfəyə bir neçə min yumurta qoyur”.

Elvin İsmayılovun sözlərinə görə, dadlı və məhsuldar növ olan “Kütüm” balığının artımı da ekoloji baxımdan vacibdir: “Kütüm” balığının kürüləmə vaxtı mart-may aylarında olur, ən çox Xəzər dənizindən Kür çayına, Samurçaya və digər axarlı çaylara keçərək yumurta qoyurlar. “Kütüm” balığı kürüləmək üçün dibi daşlı və axar sulu yerləri seçir, sərin sularda yumurta qoyur. Dişi “Kütüm” birdəfəyə 100 mindən artıq yumurta qoya bilir, amma onu həmin ərəfədə ovlamaq eyni vaxtda 100 min “kütüm”ün də ovlanması deməkdir. Balıqçılar bilməlidir ki, “kütüm” nəsli tükənməkdə olan növlər sırasındadır və kürü tökmə ərəfəsində ovlanması qadağandır”.

“Kefal” balığına olan təlabat barədə də danışan müsahibimiz bildirir ki, bu növ əsasən Xəzər dənizinin sahil zonalarında, çayların mənsəblərində, bataqlıqlarda və su anbarlarında yaşayır: “Digər növlərə nisbətən daha uzunsov balıqdır, yağlı, ağ və ləzzətli əti var. Digər balıqlardan fərqi də odur ki, kürüləmə dövrü may – avqust ayları arasında olur, ən aktiv dövrü iyun – iyul ərəfəsindədir. Dayaz və sahil hissələrdə kürüləyir. Ona görə iyun-iyul aylarında “kefal” balığının sənaye tipli ovlanması qadağandır, həvəskar balıqçılara da bəzi məhdudiyyətlər qoyulur, biz də əməl edirik. Xəzər bərəkətli ola bilər, səxavətli ola bilər, balıq ehtiyatı çox ola bilər, amma gərək həm həvəskar, həm də sənaye tipli ov edən balıqçı da məsuliyyətli olsun, insaflı ov eləsin ki artıma mane olmasın”.

Qeyd edək ki, Xəzər dənizində balıq ehtiyatı son onilliklərdə ciddi şəkildə azalıb. Burada əsas foktorlar ekoloji problemlər və qanunsuz sənaye tipli ovçuluqdur. Xüsusilə nərə balığının ovlanması qadağandır, çünki nəsli tükənmək üzrədir. Nərə balığının beynəlxalq miqyasda ovlanması qadağan olunub, təbii artımı azaldığı üçün süni kürüləmə təsərrüfatları yaradılıb. Azərbaycanda da nərə və qızılbalıq körpələrinin yetişdirilərək Xəzər dənizinə buraxılması məsələsinə ciddi nəzarət olunur.

Balıq ovçuluğu nəzarətdə saxlanmalı, nəzarətsiz və həddindən artıq edilən sənaye balıqçılığına yol verilməməlidir. Çünki həm ekoloji səbəblərdən, həm də balıqların çaylara keçid yolunu bağlayan bəndlər və su elektrik stansiyalarının yaratdığı maneələrə görə kürüləmə lazımı miqdarda olmur. İqlim dəyişikliyi və suyun temperaturunun dəyişməsi, neft, sənaye tullantıları və kimyəvi maddələrlə zəngin məişət çirkablarının həm Xəzəri, həm də daxili suları çirkələndirməsi balıq artımının qarşısını alan faktorlardandır.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “ekologiya və ətraf mühitin mühafizəsi” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər