Elçin Bayramlı
1993-cü ilin iyun hadisələri Azərbaycan tarixinə ən qalmaqallı proses kimi düşüb. Məhz həmin hadisələrin məntiqi nəticəsi olaraq ölkəmiz xaosdan, xalqımız vətəndaş müharibəsindən qurtuldu.
AXC hakimiyyətə gəldikdən sonra ölkədə sosial-iqtisadi vəziyyət xeyli pisləşmişdi. Artıq 1993-cü ilin başlanğıcında Azərbaycanda büdcə kəsiri 10%-ə çatmışdı. Bu o demək idi ki, ölkəmizdə büdcə kəsiri 100 dəfə artmışdı. Bu isə, olduqca təhlükəli bir hal idi, çünki onsuz da cüzi məbləğdə olan büdcə sürətlə boşalırdı.
Emissiya ümumi gəlirlərin 50%-nə gəlib çatdı. Bankların kredit faizi birdən-birə 250 faizə yüksəldi. İnflyasiya faizi 1800-ə çatdı və hiperinflyasiyaya çevrildi. Ən təhlükəlisi isə o oldu ki, bütün kreditləri bank faizlərilə qapatmağa başladılar. Ölkədə xarici ticarət dövriyyəsi 60 faiz aşağı düşdü və iqtisadi cəhətdən dövlət çökdü.
Bunun nəticəsi olaraq sosial problemlər şiddətlənirdi. İşsizlik və yoxsulluq sürətlə artmış, ölkədən xaricə kütləvi axın başlamışdı. Bahalaşmalar sürətlə davam edir, əhalinin gəlirləri isə inflyasiya səbəbindən dəyərdən düşürdü.
Hakimiyyətin daxilində qruplaşmalar və qarşıdurmaların yaranması anarxiyanı gücləndirmişdi. Hakimiyyət daxilində həmin parçalanmış qüvvələrin liderlərini hakimiyyətə gətirmək uğrunda mübarizə gedirdi. Ölkə faktiki olaraq idarəolunmaz vəziyyətə düşmüşdü.
Hərbi cəhətdən, olduqca özbaşına bir vəziyyət yaranmışdı. Çox sayda özünümüdaifə batalyonları yaradılmışdı, kimin kimə tabe olduğu məlum deyildi. Müdafiə Nazirliyi kağız üzərində idi. Hər silahlı dəstə bir siyasi klanın mənafeyini qoruyur, özbaşına əməliyyatlar aparır, mənsub olduğu qruplaşmanın paytaxtda vəziyyəti pisləşəndə cəbhəni buraxıb Bakıya üz tuturdular.
Gəncədə 1993-cü il iyun hadisələri vəziyyəti daha da ağırlaşdırdı. Burada hökumətə tabe olmayan Surət Hüseynovun rəhbərlik etdiyi bir qrup zabit “hərbi birlik” yaratmışdı. 709 nömrəli hərbi hissə Müdafiə Nazirliyinə tabe olmurdu. İqtidar hərbi müxalifətin öhdəsindən gələ bilmirdi.
İyunun 4-də səhər hərbi qiyamı yatırmaq üçün hökümət Gəncəyə 3 minədək canlı qüvvə, güclü hərbi texnika yeritdi. 709 nömrəli hərbi hissənin kazarmaları dağıdıldı, hərbi təyyarələr havaya qalxıb hava limanını darmadağın etdi. Lakin qiyamçılar təslim olmadılar. Onlar prezident qvardiyaçılarını şəhərdən çıxarmaq adı altında avtobusa doldurub güllələdilər.
Hökumət qüvvələri məğlub edildi. Qiyamçı hərbi hissələr Bakıya doğru yeriməyə, prezidentin və hökumətin istefaya getməsini tələb etməyə başladılar və müqavimətə rast gəlmədən paytaxta yaxlınlaşdılar.
İyunun 14-də Nəvahi yaxınlığında hökumət qoşunları ilə hərbi qiyamçı qüvvələr üz-üzə dayandı. Yaranmış vəziyyətlə əlaqədar parlamentin sədri, baş nazir, üç güc nazirliyinin rəhbərləri istefaya getməyə məcbur oldular.
Ölkənin qabaqcıl adamları, ziyalılar, sadə əməkçilər böyük fəlakətin yaxınlaşdığını hiss edirdilər. Azərbaycan xalqı da nə qədər böyük təhlükənin astanasına gəlib çıxdığını anlamağa başlamışdı.
1992-ci il oktyabrın 16-da Azərbaycanın 91 nəfər nüfuzlu ziyalısı Naxçıvan MR Ali Sovetinin sədri Heydər Əliyevə Qurtuluş hərəkatına rəhbərlik etməsi barədə “Səs” qəzeti vasitəsilə rəsmi müraciət etdi. Heydər Əliyevin rəhbərliyi ilə 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyası (YAP) təşkil edildi. Ölkənin nüfuzlu ziyalıları Heydər Əliyevin ətrafında birləşdi.
Başlanmış təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən iqtidar son anda kömək üçün Heydər Əliyevə müraciət etdi və 1993-cü il iyun ayının 6-da onu Bakıya dəvət etdilər.
Heydər Əliyev xalqın bu ağır günündə dəvəti qəbul edib iyunun 9-da Bakıya gəldi. Ümumilli lider həyatını təhlükə altında qoyaraq Gəncəyə getdi. Hadisələrin daha faciəli nəticələrə gətirib çıxarmaması üçün öz sözünü dedi. Onun Gəncəyə səfəri vətəndaş qarşıdurmasının genişlənməsinin qarşısını aldı.
Ümumilli lider 4 iyun hadisələrinə belə qiymət vermişdi: “4 İyun hadisələri hakimiyyətdəkilərin fərasətsizliyindən və öz işlərini görə bilməməyindən başlayıb”. Həqiqətən də belə idi…