PDF Oxu

Köşə

  • 995

Tanımadığımız tanışlar

image

Lalə Mehralı

Bir dostun Facebook səhifəsində gördüm, 50-dən çox adam səhifəsinə "təbrik edirəm", "ad gününüz mübarək", "sağlam və uzunömürlü olun" olun yazmışdı ad günündə. FB-da belə bir xatırlatma var axı, ad günü olan dostları təbrik etmək üçün hər gün standart bildiriş göndərir və siz də elə gün olur ki 10-15 adamın fb divarına standart təbrik yazırsınız. Deyə bilərsiniz ki, burada nə var ki, normaldır. Normal ola bilərdi, amma o adam həyatda olsaydı. İnsanlar təbrik etdiyi adamın illər əvvəl vəfat etdiyini bilməyərək hər il eyni şeyi edirlər - vəfat edən adama sağlamlıq arzu edirlər.

Etinasız, laqeyd bir cəmiyyəti təsvir etməyin bundan daha gözəl nümunəsi olmazdı. Bəzi şeyləri adət etdiyimiz üçün edirik, ya da borc verirmiş, borc qaytarırmış kimi. Səni sevdiyi, dəyər verdiyi üçün təbrik etmir bəzən insanlar, bir təmənnası olduğu, ya da adət etdiyi üçün edir. Standarta alışdığı, müntəzəm etdiyi şeyləri təkrarladığı üçün. Çünki diqqətsizdir, laqeyddir, təbriki vərdişdən doğulub, diqqətdən yox. Fərqində deyil səhifəsində səadət arzuladığı insanın 4-5 ildir dünyadan köçdüyünün. Sağlam və uzun ömür arzuladığı adam xəstəlikdən gənc yaşında vəfat edib və o bunu bilmir.

Ya da bilmək üçün heç cəhd etmirlər və məncə ən acısı da budur. Biz çox vaxt baxırıq, amma görmürük, eşidirik, amma dinləmirik. Dost siyahımızda yüzlərlə, bəzən minlərlə insan var, amma onların bir çoxunu tanımırıq. Bu normaldır əslində, hamının həyatına eyni anda hakim ola bilmərik. Onu illər əvvəl dünyasını dəyişdiyini bilməyəcək qədər tanımırıq, amma doğum günü gələndə sistem bizə xatırlatdığı üçün onu təbrik etmək kimi bir öhdəlik hiss edirik.

Çünki düşünməkdən çox, təkrarlamağa alışmışıq. Çünki bəzi davranışlarımız hissdən yox, vərdişdən doğur. Bəzən birini ürəyimizdən keçdiyi üçün deyil, lazım olduğunu düşündüyümüz üçün təbrik edirik, çünki hamı təbrik edir. Yazırıq, çünki bizə də yazırlar. Paylaşırıq, çünki paylaşmaq adətə çevrilib. Məcbur hiss edirik özümüzü.

Sanki görünməz bir sosial borc sistemi yaranıb armızda. Karusel effektli həyat yaşayırıq. "Mən sənin ad gününü təbrik etdim, sən də mənim ad günümü təbrik etməlisən", “mən sənin paylaşımını bəyəndim, sən də mənimkini bəyən” kimi. Beləcə, əvvəl səmimiyyətdən, doğmalıqdan, ya da hörmətdən doğulan hisslər indi bir növ qarşılıqlı hesablaşmaya çevrilib. İnsanlar bəzən kimisə sevdiyi, dəyər verdiyi, onun həyatında olduğunu hiss etdiyi üçün deyil, sadəcə sosial münasibətlərin qaydasını yerinə yetirmək üçün təbrik edirlər.

Bu, bəlkə də müasir insanın ən böyük problemlərindən biridir, biz getdikcə standartlaşırıq. Eyni sözlər, eyni cümlələr, eyni reaksiyalar, eyni təbriklər: hamımız bir-birimizin inikasına çevrilmişik. Birini təbrik edəcək qədər özümüzü məcbur hiss edirik, amma onun öldüyünü bilməyəcək qədər yadıq. Təbrik yazmazdan əvvəl səhifəsinə baxmırıq, nə paylaşdığını, niyə paylaşmadığını görmürük, görməyəcək qədər laqeydləşirik.

Əslində məsələ bir Facebook təbriki deyil, siz mənim nə demək istədiyimi anladınız. Məsələ daha dərindir. Bu, bizim bir-birimizə münasibətimizdə bir-birimizə qarşı yadlığımızın kiçik, amma çox aydın göstəricisidir. Bir insanın doğum gününü xatırlamaq gözəldir. Amma onun artıq bu dünyada olmadığını bilməmək və hər il ona “uzun ömür” arzulamaq artıq sadəcə unutqanlıq deyil. Bu, diqqətsizliyin hansı həddə çatdığının çox kədərli nümunəsidir.

Bəlkə də problem ondadır ki, biz çevrəmizdəki insanlarla itirdiyimizi görməyəcək qədər yaxın deyilik, öldüyünü hiss etməyəcək qədər yadıq. Robotlaşmışıq, sadəcə sistem nəyi xatırladırsa, ona reaksiya veririk. Sizə də elə gəlmirmi ki, biz getdikcə daha az düşünürük?

Digər xəbərlər