PDF Oxu

Köşə

  • 1 786

Müzakirə mədəniyyətimiz niyə aşağıdır? - KÜNCDƏN BAXIŞ

image

Elçin Bayramlı

Müasir dövrdə sosial şəbəkələrin gündəlik həyatımıza güclü nüfuz etməsi cəmiyyətdə bəzi neqativ psixoloji tendensiyaları da gücləndirib. Real dünyadakı aqressivlik, stress virtual dünyada özünü daha güclü biruzə verir. Hər hansı bir hadisə baş verən kimi onun əsl səbəbini bilmədən dərhal sərt hökm vermək, qərəzli mövqe nümayiş etdirmək, alternativ fikirli şəxsləri təhqir etmək halları geniş yayılıb. Bir çox sosial media istifadəçisi hələ hadisənin kökünü, təfərrüatlarını araşdırmadan başqalarını açıq şəkildə ittiham edir və təhqirə yol verir. Bu hal artıq sadəcə fikir mübadiləsi deyil, cəmiyyətdə formalaşan aqressiv psixologiyanın açıq təzahürünə çevrilib.

Bəs cəmiyyətimizdəki bu narahatverici tendensiyanın səbəbləri və fəsadların nələrdir? Mövcud vəziyyətin yaranmasında sosial şəbəkələr birbaşa günahkar deyil, sadəcə olaraq prosesi reallaşdırmağa daha rahat imkan yaradan bir platforma rolunu oynayır. İnsanlar hər hansı bir xəbər və ya hadisə ilə qarşılaşarkən ilkin məlumatdan dərhal özləri üçün nəticə çıxarır, məsələnin tam səbəbini bilmədən qarşı tərəfi tənqid və ya linç etməyə çalışırlar.

Real həyatda açıq şəkildə göstərə bilmədikləri aqressiyanı isə sosial şəbəkələrdə başqa ad və soyad arxasında gizlənərək rahatlıqla reallaşdırırlar. Bir çoxlarının kim olduğunu bilmək belə mümkün olmur, amma onlar rahatca cəmiyyəti, dövləti və ya ayrı-ayrı şəxsləri hədəfə alıb təhqir edə bilirlər.

Normal cəmiyyətlərdə fikir ayrılıqları və müzakirələr olmalıdır, bu, təbii prosesdir. Hər kəs eyni fikirdə ola bilməz, lakin müzakirələr sivil qaydada, qarşılıqlı hörmət və əks-argumentlər əsasında aparılmalıdır.

Biz güclü mənəvi dəyərlərə malik xalqıq, nəyisə müzakirə edə, tənqid edə, tələb edə bilərik, lakin sosial şəbəkələrdə başqasının şəxsi həyatına, şərəf və ləyaqətinə toxunmaq, yoxlanılmamış məlumatlarla böhtan atmaq yolverilməzdir.

Xüsusən də, başqalarının şəxsi həyatını, xasiyyətini, fikirlərini qəbul etmədiyinə görə onu təhqir etmək yolverilməzdir. Əks fikri arqumentlərlə, mədəni şəkildə ortaya qoyub sübut edə bilərlər. O şəxsin ləyaqətini aşağılamağa heç nə əsas vermir. Başqalarına zərər vurana qədər hər kəs məsumdur.

Hüquqi və mənəvi baxımdan hər hansı şəxsin fəaliyyəti cəmiyyətə, dövlətə açıq-aşkar zərər vurursa, ona etiraz etmək normaldır. Əgər insanın fəaliyyəti cəmiyyətə zərər vurursa, haqlı olaraq tənqid oluna bilər. Amma başqasının həyat tərzi kiməsə zərər vurmursa, bu artıq onun şəxsi problemidir. Belə hallarda sadəcə mədəni şəkildə məsləhət vermək olar, təhqirə və linçə yol vermək isə qəbuledilməzdir.

Məsələnin aradan qaldırılması üçün cəmiyyət olaraq müəyyən addımların atılması vacibdir. Cəmiyyət olaraq hər bir məlumatı dəqiqləşdirmədən qəbul etməməli, bir-birimizin hüquqlarına hörmətlə yanaşmalıyıq. Sağlam psixologiyaya sahib olmayan şəxslər mütləq şəkildə mütəxəssislərə (psixoloq və ya psixiatr) müraciət etməlidirlər.

Əgər şəxs bu cür hərəkətlərlə cəmiyyətdə süni gərginlik yaradır, digərlərinin şərəf və ləyaqətini ləkələyirsə, o zaman qanuni şəkildə inzibati məsuliyyətə cəlb olunmalı və ya müvafiq müalicəyə cəlb edilməlidir.

Nəhayət biz də cəmiyyət olaraq, normal cəmiyyətlərdə olduğu kimi mədəni müzakirə mədəniyyətinə yiyələnməliyik. Bir-birimizi təhqir etmədən, linç etmədən fikir mübadiləsi edə bilər, problemlərimizi, məsələlərimizi necə həll etməyi öyrənə bilərik. Bu, elə də çətin iş deyil, bunun üçün alim olmaq da tələb olunmur, sadəcə adam olmaq kifayətdir.

Digər xəbərlər