Lalə Mehralı
İnsanı yaradılışın digər canlılarından fərqləndirən ən vacib xüsusiyyəti danışa bilməsi, başqaları ilə bu yolla anlaşa bilməsidir. Ünsiyyət insan üçün böyük nemətdir, bəzən ən böyük düşmənə çevrilir. Empatiyasız, düşüncəsiz, vəhşiləşən cəmiyyətdə sosial münasibətlərə davam etmək, ünsiyyətdə qalmaq bəzən insan işgəncəsinə də çevrilə bilir.
Xüsusilə də bugünkü rəqəmsal dünyada daim məlumat və bitməyən ünsiyyət bombardmanına məruz qalırıq. Bu intensiv sosial hücum-ünsiyyət əksəriyyətimizdə zehni yorğunluğa, bir müddət sonra isə sosial tükənməyə səbəb olur. Bu gün dünyada populyarlaşan "insan pəhrizi" və ya şüurlu sosial təcrid anlayışı da məhz bu ehtiyacdan doğub.
Bir düşünün, bu günədək məhşurluğun ən zirvəsinə çatmış, qəfildən o zirvəni tərk edib kiçik bir kəndə köçən, toyuq-cücə saxlayan, tərəvəz əkib-becərən nə qədər məşhur insan var. Əksəriyyəti meqapolisdən, insanlardan, xaotik çevrəsindən uzaqlaşaraq insan pəhrizinə girir, ömründə əli torpağa dəyməyən adamlar əkib-biçir, heyvan altı təmizləyir, başını günəş, ayağını torpaq yandırır və o bundan məmnundur.
Çoxumuza lazımdır belə bir pəhriz. Könüllü olaraq sosial əlaqələrini minimuma endirmək, izdihamlı mühitlərdən qaçmaq, telefonsuz, sosial şəbəkələrsiz, ekransız, insansız bir mühitdə yaşamaq insana yalnız fiziki, mənəvi, ruhi dinclik gətirir. Bu prosesi bir növ zehni detoks kimi təsvir edin.
Minimum insan, minimum əlaqə, maxsimum təbiət, maxsimum dinclik. Doğrudur, psixoloqlar çox vaxt bu pəhrizi qıamüddətli etməyi məsləhət görür, lakin hazırkı xaotik sosial münasibətlərə diqqət etdikdə, bu müddətin maxsimum uzadılması, mümkün olduğu qədər şəhər həyatından uzağa köçmək, daha kiçik çevrə, daha sakit həyat tərzi keçirməyin insana yalnız sağlamlıq qazandıracağı mütləqdir.
İnsanların, cəmiyyətin, rahatlığa təsir edən qüvvələrin səsləri susdurulanda, insan öz düşüncələrini, istəklərini, arzularını və məhdudiyyətlərini - yəni daxili səsini daha aydın eşitməyə başlayır. Nə istədiyini, nə gözlədiyini, nə hədəflədiyini daha yaxşı anlayır.
Meapolislər bizi tükəndirir: sağlamlığımızı, psixoloji dözümümüzü, səbrimizi, ruhi rezervlərimizi. Daim başqalarını məmnun etməyə çalışmaqdan hamımızda sosial yorğunluq yaranıb. Hər addımımızı başqasına görə atmalı, hər hərəkətimizi ölçüb-biçməliyik. Planlaşdırılmış həyat bizi özümüz olmağa qoymur. Hər günümüz zəngi qurulmuş saat kimidir, bədahətən yaşaya bilmirik.
İnsan pəhrizi lazımdır insanlara: tənha qalıb düşünməli, yenilənməlidir. Biz proqramlaşdırılmış robotlar kimi yaşayırıq, təbiətimizə, yaradılışımıza zidd olaraq. Bəzən zehni sağlamlığın açarı mütləq tənhalıqda da deyil, balanslı münasibətlərdədir. Ona görə selektiv sosial münasibətlər barədə düşünmək lazımdır. İnsan pəhrizinə cəsarəti olmayanlar üçün sosial selektivlik də effekt verər, yoxlamaq lazımdır. Nə itirərik ki?