PDF Oxu

Köşə

  • 1 092

Bacılı bacılar və bacısızlar

image

Vaxt vardı ki, bacıların bacısı vardı, həm də bir, iki, bəzən daha çox. Zaman ötdü, ailələrdə uşaqların sayı azalmağa başladı. Belə olanda qardaşlar qardaşsız qaldığı kimi, bacılar da bacısız qaldı. İndi çox az sayda ailə olar ki, orada bacının bacısı olsun. Beləliklə, cəmiyyətimizdə bacısız qızların sayı sürətlə artmaqdadır.

5 avqust Dünya Bacılar Günüdür. Maraqlıdır, bu günə töhfəmiz nədən ibarətdir; dünyanı bacısızlaşdırdığımızmı? Qızlarımızı bacısız qoyduğumuzmu?

Bacılı bacı olmaqla bacısız olmağın fərqini yalnız bacısı olan qızlar bilir. Saatlarla bacısı ilə söhbət edən, heç kimə demədiyi sirrini-sözünü bacısı ilə bölüşən, məsləhətlər alan, hər yerə birlikdə gedən qızlar. Bacısı olanlar bilər bacısı olmayanlar nə qədər tənhadır, nə qədər təkdir. Bəlkə də bacısı olmayanlar artıq bu yoxluğa uyğunlaşır, bu cür yaşamağın bacılı həyatla fərqini anlaya bilmirlər. Lakin bacısı olanlar da yaxşı bilir ki, bacı həyatın mənasıdır, rəngidir, marağıdır.

Əslində bacısı olmayan qızlara qarşı analar günah edir. Onları bacısız qoymaqla tənhalığı ərmağan edir. Bəlkə də fərqində deyilik, lakin onları bacısız qoymaqla bir ömür nədən məhrum etdiyimizi düşünən varmı? Qızlarımıza qarşı həm də özümüz bacılı olaraq bunu ediriksə, deməli, bu dəfə özümüzü bir dəfə deyil, iki dəfə qınamalıyıq. Bacının həyatımızda rolunu, gözəlliyini görə-görə qızlarımızı bu gözəllikdən məhrum ediriksə, daha nə deyim?

Ümumiyyətlə, uşaq doğumu azalan statistika ilə irəliləyir. İstəq qız, istər oğlan olsun, artıq ailələrdə uşaqların dünyaya gəlməsi barədə düşünənlərin sayı azalmaqdadır. Cəmiyyətimiz hazırda qardaşsız oğlanlar, bacısız qızlar cəmiyyətidir. Minlərlə ailədə yalnız iki uşaq var: bir oğlan, bir qız. Belə olan təqdirdə deyə bilirik ki, onların övladları əmisiz və xalasız uşaqlar olacaq.

Bəs vaxtilə bir uşağın bir neçə əmisi, bir neçə xalası olurdu axı. Belə uşaqlar əlbəttə, xoşbəxt idilər. Böyük bir nəslin övladları, arxalı-dayaqlı idilər. Dövrümüzdə isə əmilərin, xalaların yoxa çıxdığı bir cəmiyyət yaranıb. Bu isə qohumların sayının azalması, qohumluq əlaqələrinin məhdudlaşması deməkdiur, fərqində olan varmı?

Deyə bilərsiniz ki, müasir dövrdə heç qohum evinə gedən də yoxdur. Təəssüf ki, bunu da özümüz edirik. Vaxtımzı internet dünyasına qurban verib doğmalarımızdan uzaqlaşırıq. Uşaqların sayını azaltmaqla, gələcək nəsil üçün qohum qıtlığı yaradırıq. Sonra da deyirik ki, müasir dövrdür də, indi hamıda belədir. Gəlin, bircə dəfə düşünək ki, ətrafda nə dəyişiklik varsa, hər biri insan övladının düşüncəsi, əməlidir. Elə bacısız övladların bu gözəllikdən məhrumluğu kimi. Lakin heç də doğru düşüncədə deyilik. Övladlarımız zaman gələcək, bizi qınayacaqlar, bunu unutmayaq.

Nə qədər ki gec deyil, qızlarımız üçün bacı, oğlanlarımız üçün qardaş haqqında hərdən düşünək.

Mətanət Məmmədova

Digər xəbərlər