PDF Oxu

MİA

  • 705

Enerji məsələsi: bərpaolunan mənbələr təmin edirmi?

image

22 iyun – Ümumdünya Bərpa Olunan Enerji Günü (World Renewable Energy Day) dünyada bərpaolunan enerji mənbələrinin əhəmiyyətinə diqqət çəkmək, yaşıl enerji texnologiyalarını təşviq etmək və ekoloji tarazlığın qorunmasına çağırış məqsədilə qeyd olunur.

Bu günün yaradılmasında məqsəd ölkələri və insanları günəş, külək, su, biokütlə və geotermal kimi bərpa olunan enerji mənbələrinin istifadəsinə təşviq etmək, karbon emissiyalarını azaltmaq və iqlim dəyişikliyi ilə mübarizəni gücləndirmək, enerji təhlükəsizliyi və davamlı inkişaf ideyalarını dəstəkləmək, əhalini və hökumətləri ekoloji cəhətdən təmiz enerjiyə keçidə təşviq etməkdir.

Dünyanın sürətlə artan əhalisinin və inkişaf etməkdə olan sənayenin enerji tələbatını məhdud resurslarla ödəmək mümkün deyil. Enerji istehsalı ilə istehlak arasında fərq getdikcə artır. Qlobal enerji istehlakının 2035-ci ilə qədər 1998-ci ildə istehlak edilən enerjidən iki dəfə, 2055-ci ildə isə üç dəfə çox olacağı təxmin edilir. Digər tərəfdən, neft, təbii qaz, kömür və nüvə enerjisi kimi “bərpa olunmayan” ənənəvi enerji mənbələri ətraf mühiti və insan sağlamlığını getdikcə daha çox hədələyir. Ənənəvi enerji mənbələrindən, nəqliyyat, yaşayış və sənaye sektorlarında geniş istifadə problemi daha da mürəkkəbləşdirir.

Dünyada meşələrin sayının azalması qalıq yanacaqların yandırılması nəticəsində ayrılan karbon qazının (CO2) miqdarının artması ilə nəticələnir. Bu qaz, atmosferdəki qazlarla birlikdə günəş işığının yer üzündə əks olunmasının qarşısını alır. Bu şəkildə “istixana effekti” yaranır və iqlim dəyişikliyinə səbəb olur. Qlobal istiləşmənin bu şəkildə artmağa davam edəcəyi təqdirdə 2040-cı ilə qədər dəniz səviyyəsinin bir metrə qədər yüksələcəyi və bu halda dünyanın ən böyük şəhərlərinin su altında qalacağı təklif edilir.

Proqnozlara görə neftin 50, təbii qazın isə 200 ildən sonra tükənəcəyi ehtimalı var, buna görə də bəşəriyyət təbiətə uyğun, təmiz və nisbətən ucuz enerji mənbələri axtarmalı idi. Bu kontekstdə, zaman baxımından daha uzunömürlü və tükənməz olan, həmçinin dünyanın hər bir bölgəsində mövcud ola bilən bərpa olunan enerji mənbələrindən daha geniş istifadə istiqamətində addımlar atılmağa başlanıb.

Bərpaolunan enerji, təbiətin öz təkamülü ilə yenidən eyni formada əldə edilə bilən enerjilərə deyilir. Bərpa olunan enerji mənbələrinin ən mühüm xüsusiyyətləri, karbon dioksid emissiyalarını azaltmaqla ətraf mühitin mühavizəsinə dəstək olması, daxili qaynaqlar olduğu üçün enerji almaq üçün xaricdən asılılığın azaldılması və məşğulluq imkanlarının artmasına töhfə verməsi kimi bir çox üstünlüyə malik olmasıdır. Yəni, bərpa olunan enerji resursları əlçatandır, əldə edilməsi asandır. Bərpaolunan enerji mənbələri, biokütlə enerjisi (bioqaz), külək enerjisi, günəş enerjisi, hidroelektrik enerji, geotermal enerji, dalğa enerjisi, hidrogen yanacağı enerjisi, qabarma-çəkilmə enerjisi, dünya okeanının termik enerjisi hesab olunur.

Hazırda ekoloji cəhətdən təmiz alternativ və bərpa olunan enerji mənbələrindən elektrik enerjisinin istehsalında ABŞ, Rusiya, Kanada, Almaniya, Finlandiya, Norveç, Danimarka, İspaniya, Çin, Yaponiya və digər inkişaf etmiş ölkələr xeyli öndədir. Atmosferi çirkləndirən zəhərli qaz və hissəciklərin olmaması, bərpa olunmayan enerji mənbələri ilə müqayisədə daha az istismar xərcləri tələb edir. Kənd təsərrüfatı sektorunda istifadəsinə görə hidroenergetika və su bəndləri əvəzsiz hesab edilir. Bu gün düynada potensial hidroenerjinin yalnız üçdə biri istifadə olunur. Bu göstərici dünya elektrik enerjisi istehsalının 17%-nə uyğundur.

Azərbaycanda bərpa olunan enerji ehtiyatları olduqca zəngindir, günəş, külək, su, biokütlə və geotermal mənbələrdən əldə edilən enerji miqdarı hər il artır. Əsas bərpa olunan enerji ehtiyatı günəşdir, ölkəmizin əksər bölgələri il ərzində 2,400–3,000 saat günəş şüası alır. Xüsusilə Naxçıvan, Cəbrayıl, Sabirabad, Salyan, Gəncə bölgələri 5,000 MVt-dan çox günəş enerjisi potensialına malikdir.

Abşeron, Siyəzən, Xızı və Daşkəsən bölgələrinin küləkli hava şəraiti isə külək enerjisindən faydalanmağa kömək edir. Bu bölgələrdə küləyin orta illik sürəti 7–9 m/s təşkil edir ki, bu da 1,500–2,000 MVt. Enerji almağı mümkün edir. Ölkəmizin dağlıq və subdağlıq ərazilərindəki kiçik çaylar su enerjisi üçün əlverişlidir və buradakı kiçik su elektrik stansiyalarının potensialı 500 MVt-a yaxındır.

Biokütlədən alınan enerjiyə gəlincə isə, kənd təsərrüfatı tullantıları, meşə qırıntıları və məişət tullantılarından istifadə edilə bilər ki, bu da təxminən 150 MVt enerji deməkdir. Geotermal sulardan əldə edilən enerji isə əsasən Quba, Masallı, Lənkəran və Naftalan ərazilərində mümkündür, bu suların enerji istehsalı və istilik təchizatı üçün istifadə potensialı var.

Ümumən deyə bilərik ki, Azərbaycanın bərpa olunan enerji potensialı təxminən 27,000 MVt qiymətləndirilir. Bu, ölkənin enerji balansında əsaslı yenilik və dəyişiklik üçün kifayət qədər böyük rəqəmdir. Azərbaycan bu istiqamətdə ciddi işlər görür, 2021-ci ildə Qarabağ və Şərqi Zəngəzurun, Naxçıvanın Yaşıl Enerji Zonası elan edilməsi də bu qəbildəndir. Bu bölgələri tamamilə bərpa olunan enerji ilə təmin etmək məqsədi ilə bu zonada günəş, külək və hidroenerji mənbələrindən istifadə edilməsi planlaşdırılır.

Xudafərin və Qız Qalası hidroqovşaqları və günəş-külək enerjisi stansiyaları layihələndirilib, “ağıllı kənd” konsepsiyaları tətbiq olunur. Qeyd edək ki, yaxın gələcəkdə Naxçıvan Muxtar Respublikasının 100% yaşıl enerji ilə təmin olunması hədəflənir. Naxçıvanda günəş və külək enerjisi potensialı daha yüksəkdir.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “ekologiya və ətraf mühitin mühafizəsi” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər