"Noyabrın 12-də İrlandiyanın paytaxtı Dublində keçirilən "Avropa Siyasi Birliyi"nin (ASB) 9-cu Zirvə Toplantısı 50-yə yaxın dövlət və hökumət başçılarını bir araya gətirdi. "Avropa - güclü, təhlükəsiz və əlaqəli" mövzusuna həsr edilən Zirvə Toplantısı Avropa ölkələrinin üzləşdiyi çağırışların geniş coğrafi müstəvidə müzakirəsi və ortaq maraqlar üzrə siyasi dialoqun davam etdirilməsi üçün mühüm platforma oldu".
Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar Rəhimzadə deyib.
.jpg)
Onun sözlərinə görə, belə ki, rəqabətqabiliyyətli iqtisadiyyatın qurulması, innovasiyaların təşviqi, nəqliyyat bağlantılarının inkişafı, enerji, təhlükəsizlik və müdafiə məsələləri ətrafında geniş müzakirələr aparıldı. Reallıq budur ki, tədbirlərin harada keçirilməsindən asılı olmayaraq Azərbaycan hər zaman daha çox diqqətdə olur, ölkəmizin mövqeyinə xüsusi önəm verilir:
"Son 6 ilin reallıqları bir daha təsdiqləyir ki, daim ədalətin və beynəlxalq hüququn yanında olan Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi Zəfəri, bir günlük antiterror tədbirləri nəticəsində suverenliyini tam bərpa etməklə dünyaya mühüm çağırışlarını etdi - ədalət və beynəlxalq hüquq mövcuddur, hədəfə nail olmaq üçün səylər göstərmək, real faktlara və tarixi həqiqətlərə söykənərək sonadək mübarizəni davam etdirmək gərəkdir. Azərbaycan tarixi ədaləti bərpa etməklə 30 ilin işğalına son qoydu. Ermənistana sülh təklifi ilə regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsinin prioritetliyini təsdiqlədi. Ötən ilin avqustunda sülh sazişinin paraflanması Azərbaycanın diplomatik müstəvidə növbəti qələbəsi oldu. Son illərdə keçirilən tədbirlərin hər birində Azərbaycanın sülh gündəliyinin müəllifi kimi regionda və dünya siyasətində yaratdığı yeniliklər xüsusi vurğulanır, ölkəmizin sülh təcrübəsinin tətbiqinə çağırışlar edilir. "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısında da diqqət Azərbaycanın üzərində oldu. Prezident İlham Əliyevin Sammit çərçivəsində keçirdiyi çoxsaylı ikitərəfli görüşlər, Avropa İttifaqı rəhbərliyi ilə təmaslar ölkəmizə olan böyük marağın əyani göstəricisidir. Bu, həm də ölkə başçısının beynəlxalq arenada qazandığı şəxsi nüfuzun nəticəsidir.
Milli Məclisin deputatı qeyd edib ki, Azərbaycan "Avropa Siyasi Birliyi"nin əvvəlki Zirvə görüşlərində də fəal iştirak edib, platforma çərçivəsində regional təhlükəsizlik, enerji və bağlantılar məsələlərinə dair mövqeyini ifadə edib. Dublin Sammitinin əsas müzakirə istiqamətlərindən birinin rəqabətqabiliyyətli Avropanın qurulması olması təsadüfi deyil. Müasir dövrdə iqtisadi rəqabət qabiliyyəti texnoloji innovasiyalarla yanaşı, enerji resurslarının etibarlı təchizatından, nəqliyyat infrastrukturunun səmərəliliyindən və təchizat zəncirlərinin dayanıqlılığından da asılıdır. Prezident İlham Əliyev Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilən "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" mövzusunda dəyirmi masada çıxışında Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində ölkəmizin rolunu önə çəkərək bu xüsusda Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlığa dair 2022-ci ildə imzalanmış Anlaşma Memorandumunu qeyd etdi. Bildirdi ki, o vaxtdan bəri ölkəmiz Avropa İttifaqına qaz təchizatını səkkiz milyard kubmetrdən on üç milyard kubmetrə qədər artırıb. Dövlət başçısı bunun Azərbaycanın ixracının yarısını təşkil etdiyini, həmçinin qaz təchizatını artırmağı planlaşdırdığımızı, bunun üçün yeni yataqların kəşf edildiyini diqqətə çatdırdı. Bu gün yeddi ölkənin ərazisindən keçən və Bolqarıstandakı interkonnektorlar vasitəsilə Avropa İttifaqının on ölkəsini təchiz edən, Bakıdan İtaliyaya qədər uzanan boru kəmərinin tamamilə dolu olduğunu vurğulayan dövlət başçısı onu genişləndirməyin vacibliyini, Yunanıstana və İtaliyaya gedən kəmərin ötürmə gücünün 10 milyard kubmetrdən 11,2 milyard kubmetrə qədər artırdığımızı bildirdi.
İttifaqı arasında enerji, o cümlədən bərpaolunan enerji sahəsində əməkdaşlığa toxunularaq, bu xüsusda Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan arasında bərpaolunan enerjinin Avropa bazarına ixracı üçün əldə olunmuş razılaşma vurğulandı. Avropa İttifaqı tərəfindən Naxçıvan dəmir yolu layihəsi üzrə qiymətləndirmənin tezliklə yekunlaşdırılacağı bildirildi. Orta Dəhlizin əhəmiyyəti qeyd edildi, nəqliyyat və bağlantıların inkişafı məsələləri ətrafında fikir mübadiləsi aparıldı.
Avropa İttifaqının yüksəkvəzifəli nümayəndələrinin Azərbaycana səfərləri də münasibətlərin dinamikasını əks etdirir. 2025-ci ildə Aİ-nin ali nümayəndəsi Kaya Kallas və genişlənmə üzrə komissarı Marta Kos Bakıda Prezident İlham Əliyevlə görüşüblər. 2026-cı ilin martında isə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının enerji və mənzil məsələləri üzrə komissarı Dan Yorgensen Azərbaycana səfər edərək dövlətimizin başçısı ilə danışıqlar aparıblar. Bütün bunlar Azərbaycanın Avropa üçün necə mühüm əhəmiyyət daşıdığını göstərən məqamlardır.
Millət vəkili bildirib ki, Azərbaycanın beynəlxalq gündəliyi Avropa ilə münasibətlərdən daha geniş coğrafiyanı əhatə edir. Mərkəzi Asiya, MDB məkanı və İslam dünyası ilə əlaqələrin inkişafı ölkəmizin xarici siyasətinin digər mühüm istiqamətləridir. Son illərdə bu coğrafiyalarda əməkdaşlığın institusional əsaslarının genişləndirilməsi, Azərbaycanın beynəlxalq təşkilatlarda rəhbər mövqelərə gəlməsi və böyük tədbirlərə ev sahibliyi etməsi ölkəmizin diplomatik fəaliyyətinin miqyasını genişləndirir. Azərbaycanın 2028-ci ildə "Avropa Siyasi Birliyi"nin sammitinə ev sahibliyi etməsi ölkəmizin çoxtərəfli diplomatiyasında mühüm mərhələdir. Prezident İlham Əliyev 2026-cı il mayın 4-də İrəvanda keçirilən 8-ci Zirvə Görüşündə videobağlantı formatında çıxışında Azərbaycanın namizədliyinin qəbul edildiyini və ölkəmizin 2028-ci ilin mayında Avropa Siyasi Birliyinin iştirakçılarını qəbul edəcəyini bildirdi. Dövlət başçısının bu çıxışı "Avropa Siyasi Birliyi"nin fəaliyyətində ölkəmizin gələcək rolunu müəyyənləşdirən mühüm siyasi hadisədir. Sammitə ev sahibliyi etmək Azərbaycana yalnız genişmiqyaslı beynəlxalq tədbirin təşkili imkanını deyil, həm də Avropa ölkələri ilə siyasi dialoqun inkişaf etdirilməsi üçün əlavə platforma təqdim edir. Bakı görüşü dövlət və hökumət başçılarını, eləcə də Avropa institutlarının rəhbərlərini bir araya gətirərək, ümumi siyasi məsələlərin müzakirəsinə, ikitərəfli təmasların genişləndirilməsinə və yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinə şərait yaradacaq. Azərbaycan müxtəlif siyasi məkanlar arasında dialoq körpüsü rolunu daha da möhkəmləndirir".