PDF Oxu

Köşə

  • 1 735

Kərpickəsən kişinin nağılı - FELYETON

image

Elçin Bayramlı

Biri var idi biri yox idi, günəşli, küləkli, meşəli, dənizli odlar yurdunda bir qoca yaşayırdı. Qoca ömrünü yaşadığı kənddə kərpic kəsib satmaqla keçirirdi. Pafoslu desək, insanlara təbii materialdan ev tikməyə imkan yaradardı. Bu minvalla aylar keçdi, illər ötdü, zəmanə birdən-birə dəyişdi. Alimlər kimya elmini inkişaf etdirib yeni-yeni süni materiallar kəşf etməyə başladılar. Bundan bəhrələnən bir para dələduzlar başladılar kimyəvi materilallar düzəldib satmağa.

Qocanın yaşadığı məmləkətin əhalisi də bir ədəbaz, bir az da modabaz olduğundan kərpici daha vecinə almayaraq başladılar bu təhlükəli materialları alıb süni evlər tikməyə. İnsafən bunlardan çoxu ucuz başa gəlirdi, üstəlik gözqamaşdıran bər-bəzək evə xüsusi yaraşıq verirdi.

Qoca gördü vəziyyət pisdir, belə getsə acından öləcək, sexin profilini dəyişib keçdi taxta qapı-pəncərə düzəltməyə. Amma bu işdən də kar edə bilmədi. Bir də baxdı ki hamı keçib plastik qapı-pəncərəyə. Soruşdu ki, ey əhli kəndistan, niyə bu təhlükəli, zəhərli, kimyəvi qapı-pəncərəni evinizə vurub uşaqlarınızı və özünüzü zəhərləyirsiniz? Cavabında ərz elədilər ki, ağsaqqal, vəziyyət belədir ki, indi sən gördüyün zaman deyil. İndi moddur, hamı bundan vurur.

Qoca heç zad qana bilmədi bu moda söhbətindən. Bunu görən yaxınlıqdakı şəhərdən qonaq gəlmiş bir həmkəndlisi ona bir təklifdə bulundu- “Gəl gedək bizim evə, sənə bunun səbəblərini əyani çəkildə göstərim”. Qoca razılaşdı.

Az getdilər, üz getdilər, axır gəlib çatdılar şəhərə. Qalxdılar 5-ci mərtəbəyə. Evə girən kimi, adam plastik pəncərəni açıb qocaya dedi: “İndi 5 daağa yanıvu bas stula, mən sənə bir kraskalı çay dəmləyim içek”.

Qoca əyləşdi və həyəti seyr eləməyə başladı. Elə bu anda ətrafa elə bir dəhşətli öküz səsi yayıldı ki, sanki ən böyük səsgücləndiricilərdən 5-6 dənəsini yandırıb mikrofonu da tutmusan hər tərəfdən biz batırılan öküzün ağzına.

Səsin qüdrətindən qocanın ürəyi getdi. Bu ilmi ölübsən, bildirmi? Ayılanda gördü ki, dostu üzünə su vurur. Soruşdu ki, “qərdeşoğlu, bu nə hangamədü, mən məəttəl qalmışam”. Ev yiyəsi kəmali-ədəblə ərz elədi ki, “bəs qonşunun oğludu, maşınına belə siqnal qoyub, hər gün məələdə bu öküzü 20-30 dəfə böyürdür. Əybi yoxdu, sən bir-iki dəqiqə hövsələ elə, çay dəm alır, gətirim içek. Arvadağa evdə yoxdu, o biri mikrorayondan su daşımağa gedib, nöşün ki, neçə gündür suyumuz gəlmir”.

Xülasə, qoca təzədən əyləşdi stulda və həyəti seyr eləməyə davam elədi. Bir tərəfdə məktəbdən gələn uşaqlar süpürləşir, o biri tərəfdə arvadlar dalaşır… səs-küyləri aləmi götürüb. Üstəlik, yan balkonda birdən əcaib bir rok musiqisi başladımı? Bir neqr gurultulu, çingiltili, çığırtılı musiqinin fonunda bağıraraq necə əcaib səslər çıxarırdısa qocanın halı pis oldu, stuldan yerə yıxıldı.

Səsə dostu gəlib onu yerdən qaldırdı, qonşudakı yelbeyin gəncdən da xahiş elədi ki o maqnitofonun səsini kəssin. Getdi yenə çayı dəmləməyə. Bu arada həyətdə eyni zamanda 3 kişi bağırmağa başladı: “Xoooloor, xoooloor…”, “qatıq var, süd var”, “pomidor, kartoşka, alma…”.

Nəhayət dostu pürrəngi çay gətirib qoydu qarşısına. Yanında da palma yağından düzəldilmiş şokalad. Elə yenicə başlamışdllar ki söhbətə keçsinlər, bir də gördülər, daha doğrusu eşitdilər ki, nə isə möhkəm guruldayır.

Ev sahibi qonaq eşitsin deyə var gücü ilə qışqıraraq dedi ki, “narahat olma, həyətdə ağacları kəsib yerində təzə moyka açıblar, ağlın köhnələrə getməsin, indi naporla yuyurlar maşınları”. Uzun sözün qısası, 15 dəqiqə çay içib gözlədilər ki, səs kəsilsin söhbət edələr. Qoca deyəndə ki, bəlkə pəncərəni örtək, ev yiyəsi buyurdu- "a kişi görmürsən, 50 dərəcə isti var? Deyirsən nəfəsimiz kəsilsin?".

Qoca bu söhbətdən çox pəjmürdə olub, bir də bura gəlməyəcəyinə ürəyində tövbə etdi və qalxıb getməyə hazılaşdı. Elə bu momentdəcə ev yiyəsi plastik pəncərəni örtdü. Bayaqdan səs-küydən dəlixanaya dönən evə bir anda sakitlik çökdü. Qoca məəttəl-məəttəl dostuna baxdı.

Ev yiyəsi dedi ki, “ağsaqqal, özün dünya görmüş kişisən, daha mən sənə artıq nəsə söhbət eləməyim. Bu xəstəlik yaradan plastik pəncərələri almasaydım, indi haçannan dəlixanada idim. Bax müasirlik budur- sağlamlığından kəsib rahatlığıvu təmin etməyə məcbursan, eləməsön əsəblərin pozulub dəli oluceysən və düşüceysən dəlixanaya. Yoxsa elə bilirsən biz qanmırıq bu kimyəvi şeylər bizim başımıza nə oyun açır?”.

Qoca bu müdrik izahatın müqabilində heç zad deyə bilməyərək dostu ilə sağollaşıb mürəxxəs oldu qulluğundan və düz getdi öz sexinə, yarı qiyməyə obyekti satıb, başladı həyətlərdə xlor satmağa...

Digər xəbərlər