MİA

  • 5 163

Rodion Panin: Azərbaycanın qələbəsi xeyirin şər üzərində qələbəsi idi – MÜSAHİBƏ

image

MDU-nun müəllimi : “Ağlı başında olan şəxs təcavüzkarın kim olduğunu və təcavüzün qurbanının kim olduğunu yaxşı başa düşür”

Lomonosov adına Moskva Dövlət Universitetinin müəllimi Rodion Panin “Caliber” analitik mərkəzinə müsahibəsində Azərbaycanla bağlı təəssüratlarını və Qarabağ həqiqətləri haqda bildiklərini danışıb. Müsahibəni oxucularımıza təqdim edirik.

- Rodion, bildiyimiz qədər Azərbaycana dəfələrlə səfər etmisiniz. Zəhmət olmasa, deyin, ziyarətlərinizin səbəbləri nə idi?

- 2008-ci ildə professor Nərgiz Paşayevanın rəhbərlik etdiyi Moskva Dövlət Universitetinin Bakı filialı yaradıldı. Buna uyğun olaraq, Moskva Dövlət Universitetinin müəllimləri filial tələbələrinə dərs keçmək üçün Bakıya ezamiyyətə getməyə başladılar. Bakıya ilk səfərim 2009-cu ilin noyabrında baş tutdu və o vaxtdan bəri Azərbaycana on dəfədən çox səfər etdim.

- Ölkəmizdə ən çox nəyi bəyənmisiniz?

- Azərbaycanda harmoniya və ilk baxışdan birləşməsi çətin olan mədəni hadisələrin zərif, dinc bir-birinə qarışmasını xoşlayıram. Mən "Qərb-Şərq" sivilizasiyalarının kəsişməsini deyil, həm də nadir qədim ənənələrin və müasir post-sənaye və informasiya texnologiyalarının simbiozunu nəzərdə tuturam.

- Azərbaycan xalqının hansı xarakter xüsusiyyətlərini daha çox xatırlayırsınız?

- Açıqürəklilik və qonaqpərvərliyi vurğulayardım. Bakıda həmişə çəkim bir neçə kiloqram artır, çünki fikrimcə, bir azərbaycanlının qonağını yorulana qədər doyurması şərəf işidir.

Həmişə kömək edəcək, soruşacaq, vəziyyətim necədir və buradakı hər şeyi bəyənirəmmi? Bakıdan sonra Moskvaya qayıtmaq mənim üçün həmişə çətindir, çünki ora çox soyuq və praqmatikdir.

- Yeri gəlmişkən, Azərbaycanın mövqeyini şiddətlə müdafiə etdiyiniz Vətən Müharibəsi illərində sosial şəbəkələrdə necə aktiv olduğunuzu gördüm. Siz Rusiya vətəndaşı olaraq nəyi rəhbər tutdunuz?

- Mən heç vaxt Bakıya ezamiyyətə bir növ məcburi öhdəlik kimi yanaşmamışam: gəldim, işlədim və getdim. Müqavilə üzrə birbaşa məsuliyyətimə aid olmayan hər şey məni maraqlandırmır.

Əksinə, mən həmişə ölkənin tarixi və mədəniyyətini daha yaxından tanımağa, insanların mentalitetini hiss etməyə çalışmışam. Təbii ki, Qarabağ probleminin tarixi mahiyyətinə qərq olan hər bir ağlı başında olan şəxs təcavüzkarın kim olduğunu və təcavüzün qurbanının kim olduğunu yaxşı başa düşür.

Tarix məktəbdən bəri kimyadan sonra ikinci sevdiyim sahədir. Bütün erməni nağıllarını asanlıqla təkzib etməyə imkan verən və qarşı tərəfdən fikir yürüdən adamları əsəbiləşdirən tarixi məlumatlılığım var.

İrəvan xanlığının tarixi abidələrinin dağıdılması, müasir Türkiyə ərazisində ilk xristian Osroen dövlətinin mövcud olması və Ermənistanla heç bir əlaqəsi olmaması ilə bağlı yazılarımı və materiallarımı dəfələrlə bloklamağa çalışdılar. Xoşbəxtlikdən uğursuz oldular.

- Azərbaycanın qələbəsi sizin üçün nə oldu?

- Azərbaycanın danılmaz hərbi və texnoloji üstünlüyə malik olması artıq 10 ildir ki, aydındır və 2016-cı ilin aprel müharibəsi bunu açıq şəkildə nümayiş etdirmişdi.

27 sentyabr 2020-ci ildə adi bir lokal hərbi əməliyyatın deyil, genişmiqyaslı bir əməliyyatın başladığı məlum olduqda, cəbhədə baş verənləri çox yaxından izləməyə başladım, hər gün hərbi rəyləri dinlədim və Azərbaycan ordusunun addım-addım əraziləri işğaldan necə azad etdiyini gördüm.

Buna görə də Azərbaycanın qələbəsi mənim üçün həm ölkənin texniki üstünlüyünü göstərmək baxımından, həm də xeyirin şər üzərində qələbəsinin humanist və tarixi qaçılmazlığı baxımından sevincli və tamamilə gözlənilən bir hadisə oldu.

- Yenidən Bakıya gəlmək fikriniz varmı?

- Əlbəttə, böyük məmnuniyyətlə, çünki Bakıda Moskvadan daha çox dostlarım var, onlar məni çox səbirsizliklə gözləyirlər və məni görməkdən həmişə şaddırlar.

Kiçik bir çatışmazlığım var- təyyarə ilə uçmuram, buna görə də ölkələrimiz arasında pandemiya səbəbindən kəsilən dəmir yolu əlaqəsinin açılmasını gözləyirəm.

- Azərbaycan milli mətbəxində ən çox sevdiyiniz yemək varmı?

- Sualınızla nöqtəyə vurdunuz! Bişirməyi çox sevirəm və hər hansı bir səfərdən həmişə bir neçə yeni orijinal resept gətirirəm. Təbii ki, Bakı da istisna deyil. Həmişə Bakıdan gələn dostlarımdan mənə Azərbaycan paxlavası gətirmələrini xahiş edirəm.

Tez-tez plovu özüm bişirməyi və evdə qonaqlarımla, iş yerində həmkarlarımla birlikdə yeməyi çox sevirəm. Dolma da məmnuniyyətlə bişirirəm, amma düzünü desəm, azərbaycanlı evdar qadınlar qədər kiçik bükməyə səbrim çatmır.

- Azərbaycan xalqına arzularınız…

- Xalqınıza arzulayıram ki, seçilmiş düzgün yoldan dönməsin. Bütün dünya Azərbaycanın son illərdə necə dəyişdiyini, Bakının cəmi 10 il ərzində necə çiçəkləndiyini və gözəlləşdiyini, hər il ölkədə ən yüksək səviyyəli beynəlxalq tədbirlərin keçirilməsini görür. Azərbaycan zəngin keçmişə, bu gün sürətlə dəyişən və gələcəyə gedən yolu aydın görən mədəniyyətlərin, dünyaların və sivilizasiyaların bənzərsiz bir kəsişməsidir!

Tərcümə: Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi" istiqaməti çərçivəsində hazırlanıb.

Digər xəbərlər