PDF Oxu

MİA

  • 790

İkiqat qohumluq, mərtəbəli evlilik: BİTDİ!

image

Azərbaycanda gələcək nəsillərin sağlamlığının qorunması və anadangəlmə xəstəliklərin qarşısının alınması məqsədilə iyulun 1-dən etibarən aralarında nikah bağlanmasına yol verilməyən qohumların dairəsi genişləndirildi. Ailə Məcəlləsinin 12-ci maddəsinə edilən dəyişikliyə əsasən, ümumi bioloji babası və ya nənəsi olan əmioğlu ilə əmiqızı, xalaoğlu ilə xalaqızı, bibioğlu ilə dayıqızı, bibiqızı ilə dayıoğlu, həmçinin əmi ilə onun qardaşı qızı, dayı ilə onun bacısı qızı, bibi ilə onun qardaşı oğlu və xala ilə onun bacısı oğlu arasında nikahın bağlanmasına icazə verilməyəcək.

Nikaha daxil olmaq istəyən şəxslər arasında qohumluq münasibətlərinin olub-olmaması Ədliyyə Nazirliyinin informasiya sistemi vasitəsilə qeydiyyat şöbəsi, konsulluq idarəsi və ya icra hakimiyyəti nümayəndəliyinin vəzifəli şəxsi tərəfindən yoxlanılacaq. Əgər bu məlumatların sistem vasitəsilə əldə edilməsi mümkün olmazsa, nikaha daxil olmaq istəyən şəxslər və onların valideynlərinin doğum haqqında şəhadətnamələrinin surəti nikah ərizəsinə əlavə edilməlidir. Həmin sənədlərin əldə edilməsi mümkün olmadıqda qohumluq əlaqələrinin olub-olmadığının müəyyənləşdirilməsi üçün əlavə sənədlər tələb oluna bilər. Yoxlama nəticəsində yuxarıda qeyd olunan qohumluq əlaqəsi müəyyən edilərsə, qeydiyyat orqanı tərəfindən həmin şəxslərin nikahı qeydə alınmayacaq.

Ona görə olmaz ki...

Qohum nikahlarla bağlı olduqca çox yazıb, olduqca çox danışmışıq. Genetik, tibbi, insani tərəflərini araşdırıb səhifələrlə yazı yazmışıq. Qohumla evlənməmək üçün bir neçə ciddi səbəb var ki, bunlar əsasən genetik, tibbi, psixoloji və sosial risklərin çoxluğu ilə bağlıdır. Ən birinci səbəb genetik risklərdir. Yaxın qohumlar genetik olaraq bir-birinə bənzərdir, bir-birinin eynidir. Əgər hər iki tərəf hər hansı bir irsi xəstəliyin daşıyıcısıdırsa bu zaman körpədə anadangəlmə qüsurların, fiziki və əqli qüsurların olma ehtimalı çoxdur. İrsi xəstəliklərdən olan talassemiya, hemofiliya, fenilketonuriya və s. kimi xəstəliklərin övladlara ötürülmə ehtimalı yüksək qohum nikahlarda yüksək olur.

Çünki, biz ana bətnində yaranarkən genimizi hər iki valideynimiz formalaşdırır. Yəni genimizin yarısını atadan, digər yarısını isə anadan alırıq. Bəzi genlərimiz tərəfindən kodlaşdırılan fiziki, fizioloji və ya davranış xüsusiyyətlərimizin düzgün işləməsi üçün hər iki valideynimizdən aldığımız genin normal işləməsi şərtdir. Yəni, əlimizin olması, ayağımızın yeriməsi, beynimizin düşünməsi üçün ata-anamızın geni sağlam olmalıdır. Amma hətta bizi kodlayan genlərdən yalnız biri işləsə belə, ona tabe göstəricilərimiz normal inkişaf edə və və orqanizmimiz işləyə bilər. Yəni əgər anamızın geni ilə ayağımız yeriyirsə o zaman anamizdan aldığımız gen sağlam olmalıdır, onda sağlam deyilsə o zaman atamızdan sağlam geni tapıb alırıq.

Lakin mayalanma prosesində aldığımız genlərin hər ikisi qüsurlu gen olduqda genetik xəstəliklər baş verir. Yəni, əgər tərəflər qohum olmasa idi, əgər ikisindən birinin genində problem olsa, digəri sağlam olsa idi belə, dünyaya gələcək uşaqların orqanizmi çox zərər görməzdi. Lakin tərəflər qohumdur və eyni xəstə geni daşıyırlar və dünyaya gələcək övladlarına eyni geni ötürürlər, bu zaman mutasiya problemləri yaranır. “Autosomal resessiv” genetik xəstəliyi olan bir şəxsin bu xəstəliyi daşımasının səbəbi hər iki valideynindən zərərli mutasiyaya malik eyni geni miras alması deməkdir. Qohum nikah zamanı hər iki valideynimizdə olan irsi xəstəlik beləcə bizə də ötürülür.

Daha təhlükəlisi: mərtəbəli evlilik

Bəzən valideynləri yaxın qohum olan gənclər evlilik qərarı alır, evlənirlər. Tutaq ki, əmizadələrin nikahı baş tutur. Növbəti mərhələrə onların dünyaya gələcək övladları da qohum nikaha girmək istədikdə mərtəbəli evlilik prosesi baş tutur. Baba-nənə qohum evliliyi edib, ata-ana əmizadədir və qohum nikahındadırlar, uşaqlar da qohum nikaha meyllənir və bu daha böyük təhlükədir. Tibb buna “təkrarlanan qohum nikahları” deyir və genetik baxımdan ən riskli hallardan biri hesab olunur.

Bu halda qohumluq genləri bir neçə dəfə üst-üstə düşür. Yəni həm nənə-baba, həm ata-ana eyni genetik kökdən gəlir və əgər onların övladları da evlənmək istəyirsə bu zaman genetik müxtəliflik yüksək dərəcədə azalır. Əgər həm valideynlər, həm də onların valideynləri qohum nikahındadırsa, bu zaman irsi xəstəliklərin ehtimalı kəskin artır, əqli gerilik, autizm spektr pozuntuları, fiziki anomaliyalar riski daha yüksək olur.

Qohum nikahlarla mübarizə aparın, evliliklərin qohumluq əlaqələri üzərindən yarandığını bildiyiniz hallarla qarşılaşdıqda lazımı orqanlara məlumat verin. İnsanlar qohum nikahlarla mübarizə üçün hər şey etməlidirlər. Bu vətəndaşlıq borcudur, öz genefonduna sahib çıxmaqdır. Hamı qohum nikahlara qarşı mübarizə aparsa, el bir olsa dövlət də öhdəsindən daha yaxşı gələr.

Qadağanın tətbiq olunmasında iki tərəfin əməyi var - həkimlərin və jurnalistlərin. Bu barədə mütəmadi çıxış edən, yazan həkimlər insanlara qohum nikahların zərərlərini, təhlükələrini anladaraq genefondumuzu sağlamlaşdırmağa çalışdılar. Eyni zamanda, bu qadağada medianın, jurnalistlərin böyük əməyi var.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “ictimai və dövlət maraqlarının müdafiəsi ” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər