PDF Oxu

Siyasət

  • 730

Yeni reallıqlar dövründə yeni strateji istiqamətlər müəyyənləşdirildi - ŞƏRH

image

Düz 3 il əvvəl 44 günlük Vətən müharibəsində əldə edilən Tarixi Zəfərin nəicələrinin tam təsbitinə nail olmaq məqamı yetişəndə Müzəffər Ali Baş Komandan İlham Əliyev Silah Qüvvələrimizə Azərbaycan Respublikasının bütün ərazisində suveren hüquqlarını təmin etmək əmri verdi. Beləliklə, 2023-cü il sentyabrın 20-də Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri uğurla başa çatdı. Ərazi bütövlüyünün və suverenliyinin tam şəkildə təmin edildiyi həmin hadisə dövlətimiz üçün yeni dövrün başlanğıcı idi. Belə ki, Vətən müharibəsinin nəticəsi və antiterror tədbirləri Cənubi Qafqazda yeni reallıqlar yaratdı, regionda təhlükəsizlik, sülh və sabitliyin təmin olunması və yeni iqtisadi layihələrin həyata keçirilməsi imkanları ortaya çıxdı.

Yeni reallıqlar fonunda Azərbaycan Respublikasının yürütdüyü daxili və xarici siyasətdə də dəyişikliklər labüdlüyünü ortaya qoydu. Bu baxımdan, dövlətin idarəçiliyində söz sahibi olan hakim partiya da əvvəlki qurultayda qəbul etdiyi qərarların, əsas götürdüyü strateji məqsədlərin dəyişdirilməsinin zəruruliyini nəzərə alaraq növbəti qurultayını keçirdi.
2 oktyabr 2026-cı il tarixində Heydər Əliyev Mərkəzində keçirilən Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Azərbaycan Respublikasının Prezidenti, YAP-ın Sədri İlham Əliyevin çıxışı, əsasəm, son illərdə əldə edilən nailiyyətlər və qarşıda duran əsas vəzifələrinin vahid strateji xətt üzrə təqdim olunmasına həsr olunmuşdu. Təbii olaraq, çıxışın mühüm istiqamətləri Azərbaycan Respublikasının əldə etdiyi Zəfərin yeni geoqitisadi, yeni geosiyasi reallığın formalaşması kimi qiymətləndirilməsidir. Bu baxımdan, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpası dövlətin qarşısında yeni mərhələnin vəzifələrini müəyyənləşdirmişdir. Əsas vəifələr isə əldə edilmiş nəticələrin siyasi, iqtisadi və təhlükəsizlik nöqteyi-nəzərindən möhkəmləndirilməsidir.
Dövlət başçısının çıxışının digər mühüm məqamı dövlətçilik, müstəqillik, suverenliyin qorunması və möhkəmləndirilməsi siyasətinin daimi xarakter daşımasıdır. Ulu Öndər Heydər Əliyevin də siyasi xəttinin əsas istiqamətləri müstəqillik, dövlətçilik, iqtisadi müstəqillik, güclü hərbi potensial və milli imkanlardan səmərəli istifadə kimi təsbit olunmuşdu. Prezidentimiz cənab İham Əliyev tərəfindən Ulu Öndərin müəyyən etdiyi siyasi xəttin əsas prinsipləri sabit qalmaqla, dəyişən beynəlxalq şəraitə uyğun olaraq taktiki və strateji vəzifələrin yenilənməsi əsas götürüldü.
Çıxışın əsas məqamlarından biri kimi müasir mərhələdə milli təhlükəsizlik məsələsi təşkil edirdi. Dövlət başçısı tərəfindən Azərbaycanın hərbi gücünün daha da artırılması yalnız mümkün müharibə ssenarilərinə hazırlıq kimi deyil, eyni zamanda ölkəyə qarşı potensial təhdidlərin qarşısının alınması vasitəsi kimi izah olundu. Eyni zamanda regional və qlobal təhlükəsizlik mühitinin mürəkkəbləşməsi, dünyanın bir çox regionlarında münaqişələrin davam etdiyi bir dövrdə dövlətin müdafiə imkanlarının daim gücləndirilməsinin vacibliyi vurğulandı.
Dövlətimizin milli təhlükəsizliyinin yalnız hərbi sahə ilə məhdudlaşdırılmaması da dövlət başçısının çıxışında vurğulandı. İdeoloji təbliğat fəaliyyətləri və informasiya təhlükəsizliyi, internet və kiber mühitdə təhlükələrə qarşı mübarizə, süni intellektin təsirləri yeni çağırışlar sırasında göstərildi. Müasir dövrdə təhsilin inkişafının və vətənpərvərlik ideyalarının təbliğinin cəmiyyətin ideoloji dayanıqlılığının artırılmasında rolu vurğulandı: “İdeoloji risklər sərhəd tanımır, xüsusilə indiki dünyada, internet dünyasında, kiberhücumlar dünyasında, süni intellekt dünyasında. Ona görə biz özümüzü ideoloji təxribatlardan qorumalıyıq”.
Xarici siyasət istiqamətində isə Azərbaycan Respublikasının beynəlxalq münasibətlər sistemində öz maraqlarını müstəqil şəkildə ifadə etmək imkanlarının qorunmasına yönəlmiş strateji xətt təqdim olundu. Bu zaman dövlətimizin öz milli maraqları əsas götürülərək müxtəlif geosiyasi qütblərlə münasibətlər qurması, heç bir siyasi düşərgəyə bağlı qalmaması xüsusi qeyd edildi. İqtisadi inkişaf, sosial rifahın yüksəldilməsi, ölkəyə investisiyaların cəlb olunması, maliyyə sabitliyinin qorunması və xarici borcun azaldılması iqtisadi siyasətin əsas istiqamətləri kimi göstərildi. Enerji resurslarının ixracı, yeni qaz və neft layihələri, eləcə də Orta Dəhliz və Şimal-Cənub nəqliyyat marşrutlarının inkişafı Azərbaycanın iqtisadi imkanları ilə yanaşı, geosiyasi çəkisini də artıran amillər kimi göstərildi.
YAP Sədrinin çıxışının ən mühüm məqamlarından biri də Qarabağ və Şərqi Zəngəzur regionlarında həyata keçirilən yenidənqurma və bərpa işləri, o cümlədən həmin prosesin tərkib hissəsi olan tikinti və infrastruktur layihələrinin sürətlə həyata keçirilməsinin dövlətin gələcəkdəki əsas məqəsədlərindən biri kimi müəyyən edilməsi idi.
Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışında Prezident İlham Əliyev son illərdə dövlətin əldə etdiyi strateji nailiyyətləri də təqdim etidi. Həmin uğurların bir-birini tamamlayan strateji istiqamətlərini hərbi güc, ideoloji və informasiya təhlükəsizliyi, müstəqil xarici siyasət, iqtisadi dayanıqlılıq, enerji və nəqliyyat imkanlarının genişləndirilməsi, Qarabağ və Şərqi Zəngəzurun bərpası, keçmiş məcburi köçkünlərin qayıdışı, regionun iqtisadi potensialının reallaşdırılması təşkil edir.
Ümummilli Lider Heydər Əliyev ideyalarının daşıyıcısı olan və cəmiyyətin avanqard siyasi qüvvəsi kimi Yeni Azərbaycan Partiyasının VIII Qurultayı da göstərdi ki, YAP ölkənin gələcəyinin bütöv mənzərəsini formalaşdırmağa qadirdir. Bu baxımdan qurultayın əsas mesajlarından biri ondan ibarətdir ki, əldə edilmiş tarixi nəticələrin qorunması və gələcək inkişafın təmin olunması davamlı siyasi iradə, güclü dövlət institutları, iqtisadi imkanlar və dəyişən beynəlxalq mühitə uyğun çevik siyasət tələb edir. Prezidentin çıxışında qarşıdakı dövr üçün müəyyənləşdirilən prioritetlər də məhz bu yanaşmanın üzərində formalaşır.

Zamir HÜSEYNOV,
Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədr müavini

Digər xəbərlər