PDF Oxu

MİA

  • 2 385

Azərbaycanla Fransanın mədəni inteqrasiyası: fransız tədqiqatçısı Azərbaycanın mədəni həyatı haqqında

image

Tədqiqatçı Z.Əliyeva öz monoqrafiyasında daha sonra göstərir ki, Ə.Ağaoğlunun 1894-cü ildə Qafqaza qayıdandan sonra fransız dilini tədris etdiyini, rus-yapon müharibəsindən Rusiyanın məğlubiyyətindən və 1905-ci il inqilabından əvvəl Rusiyanın türkdilli müsəlman xalqlarının hüququnun müdafiəsi hərəkatında fəal iştirak etdiyini, Əli bəy Hüseynzadə və Əlimərdan bəy Topçubaşov ilə Bakıdakı Azərbaycan dilində çıxan ilk qəzetlərdən biri olan "Həyat" qəzetini nəşr etdirməyə başladığını və sonra özünün məhz bu qəzetləri olan "İrşad" və "Tərəqqi" qəzetlərini nəşr etdirdiyini diqqətə çatdıran fransız tədqiqatçısı 1909-cu ildə irtica Rusiyada geniş miqyas alanda Ə.Ağaoğlunun İstanbula köçdüyünü, Osmanlı imperiyasında və Türkiyə torpağında geniş diapozonlu siyasi fəaliyyətə başladığını, Türkiyənin siyasi həyatında fəal iştirak etdiyini, Ümumtürkiyə İttifaqı və Tərəqqisi Məclisinin üzvü olduğunu, deputat, İstanbul Universitetinin professoru kimi Türkiyənin mədəni həyatına öz töhfəsini verdiyini, "Türk Yurdu" adlı millətçi məcmuədə çalışdığını, bir sıra klubların fəaliyyətini yaxşılaşdırdığını və onlara lazımi yardım göstərdiyini, siyasi fəaliyyətilə yanaşı jurnalistlik fəaliyyətilə də məşğul olduğunu, "Tərcümani- həqiqət" qəzetinin baş redaktoru və fransız dilində çıxan həftəlik "Lö jen Türk" ("Gənc Türk") qəzetinin aparıcı əməkdaşlarından biri kimi çalışdığını qeyd edir.

F.Jorjon Ə.Ağaoğlunun I Dünya müharibəsi zamanı Mərkəzi Avropada vəzifələr həyata keçirdiyini, 1918-ci ildə Osmanlı hərbi dəstələrini Azərbaycan ərazisinə gətirib və onları döyüş zonasına kimi müşayiət etdiyini, 1919-cu ildə İstanbula qayıdarkən ingilislər tərəfindən həbs edilərək Maltaya sürgün edildiyini, 1920-ci ilin axırlarında sürgündən azad olaraq Mustafa Kamalın başçılığı ilə müqavimət hərəkatinda iştirak etmək üçün dərhal Anadoluya yola düşdüyünü, yeni Türkiyənin formalaşmasında mühüm əhəmiyyət kəsb edən çoxsaylı vəzifələrin iştirakçısı və icraçısı olduğunu göstərir.

F.Jorjon Ə.Ağaoğlunun liberal bir ziyalı kimi yetişməsinin əsas səbəblərini açıqlayır, onun mürəkkəb həyat yolunun müxtəlif mədəni, siyasi dövlət qurumlarından keçdiyini, müxtəlif tarixi hadisələrin, Şərq və Qərb dəyərlərinin onun liberal maarifçilik və millətçilik görüşlərinin formalaşmasında aparıcı amil olduğunu dəlillərlə sübut etməyə çalışır: "Azad insanlar ölkəsində", əsərinin müəllifinin keçdiyi həyat yolunun müxtəsər təsiri və mənzərəsi bundan ibarətdir. Mürəkkəb bir həyat yolu onu Qarabağdan Sankt-Peterburqa, oradan Parisə və İstanbula gətirib çıxarmış, bu yerlərdə müxtəlif dövlət qurumları, siyasi rejim, mədəniyyət və adət-ənənələrlə rastlaşmışdı. Bu azərbaycanlının əslində üç vətəni var: İran, Rusiya və Türkiyə.

Ağaoğlu III Aleksandr Rusiyasının, Nəsrəddin şah İranının və Əbdülhəmid Türkiyəsinin mütləqiyyətini görüb, istibdadının şahidi olub. O, uzaqdan-yaxından silsilə inqilabların iştirakçısı olub: 1905-ci il Rus inqilabı, 1906-cı il İran inqilabı, 1908-ci il Gənc Türk inqilabı, sonralar isə bolşevik inqilabı, hələ biz Atatürkçülərin inqilabını demirik. Jurnalist, publisist siyası xadim və istedadlı pamflet ustası kimi tanınan Ağaoğlu çoxsaylı kitab, məqalə və oçerklər müəllifidir. Onun əsərləri bir qayda olaraq müsəlman xalqlarının tarixinə, sosiologiyasına, ümumi formada Şərqə, Şərqin problemlərinə həsr olunmuşdur. Əgər o, Şərqdən bəhs edirdisə, deməli, özünün yaşadığı coğrafi ərazisini də nəzərdə tuturdu, Qərbə nisbətən Şərqi o, geniş siyasi və mədəni planda götürürdü, Şərq onun inkişafına sanki təkan verir, onu şərtləndirir, istedadını qanadlandırırdı. Ağaoğlunun o dövrdə bütün azərbaycanlılar üçün səciyyəvi olan bəzi xüsusiyyətlərini, başlıca olaraq yaradıcılığının ilk mərhələsində, rabitəsiz şəkildə olsa da, sizə göstərə bildim. Özünü müsəlman şiəsi kimi təqdim edərək, əvvəlcə, İranpərəst şef kimi, İran xalqlarının taleyi ilə maraqlanan bir ziyalı kimi, Qafqaza qayıdandan sonra isə XIX əsrin axırlarına yaxın özünün nəinki türk millətinə mənsub olduğunu nümayiş etdirir, hətta türk millətçisinə çevrilir.

F.Jorjon Ə.Ağaoğlunun ömrünün sonunadək azadlıq idealına sadiq qaldığını xüsusi qeyd edir. Əgər onun milli vicdanı, islam eyniliyi çərçivəsində, hardasa "yerdəyişməyə" uğradısa da (belə demək mümkündürsə), Ağaoğlu bütün həyatı boyu bir amala, bir ideyaya həmişə sadiq qaldı - azadlıq ideyasına. Tiflisdə lisey şagirdi olduğu dövrdən bəri, III Aleksandr istibdadına qarşı gizli müxalifətdə iştirak etdiyi vaxtlardan 1939-cu ilə - ölümündən bir az əvvəl yazdığı axırıncı məqaləsinə qədər azadlığa olan inam və etiqadından zərrə qədər dönmədi, onun carçısı olaraq qaldı. İstibdada, köləlik məramına, zora, gücə qarşı duran azadlıq onun həyat eşqinə, güvəncinə, çevrildi; dini, sosial, hüquqi və mədəni həyatımızın maneə və əngəllərini yox edəcək Azadlıq deyilən qüvvəyə inanırdı o, fərdin çiçəklənməsinə qarşı duran qüvvələrə layiqli cavab verə biləcək azadlıqla nəfəs alırdı.

Fransız tədqiqatçısı Ə.Ağaoğlunun yaradıcılığında fərdiyyətçiliyə geniş yer verdiyinin onu cəmiyyətin hərəkətverici qəvvəsi kimi dəyərləndirdiyini göstərir: "Fərd, onun leksikonunda ən ali söz idi. Tarixi və sosiologiyanı öyrənə-öyrənə Əhməd Ağaoğlu belə qənaətə gəlir ki, bəşəriyyətdə fərdiyyətçiliyə mütərəqqi meyil var. İbtidai qəbilə formalarından başlamış müasir dövrə qədər insanların fərqlənməyə, özəlləşdirməyə və fərdiyyətçiliyə meyli üçqat artmışdı. Tarix şəxsiyyətin təntənəsinə sarı addımlayır. Şəxsiyyət və fərd cəmiyyətin hərəkətverici qüvvəsidir, cəmiyyətə durğunluq gətirən də şəxsiyyətdir. Ağaoğluya görə, orta əsr cəmiyyətini müasir cəmiyyətdən ayıran səbəb ondan ibarətdir ki, orta əsr cəmiyyəti icmalar, insan qrupları üzərində bərqərar olurdusa, müasir cəmiyyət fərdiyyətçilik üzərində dayanır.

F.Jorjon Ə.Ağaoğlunun düzgün olaraq Şərqə nisbətən Qərbin inkişafına, tərəqqisinə fərdiyyətçiliyin və azadlığın səbəb olduğunu qeyd etdiyini nəzərə çarpdırır. "Elə bax, bu nöqteyi-nəzərdən də Ağaoğlu Şərqlə Qərbi fərqləndirir. Qərbdə azadılığın fəth edilməsi, fərdiyyətçiliyin çiçəklənməsi üçün zəmin olduğundan maddi və mənəvi tərəqqinin inkişafı da təmin olunur. Şərqdə isə fərdin nəfəsini kəsib boğurdular. Tənzimat dövrünün liberal ənənələrinin sağ təmayülünü seçmiş Ağaoğlu Şərqdə fərdiyyətçiliyin geri qalmasını azadlığın orada olmaması ilə izah edirdi. 1919-1920-ci illərdə Malta həbsxanasında yazdığı və yalnız 1927-ci ildə çap etdirə bildiyi "Üç sivilizasiya" əsərində Şərq ictimaiyyətinin qüruba tərəf enməsi səbəblərini və qərbləşmənin, Qərb dünyasından görüb-götürməyin zəruriliyini müfəssəl və dolğun şəkildə açıqlayır. Şərq aləmin dini, əxlaqi, şəxsiyyət, ailə, cəmiyyət, dövlət, hökumət və başqa aspektlərdən öyrənərək o, insanların şüurunda idarə mexanizmində şəxsiyyəti məngənə kimi sıxan, onu alçaldan despotizmin varlığını təsdiq edir. Nəhayət, Ağaoğlu Şərqdə bizim bu gün "mülki cəmiyyət" adlandırdığımız şeyin, demək olar ki, büsbütün yoxluğuna inanır".

Fransız tədqiqatçısı Ə.Ağaoğlunu "türk ziyalı sinfinin hərəkətverici qüvvələrindən biri" "azadlığın və radikal qərbləşmənin qızğın tərəfdarı" kimi dəyərləndirərək cəmiyyət, şəxsiyyət, dövlət quruculuğu məsələlərin də türk inqilabının ideoloqu Ziya Göyalpla əks mövqedə durduğunu belə şərh edir: "Fransız sosioloqu Emil Dürkgeimdən bəhrələnmiş Göyalp şəxsiyyətə yox, ümumiliyə, hüquqa yox, vəzitə və borca üstünlük verirdi. Digər tərəfdən, o, mədəniyyət və sivilizasiya fərqindən çıxış edərək qərbləşmə anlayışı altında türk cəmiyyəti üçün Qərbin bizi təmin edən bəzi xüsusiyyətlərini qəbul etmək ideyasını müdafiə edirdisə, Ağaoğlu qərbləşməni daha qlobal şəkildə qəbul etmək tərəfdarı idi".

"Maarifçilik və inqilab fədaisi türk ziyalısı Əhməd Ağaoğlu" əsərinin "Liberalizm mənbələrində" bölümündə 1889-cu ildə Böyük Fransa inqilabının yüz illiyi bayramı zamanı bu inqilabın qədim Şərqdə - Osmanlı imperiyasında baş verən milli - azadlıq hərəkatından - Türkiyənin İstanbul şəhərində "Gənc Türk hərəkatı" adı ilə məşhur olan hərbi tibb məktəbinin bir qrup tələbəsinin Əbdülhəmid üsul-idarəsinə qarşı müxalifətə keçərək gizli fəaliyyətə başladığından, bu hərəkatın qarşısında duran əsas məqsədin Əbdülhəmid istibdadına son qoymaq, konstitusiyanı bərpa etmək və özlərini 1789-cu il Fransa iqilabının varisləri elan etməkdən ibarət olmasından bəhs edilir: "Altmışıncı illərin Osmanlı liberalları Fransa inqilabının romantik ideyalarından ruhlanaraq "Gənc Osmanlılar" adı altında "Azadlıq", "Xalq", "Vətən" sözlərini şüara çevirərək çıxışlar edirdi. Gənc Türk hərəkatı Fransanın üçüncü respublikasının (1870-1940) daha da inkişaf etdirdiyi radikal konsepsiyadan bəhrələnirdi. Bu konsepsiya inqilabın başlamasında fəlsəfi fikirlərə əsaslanmağı, 1789-cu il inqilabını nümunə kimi götürməyi, vətəndaş və insan hüquqlarına hörmət etməyi və bu prinsiplərə dünya miqyasında riayət edilməsinə nail olmağı və həmrəyliyi təkidlə tələb edirdi. Albert Sorel və Emil Butmi kimi konservator tarixçilərin özü belə vətənpərvərlik nümayiş etdirərək, Fransa inqilabının ideyalarını müdafiə edirdilər. Gənc-Türk hərəkatının üzvlərinin çoxu siyasi elmlər məktəbində yuxarıda adlarını çəkdiyimiz həmən tarixçi konservatorlardan dərs almışdılar. XX əsrin əvvəllərində türk elitası fransız inqilabının radikal təsir dairəsindən çıxa bilmədilər. Fransız radikalizminin, xüsusilə, antik klerikalizmin müasir Türkiyənin banisi Mustafa Kamalın yaradıcılığına və başqa sahələrdəki fəaliyyətinə təsirini heç cür inkar etmək olmaz".

Fransız tədqiqatçısının bu dəyərli əsərində Rusiya azadlıq hərəkatı ilə sıx bağlı gənc azərbaycanlı Ə.Ağaoğlunun Paris həyatında fransız maarifçilərinin ideyalarına vurğunluğundan ətraflı bəhs edilirdi: "1889-cu ilin yanvar ayında gənc bir azəri tələbəsi Parisə gəlir, Fransa inqilabının əlamətdar günlərinin və bu mövzuda ümumdünya sərgisinin həyacanını yaşayan Parisə. Hələ Rusiyada təhsil alarkən Ağaoğlu xalqçıların fəalları ilə əlaqə saxlayırdı. O vaxtdan bəri XVIII əsr ensiklopediyaçılarına (Volterə, Didroya, d'Alamber, Monteskye və Russova), eləcə də fransız inqilabının irəli sürdüyü ideyalara qəlbən vurulmuşdu. Rusiyadan Fransaya yola düşərkən Ağaoğlu məşhur inqilab vətəninə getməkdən doğan böyük ruh yüksəkliyi və eyni zamanda, həyəcan hissi keçirdiyini etiraf edir. Ağaoğlu arxada neft inqilabının təzəcə başladığı Azərbaycanı qoyub getmişdi, o, Azərbaycanı ki, o, Qərbdəki tərəqqidən, onun inkişafını nümayiş etdirən 1889-cu il ümumdünya sərgisindən, Eyfel qülləsinin əzəmətindən, elektrik cərəyanı sehrindən vəcdə gəlmişdi; bütün bunlar ona əsil tamaşa təəssüratı bağışlayırdı. Başqa dərin bir təəssürat: Fransa Kollecinin həyətində Əhməd bəy Volterin büstü ilə rastlaşır: onun qarşısında sanki canlı Volter dayanmışdı, özünün arıq və istehzalı sifətilə, ədalətsizliyi və cəhaləti həmişə qamçılayan dirilərin dirisi Volter.

Əsərdə gənc Ə.Ağaoğlunun Fransanın maarifçi mütəfəkkirlərinə və ümumən azad Qərbə valeh olsa da, XVIII əsrdə Fransa kralı XVI Lüdovik və onun əhatəsinin ağıllı islahatlar vasitəsilə inqilabdan onunla bərabər addımlayan özbaşınalıq və qırğından yan keçməyin mümkünlüyü fikrində olduğu göstərilir: "Bu tərzdə Fransanı və onun yolu ilə gedən başqa ölkələri əziyyət və iztirabdan qorumaq olardı. Əhməd bəy inqilabı vulkanla, leysan və tufanla müqayisə edir və göstərir ki, inqilablar təbii fəlakətlər kimi qarşısına çıxan nə var hamısını yuyub aparır, hətta özünün sənət adamlarını da".

Ə.Ağaoğlu inqilabın zor və güc işlətməkdən xali olmasını istəyirdi, Osmanlı leksikonunda "inqilab" sözünün ekvivalenti olmadığı və bu mənada "inqilab sözü ilə "ixtilad" və ya "dövlət çevrilişi" ilə "təbəddülat sözləri" arasında tərəddüd edildiyi göstərilir. O, Fransa inqilabına "ideyaların öz yerini tapması və cəmiyyətin inkişafında ziyalı rolunun müəyyənləşdirilməsi üçün əvəzsiz dərs olduğu" üçün müstəsna əhəmiyyət verirdi. Ə.Ağaoğlu təkrar-təkrar XVIII əsr Fransa inqilabçılarının fransız maarifçiləri və fəlsəfi fikrindən bəhrələndiyini qeyd etmişdir.

Qərbdə ziyalılar fəal, sosial tənqidçi rolu oynadıqları halda Ə. Ağaoğlunun fikrincə, ziyalıların müsəlman xalqlarının tarixində oynadıqları rol ziddiyyətli xarakter daşımışdı. "Çünki qələm sahiblərinin əksəriyyəti özlərinin tənqidi missiyalarını yerinə yetirmək əvəzinə hakim dairə ilə barışığa girmək, istibdada göz yummaq, yaltaqlıq etmək kimi aksiyalara qoşulurlar."

Fransız tədqiqatçısının əsərində fransız inqilabının dünya ölkələri üçün, əsasən Avropa, sonra isə Asiya və digər regionlar üçün təkcə nümunə deyil, həm də mənbə rolu oynadığı nəzərə çarpdırılır: "Xüsusilə, Şərqi lərzəyə gətirən inqilabi hərəkət (Rusiyada, İranda, Osmanlı imperiyasında və Çində) Ağaoğluya görə, XX əsrin əvvəllərində baş vermiş bu inqilabların güclü dalğaları 1789-cu il inqilabından qopmuş dalğalardı. Onların Avropadan Asiyaya gəlib çatması üçün düz bir əsr gözləmək lazım gəldi. Franısız inqilabının böyüklüyü bir də onun başqa ölkələrə nüfuzetmə tərzindədir, əvvəlcə Avropa ölkələrini hərəkətə gətirməyə başladı".

Fransanı dərindən sevən F.Jorjon bunun səbəbini inqilabdan əvvəl Fransanın Avropada aparıcı rol oynaması ilə izah edir: "Fransız inqilabının asanlıqla sərhədləri aşmasının səbəbi təkcə onun ideyalarının cazibə qüvvəsilə olunmamalı, eyni zamanda, inqilabdan əvvəl fransız dilinin, fransız mədəniyyətinin geniş miqyasda yayılması ilə, Avropa ölkələri içərisində Fransanın aparıcı rolu ilə izah olunmalıdır". Təsadüfi deyil ki, Avropanı, bütövlükdə, Fransa Avropası adlandırırdılar. 1913-cü ildə yazdığı "Osmanlı inqilabının Şərqə təsiri" adlı bir məqaləsində Ağaoğlu izah edirdi ki, Gənc-Türk inqilabı fransız inqilabı kimi böyük təsir gücünə malik olub: 1908-ci ildən əvvəl Osmanlı imperiyası bilavasitə, xüsusilə, Xiləfətin idarə və təşkilatları islam dini vasitəsilə ətrafdakılara güclü təsir göstərirdi. Bu təsirin nəticəsində Gənc-Türklərin hərəkatı bütün müsəlman aləmini, bütövlükdə, Şərqi lərzəyə gətirdi.

VAHİD ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər