PDF Oxu

MİA

  • 2 093

Ay camaat, gəlin yığışaq, gedin müharibəyə - ANALİZ

image

Ukraynalı deputat: Tramp Zelenskini və avropalıları trollayır: “Siz çox güclüsünüz, Rusiya zəifdir- gedin, Rusiya ilə vuruşun, amma bizdən pulla silah almalısınız”

ABŞ prezidenti Donald Tramp əmindir ki, Ukrayna "bütün ərazisini geri ala" və "irəliləyə" bilər. Ancaq bu, yalnız Aİ-nin dəstəyi ilə mümkündür və əgər Kiyev və Brüssel Vaşinqtondan silah alarsa,- Donald Tramp Vladimir Zelenski ilə görüşdən sonra deyib. “Biz NATO-ya silah tədarük etməyə davam edəcəyik ki, NATO onlarla istədiyini etsin. Hər kəsə uğurlar!"- ABŞ prezidenti qeyd edib.

Moskvada ABŞ prezidentinin bu açıqlaması sərt qarşılanıb.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov vurğulayıb ki, cəbhədəki dinamika göstərir ki, indi danışıqlar aparmaq istəməyənlər sabah və ertəsi gün daha pis vəziyyətdə olacaq.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev hesab edir ki, Tramp növbəti dəfə alternativ reallığa qədəm qoyub. "Bu alternativ reallıqda hər şey fərqlidir. Kiyev qalib gəlir, Rusiya bərbad vəziyyətdədir, Banderanın Ukraynasının iqtisadiyyatı isə öz resursları sayəsində inamla inkişaf edir",- o, Telegram kanalında yazıb.

Avropada isə Amerika prezidentinin bəyanatından sonra sevinirlər. Avropa diplomatiyasının rəhbəri Kaja Kallas Trampın fikrini dəyişməsini alqışladığını bildirib: "Bu, həqiqətən də bir-birimizi bərabər şəkildə başa düşdüyümüzü göstərir".

Analitiklər Trampın sözlərinin əslində nə demək olduğunu müzakirə edirlər: müharibə tərəfdarı olmaq, Avropa və Zelenskini trollamaq və ya pul qazanmaq istəyi?

Fransanın “Le Figaro” qəzeti ABŞ prezidentinin sözlərini “o, Kiyevə qarşı antipatiyasını və Vladimir Putinə olan meylini ilk dəfə aradan qaldırmış kimi görünür” deyə şərh edib.

"Tramp prezidentliyinin əsas xarici siyasət məsələlərindən biri ilə bağlı mövqeyini dəyişərək, Ukraynanın Rusiya ilə sülh sazişi bağlamaq üçün ərazisinin bir hissəsini verməsi tələbindən əl çəkib",- “The New York Times” yazır.

Ancaq Ukraynada heç də hamı sevinci bölüşmür. Ali Radanın deputatı Aleksey Qonçarenko (Rusiyada terrorçu və ekstremist siyahısındadır) hesab edir ki, Tramp Putinə Ukraynanın həyatı bahasına nəyin olduğunu göstərmək istəyir. Qonçarenko etiraz edib: "Çalışaq ki, ABŞ və ya Aİ maraqlarını ukraynalıların həyatı ilə müdafiə etməyək. ABŞ Rusiyaya cavab vermək istəyirsə, müharibəyə getsinlər".

Radanın keçmiş deputatı Oleq Tsarev də eyni fikirdədir: "Tramp niyə boş-boş danışır? O, bunu bilərəkdən edir. O, Zelenskini və avropalıları trollayır: “Siz çox güclüsünüz, Rusiya zəifdir- gedin Rusiya ilə təkbaşına vuruşun”. ABŞ prezidenti əvvəlki yanaşmaların dalana dirəndiyinə əmin oldu”.

Politoloq Fyodor Lukyanov Telegram kanalında yazıb: "Heç bir dəyişiklik baş vermir, nizamlanma yaxınlaşmır və həyata keçirilməyən cəza hədəsi etibarı itirmək riski daşıyır. Buna uyğun olaraq, biz taktikanı dəyişdirməliyik, elan edilən budur".

Onun fikrincə, Ukrayna və Avropa hərəkətə keçməyə sövq edilib: "Nə edə biləcəyinizi göstərin, mən bilirəm ki, bacarırsınız. Amma bunu özünüz edin, zəhmət olmasa. Şeytan onun çəkdiyi kimi qara deyil, siz bunu edə bilərsiniz..." Ancaq vəzifə qeyri-mümkün kimi qarşıya qoyulub və bu aydın olanda yeni razılaşma cəhdi təklif olunacaq. Bu fərziyyəni analitik izah edib".

Politoloq Aleksey Çesnakov da oxşar fikri bölüşür: “Tramp ümid edir ki, növbəti eskalasiya raundundan sonra tərəflər münaqişədə öz üstünlüklərini hərbi yolla artırmağın qeyri-mümkün olduğu qənaətinə gələcəklər, yəni danışıqlar zəruridir və bundan sonra Vaşinqton vasitəçiliyə qayıdacaq”.

"Əslində, ABŞ prezidenti dünən nizamlanma prosesindən uzaqlaşdı. Bu o deməkdir ki, bizi ən azı növbəti qış-yay hərbi kampaniyası gözləyir",- ekspert öz Telegram kanalında proqnozunu yazıb.

Hərbi analitiklər hesab edirlər ki, Trampın bəyanatlarından sonra ABŞ və NATO keçmiş uğursuzluqları yeni, daha böyük təchizatla kompensasiya etməyə cəhd edə bilər.

"Yeni bir eskalasiya raundu ilə onlar əvvəllər rədd etdiklərini- məsələn, uzunmənzilli "Taurus" raketləri və əlavə ATACMS raket sistemləri partiyaları göndərə bilər. Bu, Ukrayna Silahlı Qüvvələrinin zərbə imkanlarını gücləndirəcək, lakin sistemli problemi həll etməyəcək: hava üstünlüyü və hərtərəfli atəş dəstəyi olmadan onlar asanlıqla məhv ediləcək"- “Voyennaya xronika” Telegram kanalı yazır.

“Həm Trampın özü, həm onun müşavirləri, həm də NATO-dakı insanlar yaxşı başa düşürlər ki, real nəticələrə nail olmaq üçün əvvəlkindən daha çox silahdan istifadə etməli olacaqlar və bununla da NATO-nun münaqişəyə birbaşa cəlb olunma riski artacaq”,- ekspertlər vurğulayıblar. Bu fonda ən vacibi odur ki, Tramp qlobalistlər tərəfindən “Rusiya iqtisadi çöküş astanasında olanda onu məğlub etmək” bəhanəsi ilə hiyləgər plana cəlb olunmur”, – “Ruskiy injener” Telegram kanalının müəllifi Aleksey Vasilyev əlavə edib.

Avropalı ekspertlərin ümumi qənaəti belədir ki, Tramp sadəcə müharibəni Avropa və Ukraynanın hesabına qızışdırmaq və bu arada ABŞ silah texnikasını baha qiymətə Avropaya satmaq məqsədi güdür.

Rusiya Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının Beynəlxalq Siyasi Araşdırmalar İnstitutunun (IAMP) rəhbəri Vadim Kozyulin fikrincə, Trampın Ukraynanın Avropa İttifaqının dəstəyi ilə "bütün ərazisini öz ilkin sərhədlərinə qaytarmaq" qabiliyyəti ilə bağlı dediyi sözlər Avroatlantikaçılara və Kiyevə ünvanlanıb. “Bu ifadələr özlüyündə ABŞ üçün əvvəlki əhəmiyyətini xeyli itirib. Av EV rəhbəri ukraynalıları və avropalıları öz güclərinə inandırmaqda davam edir. Tramp bu bəyanatı ilə həm də Ukrayna böhranının davam etməsi üçün bütün məsuliyyəti və yükü Brüssel və Kiyevin üzərinə qoyur. Birləşmiş Ştatlar bundan sonra münaqişədə çox dolayı yolla- yalnız silah satışı və yalnız Avropa fondları ilə iştirak edəcək”, - o qeyd edib.

Ekspertin fikrincə, Amerika liderinin geosiyasi prioriteti Asiya-Sakit okean regionudur. Əslində, Tramp sadəcə, Brüssel və Kiyevdə eşitmək istədiklərini dedi: o, onların "Moskvanı ələ keçirmək" qabiliyyətinə inandığını deyir. Bu vəziyyətdə o, Vaşinqtonu münaqişənin müşahidəçisi və "faydalısı" roluna verir. Eyni zamanda, düşünürəm ki, ABŞ prezidenti bu iddiaların absurdluğunu başa düşür”.

Ümumiyyətlə, Ukrayna ərazisində davam edən NATO-Rusiya hərbi qarşıdurmasının dayandırılması üçün beynəlxalq aləmdə heç bir addım atılmır. ABŞ bu müharibədən yalnız pul qazanmaq və Rusiyanı zəiflətmək, Avropa İttifaqı Şərqə nüfuz etmək üçün çalışır. NATO-nun məqsəd və mənafeləri naminə qurban verilən Ukrayna onları o qədər də maraqlandırmır. Rusiya isə NATO Şərq sərhədlərindən və Ukraynadan çəkilməyənədək hərbi əməliyyatları dayandırmayacağını bəyan edir. Beləliklə, Ukraynada müharibənin tezliklə başa çatacağını gözləmək sadəlövhlük olardı.

Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər