Lalə Mehralı
Gənclərin şəxsiyyətinin formalaşmasında, özünü tanımasında subkulturlar mühüm rol oynayır, öz tərzini, həyat yönünü tapmağa kömək olur, lakin həm də təhlükəli ola bilir. Çünki subkultura həmişə yaxşı vərdişlər aşılamır, təhlükəli cərəyanlara da yönəldə bilir. Öz kimliyini dərk eləmək, başqalarından fərqlənmək istəyən gənc üçün hər hansı subkultur cəlbedici ola bilər, özü kimi düşünən, danışan, geyinən, davranan başqalarını tanımaq, onlarla eyni mühitdə olmaq ona xoş ola bilər, amma bu cür ətrafının olması həmişə onun kimliyini təsdiq etməsi, özünü tapması demək deyil. Özünü mənsub hiss etmək bəzən gəncin başına bəla ola bilər, zərərli və ya təhlükəli vərdişlər qazanar, amma bəzən ona faydalı da ola bilər, özü kimi aydın düşüncəli insanlarla bir araya gələ, özünü inkişaf da etdirə bilər. Sağlam ənənələrə dayanan, savadı, təhsili, mədəniyyəti, mənəviyyatı, insani keyfiyyətləri aşılayan subkultlar təhlükəli deyil, əksinə gəncin öz hədəflərini tapa bilməsi üçün bir növ yoldur.
Amma elə subkulturlar da var ki, gənclərə riski, təhlükəni, zərərli vərdişləri aşılayır, risk etməyəni o çevrəyə buraxmırlar, təhlükə sevməyən onlarla eyni mühitə girə bilmir. Yəni, subkultura bəzən cəmiyyətin əksinə getməyi təlqin edir, bəzən isə özünü tapmasına kömək edir, bəzən sosiallaşdırır, bəzən təcrid edir. Bəzən subkulturlar multikultural ola bilir, bəzən radikal. Bəzən gənc istəmədən də olsa həmin kulturanın qaydalarına boyun əyməli olur, çünki ondan bu tələb edilir. Xatırlayın, 15-20 il əvvəl Bakı küçələrində əcaib geyimli, gözləri, dodaqları, dırnaqları qara rəngə boyanmış, dəmir aksesuarlı, burun və dilləri dəlinmiş gənclər vardı, özlərini “Emo”lar adlandırırdılar. Emo subkulturu 1990–2000-ci illərdə populyarlaşmışdı, daha çox emo-rock, emo-punk musiqi üslubuna bağlı idi. Lakin görünüşcə bir-birinə bənzəyən bu gənclərin bir çoxunun ümumiyyətlə bu subkulturanın məğzindən məlumatlı deyildi. İntihara meylli, daxilinə qapanmış, cəmiyyətlə ziddiyyətli fikirləri olan bu gənclər zamanla azaldı.
Hər sahədə qloballaşmanı təşviq etdiyi kimi sosial şəbəkələr subkulturaların yayılmasında da böyük rol oynadı. Əvvəl bu kimi cərəyanlar lokal idi, hər bölgəyə, mühitə, çevrəyə xas idi, amma sosial şəbəkələr əlçatanlığı asanlaşdırdı, fərqli bölgələrdə yaşayn, amma baxışı, tərzi, zövqləri eyni olan insanları yaxınlaşdırdı, subkulturları kütləviləşdirdi deyə bilərik. Özləri trend yaratdılar, eyni tərkibli paylaşımlar etdilər, xüsusi həştəqlərdən istifadə etdilər, özlərinə virtual məkan təyin etdilər, qruplaşdılar, müəyyən simvolları paylaşmaqla virtual məkanda da öz kimliklərini hiss etdirdilər, həyat tərzlərini, baxış bucaqlarını əks etdirən vloq çəkdilər, “edit”lər hazırladılar, daha böyük çevrələri oldu, daha çox dost tapdılar. Bir sözlə, qlobal oldular.
Faydalı cərəyanlar, mülayim subkultura gənclərə zərər vermir, əksinə, inkişaf etdirir. Gününü internetdə gəzişmək yerinə bu cür subkulturanın bir yerə topladığı eyni düşüncəli, eyni səviyyəli, aydın gənclərin əhatəsində keçirirsə, bu, ona yalnız fayda gətirər. Lakin yuxarıda da qeyd etdiyim kimi, subkultura həmişə faydalı olmur, radikal yönümlü subkulturanın təsirinə düşüb bütün həyatını təcrid edənlər üçün eyni şeyi demək olmur.