MİA

  • 8 406

Azərbaycan dövlətçiliyi müasir mərhələdə inkişaf yolundadır - TƏHLİL

image

Dünya miqyasında nüfuzu durmadan artan, ildən-ilə Avropanın enerji təhlükəsizliyi məsələsində əhəmiyyətli tərəfdaşa çevrilən və artıq regionun lider dövləti sayılan Azərbaycanın inkişaf yolu, tərəqqisi, nailiyyətləri, uğurları və qələbələri elə bütün dünyanın da diqqət mərkəzindədir. İstər beynəlxalq təşkilatlar, istərsə də dünya dövlətləri ölkəmizin uğurlu inkişaf yolunu bəyənir, örnək hesab edir və bütün dünyada maliyyə böhranı olduğu halda, Azərbaycanın dayanıqlı inkişafı uğurlu daxili iqtisadi-sosial siyasətin bəhrəsi sayılır.

İstər daxili sabitliyin təmin olunmasında, istərsə də beynəlxalq dayaqların möhkəmləndirilməsində dayanıqlı iqtisadi siyasət, habelə müstəqil və tarazlı şəkildə həyata keçirilən xarici siyasət kursu xüsusi əhəmiyyətə malikdir. Ona görə ki, nailiyyətlərin əldə olunması, müasir Azərbaycanın ərsəyə gəlməsi, müstəqilliyimizin qorunub saxlanılması, dövlətçiliyimizin inkişafı bilavasitə dayanıqlı iqtisadi siyasətin, bir sözlə, düzgün dövlət quruculuğu kursunun məntiqi nəticəsidir və əbəs yerə deyil ki, Ulu Öndərin ideyaları əsasında hazırlanan, dövlətimizin milli maraqlarına söykənən bu siyasi kurs ölkə rəhbəri, cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Etiraf olunmalıdır ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkəmizin həyatında bir növ yeni eranın təməli qoyuldu və az qala suverenliyini itirməkdə olan Azərbaycan məhz Ümummilli Liderin uzaqgörən siyasəti, ideyaları, yüksək peşəkarlığı, zəngin təcrübəsi və qətiyyəti sayəsində müstəqilliyini qorudu, ən qısa zaman fasiləsində də ölkəmiz müasir, qüdrətli, ən nəhayət qalib bir dövlətə çevrildi. Ötən əsrin sonlarında səriştəsiz hakimiyyət və hakimiyyətsizlik ucbatından qarışıqlıqlar, xaos, idarəsizlik, itaətsizlik, hərcmərclik, qarşıdurmalar səbəbindən az qala uçuruma yuvarlanmaq, suverenliyini itirmək astanasında olan bir ölkə, məhz Ulu Öndərin yenidən hakimiyyətə qayıdışı ilə bu bəlalardan xilas oldu və indi Azərbaycan artıq sayılıb-seçilən suveren dövlətlərdən biridir. İki fərqli sivilizasiya arasında körpü rolunu oynamaqla Şərq və Qərb yarımkürələrində öz nüfuzunu gücləndirən Azərbaycan BMT, ATƏT, Avropa Şurası, İslam Konfransı Təşkilatı, GUAM və bu kimi mötəbər təşkilatların tamhüquqlu üzvüdür, Qoşulmama Hərəkatı kimi BMT-dən sonra ən böyük təşkilata sədrliyi həyata keçirir. Bir sözlə, beynəlxalq müstəvidə ölkəmiz artıq xüsusi rola malikdir və ümumilikdə dünya miqyasında söz sahibinə çevrilib.

Beynəlxalq münasibətlər sistemində uğurlu siyasət formalaşdırmanın əsasında iqtisadi amillərin dayandığı təkzib edilə bilməz və nəzərə alsaq ki, dövlətlərarası münasibətlərin inkişafında iqtisadi əlaqələrin varlığı olduqca mühüm əhəmiyyət kəsb edir, deməli istənilən müstəvidə islahatların uğurla həyata keçirilməsi üçün ilk növbədə Azərbaycanın iqtisadi cəhətdən qüdrətli dövlətə çevrilməsi tələb olunur. Xüsusilə, əvvəlki uğursuz hakimiyyət, yaxud hakimiyyətsizlik səbəbi ilə bir zaman iqtisadi tənəzzül mərhələsi keçirən Azərbaycan üçün Ulu Öndərin neft strategiyasının, dünya miqyasında daha cəlbedici olan neft sektoruna xarici sərmayələrin yatırılmasının prioritet vəzifə olduğunu indi hər kəs yaxşı başa düşür. Hər kəs başa düşür ki, Qərblə ayaqlaşa biləcək müasir bir dövlətin formalaşması üçün neft amili əvəzsizdir və məhz neft strategiyası da buna hesablanıb.

Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan siyasət kursu bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, daha da modernləşdirilir, müasir beynəlxalq münasibətlər sisteminə uyğunlaşdırılır, inkişaf etdirilir, hansıki nəticələri də göz önündədir. Bu uğurlu siyasət kursu da əlbəttə ki, ölkəmizin bütün mənalarda yüksək nailiyyətlərə imza atmasına əsaslı şərait, zəmin yaradıb. Bu siyasət kursu Azərbaycanın bölgədə lider, Avropa və digər qitələrdə kifayət qədər ciddi partnyor kimi qəbul edilməsinə geniş yol, böyük spektr açıb. Bunun nəticəsində də Azərbaycan dünyanın aparıcı dövlətlərinin yaxın tərəfdaşına çevrilib, ölkəmiz artıq Avropanın əsas enerji mənbələrindən biri hesab olunur. Azərbaycanın dünya miqyasında yaxın tərəfdaş kimi qəbul olunmasında ən mühüm şərt, əlbəttə ki, ölkəmizin əldə etdiyi iqtisadi inkişaf, potensial və siyasi sabitlikdir.

Ermənistan tərəfinin 30 ilə yaxın müddət ərzində işğal altında saxladığı Azərbaycan torpaqlarının cəmi 44 gün ərzində işğaldan azad edilməsi də ölkəmizin qüdrətini təsdiqləyir. Az qala 30 ilə yaxın müddət ərzində işğalçı dövlətin qurduğu istehkamları Azərbaycan Ordusunun elə ilk günlərdə darmadağın etməsi, yarıb keçməsi, Ermənistan silahlı qüvvələrinin müqavimətini qısa zamanda qırması, düşmənin hərbi texnikalarını sıradan çıxarması, qənimət olaraq ələ keçirməsi, nəticədə erməniləri böyük itgilərlə təslim olmağa məcbur etməsi Azərbaycanın qüdrətli bir dövlət olduğunu, öz hüquqlarını müdafiə etmək əzmində olduğunu göstərir ki, bunu bütün dünya dövlətləri də artıq qəbul edirlər. Azərbaycan artıq beynəlxalq platformalarda keçirilən görüşlərə qalib ölkə kimi qatılır. Son zamanlar beynəlxalq təşkilatlar, dünya ölkələrinin əksəriyyəti ölkəmizin zəfərini, qələbəsini, uğurlarını etiraf edir, Azərbaycanın dünya çapında söz sahibi olduğunu qəbul edir. Bütün bunlar da təbii ki, ölkəmizin qüdrətli olması, inkişaf yolunda olması ilə xarakterizə edilir.

Bilirik ki, işğaldan azad olunmuş ərazilərdə quruculuq-abadlıq işləri başlayıb və artıq bir sıra layihələrə start verilib, infrastriktur layihələrinin bir qismi icra edilib və digərləri də icra edilməkdədir. Bütün bunlar da öz növbəsində bir çox məqamlardan xəbər verir və təsdiq edir ki, Azərbaycan əgər bu qədər layihələri öz hesabına gerçəkləşdirmək niyyətindədirsə, deməli bunun üçün ölkəmizin yetərincə qüdrəti, gücü, əzmi var və daha böyük layihələrin gerçəkləşdirilməsi planlaşdırılıb. Təbii ki, bu layihələr də öz növbəsində inkişaf üçün əsaslı zəmin anlamına gəlir. Məsələn, işğaldan azad olunmuş ərazilərdə infrastrukturun bərpa edilməsi gələcəkdə bu ərazilərdə işgüzarlıq mühiti, sahibkarlıq fəaliyyəti üçün münbit şərait deməkdir. Bu şərait də öz növbəsində həmin ərazilərə investisiya cəlb edəcək ki, nəticə etibarı ilə iqtisadiyyatın bütün sahələrinin inkişafına gətirib çıxara bilər. Təbii ki, iqtisadiyyatın inkişafı da ölkənin iqtisadi qüdrətinin artmasıdır. Deməli, görülən bütün işlər nəticə etibarı ilə iqtisadi inkişafı, ölkənin iqtisadi qüdrətini, inkişafını təmin etmək məqsədi daşıyır. Bir sözlə, Azərbaycan dövlətçiliyi müasir mərhələdə davamlı inkişaf yolundadır.

İnam Hacıyev
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən onlayn media subyektlərinin (veb-saytların) inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə təşkil edilən müsabiqənin mövzusuna uyğun dərc edilir.

Digər xəbərlər