Dastan ayrı-ayrı xalqların müxtəlif tarixi kəsimlərdəki ədəbi-bədii, ictimai-fəlsəfi düsüncəsinin bir sıra cəhətlərini əks etdirən yaradıcılıq sahəsidir. İsrafil Abbasov yazır: "Bu şifahi irs... aləmində türkdilli xalqların, o cümlədən azərbaycanlıların dastan yaradıcılığının xüsusi siqləti vardır". Dastan yaradıcılığı dünya xalqlarının şifahi sənətinin zəngin bir qolunu təşkil edir. Dastanlar bəşər mədəniyyətinin nadir incilərindən biri kimi şifahi söz xəzinəsinin ayrılmaz tərkib hissəsidir.
Tədqiqatçı Aqşin Quliyev yazır: "İliada" və "Odiseya" yunanları, "Qılqamış" şumer, asur və babilistanlıları, "Ramayana" və "Mahabharata" hindliləri, "Rollandın nəğmələri" fransızları "Şahnamə" iranlıları, "Nibelunq nəğmələri" almanları, "Şinto" yaponları, "Kalevala" finləri, "Nart" osetinləri, abxazları və Şimali Qafqazın digər xalqlarını, "Amiraniani" gürcüləri, "Maalay Qara" altayları, "Manas" qırğızları, "Koblandı batır" qazaxları, "Alpamış" əksər türkdilli xalqları, "Kablandı" qaraqalpakları və tatarları, "Kozi Kornəş-Bayan slu" uyğurları bəşəriyyətə zəngin şifahi yaradıcılıq abidələrinə malik olan qədim xalqlar kimi tanıtmışdır. "Kitabi-Dədə Qorqud" dastanlar toplusu, müxtəlif məzmunlu oğuznamələr və "Boz qurd" kimi qiymətli epos nümunələri indi də dünya mədəniyyətinin sayılıb-seçilən inciləri sırasında özünəməxsus diqqətəlayiq yer tutur".
Dastanlarda xalqın gündəlik məişəti və həyat tərzi, təsəvvürləri, cəmiyyətə baxışları, milli adət-ənənələri, psixoloji-mənəvi keyfiyyətləri, məşğuliyyəti və həyatda apardığı mübarizənin təsviri mühüm yer tutur. Elə bu səbəbdəndir ki, dastanları xoşbəxt həyat uğrunda aparılan mübarizəsiz təsəvvür etmək çətindir. A.N.Veselovski yazırdı: "Epos həmişə beynəlxalq xarakterindəki əlamətinə görə seçilir: o, bir qəbilənin digəri ilə mübarizəsini tərənnüm edir, buna görə də həmin mübarizədən bəhs edən hekayət mübarizə aparan hər iki tərəf üçün maraqlı olur. Buradan da eposun qəbilələrin mübarizəsindən yarandığı məlum olur".
A.Quliyevin fikrincə, yaranma tarixi belə söyləməyə əsas verir ki, epos və dastanlar sinifsiz cəmiyyətin məhsuludur. Epos və dastanlar yaranarkən cəmiyyətdə nə sosial təbəqələrə bölgü, nə də dövlət təsisatı mövcud olmamışdır. Sosial hakimiyyətin hökm sürdüyü və ağsaqqallar şurasının idarə etdiyi qəbilə-tayfa icması şəraitində yaranan dastanlar bütöv bir qəbilənin digəri ilə mübarizəsinin qəhrəmanlıq səhnələrini əks etdirir. Bir qəbilə digəri ilə mübarizədə bir nəfərin, bəzən isə bir nəfər bütöv qəbilənin mənafelərini təmsil edir.
İ.Abbasov məhz buna görə belə qənaətə gəlir ki, ...tarixən ilk dəfə qəhrəmanlıq, sonra isə məhəbbət, ailə-əxlaq dastanları yaranmışdır. Qədim saq (türk), hun, göytürk, uyğurların "Alp Ər Tonqa", "Şu", "Oğuz Qağan", "Ergeneqon", "Boz qurd", "Törəyiş", "Köç" və s. kimi genişmənalı mənqəbə və dastanlarının mövzu çalarları da bunu təsdiq etməkdədir.
Azərbaycan eposunun qaynaqları çoxşaxəlidir və əsrlərin dərinliyinə gedən əski kökə malikdir. O, bir tərəfdən islamiyyətdən əvvəl türk xalqlarının, o sıradan saqların, hunların, göytürklərin, uyğurların dastan-epos nümunələrinə yaxınlaşırsa, digər yandan eradan qabaq X-IX əsrlərdən etibarən özünün müstəqil dövləti olan Midiya, Manna, Atropaten... mədəniyyətinə qovuşur. İ.Abbasov göstərir ki, başqa sözlə, qədim Midiyanın, ...habelə ona qonşu olan Zaqafqaziya xalqlarının antik mədəniyyət irsində, tarixçi və salnaməçilərin əsərlərində Azərbaycan eposunun motivləri ilə səsləşən iz və əlamətlər az deyildir. Türkdilli xalqların erkən orta yüzilliklərdən başlayaraq yaratdıqları epos-dastan nümunələrində o dövrün tarixi hadisələrinin və xalqın qəhrəmanlıq mübarizəsinin təsvirinə geniş yer verilir. "Kitabi-Dədə Qorqud" və "Manas" belə epos-dastanlardan hesab olunur. Qəhrəmanlıq motivləri ilə zəngin olan bu dastanlarda milli adət-ənənələr, əxlaq normaları və davranış qaydalarının təsviri də mühüm yer tutur.
İ.Abbasov yazır: "Kitabi-Dədə Qorqud" tayfa-qəbilə birləşmələri çağındaki bahadırlıq ənənələrindən tutmuş, XIII-XIV əsrlər də daxil olmaqla böyük bir tarixi kəsimin mifoloji elementləri ilə səsləşən bədii salnamədir. "Kitabi-Dədə Qorqud" həm də Azərbaycan xalqının tarixidir, onun ictimai-siyasi varlığının poetik inikasıdır. Ensiklopedik mahiyyət daşıyan bu abidənin ...VI-VII əsrlərdə yarandığı ehtimal edilməkdədir".
İstər ən qədim dövrlərdə, istərsə də erkən orta yüzılliklərdə türkdilli xalqların, o cümlədən azərbaycanlıların yaradıcı düşüncə və təfəkkürünün dəyərli abidələrindən biri olan dastanlar sosial-siyasi və hüquqi fikrimizin zənginləşməsində mühüm tarixi rol oynamışdır. Çox maraqlı və diqqətəlayiq bir haldır ki, epos-dastanlarda, o cümlədən "Kitabi-Dədə Qorqud"da ehtiva olunmuş ideyaların bəziləri bu günlə də səsləşir. Ədalətli hökmdar, ədalətli qanun və ədalətli cəmiyyət və s. bu kimi ideyalar deyilənlərə nümunə ola bilər. Sosial ədalət problemi bəşəriyyəti müasir mərhələdə və dərindən düşündürən məsələlərdən biridir. O, indi beynəlxalq xarakter olmaqla, qlobal problemlərdən birinə çevrilmişdir.
..."Kitabi-Dədə Qorqud" türk xalqlarının, xüsusilə Oğuz tayfalarının bədii təfəkküründən doğan folklar incisidir. Lakin eposun ideya məzmunundan onun eyni zamanda da möhtəşəm ictimai-siyasi fikir abidəsi olduğu aydın olur. "Kitabi-Dədə Qorqud" azərbaycanlıların və bütövlükdə bütün oğuzların ictimai-siyasi görüşlərinin klassik və parlaq aynasıdır. Eposda türkdilli xalqların azadlıq, istiqlaliyyət qazanmaq, qurub-yaratmaq meyilləri, dövlətin müstəqilliyi və suverenliyi, əmin-amanlıq uğrunda mübarizə aparmaq, habelə işğalçı qüvvələri dəf etmək istəyi öz dolğun ifadəsini tapmışdır. Bütün bunlar "Kitabi-Dədə Qorqud" eposunu həm də Azərbaycan xalqının ictimai-siyasi fikir tarixinin əzəmətli abidələrindən biri kimi dəyərləndirməyə əsas verir.
Eposun dərin vətənpərvərlik ruhunda olması, Oğuz elinin öz suverenliyi uğrunda qəhrəmanlıq mübarizəsi, cəmiyyətdə mövcud olan davranış qaydalarının və əxlaq normalarının müqəddəsliyi və möhkəmliyinin qorunması sahəsində nümayiş etdirilən mütəşəkkillik bütövlükdə oğuzların əxlaqi düşüncəsini, ictimai-siyasi təfəkkürünü və dünyagörüşünü əks etdirir.
Oğuz elində mövcud olan qayda və normalar sosial ədalətə söykənir. Məhz ədalətin şərtlərinə əməl olunan Oğuz cəmiyyətində qayda-qanunların müqəddəsliyi qorunub saxlanmış, nəinki özünün, həm də qonşu xalqların adət-ənənələrinə və mədəniyyətinə hörmətlə yanaşılmışdır. İç və Dış Oğuzdan ibarət olan böyük bir eldə sosial və etnik fərqlərin olmaması faktının özü də bu cəmiyyətdə ədalətin hökm sürdüyünə dəlalət edir. Cəmiyyətin tərəqqi etməsi, ölkə daxilindəki əmin-amanlıq şəraiti və mədəni yüksəliş, hamının və hər kəsin hüquqlarının qorunması Oğuz elinin ədalətli bir cəmiyyət olması haqqında şəhadət verir.
A.Quliyev ehtimal edir ki, oğuzların hərb sənətinə güclü meylli, hər bir Oğuz igidinin əsl döyüşçü kimi yetişməsi, hər şeydən əvvəl, bu xalqın sonsuz vətənpərvərliyi ilə yanaşı, həm də onun sülhpərvərliyindən, yer üzündə ümumi dincliyin qorunub saxlamasından və haqq işinin müdafiəsi istəklərindən irəli gəlmişdir. Eposun məzmunundan və ideyasından da bəlli olur ki, oğuzlar müharibələrə həmişə cəlb edilmişdir. Oğuzların apardıqları müharibələr öz torpağını düşmən hücumundan müdafiə etmək məqsədini daşımışdır. Bu isə oğuzların apardığı ədalətli müharibələr, haqqın və ədalətin bərpası idi.
"Kitabi-Dədə Qorqud"dakı ictimai-siyasi hadisələr feodal münasibətlərinin inkişafının elə dövrünə təsadüf edir ki, həmin tarixi proseslər qədim oğuzların ictimai və dövlət həyatı, cəmiyyətdə mövcud olan bəzi sosial-siyasi təsisatlar və s. haqqında səthi də olsa, təsəvvürlər əldə etməyə imkan verir. Belə ki, oğuzlarda qəbilədaxili hakimiyyət və cəmiyyəti idarəetmə rejimi o dövrdə məhdud məkanda kifayət qədər möhkəmliyə malik olmuş, lakin yazılmamış adət-ənənə və hüquq normaları ilə tənzim edilmişdir. Cəmiyyətdə hökm sürən adət normaları, davranış qaydaları, eləcə də idarəetmənin ədalət mühakiməsinin həyata keçirilməsində tətbiq edilən normalar, hər şeydən əvvəl, əxlaqi köklərə bağlı olmuşdur. Belə quruluşa malik cəmiyyətdə sosial ədalətin yüksək səviyyədə olduğu bir daha təsdiq olunur. Haqq, azadlıq ədalət şərtlərinə əməl edilməsinin özünün də əsasına əxlaqi dəyərlər xidmət edirdi. Bütün bunlar Oğuz elinin yüksək mənəviyyatlı bir cəmiyyət olması haqqında şəhadət verir.
A.Quliyev yazır: "Oğuz elinin sosial-siyasi həyatının mənzərəsi göstərir ki, bu cəmiyyət zalım və məzlum tanımamışdır. O, suveren bir cəmiyyət kimi azad əhaliyə, müxtəlif qəbilə və tayfaların sosial cəhətdən bərabərliyinə malik olmuşdur. Cəmiyyətin sosial nərdivanının yuxarı pilləsində Oğuz elində ən yüksək elita hesab olunan bəylər və onların yaxın adamları, silahdaşları dururdular. Oğuz cəmiyyətində bəylik irsi xarakter daşısa da, varisin müəyyən yaş həddinə çatması və təyin edilmiş müvafiq təntənəli bir gündə öz hünərini göstərməsi və bəylik titulunu qazanması vacib adət və şərtlərdən biri idi. Əslində isə, bu bir növ qanuniləşdirilmiş adət normasını xatırladır. Bundan başqa, mövcud adətə görə silahların işlədilməsinin ənənəvi üsullarından istifadə edə bilməyən və bunu öyrənməyən Oğuz gənclərinə ad və titul verilmirdi. Belə halların mənfi nəticələri haqqında boylarda hər hansı məlumata təsadüf olunmur".
A.Quliyevin fikrincə, "Kitabi-Dədə Qorqud" boylarının ideya-məzmunu göstərir ki, qədim oğuzlarda "yurd", "vətən", "cəmiyyət" və "dövlət" anlayışları eyni məna daşıyır. Qədim oğuzlar bir məkan tanıyırdı. Bu məkan onlar üçün həm doğma yurd, el-oba, vətən, həm də heç zaman basılmaz olan möhtəşəm və qüdrətli bir dövlət idi. Ona görə də dastanlarda nəzərə çarpan vətən istəyi, eləcə də xalqın və dövlətin taleyi uğrunda mübarizə aparmaq əzmi təsadüfi və ötəri hisslərdən ibarət olmamışdır. Bu istəkdə mənəvi paklıq və dərin bir inam var idi. Çünki Oğuz dövlətinin mayası ədalətdən yoğrulmuşdu. Onun təsisinə Dədə Qorqud, Bayandur xan və Salur Qazan kimi ər igidlər yenilməzlik və sarsılmazlıq möhürü vurulmuşdu.
Oğuz dövlətinin başlıca amalı və məqsədi cəmiyyətdə insanlar və bütün xalqlar arasındakı münasibətlərdə birlik və həmrəylik yaratmaqdan, bəşər övladına dinclik əmin-amanlıq verməkdən, insanların haqqa, azadlığa, xoşbəxtliyə və səadətə qovuşdurmaqdan ibarət idi. Biz, sonralar ictimai-siyasi və hüquqi fikir tariximizdən görəcək və öyrənəcəyik ki, dövlətlərin uzun müddət yaşaması möhkəmliyinin ədalətlə bağlı ilk ideyalarının rüşeymlərini siyasi-hüquqi fikir tariximizə Oğuz cəmiyyətinin tarixi təcrübəsi ərmağan vermişdir. Belə tarixi təcrübənin və tarixi reallığın orijinallığı öz dəyərini bu gün də itirməmişdir. Bəlkə neçə-neçə nəsillər, tayfa və xalqlar Oğuz cəmiyyətinin dövlətçilik təcrübəsindən və idarəetmə ənənələrindən bəhrələnmiş, onun hərb mədəniyyətini, düşmənə qalib gəlmək və onunla sülhyaratma siyasətini əxz və özünə örnək etmişdir.
Qədim oğuzlar sosial həyatda tətbiq etdikləri haqq, azadlıq, ədalət ənənələri onların nəinki öz elinə və xalqına, eləcə də bəşəriyyətə miras qoyduğu nəcib dəyərlərdən biridir. Bəşəriyyət bu dəyərlərdən hələ çox faydalanacaqdır.
Vahid ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru