Bu gün Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günüdür
Son illərdə qlobal iqlim dəyişikliklərinin təsirləri daha qabarıq hiss olunduğundan ətraf mühitin qorunması məsələsi beynəlxalq gündəliyin əsas mövzularından birinə çevrilib.
Azərbaycanda ümumi ekoloji vəziyyətin bir çox ölkələrlə müqayisədə qənaətbəxş olduğu faktdır. Ölkəmizdə təhlükəli ekoloji problemlər demək olar ki, yoxdur. Çünki təhlükəli sənaye sahələri demək olar ki yoxdur. Zəhərli tullantıları olan kimya sənayesi və buna bənzər sahələr geniş yayılmayıb. Müəyyən qədər neft-kimya müəssisələri fəaliyyət göstərsə də, onların miqyası elə də böyük deyil. Bu baxımdan ciddi təhlükədən söhbət getmir.
Su mənbələrinin vəziyyəti də ümumilikdə qənaətbəxşdir. Əsas problem Gürcüstan və Ermənistandan kür və Araz çaylarına axıdılan çirklənmə ilə bağlıdır. Ölkənin çaylarının və göllərinin çirklənmə səviyyəsi çox aşağıdır.
Havanın çirklənmə səviyyəsi də yüksək deyil. Havanı zəhərləyən zavodlar yox dərəcəsindədir. Yalnız Bakı böyük şəhər olduğundan və nəqliyyatın sıxlığı səbəbindən burada havanın müəyyən dərəcədə çirklənməsi baş verir. Regionlarda isə bu sahədə vəziyyət çox yaxşıdır.
Əsas problemlərdən biri torpaq fondu ilə bağlıdır. Torpaqlarımızın təxminən 50 %-i şoranlaşmaya məruz qalıb. Bununla əlaqədar meliorasiya və bərpa işlərinin aparılmasına ehtiyac var. Ölkəmizdə meşə fondu az olduğundan (11 faiz) yaşıllıqların artırılması vacibdir.
Təəssüf ki, bəzi hallarda ağacların kəsilməsi və onların yerində müxtəlif obyektlərin, binaların tikilməsi müşahidə olunur. Bu cür halların qarşısı alınmalı, əksinə, mümkün olan bütün ərazilərdə yeni yaşıllıq zolaqları və parklar salınmalıdır. Bu, həm ölkənin ekoloji vəziyyətinin yaxşılaşmasına, həm də insanların həyat keyfiyyətinin yüksəlməsinə xidmət edir.
Digər mühüm problem tullantılarla bağlıdır. Məişət tullantılarının, xüsusilə plastik və polietilen tullantılarının ətraf mühitə atılması torpağı və su mənbələrini çirkləndirir. Onların yandırılması isə havanın çirklənməsinə və zəhərlənməsinə səbəb olur. Təəssüf ki, cəmiyyətdə tullantılarla davranış mədəniyyəti hələ də arzuolunan səviyyədə deyil və tullantılar çox vaxt nizamsız şəkildə ətrafa atılır. Bu istiqamətdə müəyyən tədbirlər görülür. Bakıda uzun illərdir məişət tullantılarının emalı zavodu fəaliyyət göstərir. Həmin müəssisə tullantıların toplanması, utilizasiyası və təkrar emalı ilə məşğuldur. Bundan əlavə, yeni emal müəssisələrinin yaradılması istiqamətində də işlərin aparıldığı bildirilir.
Hesab edirəm ki, Sumqayıt, Mingəçevir və Gəncə kimi iri şəhərlərdə də belə müəssisələrin fəaliyyət göstərməsinə ehtiyac var. Ümumiyyətlə, plastik və polietilen məhsulların istifadəsini azaltmaq lazımdır. Çünki ətraf mühitə ən çox zərər vuran amillərdən biri məhz budur. Bu materiallar yüz illərlə təbiətdə qalır, tərkibindəki zərərli maddələr isə ətraf mühiti çirkləndirir.
Su mənbələrinin çirklənməsinin qarşısının alınması da vacib məsələlərdəndir. Sənaye müəssisələrinin və yaşayış məntəqələrinin kanalizasiya suları çaylara, göllərə və dənizə axıdılmadan əvvəl mütləq təmizləyici sistemlərdən keçirilməlidir. Bu istiqamətdə işlər görülsə də, sistemlərin daha da təkmilləşdirilməsinə ehtiyac var. Eyni zamanda, bəzi müəssisələrin atmosferə buraxdığı qazların təsirini azaltmaq üçün müasir filtrasiya sistemləri tətbiq olunmalıdır. Bu, ətraf mühitə dəyən zərərin minimuma endirilməsinə kömək edər.
Son illərdə ekoloji mövzular Azərbaycanda daha da aktuallaşıb. Həm dövlət başçısının bu sahəyə göstərdiyi diqqət, həm də hökumətin həyata keçirdiyi tədbirlər onu göstərir ki, ekologiyanın qorunması istiqamətində ardıcıl addımlar atılır. Bu sahədə müəyyən irəliləyişlər də müşahidə olunur. Xüsusilə yaşıl enerjiyə keçid prosesi ekologiyanın sağlamlaşdırılmasına müsbət təsir göstərir. Yaşıl enerji sistemlərinin artırılması müşahidə olunur ki, ümumi energetikada bu sektorun payı getdikcə artır.
Əgər bu istiqamətdə işlər davam etdirilərsə və vətəndaşlar da məsələyə məsuliyyətlə yanaşarsa, ağac əkməyə üstünlük verər, plastik tullantıları ətrafa atmaz və onların istifadəsini azaldarsa, ölkəmizin ekoloji vəziyyəti daha da yaxşılaşa bilər.
Müasir dövrün çağırışları göstərir ki, dünya ekologiyası ciddi təzyiqlərlə üz-üzədir. İqlim dəyişiklikləri, intensiv yağışlar, anomal istilər və təbii fəlakətlərin artması qlobal ekoloji sistemdə baş verən pozuntuların nəticəsidir. Bu proseslər Azərbaycana da təsirsiz ötüşmür.
Bu səbəbdən biz öz mikro mühitimizi, təbiətimizi və ekologiyamızı qorumağa çalışmalıyıq. Bunun üçün yalnız dövlətin fəaliyyəti kifayət deyil. Cəmiyyətin, hər bir vətəndaşın məsuliyyətli davranışı da vacibdir. Azərbaycanın əlverişli coğrafi mövqeyi, zəngin təbiəti və iqlim şəraiti var. Bu üstünlükləri qorumaq və gələcək nəsillərə sağlam şəkildə ötürmək əsas vəzifələrimizdən biridir. Yaşıl iqtisadiyyata və yaşıl enerjiyə keçid, tullantıların utilizasiyası, torpaqların sağlamlaşdırılması, su mənbələrinin qorunması və havanın çirklənməsinin azaldılması qarşıda duran əsas prioritetlərdir.
Ümid edirəm ki, cənab Prezidentin bəyan etdiyi kimi, yaxın gələcəkdə Azərbaycan ekologiyanın qorunması sahəsində dünyanın nümunəvi ölkələrindən birinə çevrilə biləcək. Bu istiqamətdə həyata keçirilən proqramlar və layihələr uzunmüddətli nəticələr verəcək və ölkəmiz yaxın onilliklərdə ciddi müsbət dəyişikliklərə nail olacaq.
Elçin Bayramlı