PDF Oxu

MİA

  • 122 548

XVII əsrdə Azərbaycan dövlətinin sosial-iqtisadi həyatı

image

"Azərbaycan tarixi" kitabında XVII əsrdə Azərbaycanın sosial-iqtisadi həyatından bəhs edilmişdir. Kitabda göstərilir ki, XVII əsrdə Azərbaycanda, demək olar ki, Yaxın və Orta Şərqdə məşhur olan kənd təsərrüfatı məhsullarının bütün növləri yetişdirilirdi. XVII əsrin 40-cı illərində Azərbaycanda olmuş türk səyyahı Evliya Çələbi burada taxıl və s. bitkilərinin yetişdirilməsini dönə-dönə qeyd edir. Xüsusilə, Təbriz ətrafında buğda yetişdirilməsi barədə geniş söhbət açır. Onun məlumatına görə, Təbrizdə bu bitkinin 7 növü yetişdirilirdi. Fransız səyyahları Jan Batist Tavarnye, Y.Streys də onun fikrini təsdiqləyirdilər.

Azərbaycanda bu dövrdə çəltik və paxla əkininə böyük əhəmiyyət verilirdi. Evliya Çələbinin məlumatına görə Gəncə, Şamaxı, Təbriz, Ərdəbil, Marağa və Naxçıvanda çəltik və paxla yetişdirilirdi.

Kənd təsərrüfatı bitkiləri içərisində pambıq xüsusi yer tuturdu. Evliya yazırdı ki, Şirvan, Xoy və Gəncədə pambığın yeddi növü yetişdirilirdi: zəhi, monlayi, zəfərani, ləli, xass, bəyaz və s. Bu növlər Bakı, Təbriz və Marağada da geniş yayılmışdır.

Azərbaycan öz meyvələri ilə Ön Şərqdə məşhur idi. Burada alma, şaftalı, armud, ərik, badam, püstə, gavalı, üzüm, əncir, qoz, fındıq, şabalıd, Xəzərsahili vilayətlərdə isə sitrus bitkiləri, zeytun yetişdirilirdi. J.Şardenin məlumatına görə, Təbrizdə üzümün 80 növü vardı.

Azərbaycanda tərəvəzçilik və bostançılıq geniş yayılmışdı. Bu sahədə Təbriz, Şamaxı, Naxçıvan və Bakı şəhərləri xüsusilə fərqlənirdi. Barama qurdu yetişdirmək əhalinin ənənəvi məşğuliyyətlərindən biri idi. Şirvanda və Qarabağda bu sahə daha çox intişar tapmışdı. Adam Olearinin məlumatına görə, XVII əsrin 30-cu illərində bütün Səfəvi imperiyasında 18 min yük ipək istehsal olunurdu. Onun 5000 yükünü Şirvan, 2000 yükünü Qarabağ, 3000 yükünü isə Azərbaycanın cənubu verirdi. Bakı ətrafında az miqdarda kətan, Azərbaycanın bəzi bölgələrində isə toxuculuqda müstəsna əhəmiyyəti olan qızıl boya və zəfəran yetişdirilir, qırmızı boya (Bərdə, Mərənd) əldə edilirdi.

XVII əsrdə Azərbaycanda yetişdirilən yeni mədəni bitki növlərindən biri tütün idi. İran tarixçilərinin məlumatına görə, tütünü XVI əsrin 90-cı illərində portəkizlər Azərbaycana gətirmişdilər. Tütün Azərbaycanın cənub və cənub-qərb vilayətlərində becərilirdi.

Əkinçilikdə süni suvarma mühüm rol oynayırdı. Burada dörd cür süni suvarma mövcud idi. Şarden yazırdı ki, İranda dörd növ su vardır: iki yerüstü-çay suyu və bulaq suyu, iki yeraltı-quyu suyu və yeraltı axın-kəhriz. Bundan başqa hər bir çaydan çoxlu kanallar çəkilir və vegetasiya dövrü geniş istifadə edilirdi.

XVII əsrdə Azərbaycanın iqtisadiyyatında maldarlıq da mühüm yer tuturdu. Bu, təkcə yerli əhalinin və daxili bazarın tələbini deyil, həm də qonşu ölkələrə külli miqdarda maldarlıq məhsulları verməyə imkan yaradırdı. Əhalinin xeyli hissəsi yaylaqda maldarlığı ilə məşğul idi. Bununla əlaqədar Məhəmməd Məsum ibn Hacıağa İsfahaninin söhbəti maraq doğurur. O, Qarabağ hakimi Murtuzaqulu xan Ziyadoğlu Qacarın vəziri kimi XVI əsrin 40-60-cı illərində Qarabağı idarə edən ulu babası Şahverdi Sultanın həyatından bir epizod təqdim edir: "Şahverdi Sultan onun yanına gəlmiş Osmanlı nümayəndələrinin əhval-ruhiyyəsinə təsir etmək üçün mal-qaradan alınan vergi siyahısı ilə məşğul olan mirzələri çağırdı və qonaqların iştirakı ilə qoyunların sayını bildirən siyahını təqdim etməyi məsləhət gördü. Mirzələr məlumat verdilər ki, indi Qarabağda mübaliğəsiz və tərifsiz yüz min sürü qoyun vardır".

Səfəvi şahlarının Qarabağda, Mərənddə və Marağada xüsusi ilxıları vardı. Bütün Səfəvi imperiyası dövründə dəvədən əsas yükdaşıma vasitəsi kimi istifadə edilmişdir. Dəvə XVII əsrdə, əvvəlki illərdəki kimi, "səhra gəmisi" ləqəbini şərəflə doğruldurdu.

Azərbaycanda quşçuluq, arıçılıq (Şamaxı) inkişaf etdirilirdi. Səfəvilərin hakimiyyəti dövründə feodal-torpaq mülkiyyəti var idi: 1. Dövlət torpaqları. 2. Şah nəslinə aid olan torpaqlar. 3. Hərbi və mülki bürokratiyanın şərti himayəsində olan torpaqlar (soyurqal, tiyul). 4. Məscid və kilsə torpaqları (vəqf). 5. Xüsusi sahibkar əmlakı (mülk). 6. Camaat torpaqları.

XVII əsrdə birinci iki torpaq mülkiyyəti forması üstünlük təşkil edirdi. Divanın bütün gəliri dövlət xərclərini ödəməyə sərf edilirdi, şah nəslinə aid olan torpaqlardan gələn gəlir xəzinəyə verilir, yaxud şahın razılığı ilə xərclənirdi. Şah familiyası üzvlərinə mənsub olan torpaqlardan götürülən gəlir isə onların özlərinə xərclənirdi.

Şəhərlər. XVI əsrdə Azərbaycanda mədəniyyət, sənətkarlıq və ticarət mərkəzi olan iri abad şəhərlər var idi. Səfəvi - Osmanlı müharibələri (1578-1590) Azərbaycana ağır zərbə vurdu, şəhərləri xarabazara çevrildi. İmperiyanın ucqarına çevrilən, İran və Rusiya ilə sıx iqtisadi əlaqələri itirən Azərbaycan türk işğalı illərində aldığı zərbədən özünü doğrulda bilmədi. I Abbasın Azərbaycan ərazisində və qonşu ölkələrdə "böyük sürgün" siyasəti və dağıdıcı müharibələri şəhərləri tamamilə tənəzzülə uğratdı. Şəhərlərin təsərrüfat və mədəni həyatının geriləmə dövrü başladı, sənətkarlıq və ticarət xeyli zəiflədi. Lakin Azərbaycan xalqı təsərrüfatı bərpa etmək və şəhər həyatını canlandırmaq əzmindən əl çəkmədi.

Azərbaycan yalnız XVII əsrin ortalarında Səfəvi-Osmanlı müharibələrinin ağır nəticələrindən özünə gəldi. Şəhərlər yenidən keçmiş sənətkarlıq, ticarət, mədəniyyət və incəsənət mərkəzi kimi şöhrətini geri qaytardı. Karvan ticarəti bərpa edildi, çoxsahəli sənətkarlıq sahələri qaydaya salındı.

Azərbaycanda natural təsərrüfatın hökm sürdüyü bir şəraitdə sənətkarlıq böyük rol oynayırdı. Şəhər və kəndlərdə əmək alətləri, silah, parça, xalça, göndəri məmulatı, məişət avadanlığı hazırlayan çoxlu sənətkarlıq emalatxanaları vardı.

Lakin təbrizlilərin gücü sayəsində tezliklə şəhər həyatı dirçəldi, əsrin 60-70-ci illərində onun əhalisinin sayı 550 minə çatdı. Təbrizdə 47 mədrəsə (burada tədris bütün elmlər üzrə aparılırdı), 600-ə qədər ibtidai məktəb, 320 məscid, 200-ə yaxın karvansara, müxtəlif məmulatlar və mallar satılan 7000 dükan var idi.

Gəncə tədricən keçmiş qüdrətini və şöhrətini qaytardı. Əsrin birinci rübündə (1625) Gəncə əvvəlki kimi, bəylərbəyliyin və Qacar nəslinin müxtəlif şaxələrindən olan əyanların iqamətgahı idi. Əsrin ikinci yarısının əmin-amanlıq şəraitində keçməsi Gəncə üçün nəzərəçarpacaq dərəcədə abadlıq işlərinin aparılması ilə əlamətdar olmuşdur.

2200 ilə yaxın tarixi olan Şamaxı XVII əsrin əvvəllərində möhkəmləndirilmiş böyük şəhər idi. Burada 50-60 min nəfər əhali yaşayırdı. Osmanlı işğalı dövründə şəhər iri siyasi və ticarət mərkəzi kimi öz əhəmiyyətini saxlayırdı. 1668-ci il yanvarın 4-də Şamaxıda olmuş zəlzələ şəhərə ciddi zərər vurdu. Zəlzələ nəticəsində 6-7 min nəfər həlak oldu. Lakin şəhər həyatı durğunluq keçirirdi. Gəncə, Ərdəbil, Şəki, Bakı və s. şəhərlərin hərəsində 3 mindən 8 minə qədər əhali yaşayırdı. Azərbaycan Gürcüstan, Dağıstan, İran və Rusiya ilə sıx ticarət əlaqələri saxlayırdı. Şəki və Gəncə ipəyi Azərbaycanın hüdudlarından kənarda məşhur idi. İpək Rusiya, İtaliya, Türkiyə və İrana ixrac olunurdu. Lakin ölkənin feodal dağınıqlığı hədsiz gömrüklər, müxtəlif ölçü, çəki və pul vahidlərinin olması ticarətin inkişafına mənfi təsir etməklə yanaşı, həm də Azərbaycanda əmtəə-pul münasibətlərinin yayılmasına mane olurdu.

XVII əsrin birinci yarısında iki dəfə dağıdılmış Naxçıvan bir qədər dirçəldi, lakin əvvəlki zirvəyə qalxa bilmədi. Bu cəhətdən Evliya Çələbinin məlumatı maraqlıdır: "Əsrin 40-cı illərində şəhərdə 10200 ev, 70 ibadət yeri, 4 məscid, 20 mehmanxana, 7 hamam və 1000-ə yaxın dükan vardı. XVII əsrin sonunda bir sıra iqtisadi və siyasi səbəblərə görə Naxçıvan uzun müddət öz əvvəlki iqtisadi-siyasi və mədəni əhəmiyyətini itirdi.

Ordubad ilk Səfəvi şahlarının diqqətini xüsusi cəlb edirdi. I Abbas Ordubada vergi imtiyazı vermişdi, əhalini bütün mükəlləfiyyətlərdən azad etmişdi. Əylisli Zəkəriyyənin dediklərindən məlum olur ki, əsrin ikinci yarısında - Ordubadın Təbriz, Şamaxı və Azərbaycanın başqa şəhərlərilə, həmçinin, xariclə geniş ticarət və digər əlaqələri vardı.

Qanlı müharibələr meydanından kənarda qalan Quba əsrin sonuna qədər öz iqtisadi və siyasi əhəmiyyətini saxlamışdı. XVIII əsrin əvvəllərində Quba Azərbaycanın iri şəhərləri sırasında qeyd edilmişdi.

Azərbaycanın müxtəlif sənətkarlıq emalatxanalarına malik Miyanə, Xalxal, Sərab şəhərləri karvan yolu üzərində yerləşir və ölkənin təsərrüfat həyatında diqqətəlayiq rol oynayırdı.

XVII əsrdə Azərbaycanın şimalında olan bəzi şəhərlər Qəbələ, Şabran, Ərəş, Niyazabad tam tənəzzülə uğradılar.

Azərbaycanın şəhər əhalisinin sosial tərkibi:

1. Feodallar sinfi, hərbi feodallar, mülki bürokratiya, ali ruhani, iri və kiçik torpaq sahibləri təbəqəsindən ibarət idilər.

2. Beynəlxalq və daxili ticarət ilə məşğul olan iri, orta və kiçik tacirlər.

3. Sənətkarlar ittifaqında birləşmiş orta əsr şəhərlərinin əsas istehsalçıları.

4. Şəhərətrafı torpaqların becərilməsi və heyvandarlıqla məşğul olan əkinçilər.

Şəhərlərdə bütün hakimiyyət iri torpaq sahibi olan bəylərbəyinin əlində idi. Hər bir şəhərdə mərkəzi hakimiyyətin, yerli torpaq sahibliyinin səlahiyyətini öz əlində cəmləşdirən hakimlər, həmin səlahiyyətlə də mülki bürokratiya fəaliyyət göstərirdi. Bu iki bürokratiya kübarlar adlanırdılar.

Daxili və xarici ticarət. XVII əsrdə Azərbaycanda feodal istehsal üsuluna xas olan natural təsərrüfat hökm sürdüyü şəraitdə ticarət, əmtəə-pul münasibətləri xeyli inkişaf etmişdi. Azərbaycanda bazar münasibətləri, əsasən, hakim feodal sinfinin mənafeyinə xidmət edirdi. Şah başda olmaqla feodallar öz vasitəçilərinin köməyilə ticarətdə, xüsusilə, xarici ticarətdə iştirak edirdilər. Azərbaycan şəhərləri, ilk növbədə, Bakı, Təbriz, Naxçıvan, Ordubad və Şamaxı Səfəvilərin daxili ticarətində müstəsna rol oynayırdı. XVII əsrdə Azərbaycanda gündəlik tələbi ödəyən malların qiyməti Avropaya nisbətən aşağı idi. Yerli hakimlər xalqın həyəcanından ehtiyat edir, bazarda qiymətlərin artmasına imkan vermirdilər. XVII əsrin ikinci yarısından etibarən Azərbaycanda ticarət şəbəkəsinə induslar (moltanı) və ruslar daxil oldular ki, onlar xaricilər kimi, gətirdikləri malları satırdılar. Ticarətdə erməni və yəhudilər də mövqelərini möhkəmləndirməyə çalışırdılar.

XVII əsrdə Azərbaycan şəhərlərində və qonşu ölkələrdə xarici ticarətin mərkəzi olan böyük karvansaralarda hər bir tacirin icarəyə götürdüyü hücrə adlanan yeri və anbarı var idi. Qonaq evləri də mövcud idi. İri şəhərlərdə karvansara və qonaq evi birləşdirilirdi. Belə ki, xaricdən gəlmiş tacir öz hücrəsi və malının yerləşdiyi anbarla yanaşı yaşaya bilərdi.

XVII əsrin ortalarından etibarən Azərbaycanın qonşu ölkələrlə və Qərblə ticarət əlaqələri genişlənirdi. Səfəvi-Osmanlı sülh münasibətlərinin yaranması Türkiyə, Aralıq dənizi vasitəsilə Qərb ölkələri, qismən Venesiya, Kenuya və digər ticarət şəhərləri ilə ticarət aparmağa imkan verirdi.

Osmanlılar Azərbaycanın ticarət rəqibi kimi bu zaman qoşqu və yük heyvanlarını almağa çox maraq göstərirdilər. Azərbaycan ilxılarında -Marağa, Mərənd, Qarabağ və Muğanda yetişdirilən əla yorğa və döyüş atlarına Türkiyədə böyük tələb vardı. Hər il Azərbaycandan Türkiyəyə xeyli dəvə göndərilirdi. "Bundan əlavə, osmanlılar Azərbaycan ipəyini, boyaq maddələrini, toxuculuq məmulatlarını avropalılara satmaqla xeyli gəlir götürürdülər. Azərbaycan tacirləri İtaliya, Fransa və s. ölkələrlə sıx iqtisadi əlaqə yaratmaq məqsədilə türk tranzit ticarət yolundan istifadə edirdilər. J.Tavarnyenin fikrinə görə, İstanbul, İzmir, Hələb şəhərləri Şərq tranzit ticarətinin son dayaq nöqtələri idi. Buradan mallar dəniz yolu ilə Avropaya çatdırılırdı. Həmin şəhərlər Avropanın Şərq ölkələri ilə tranzit ticarətində "yolasalma məntəqəsi" vəzifəsini yerinə yetirirdi.

XVII əsrdə Azərbaycanla Hindistan arasında geniş ticarət əlaqələri yaranmışdı. Bir sıra tacirlərin Hindistanda güclü kapitalı vardı. Bu cəhətdən XVII əsrin ikinci yarısında Azərbaycanda məskən salan hind tacirləri daha çox fəallıq göstərirdilər. E.Kempferin məlumatına görə, onlar Bakının ticarət həyatında xüsusi mövqe tuturdular. Bakıda-Abşeronun Suraxanı kəndində hindlilərin xüsusi atəşpərəstlik məbədləri var idi.

Azərbaycanın İranla ticarət əlaqələri quru və dəniz yolu ilə aparılırdı: quru yol Dərbənd və Şimali Qafqazdan, dəniz yolu isə Xəzər-Volqadan keçirdi. F.Kotov yazırdı ki, quru yol Dərbənd-Şabran-Muğan düzü-Ərdəbil-Xalxal-Zəncan-Sultaniyyə-Əbhər və İsfahana qədər uzanırdı. Bu yoldan Gəncə, Ərəş, Naxçıvan, Mərənd, Təbriz və Marağaya şaxələr ayrılırdı. Dəniz yolu isə Dərbənd-Bakı, Lənkəran, Astara, Gilan və İranın daxili rayonlarından keçirdi.

Vahid ÖMƏROV,fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər