PDF Oxu

MİA

  • 898

“Ala xəstəliyi”: vitiliqo nədir, necə yaranır?

image

Vitiliqo dəridə solğun ağ ləkələrin müşahidə edildiyi bir xəstəlikdir. Bu, normal insanların hamısının dərsində olan bir piqmentin- melanin piqmentinin çatışmazlığından qaynaqlanır. Vitiliqo bədənin müxtəlif yerlərində ola bilər, lakin daha çox üz, boyun və əllərdə müşahidə edilir. Vitiloqolu dəri günəş yanıqlarına daha həssasdır, buna görə də günəşlə təmasda olarkən bu nahiyələrə əlavə qayğı göstərmək və günəşdən qoruyucu vasitələrdən istifadə etmək vacibdir.

El arasında “ala xəstəliyi” adı verilən vitiliqonun yaranmasına səbəb olan melanin piqmenti normal insanlarda melanositlər adlanan dəri hüceyrələri tərəfindən istehsal olunur və dərimizin rəngini o verir. Vitiliqo olan insanların dərisində melanin istehsal etmək üçün kifayət qədər melanosit hüceyrəsi yoxdur. Bu, dəridə və ya saç diblərində ağ ləkələrin görünməsinə səbəb olur. Melaninin məhz həmin bölgələrdə əskikliyi ilə bağlı tibb elmi heç bir əsaslandırma edə bilmir.

Vitiliqonun ən çox yarandığı yerlər ağızətrafı və gözətrafı, barmaqlar və biləklər, qoltuqaltılar, qasıq nahiyəsi, cinsi orqanlar, ağız içərisi olur. Bəzən vitiliqo saç follikullarının yerləşdiyi yerlərdə, məsələn, baş dərisində də inkişaf edə bilər. Melanin çatışmazlığı vitiliqo olan bölgədəki saçları ağ və ya boz rəngə çevirə bilər.Vitiliqo adətən əvvəlcə dəridə solğun ləkə kimi başlayır və tədricən həmin hissə tamamilə ağarır.

Vitiliqo dəridə quruluq yaratmır, lakin bəzən ağarmış hissələrdə qaşınma ola bilər. Vitiliqonun simptomları və inkişafı da insandan insana dəyişir. Bəzi insanlarda yalnız bir neçə kiçik ağ ləkə, digərlərində isə daha böyük ağ ləkələr əmələ gəlir. Dərinin vitiliqodan nə qədər zərər görəcəyini təxmin etmək üçün bu gün tibb heç bir yol göstərə bilmir.

Vitiliqo ləkələri qalıcıdır. Vitiliqonun 2 əsas növü var - qeyri-seqmental və seqmental vitiliqo. Nadir hallarda vitiliqo bütün bədənə yayılır. Bu vəziyyət ümumi və ya tam vitiliqo adlanır. Qeyri-seqmental vitiliqoda simptomlar ümumiyyətlə vücudunuzun hər iki tərəfində - sağ və sol tərəflərdə simmetrik ağ ləkələr kimi görünür. Qeyri-seqmental vitiliqo, vitiliqonun ən çox yayılmış növüdür, vitiliqolu hər 10 nəfərdən 9-da bu növə rast gəlinir. Seqmental vitiliqoda ağ ləkələr bədənin yalnız bir tərəfində müşahidə edilir. Seqmental vitiliqoya uşaqlarda daha çox rast gəlinsə də, qeyri seqmental daha çox böyüklərdə olur.

Qeyri-seqmental vitiliqonun immun sistemi ilə əlaqəli bir vəziyyət olduğu düşünülür. İmmunitet sistemi düzgün işləməyəndə sistem viruslar kimi yad hüceyrələrə hücum etmək əvəzinə, bədənin sağlam hüceyrələrinə və toxumalarına hücum edir. Əgər sizdə qeyri-seqmental vitiliqo varsa, immunitet sisteminiz melanositləri, melanin istehsal edən dəri hüceyrələrini məhv edir. Vitiliqo hipertiroidizm (qalxanvari vəzinin həddindən artıq işləməsi) kimi digər xəstəliklərlə də əlaqələndirilir, lakin vitiliqolu hər kəsə də bu diqnoz qoyulmur.

Əgər ailənin digər üzvlərində vitiliqo varsa qeyri-seqmental vitiliqonun inkişaf riski daha yüksək ola bilər. Həmçinin valideynlərdən birində anemiya, immun problemi varsa bu növ vitiliqo da gözləniləndir. Vitiliqo bəzən stressdən, zədədən sonra da əmələ gələ bilər. Məsələn, ağır doğuş prosesindən, ciddi günəş yanığı və ya başqa bir dəri zədələnməsindən, müəyyən kimyəvi maddələrə məruz qalmaqdan sonra da vitiliqo yarana bilər.

Əgər vitiliqo sizi narahat edirsə, həkimə müraciət edin. Vitiliqonun səbəb olduğu dəridəki ağ ləkələr qalıcıdır, lakin onların görünüşünü nisbətən soldurmaq üçün müalicə variantları var. Steroid kremlər bəzi piqmentləri bərpa etmək üçün dəridə istifadə edilə bilər, lakin uzun müddətli istifadə dərinin incəlməsinə səbəb ola bilər. Bundan əlavə fototerapiya (işıq terapiyası) da müalicə üsulu kimi istifadə edilə bilər. Müalicə dərinizin rəngini bərpa etməyə kömək etsə də, bu adətən uzun sürmür. Müalicə xəstəliyin yayılmasının qarşısını ala bilməz, ləkələri nisbətən görünməz edir, lakin sonradan həmin ləkələr yenidən görünür.

Vitiliqolu insanlar dəridə melaninin olmaması səbəbindən günəşə qarşı daha həssas olurlar. Mümkün olduğu qədər günəşlə birbaşa təmasdan qaçınmalı, günəş yanığının qarşısını almaq üçün örtülü geyimlərdən, günəş kremindən istifadə etməlidirlər. Vitiliqo həmçinin müalicə edilməzsə və ya qorunmazsa gözün orta təbəqəsinin iltihabı və qismən eşitmə itkisi kimi problemlər də yarada bilər. Vitiliqo infeksion xəstəlik deyil və insandan insana keçə bilməz. Cəmiyyət bu barədə məlumatlı olmadığı üçün vitiliqolu insanlara qarşı bir stiqma formalaşıb, onlarla ünsiyyət, təmas təhlükəli hesab edilir. Birmənalı olaraq vitiliqo yoluxucu deyil və təmas, gigiyenik əşyalarla başqasına keçmə ehtimalı sıfıra bərabərdir.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər