İki gün əvvəl müəllimlərin növbəti sertifikasiya imtahanməı keçirildi. Müəllimlərin sertifikasiyası, onların peşəkar səviyyələrini yoxlamaq və təhsil sistemindəki yerlərini müəyyən etmək məqsədi daşıyan bir prosesdir. Bu, müəllimlərin bilik və bacarıqlarının, həmçinin pedaqoji fəaliyyətlərinin qiymətləndirilməsini əhatə edir. Sertifikasiya müddəti, müəllimlərin daim öz üzərlərində işləməsinə və peşəkarlıqlarını artırmalarına təkan verir.
Sertifikasiya imtahanlarında yüksək nəticə göstərən müəllimlərin sayı olduqca çox oldu, bununla belə, ikinci dəfə şans verilən müəllimlər də var idi ki, imtahanda qənaətbəxş nəticə göstərə bilmədilər. Təhsil eksperti Kamran Əsədov sözügedən məsələ ilə bağlı sosial şəbəkə hesabında belə bir paylaşım edib: “Bu il keçirilən 2-ci şans sertifikasiya imtahanının nəticələri bir daha göstərdi ki, hələ də təhsil sistemimizin içində “müəllim” adını daşımağa layiq olmayan kifayət qədər insan var. Təsəvvür edin: 60 sualdan ibarət imtahanın 30-na belə düzgün cavab verə bilməyən birisi illərlə məktəbdə dərs deyib. Özü də Azərbaycan dili, riyaziyyat, rus, ingilis dili kimi əsas fənlərdən… Bəs bu insanlar indiyə qədər nə öyrədiblər? Kimi yetişdiriblər?
İmtahanda uğursuz nəticə göstərənlərə güzəşt edilməsini təklif edənlərə səslənirəm: Güzəşt uşaqların gələcəyinə qarşı cinayətdir. Empatiya adı ilə savadsızlığı qorumaq, təhsili sıradan çıxarmaq deməkdir. Sertifikasiya — sadəcə imtahan deyil, təhsildə məsuliyyətin ölçüsüdür. Əgər bir müəllim ixtisasını özü yaza bilmirsə, kurikulumdan xəbərsizdirsə, heç bir yeniliyi izah edə bilmirsə, necə “müəllim” adını daşıya bilər?
Əslində problem imtahanın çətinliyində deyil, problem illərlə dərs deyə-deyə öyrənməyə son qoyan, eyni məlumatlarla oturub-duran, tənqidə qapalı, tənbəl, sosial şəbəkədə saatlarla vaxt keçirib, sual düşəndə “çətindi” deyən düşüncədədir. Bəli, məktəblərdə bu gün şagirdlərin özləri belə artıq fərqindədir ki, kim onlara nəsə öyrədir, kim sadəcə gününü yola verir.
Sertifikasiya təhsilin gələcəyinə yönəlmiş ən doğru addımlardan biridir. Yalnız bilik və bacarıqla silahlanmış, dəyişən dünyanın tələblərinə cavab verən müəllim təhsilin inkişafına töhfə verə bilər. Qalanı – sadəcə maaş almaq üçün məktəbdə oturan “şəxs”dir. Unutmayaq: Övladımızın taleyini 30 sualı belə yaza bilməyən birinə etibar etmək – gələcəyimizi qaranlığa buraxmaq deməkdir. Bəli, iki dəfə kəsilən müəllimin bir adı var: SAVADSIZ. O savadsızın yeri məktəb yox, yenidən təlim mərkəzidir. Təhsili ucuz empatiya ilə yox, ciddi məsuliyyət hissi ilə idarə etməliyik!”
Təhsil eksperti Ramin Nurəliyev də öz sertifikasiya imtahanlarının nəticələri ilə bağlı açıqlama verib. Ekspert deyir ki, İmtahanda iştirak edən müəllimlərin əksəriyyətinin müsabiqə şərtlərini ödəyib: “Şagird 5-6 fənn üzrə 1 il hazırlaşır tələbə adını qazanır. Müəllim dərs keçdiyi bir fənn üzrə müəllimliyə əlvida deyir. Sertifikasiya imtahanının nəticəsinə görə humanistlik edilməməlidir. Narazı olanlar apellyasiya müraciəti edə bilər, haqlı isə bunu sübut edərək hüququnu müdafiə edə bilər. Amma çox təəssüflər olsun ki, bəziləri çarəni sosial mediada imtahan təşkilatçılarına və sualları tərtib edənlərə tənqid etməkdə görür.
Ümumiyyətlə, biz sertifikasiya imtahanını gələcək nəslin savadlı olması, təhsilimizin inkişafı istiqamətində atılan bir addım kimi qiymətləndirməliyik. İmtahanda iştirak edən müəllimlərin əksəriyyətinin müsabiqə şərtlərini ödədiyinin şahidi oluruq. Amma çox təəssüflər olsun ki, müsabiqədən uğursuz nəticə ilə ayrılan müəllimlərimiz də var. Müəllim tədris etdiyi ixtisası üzrə müsbət nəticə əldə edə bilmirsə, əmək fəaliyyətinə davam etməməlidir. Buna baxmayaraq Elm və Təhsil Nazirliyi təkrar imtahanda iştirak etmək üçün kəsilən müəllimlərə bir dəfə də şans verir. Lakin buna baxmayaraq müəllim işinə ciddi yanaşmırsa, 1 il müddətində hazırlıqsız imtahana qoşulursa, həmin müəllimə güzəşt olunmamalıdır. Lakin biz şans verilən müəllimin məsuliyyətlə çalışaraq növbəti imtahanda yüksək nəticə ilə uğur əldə etdiyinin də şahidi olduq.
Öz ixtisası üzrə hazırlaşmaq bir müəllimə çətin gəlirsə, o, ümumtəhsil məktəblərində tədris prosesindən konkret olaraq kənarlaşdırılmalıdır. Düşünə bilirsinizmi, 11-ci sinifdə oxuyan bir abituriyent 5-6 fənn üzrə qəbul imtahanı verir. Bu abituriyent verəcəyi imtahana 5 fəndən hazırlaşır. Amma 1 fəndən, illərlə ixtisası üzrə dərs keçən müəllim təəssüflər olsun ki, kəsilir. Başqa fəndən deyil, öz fənnindən kəsilir. Yəni, bu müəllim 11-ci sinifdə oxuyan şagird qədər də işinə məsuliyyətlə yanaşmır. Təkrar şans verilir, yenə də kəsilir. Kəsilir və sonra da günahı sualları tərtib edənlərdə görür.
Əgər bir müəllim 5 fənnə hazırlaşan şagird ilə müqayisədə uğursuz nəticə əldə edirsə, bu biabırçılıqdır. 5 fənn üzrə hazırlaşan 11-ci sinif şagirdinin yükü ilə öz fənni üzrə bir fəndən hazırlaşan müəllimi müqayisə edin. Nə demək istədiyimi anladınız hər halda... İxtisasını bilməyən və buna aciz olan müəllim özü könüllü və səssiz məktəbdən ayrılmalıdır. Çünki müəllimlik peşəsi müqəddəsdir, ucadır. Bu uca peşəni gözdən salmaga heç birimizin haqqı yoxdur”.
Espert ingilis dilindən sualların çətin olduğunu bildirən və müsabiqədən kəsilən müəllimlərin sosial platformalardakı sesnsasiyalı açıqlamaları haqqında da danışıb: “Başlayıblar kobudcasına təhqir etməyə. İlk növbədə təhqir edən bir müəllimin bizim ümumtəhsil məktəblərində fəaliyyət göstərməyə haqqı yoxdur. Sənə haqsızlıq edilibsə, hüquqi yollara baş vura bilərsən, amma kimsəni təhqir etmək sənin haqqın deyil. Tənqid ayrı, təhqir ayrı şeydir. Bəla oxuyursan, bəddua edirsən, söyürsən. Bu müəllimə-tərbiyə verənə xas olan xüsusiyyət deyil.
Gələk sertifikasiya imtahanına. Bu müəllimlər keçən il imtahan olunmuşdu, 50 faiz nəticə əldə edə bilmədikləri üçün humanist nazirlik təkrar bir dəfə daha şans verdi. Necə olursa artıq hər iki imtahanda da kəsilənlərə haqsızlıq olur. Bu necə anlayışdır başa düşmürəm. Niyə haqsızlıq ancaq kəsilənlərə olur? Namizədlərdən yarıdan çoxunun kəsilməsi normaldır, məncə. Çünki bunlar onsuz da keçən il zəif nəticə göstərənlər idi. Sualları biologiyadan salmışdılar bəyəm? Müəllimdir bu, müəllim! Şagirdləri imtahan etmirlər, müəllimə sual hazırlayırlar, müəllimə... Narazılıq edən müəllimlərin sualları 11-ci siniflərin qəbul imtahanı suallarından daha çətindir? Onlar 5 fəndən hazırlaşıb imtahan verirlər, sən isə bir fəndən, özü də tədris etdiyin fəndən.
Müəllim öz ixtisasını bilməlidir. Öz ixtisası üzrə 50 faiz nəticə toplaya bilmirsə, könüllü çıxmalıdır. Camaatın balasını bədbəxt etməməlidir. Keçdiyi mövzular üzrə 50 faiz nəticə toplaya bilmirsə, getsin təkrar MİQ imtahanına girsin. Savadsız müəllimlər vakant yerləri tutmamalıdır, onların yerinə gənc, dinamik, universiteti bitirən gənc müəllimlər gəlməlidir. Hər kəs özünü fikirləşir. Ölkəni, xalqı, balalarımızı fikirləşənlər qətiyyən belə düşünməməlidir”.
Lalə Mehralı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” istiqaməti çərçivəsində hazırlanıb