PDF Oxu

MİA

  • 136 166

XVI əsrdə Azərbaycan Səfəvi dövlətinin sosial-iqtisadi həyatı

image

Azərbaycan Səfəvi dövlətində əkinçilik, sənətkarlıq və ticarət inkişaf etdi. "Azərbaycan tarixi" kitabında göstərilir ki, XVI əsrdə Azərbaycan əhalisinin əsas məşğuliyyəti əkinçilik idi. Kənd əhalisi buğda, arpa, bəzi yerlərdə isə çəltik əkirdi. Ölkənin təsərrüfat həyatında oturaq maldarlıq, bağçılıq, bostançılıq mühüm yer tuturdu. Həmdullah Qəzvini və Evliya Çələbinin yazdığına görə, Naxçıvan, Gəncə, Xoy, Şamaxı, Təbriz və Bakıda yeddi növ pambıq yetişdirilirdi. Azərbaycanda müxtəlif növ alma, armud, əncir, üzüm, ərik, qoz, fındıq, şaftalı, heyva, nar, yemiş, qarpız, albalı yetişdirilirdi.

Bu sahədə Ərdəbil, Xalxal, Ordubad, Marağa, Şamaxı məşhur idi. Azərbaycanda geniş miqyasda tut ağaclarının yetişdirilməsi ipəkçiliyin inkişafına səbəb olmuşdu. Avropalılar Qarabağ, Şəki, Gəncə Qəbələ ipəyinə yaxşı bələd idilər. 1566-cı ildə Artur Edvards ingilis ticarət kompaniyasının rəhbərliyinə yazırdı ki, "burada gündə 3-4 min atın hər birisinə 50-60 batman yük vurulur". Bu da təqribən 200 min batman və ya 8000 at yükünə bərabər idi. Əmin Əhməd Razi yazır ki, "Şamaxıda ildə 20 min xərvər ipək satılırdı".

XVI əsrin əvvəlində Azərbaycanda Səfəvi dövlətinin yaranması böyük sosial-iqtisadi irəliləyişin müsbət nəticəsi idi. Lakin kəndlilərin vəziyyəti dəyişmədi, əksinə, Səfəvi-Osmanlı müharibələri dövründə daha da ağırlaşdı. I Təhmasibin hakimiyyətinin son illərində torpaq vergisi məhsulun altıda bir hissəsini təşkil edirdi. Şah hökuməti bəzən xəracı və digər vergilərin alınmasını qadağan, yaxud da ixtisar edirdi.

Şah rəiyyətin əvvəlki 10-15 il ərzində yığılan vergi borcunu ləğv etdi. Lakin bunların hamısı xəzinənin xeyrinə atılan addımlar idi. Tezliklə vergilər yenidən artırıldı. Həmin "iltifatdan" az sonra isə şah ötən illərdən qalmış bütün vergiləri tələb etdi. Bu da kütləvi aclığa səbəb oldu. Odur ki, vergi toplanması xəzinənin nəfinə yenidən qaydaya salındı. Vergilərin ağırlığı yenə də əvvəlki kimi rəiyyətin üzərinə düşürdü. Onlar ötən dövrlərdə olduğu kimi, 50-yə qədər vergi verməli və mükəlləfiyyətlər daşımalı idilər. Bunların ən ağırı malcəhat-bəhrə, baxraçe, ixracat, xariciyat, şiltaqat, avarizat, alafe, ulufe, günəlgə, biyar, peşkəş, çıraqlıq, tərh, çuvallıq və s. idi. Bəzən bu ad altında məhsulun yarıdan çoxu rəiyyətin əlindən alınırdı.

Bu dövrdə şəhərlərin bir qismi-Təbriz, Gəncə, Ərəş, Ərdəbil, Culfa, Bərdə, Naxçıvan, Marağa, Dərbənd sənətkarlıq və ticarət mərkəzlərinə çevrilmişdilər. Təbriz ən böyük şəhər hesab olunurdu. Səyyahlar qeyd edirlər ki, o zaman burada 360 min əhali vardı. Tarixçi Xondəmir yazırdı ki, Təbrizi dünyanın dörddə bir hissəsində olan şəhərlərin ən abadı hesab edir. Oruc bəy Bayat Təbrizi "Şərqin paytaxtı" adlandırırdı. Şəhər əhalisinin çoxu ticarət və sənətkarlıqla məşğul idi. XV- XVI əsrlərdə Təbrizdə həllaclıq (keçəsalma), ipək və pambıq parça, boyaq istehsalı yüksək səviyyədə inkişaf etmişdi. İstehsal olunan məhsulun xeyli hissəsi Suriya və Türkiyənin şəhərlərinə aparılırdı. Venesiyalı Alessandrinin yazdığına körə, Təbrizdə istehsal olunan qırmızı parçadan və ipəkdən hazırlanan müxtəlif çeşidli malların xeyli hissəsi Avropanın İsveç, Polşa, Danimarka kimi ölkələrinə daşınırdı. Azərbaycanlı tacirlər Venesiyadan Təbrizə yun parça gətirirdilər.

Kənardan Təbrizə qoyun əti, buğda unu, Urmiyadan, Mahmudabaddan (Xəzər sahili) əla növ balıq gətirirdilər. Təbriz meyvə-tərəvəzlə özünü təmin edirdi. Lakin Səfəvi-Osmanlı müharibələri şəhərin sənətkarlıq və ticarət əhəmiyyətini xeyli azaltdı. Alessandri yazır: "Bu ticarət şəhəridir, dünyanın hər yerindən bura mal və karvan gəlir, lakin o müharibələrdən çox əzab çəkibdir". 1555-ci ilin dekabrında Səfəvi dövlətinin paytaxtının Təbrizdən Qəzvinə köçürülməsinin də şəhərin iqtisadi və ticarət əhəmiyyətinin azalmasında az rolu olmadı. Şamaxı Şirvanın iqtisadi və siyasi mərkəzi idi. XVI əsrin son rübündə. türk-tatar basqınları zamanı şəhər xeyli dağıntıya məruz qaldı, dəfələrlə əldən-ələ keçdi. XVI əsrdə Ön Qafqazda ipək istehsalı və ticarətinin, demək olar ki, hamısı Şamaxıda və Ərəş rayonunda mərkəzləşdi. A.Cenkinson Şamaxını gözəl "şahlıq şəhəri" adlandırır. Şamaxıda 25 min nəfərə qədər əhali yaşayırdı. Şamaxı ipək istehsalının əsas mərkəzi və Şərqin böyük ticarət mərkəzlərindən biri sayılırdı. Azərbaycan tacirləri ilə bərabər burada, həmçinin rus, gürcü, hind və Qərbi Avropa tacirləri alver edirdilər. Çünki Şirvan ipəyi öz yüksək keyfiyyəti ilə fərqlənirdi. Şamaxıdan rus torpaqlarına, İrəvana, Təbrizə, İrana, Suriyaya və digər ticarət şəhərlərinə tranzit ticarət yolları gedirdi. XVI əsrdə Şirvanın Səfəvi bəylərbəyi Abdulla xan Ustaclının köməyi ilə burada, həmçinin, daimi ingilis "Moskva kompaniyası" təşkil olundu. Abdulla xan Ustaclı ipək alverində Moskva kompaniyasının agenti Cenkinsona böyük üstünlük verirdi.

Bakıdan bir sıra ölkələrə dəniz yolu ilə müxtəlif mallar və neft göndərilirdi. O zaman Bakıya gələn səyyahlar qeyd edirdilər ki. şəhərin ətrafında 500-ə qədər neft quyusu vardı. Monqol dövründə Ərdəbil də Azərbaycanın digər şəhərləri kimi dağıdılmış, əhalisi, demək olar ki, qırılmışdı. XIV-XV əsrlərdə o yenidən dirçəldi və Səfəvilərin idarə etdikləri ərazinin mərkəzinə çevrildi. Səfəvilər sülaləsinin banisi Şeyx Səfi əd-Din və onun xələfləri şəhərin abadlığına ciddi əhəmiyyət verirdilər. Burada Şeyx Səfinin məqbərəsi tikilmişdi. Ölkənin hər yerindən məqbərəyə ibadətə gəlirdilər. Ərdəbil bazarı onların diqqətini cəlb edirdi. XVI- XVII əsrlərdə Ərdəbil Səfəvilər dövlətinin hökmranlığı dövründə xeyli üstünlüyə malik olmuşdur. XVI əsrdə şəhər ölkənin ticarət həyatında böyük rol oynayırdı. Gilan və Şirvandan Təbrizə, sonra İrana gedən ipək yolunun üstündə yerləşən Ərdəbil az gəlir əldə etmirdi. Ərdəbil tacirləri ölkənin hüdüdlarından kənarda məşhur idilər. Şəhərdə xarici tacirlər üçün çoxlu karvansara vardı. Onlardan birini Şah I İsmayıl tikdirmişdi. XVI əsrdə ingilis səyyahları Ərəşi Ön Qafqazda ipəkçiliyin iri mərkəzlərindən biri kimi təqdim edirlər. A.Cenkinsonun məlumatına görə, Ərəş bazarında müxtəlif çeşidli 100 funt ipək almaq olardı. Venesiyalı Minadon yazırdı ki, Ərəşdə əla növ ağ ipək istehsal olunur, tacirlər onu mamodi adlandırırlar. Lakin indi Türkiyə ilə müharibə vaxtı xeyli dağıntıya məruz qalmış bu ərazidə ipək istehsal olunmur.

XVI əsrin ikinci yarısında Culfa beynəlxalq ipək ticarətinin iri mərkəzlərində biri idi. Culfa tacirləri ipəyi onun istehsal olunduğu yerdən-Şamaxı, Ərəş və Gilandan alır. Qərbi Avropanın Venesiya, Amsterdam, Marsel şəhərləri, habelə, Suriya, Türkiyə və Hindistanla alver edirdilər.

Artur Edvards yazır ki, XVI əsrin 60-cı illərində Culfa tacirləri Hələbin Suriya limanına 500 yük ipək aparmışlar. Bu da 30 min batman ipək edir. Əvəzində 18 min ton Venesiya malı (qarazəy) gətirmişlər. Təkcə 1590-1613-cü illərdə Suriya vasitəsilə Venesiyaya 23724 yük Şirvan ipəyi daşınmışdır.

1581-ci ildə Culfada 3000 ev vardı, 15-20 min nəfər əhali yaşayırdı. Culfada olan ingilis taciri Nyuber yazırdı ki, bu ildən sonra digər ingilis taciri və səyyahı Kartvrat Culfadan keçərkən burada 2000 evin və 10 min nəfər əhalinin yaşadığını qeydə almışdı. XVI əsrdə Ordubad, Naxçıvan, Əylis kimi şəhərlərin böyük ticarət əhəmiyyəti vardı. Səfəvi şahları sonuncu iki şəhəri xüsusi himayə edirdilər. Əylis Culfa kimi ipəyin və digər malların ticarət mərkəzi idi. Oruc bəy Bayat burada 50 min ailənin (225 min əhali) yaşadığını qeydə almışdı.

Minoadi yuxarıda qeyd etdiyimiz şəhərlərdən əlavə, Səfəvi dövlətinin əsas şəhərləri sırasında İsfahan, Herat, Kaşan, Şiraz, Astrabad, Qəndəhar, Yəzd, Sultaniyyə, Məşhəd, Azərbaycan şəhərlərindən Xoy, Mərənd, Qəzvin və Culfanın da adını çəkir. Qaynaqlarda ölkənin iqtisadi həyatında müəyyən rolu olan bir sıra şəhərlərin adı göstərilir: Maku, Xalxal, Şəhrnov, Şabran, Mahmudabad, Niyazabad, Salyan, Cavad və s.

Azərbaycan şəhərlərinin inkişafı bir sıra daxili və xarici amillərlə bağlı olmuşdur. Bu, birinci növbədə, mövcud ərazi hüdudlarında əmtəə istehsalı və ictimai əmək bölgüsünün səviyyəsindən asılı idi. Ayrı-ayrı bazarların təşəkkülü prosesi gedirdi. Natural təsərrüfatın müxtəlif növləri və cizgiləri bir sıra rayonlarda saxlanılsa da, iqtisadi mərkəz kimi şəhərlərin inkişafı əmtəə təsərrüfatı təkamülünün nəticəsi idi (Şamaxı, Ərəş və s. ipəkçilik bölgələri).

Xarici və tranzit ticarət şəhərlərin inkişafına bəzən həlledici təsir göstərirdi. Belə halda şəhərlərin inkişafı onun əlverişli coğrafi mövqedə yerləşməsi ilə müəyyən edilirdi. Lakin Təbriz, Şamaxı, Gəncə, Ərdəbil kimi şəhərlər həm öz vilayət və ölkələri miqyasında, həm də xarici ticarətin mühüm iqtisadi mərkəzləri idi. Şəhərlərin inkişafı və tənəzzülündə, habelə, onların mövcud olmasında qeyri-iqtisadi amillərin də rolu az deyil. Onlardan 1514, 1533-1555, 1578-1590-cı illərdə Səfəvi-Osmanlı müharibələrini, feodallararası müharibələri, aclığı, xəstəlikləri qeyd etmək olar. Təsadüfi deyil ki, 1573-1574-ci illərdə baş vermiş yoluxucu xəstəlik nəticəsində təkcə Ərdəbildə 30 min nəfər öldü.

Azərbaycan şəhərləri üçün yarımaqrar xüsusiyyət səciyyəvi idi. Burada sənətkarlığın əkinçilikdən ayrılması prosesi uzun müddət davam etdi və tamamlanmadı. Ona görə də, hətta əsrlər boyu sənətkarlıq və ticarət mərkəzi olan şəhərlərin iqtisadiyyatında belə kənd təsərrüfatı, xüsusilə, bağçılıq, bostançılıq, həmçinin, əkinçilik mühüm rol oynayırdı. Avropa səyyahlarının təsvirindən bəlli olur ki, Azərbaycan şəhərlərində meyvə bağları, bostan bitkilərinin əkini üçün geniş sahələr ayrılırdı.

Sənətkarlığın lazımi səviyyədə inkişaf etdiyi Şamaxı, Bakı, Mərənd, hətta Təbrizdə də vəziyyət eyni idi. Xarici ticarət, Azərbaycan dövlətinin rus dövləti ilə ilk diplomatik əlaqələri Şah İsmayıl hakimiyyətinin son illərinə təsadüf edir. Krım xanı Sultan I Süleymana xəbər verirdi ki, 1521-ci ildə 1 İsmayılın elçiləri III Vasilinin yanında olmuş, ondan "çoxlu top, sənətkar və hərbi sursat almışlar". Bu məlumat Şah İsmayılın Çaldıran döyüşündə çatışmayan odlu silahı və topu Rusiyadan aldığını göstərir.

Rusiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin yaranmasına cənub və şərq qonşuları-Türkiyəyə meyl edən Volqaboyu xanlıqlar, habelə, Krım tatarlarının dağıdıcı basqınları mane olurdu. XVI əsrin ortalarında Moskva dövləti Volqaboyu hərəkət etməyə, Xəzərin şimal sahillərinə çıxmağa, onun ticarət, yollarına yiyələnməyə can atırdı.

XVI əsrdə Azərbaycanın Avropa və Asiyanın bir sıra ölkələri ilə əlaqəsi vardı. Əsrin ikinci yarısından etibarən Səfəvilərlə Rusiya arasında intensiv ticarət əlaqələri yarandı. Volqa-Xəzər yolunun mənimsənilməsi ilə, eyni zamanda, Qərbi Avropa dövlətlərinin Azərbaycana marağı artdı. Çünki rus dövləti öz tacirlərinin mənafelərini müdafiə edib tranziq ticarət yolu üzərinə müxtəlif qadağanlar qoymasaydı, Rusiya vasitəsilə Asiya ilə ticarət bu ölkələrə çox böyük mənfəət verə bilərdi.

XVI əsrdə ruslar əsas etibarilə Şamaxı, Ərəş, Təbriz və digər şəhərlərdə istehsal olunmuş ipək və ipək malları daşıyırdılar. Rus-Azərbaycan ticarətinii əsas hissəsi Şamaxıda və Bakıda aparılırdı. Şamaxıda öz sənaye malları ilə gur alver edən və buradan ipək alan Moskva tacirlərinin ticarət nümayəndələri vardı. Şəhər bazarında Orta Asiyadan, Türkiyədən, Hindistandan və digər ölkələrdən mallar satılırdı.

Azərbaycandan Rusiyaya ipəkdən əlavə, Bakı nefti daşınırdı. Rusiya vasitəsilə Qərbi Avropa şəhərlərinə Azərbaycan ipəyi və nefti göndərilirdi. Bakıdan nefti Gilan tacirləri Manqışlaq körpüsünə aparır, oradan isə karvan yolu ilə Xivə, Buxara və Orta Asiyanın digər şəhərlərinə daşınırdı. Rusların Təbriz, Şamaxı və Bakıdan əldə etdikləri yeyinti məhsulları da ticarətdə mühüm yer tuturdu.

Azərbaycan Şimali və Mərkəzi Avropa şəhərləri ilə də alver edirdi. Ölkənin ərazisində tapılmış 1541-1572-ci illərə aid Almaniya (Şvabiya, Bohemiya, Bavariya, Frizya, Saksoniya, Koşn, Drezden, Nyunberq, Hamburq və s.), Avstriya, İsveçrə (Sürix), Belçika (Lyons) və s. dövlətlərin pulları fikrimizi təsdiqləyir. Bu pullar XVI əsrdə Azərbaycanın Qərbi Avropa ölkələri ilə iqtisadi və ticarət əlaqələrini xarakterizə edir.

Ümumən Səfəvilər dövlətində ölçü və çəki sisteminin, pul kəsilməsi, kömrük toplanması işinin qismən qaydaya salınması ticarətə müsbət təsir göstərmişdi.

Səfəvilər əvvəlcə Şirvanşahların gümüş pullarından istifadə edirdilər. Sonralar isə Təbrizdə, Ərdəbildə, Naxçıvanda, Bakıda, Dərbənddə, Şamaxıda və s. şəhərlərdə Səfəvilər dövləti tərəfindən kəsilən iri qızıl, gümüş və mis pullar daha çox tədavülə daxil oldu.

VAHİD ÖMƏROV,fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər