Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin beynəlxalq platformalarda nümayiş etdirdiyi fəal və prinsipial diplomatik mövqe ölkəmizin dünya miqyasında nüfuzunun daha da möhkəmlənməsinə, milli maraqlarının ardıcıl şəkildə müdafiə olunmasına xidmət edir. Dövlət başçısının Dublində keçirilən “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə toplantısında iştirakı Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunun və strateji əhəmiyyətinin növbəti nümayişi oldu.Dublin sammitində iştirak Azərbaycanın Avropa ölkələri ilə siyasi dialoqun genişləndirilməsi, regional və qlobal məsələlər ətrafında fikir mübadiləsinin aparılması baxımından mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin sammitin plenar iclasında və dəyirmi masada iştirakı, eləcə də keçirdiyi ikitərəfli görüşlər ölkəmizin diplomatik əlaqələrinin inkişafına və beynəlxalq əməkdaşlıq imkanlarının genişlənməsinə xidmət edən mühüm addımlardır.
Sammit çərçivəsində keçirilən “Rəqabətqabiliyyətli Avropanın qurulması – innovasiya, bağlantılar və əlçatan enerji” mövzusunda dəyirmi masa Prezident İlham Əliyevin çıxışı ilə diqqət çəkib. Dövlət başçısı Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm tərəfdaş olduğunu konkret faktlarla diqqətə çatdırıb.
Prezident İlham Əliyev bildirib ki, 2022-ci ildə Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalandıqdan sonra Avropa İttifaqına qaz təchizatı 8 milyard kubmetrdən 13 milyard kubmetrə yüksəlib. Bu göstərici Azərbaycanın Avropanın enerji təminatında artan rolunu və etibarlı tərəfdaş mövqeyini təsdiqləyir. Dövlət başçısı, həmçinin gələcəkdə qaz ixracının daha da artırılması imkanlarının mövcud olduğunu vurğulayıb.
Azərbaycanın enerji strategiyası yalnız mövcud resursların ixracı ilə məhdudlaşmır. Ölkəmiz enerji marşrutlarının şaxələndirilməsi, yeni nəqliyyat və kommunikasiya xətlərinin inkişafı, alternativ enerji mənbələrindən istifadənin genişləndirilməsi istiqamətində də mühüm təşəbbüslər həyata keçirir. Bakıdan İtaliyaya uzanan və bir sıra Avropa ölkələrini enerji ilə təmin edən infrastruktur Azərbaycanın Avropa ilə strateji əməkdaşlığının real nəticələrindən biridir.Bu mənada Dublin sammitində səsləndirilən fikirlər Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyinə verdiyi töhfələrin siyasi və iqtisadi əhəmiyyətini bir daha nümayiş etdirdi.
Dublin sammiti bir daha göstərdi ki, Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində öz sözünü deyən, etibarlı tərəfdaş kimi qəbul olunan və qlobal məsələlərin müzakirəsində iştirak edən dövlətlər sırasındadır. Prezident İlham Əliyevin düşünülmüş və praqmatik diplomatiyası ölkəmizin beynəlxalq nüfuzunun möhkəmlənməsində, yeni əməkdaşlıq imkanlarının yaradılmasında mühüm rol oynayır.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması ölkəmizin beynəlxalq mövqeyini daha da gücləndirib. Bu tarixi nailiyyət Azərbaycanın regionda və dünyada yeni reallıqlar formalaşdıran güclü dövlət olduğunu təsdiqləyib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan bu gün regional məsələlərlə yanaşı, qlobal əhəmiyyətli proseslərdə də fəal iştirak edir. Dublin sammitində nümayiş etdirilən diplomatik fəallıq ölkəmizin beynəlxalq nüfuzunun, siyasi çəkisinin və strateji tərəfdaşlıq imkanlarının artmasının növbəti təsdiqidir.
Malik Mirzəyev,
YAP Lerik Rayon Təşkilatının sədri